Kiçik çiyinlərdə böyük yük; Zəncanda 400 uşaq işçinin olduğu müəyyənləşib

Google+ Pinterest LinkedIn Tumblr +

Zəncan Vilayətinin Rifah İdarəsinin (Behzisti) müdirinin verdiyi məlumata əsasən keçən 7 il ərzində Zəncanda 400 işçi uşaq müəyyən edilib. Uşaqlar az yaşlarında çətin iş şərtlərində çalışaraq ailələrinin yüklərini çiyinlərində daşıyırlar.

Salman Hüseyni həm də bildirib ki keçən 3 ay ərzində Zəncanda 16 uşaq işçi müəyyənləşdirilib. O eyni halda dövlət orqanlarınım uşaq işçilərlə bağlı siyasətlərinin yenidən baxılmasına ehtiyac olduğunu söyləyib.

İranda uşaq işçilərinin sayı bəlli deyil. Bu haqda rəsmi orqanlar tərəfindən hər hansısa dəqiq statistika verilmir. Qeyri rəsmi orqanlar və cəmiyyətlərin verdiyi statistikalar isə biri birindən fərqlənir. Bəzi cavabdeh şəxslər yüz minlərdən danışdıqları halda, digərləri isə milyonlarla uşaq işçidən xəbər verirlər.

Uşaq işçilər kimlərdir?

Uşaqların fiziki və zehni inkişaflarında maneə yaradan, zorakılıqlara, təhsildən yayınmalara və uşaq yaşında evliliyə səbəb olan işlər uşaq əməyi adlanır. 2002-ci ilin iyun ayının 12-də ilk dəfə olaraq Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü dünya təqviminə keçdi.

Hazırda 20 ildir ki 12 iyun tarixi Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən seçilən bu gün uşaqlara diqqət yetirmək, onları təhlükələrdən qorumaq və bütövlüklə uşaq əməyini ləğv etmək üçün təsis olunub. Lakin 20 ildən sonra hələ ki arzu edilən məqam gerçəkləşməyib.

Uşaq əməyi tarix boyunca müşahidə olunan hallardandır. Misal üçün bizim toplumda keçmişdə uşaqlar ailələri tərəfindən kənd təsərrüfatı kimi ağır işlərə cəlb edilirdilər. Hazırda da uşaq əməyinin əksəriyyəti kənd təsərrüfatı ilə bağlıdır. Lakin onun fərqli formatları da mövcuddur.

Ümumiyyətlə uşaq əməyinə səbəb olan əsas məsələnin yoxsulluq olduğu bilinir.  “UNICEF” və Beynəlxalq Əmək Təşkilatının verdiyi statiskaya əsasən hazırda yaşı 18 yaşdan aşağı olan 160 milyon uşaq məcburi əməyə məhkum edilir və bu da hər 10 uşaqdan birinin təhsil əvəzinə əməyə məhkum edilməsi deməkdir.

Uşaq əməyinə məhkum olan uşaqların 40 faizini qızlar təşkil edirlər. Həmçinin bu uşaqların yüksək faizi inkişaf etməmiş ölkələrdə yaşayırlar. Dünya səviyyəsində uşaq əməyinin azaldığı bilinir. Buna səbəb olan əsas məsələrdən biri isə təhsildir. Lakin yoxsulluq hələ də çox sayda uşağı əməyə məcbur edir.

İranda vəziyyət necədir?

İranda Bu haqda hər hansı dəqiq statistika mövcud deyil. Lakin çox sayda uşağın məcburi əməyə məhkum edildiyi görünür. Bu uşaqlar kənd təsərrüfatı, kərpic pişirmə fabrikaları kimi yerlərdə və şəhərlərin içində satıcılıq kimi işlərlə məşğuldurlar. Kənd təsərrüfatı və bəzi fabrikalarda çalışan uşaqlar xiyabanlarda çalışan uşaqlar kimi göz qabağında olmurlar, nəticədə isə daha az gündəmə gəlirlər.

İranda rəsmi statiskalara əsasən 2006-cı ildə ən azı 1.7 milyon uşaq işçi mövcud olub. Lakin o ildən etibarən bu mövzu ilə bağlı heç bir rəsmi statistika aparılmayıb. Ən son 2021-ci ilin dekabr ayının 5-də Sosial Yardım Elmi Birliyinin rəisi ölkədə 7 milyondan çox uşaq işçinin mövcud olduğunu bildirib.

Mustafa Eqlima ölkənin iqtisadi vəziyyətinin pisliyinin uşaq əməyinə əsas səbəb olduğunu bildirib. O bu vəziyyətdə uşaqların əməyə cəlb edilməməklərinin imkansız olduğunu deyərək qeyri rəsmi fəallar və birliklərin fəaliyyətlərinin çox da təsirli olmadığını bildirib. Çünki bu birliklər uşaqların ailələrinin iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa qadir deyillər və bu məsələ birbaşa dövlətlə əlaqədar məsələdir deyib.

İranda yaşı 15 yaşdan aşağı uşaqların  işlədilməsi qadağandır. Eyni halda 15-18 yaş aralığındakı uşaqların da zərərli və çətin işlərdə işləməsi qanuna zidd sayılır. Lakin qanunların əksinə olaraq işçi uşaqların sayı günbəgün artmaqdadır.

İranda həmçinin uşaq işçilərin böyük miqyasının İran vətəndaşı olmadıqları iddia edilir. 2021-ci ilin mart ayında əmək naziri Məhəmməd Şəriətmədari uşaq işçilərinin 80 faizinin İranın xaricindən gəldiklərini demişdi. “Iranwire.com” saytı bu iddanın qəbul və rədd edilməsinin imkansız olduğunu deyir. Çünki çox sayda xarici və ya kimliksiz uşaq işçisinin mövcud olduğu müşahidə edilib. Lakin onların neçə faiz olduqları barədə hər hansı sənəd olmadığını deyir. Bu isə ölkə və bölgədə uşaq alverini göstərir.

Qeyd edilməlidir ki bu uşaqlar əksər hallarda narkotik maddələr və alkola qurşanırlar. Eyni halda uşaq işçilərinin zorlamalara məruz qalmaları, cinayət qrupların hədəfləri uğrunda qurban getmələri bilinir.

Azərbaycan uşaq işçilərin vəziyyəti

Qeyd edildiyi kimi vəziyyəti dəqiqləşdirəcək hər hansı bir statiska mövcud deyil. Gündəmə gələnlər isə  daha çox şəhər küçələrində işləyən uşaqlardır. Lakin gözdən uzaq şəkildə işləyən uşaqların şəhərdəki uşaqlardan daha çox olduqları deyilir.

Azərbaycanda Şərqi Azərbaycan vilayətində vəziyyətin daha yaxşı olduğu deyilir. Vilayət valiliyinin müavininin dediklərinə əsasən Şərqi Azərbaycan ölkə səviyyəsində 25-cidir. Lakin Qərbi Azərbaycanda vəziyyətin çox daha pis olduğu deyilir. 2021-ci ilin iyul ayında Qərbi Azərbaycan vilayətinin Rifah İdarəsinin (Behzisti) rəisi vilayətdə 1620 uşaq işçinin müəyyənləşdirildiyini deyib. Ərdəbil vilayətində isə 300 uşaq işçi, Qəzvində isə keçən il (14 ay ərzində) 38 uşaq işçisinin müəyyənləşdirildiyi bildirilib.

Azərbaycan şəhərlərində uşaq əməyi ilə bağlı detalların olmadığı və ya az olduğu aydın olur. Ümumiyyətlə bu mövzu haqqında ölkədə fəaliyyət göstərən sivil cəmiyyətlər və birliklərin diqqət mərkəzinin Tehran olduğu görünür.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.