İran Məclisinin ana dillərin məktəblərdə tədrisinə qarşı çıxması
İran İslam Şurası Məclisinin üzvləri bu gün 8 mart tarixində keçirilən açıq iclasda ölkənin məktəblərində yerli və etnik dillərin həftəlik iki saatlıq ədəbiyyat dərslərinin keçirilməsi layihəsini rədd ediblər. Məclisin iclasında 246 nümayəndədən 130-u bu layihəyə qarşı çıxıb, 104-ü lehinə, 5-i isə bitərəf səs verib. Bu iclasda prezidentin parlemani müavini Şəhram Dəbirinin müavini Kazem Delxoş ana dilinin bəzi bir neçə dilli yerlərdə problem doğuracağını bildirərək dövlətin bu barədə mənfi münasibətini açıqlayıb.
Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari, layihənin ölkənin “ərazi bütövlüyü” ilə ziddiyyət təşkil etdiyini bildirib. Eyni zamanda, layihənin tərəfdarı olan Əlirza Novin, bu barədə Tasnim xəbər aqentliyinə verdiyi müsahibəsində deyib: “Etnik və yerli dillərin tədrisi layihəsi Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq səsverməyə çıxarılıb. Bu layihə həftəlik 2 saatlıq tədrisi nəzərdə tuturdu, lakin hökumət nümayəndəsi əleyhinə çıxış etdi və əksər nümayəndələr də hökumətlə həmrəy olaraq onu təsdiq etmədilər.”
Novin, hökumətin ana dillərin məktəblərdə tədrisinə qarşı çıxmasını tənqid edərək, prezidentlərin seçki vədlərini yerinə yetirməmələrindən şikayət edib və Fars Dili Akademiyası və Ali İnqilab Mədəniyyət Şurasının inhisarçı yanaşmasının hüquqların tapdanmasına yol verməməli olduğunu vurğulayıb. Daha sonra Təbriz millət vəkillərindən ən az ikisi layihənin rəddi barəsində etirazlarını bildirərək, ana dilin tədrisinin vacibliyi barəsində çıxış ediblər. Azərbaycanlı millət vəkilləri niyyətlərindən asılı olmayaraq bu barədə müsbət yanaşmaları, əlbəttə, diqqətə layiqdir. Çünki nəticədə belə bir sual orataya çıxır: Kimin haqqına kim səs verir?
Nəinki ana dildə təhsil, danışmaq da qalmaqallı olur
21 fevral dünya ana dili günü ilə birlikdə İranda qeyri-fars dillərin məsələsi yenidən gündəmə gəlib. Həmin gün Təbrizdə Ətləs alışveriş mərkəzində bir qrup uşaq tərəfindən bəzi xalq mahnıları səsləndirolmişdi. Bu hadisənin videoları geniş şəkildə ictimai şəbəkələrdə də yayıldı və bəzi rəsmilər buna münasibət bildirdilər. Münasibət bildirənlərin biri də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə idi. O X hesabinda belə yazdı: “Azərbaycan müsiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur.”
Bunun ardıca isə İranda bəzi mərkəzlər səfirin bu sözünə sərt reaksiyalar verdilər. Bu reaksiyalarda Azərbaycan səfirinin “Təbrizliləri” və “Azərbaycanlıları” təhqir etdiyi deyilib. İranda fras dili və ədəbiyyatı akademiyası üzvü Hədad Adil ana dili barəsində islam inqilabının daha yumşaq davrandığını və əvvəlki rejimdə daha çətin tutulduğunu deyib. Fars millətçiliyi ilə bilinən bu şəxs bəzi ana dili müdafiəçilərinin məsələni şişirtdiklərini və keçmiş rejimdə kimsənin türkcə danışmasına icazə verilmədiyini deyib. O həm də (inqilabın bərəkətləri sayəsində) indi birinin türkcə danışdığı üçün onun yaxasından tutulmadığını deyib.
Daha əvvəl isə preziden Məsud Pezeşkiyanın Tehranda keçirilən Təbriz həftəsi proqramında türkcə danışması qalmaqalı çıxmışdı. Azərbaycanın Urmu şəhərindən olan Məsud Pezeşkiyan Şəhriyarın Heydərbaba poemasından bir neçə beyt oxumuşdu və həmin anlarda ona bir kiçik pitikdə farsca danışması istənilmişdi. Prezident isə buna reaksiya verib, bir neçə beyt türkcə şeir oxumağın bir problem yaratmayacağını demişdi.
Daha əvvəl deyilən ikilik yenə ortadadır. Ümumilikdə qeyri-farslar bu kimi məsələlərdə daha yumşaq davranırlar. Misal üçün göründüyü kimi Azərbaycanlı cavabdehlər ana dili mövzusunda ümumilikdə müsbət yanaşırlar. Əlbəttə ki, görünən ilə görünməyən arasında fərq ola bilər, lakin bu yenə də məsələni dəyişmir. Yəni Azərbaycan adından çıxış edən cavabdehlərin sırf xalq səsini qazanmaq üçün olsa da bu kimi mövzularda tutumu bəllidir. Lakin bu yetmir və fars bölgələrindən yüksələn səslər qalib gəlirlər.
Bu xoşbəxtliyi kimə borcluyuq?
Azərbaycanlı yazıçı və psixoloq Qulamhüseyn Saeidi İranın şifahi tarix layihəsi çərçivəsində 1984-də Parisdə verdiyi müsahibəsində firqə dövründə ana dilində təhsil alan Azərbaycanlı məktəb şagirdlərindən olduğunu və o il ərzində insan olduğu üçün keyf elədiyini dedi. Həmin müsahibədə Seyid Cəfər Pişəvərinin şəxsiyyətini tərifləməyə başladı və başqa bir yazıçının dilindən onun yontanmış bir almas kimi olduğunu dedi. Bu sözlər müsahibəçini narahat etti və onların (Azərbaycan demokrat firqəsi üzvlərinin) separatçı olduqlarını dedi. Saidi isə separatçılığı əxlaqi bir məsələ olaraq anladığını dedi və bunun bir insanın otaqdaşı çox xoruldadığında otaqdan çıxmasına oxşatdığını dedi.
Müsahibəçi yenə müdaxilə etdi və separatçıların milli dövləti təhlükəyə atdığını dedi. O İran kimi milli dövlətdə Rəşt şəhəri əhalisinin Təbriz məsələləri barəsində nəzər vermə haqqı olduğunu dedi. Deməli Azərbaycanın (güneyin) daxili məsələləri üçün İranın bütün vətəndaşlarının səs vermə haqqı olduğunu dedi. Saidi isə bununla razılaşmadı.
Bu məsələ modern İran dövlətinin qurulduğu gündən mübahisələrə səbəb olub. Firqə dövründə də bu çox danışıldı ama 100 il keçsə də, hələ ki həll olmuş deyil. Həqiqətən bu ana dili kimi mövzularda kim nəyə qərar verə bilər? Bəluçistanda bir Bəluç vətəndaşının ana dilində təhsil haqqına Təbriz millət vəkilinin səs vermə haqqı nə qədər doğrudur? Və ya fars millət vəkilinin Azərbaycanda uşaqların həftədə iki saat türkcə dil və ədəbiyyat dərsi almalarına mane olma haqqı hardan gəlib? Hədad Adilin dediyi kimi əgər rahatca türkcə danışırıqsa bu səadəti kimə borcluyuq?
Mərkəzləşdirilmiş dövlətin yartdığı əngəllər
Bu sual millət quruculuğu prosesi içində danışılmalıdır. İranda bu məsələr qeyri-farsları görməməklə başladı və hələ də dəvam edir. Bu növ millət quruculuğunda bir dil və bir millət var. Lakin İranda sadəcə bir dil və bir millət yoxdur və bu kökdən yanlış gedilən yol idi. Eyni zamanda mərkəzçi dövlətlərdə (State anlamında) hər şeyə mərkəz qərar verir. Bu növ idarəetmədə yerli qüvvələr heçə sayılır və nəticədə dövlət hər gün daha da böyüyür. İran kimi böyük ölkələrdə mərkəzçilik çox daha problemli olur. Her şeyə Tehran qərar verdiyi üçün gecikmə bütün layihələrin ayrılmaz parçası olub. Korrupsiya, ayrıseçkilik və pis idarəçilik bu növ dövlətlərdə çox rastlanan məsələlərdəndir.
1830-cu ildə fransız düşünür Alexis de Tocqueville yazdığı “Amerikada Demokratiya” adlı kitabında, Amerikada federal dövlətin faydalarını sadalayarkən bu məqamlara toxunmuşdu. O deyirdi ki, böyük dövlətlərdə demokratikləşmə çətin olur, lakin güclü olduqları üçün təhlükəsizlik baxımından daha yaxşı mövqedə dayanırlar. Kiçik dövlətlərdə isə demokratikləşmə daha asandır, lakin təhlükəsizlik baxımından zəif olurlar. Amerikada mövcud olan federal sistem həm kiçik, həm də böyük dövlətləri eyni çərçivədə birləşdirərək, onların müsbət cəhətlərini bir araya gətirir və mənfi tərəflərini minimuma endirir. Bu gün ABŞ kiçik dövlətlərin birləşməsindən yaranan böyük bir dövlətdir və onun üçün həm demokratik ola bilir və həm də güclüdür.
Bu İran üçün də keçərli ola bilərdi. ABŞın əksinə İranda bunun tarixi ənənəısi də mövcud idi. Qacarlar dövründə İran müxtəlif məmləkətlərdən ibarət idi. Lakin İranda sonradan yarananmərkəzləşdirilmiş dövlət həm quruluş fəlsəsəfəsi gərəyi (ekskluziv millət) həm də idarəetmə şəkli baxımından problemlidir və demokratiyaya mane yaradır. Əslində güneyin yerli məsələrinə özünün qərar verə bilməsi və İranın çox millətli ölkə olaraq tanınması onun məhvi anlamına gəlməz. Lakin insanların haqları başqalarının səsinə qoyulduğu zaman yaranan çatlar gün gələr böyük bir uçuruma dönə bilər.