7 dekabr 2024-cü il tarixində saat 14:00-da Kupertino şəhərinin kitabxanasında Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən 21 Azər hərəkatına həsr olunmuş xüsusi tədbir keçirildi.
Tədbirdə sosioloq Ramin Cabbarlı “Davamlı Müqavimət: 1945-ci İldən Bu Günə Qədər İranda Azərbaycan Hərəkatının İzində” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışda öncə Güney Azərbaycanın 1945-ci ildə milli hökumətdən öncəki iqtisadi, ictimai və siyasi vəziyyəti təhlil edildi. Pəhləvi rejiminin qurulmasından sonra yaranan narazılıqlar, milli hökumətin qurulmasına şərait yaradan amillər və onun süqutuna səbəb olan təhlükələr haqqında geniş məlumat verildi.
Eyni zamanda, Sovet dönəmində Güney Azərbaycandan olan mühacirlərin həyatı və fəaliyyəti, həmçinin müasir dövrdə Güney Azərbaycan milli hərəkatında 1945-ci il milli hökumətinin təsirləri müzakirə olundu.
21 Azər Hərəkatı, 1945-ci ildə Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatıdır. Bu hərəkatın nəticəsində Azərbaycan Milli Hökuməti qurularaq qısa müddət ərzində ana dilində təhsil, yerli idarəçilik və torpaq islahatı kimi mühüm islahatlar həyata keçirildi. Lakin, 1946-cı ildə Pəhləvi rejiminin müdaxiləsi ilə hökumət devrildi və minlərlə insan təqib və qətliama məruz qaldı.