Mənə Qarşı Yaradılmış Mən

Google+ Pinterest LinkedIn Tumblr +

İranda Türkləri bəlli sifətlərlə damğalamaq və profilləşdirmə də İrandakı fars külütürü dominantlığının məşru olmayan bir proyektidir. Damğalar, ona məruz qalmış etnik qrupun üzlərinin şəxsi və sosial həyatını ciddi şəkildə təsir altına alır. Məsələn, Türklərdən yaradılmış profillər, İkili Bilinc (ikili şüur) yaradaraq, onların gündəlik ictimai həyatını belə, təsir altına almışdır.

Damğalanma Nəzəriyyəsi

Markalama nəzəriyyəsi (Labeling theory) ilə ən çox örtüşən yayğın əməl, etniklərə sifətlər verib, onlardan bəlli bir profil yaratmaqdır.

Bu profilləşdirmə istənilən sifəti, ortada dəlil və səbəb olmadan, hər hansı bir irq, etnik, din, və inanc mənsublarına verməklə gerçəkləşdirilir.

İranda fars olmayanlara qarşı sistemli bir damğalama və profilləşdirmə prosesinin olduğunu aparıcı media orqanlarının yayınları, TV proqramları, kino filmləri, və hətta xalqın gündəlik yaşamda üzləşdiyi nümunələrlə görmək mümkündür.

Ümumiyyətlə, bu profilləşdirmə dominant etnik və kültürün dominantlığını qorumağa xidmət edər.

İkili Bilinc

İranda farscanı ləhcə ilə danışdığı üçün utanan bir çox fars olmayan etnik üzvləri ilə qarşılaşmaq mümkündür.

Eyni şəxslər ingiliscəni də ləhcə ilə danışarlar, amma bu dəfə o utanc hissini yaşamazlar.

Bu hiss – ikili hiss gizli bir psixoloji problemin işarətidir.

W.E.B. Du Bois

Amerikan sosioloq və filosof W.E.B. Du Bois’un “İkili Bilinc” (Double Conciouseness) əsəri bu məsələləni anlamaqda yardımçı olur.

Bu nəzəriyəyə görə, özəlliklə rasizmin yaratdığı psixi təsir altında insan özünə belə, başqa birilərinin gözü ilə baxıb, onların verdiyi ölçülərlə özünü dəyərləndirir və beləliklə, parçalanmış kimliyi psixo-sosial böhran yaşamış olur.

Azlıqlara mənsub olan insanların farca danışdıqları halda yaşadıqları hisslər, əslində hakim kültürün yaratdığı gözlüklə özlərinə baxdıqlarından qaynaqlanır.

Sosial və ictimai ədalətsizliyin olduğu toplumlarda dominant qrupa mənsub olmayanların arasında yayğın bu İkili Şüur insanlara sosiallaşma prossesində təhsil sitemi, media və sair vasitəsilə verilir.

Bu üzdən sosiallaşmanın ilkin addımlarında olan uşaqlar üçün hazırlanan verilişlərdə, irqçilik və ayrıseçkilik məzmunlu verlişlər onların həyatına daimi iz buraxa bilir.

Beləliklə də, “Fitile” proqramı, İkili Bilinc yaratma prosesinin mediada təzahürü, Azərbaycan Türklərinin etirazları isə ayrıseçkiliyə məruz qalmış bir toplumun Öz Bilinc (self Conciouseness) mövqeyindən müdafiəsi olaraq dəyərləndirilə bilər.

Rəngkoru İrqçiliyi

Ara-sıra Güney Azərbaycanlılar, təhqirlərə qarşı etiraz aksiyaları keçirərlər. Bu aksiyaların ardınca, fərqli yanaşmalar, o cümlədən İran sənətkarları və elitlərinin ifadələri ortaya çıxar.

Daha çox hamını bir gözlə gördüklərini, etnik fərqliliyin onlar üçün əhəmiyyət daşımadığını və beləliklə, o proqramda da hər hansı bir etnikə qarşı təhqir hiss etməkdiklərini ifadə edənlər oldu. Bəzən də bir sıraları, etnik sözünə işarə etmədən insanların bərabərliyinə inandıqlarını söylədilər.

Bu tip ifadələr zahirən müsbət ifadələr olsalar da, bir çox sosioloqun fikrincə, Rəngkoru Rasizm (Colorblind) kateqoriyası altında yer alırlar.

Çünki irq və etnik bərabərliyin olmadığı bir toplumda etnik və irq neytrallığı prinsipindən yola çıxmaq, əslində bərabərsizliyi qorumağa qalxmaqdır.

İctimai və siyasi şərait dəyişdikcə rasizmin ritorikası da dəyişir. Rəngkoru Rasizm (Colorblind Racism) adını daşıyan rasizm tipi də fərqli ictimai-siyasi şəraitin məhsuludr və daha çox Açıq Rasizmin (Overt Racism) mümkün olmadığı şəraitdə ortaya çıxır.

Bu dəfə daha hansısa etnik və ya irqin üstünlüyündən deyil, insanların bərabərliyindən danışaraq bərabərsizliyi sürdürmək istəyir.

Neytral ritorika, daha çox ictimai hərəkatların gücləndiyi mərhələdə ortaya çıxır.

Əgər rasizmə qarşı olan ictimai hərəkatların gücləndiyi vaxtda Rəngkoru Rasizminin və neytral riktorikanın ortaya çıxmasına şahid oluruqsa, feminist hərəkatın gücləndiyi toplumlarda da Gender neytral (Gender-neutral) ritorikanın cendər ədalətsizliyini qorumağa çalışdığını görə bilirik.

Bu üzdən ictimai ədalətin olmadığı bir toplumda istər “Mən, insanların etniklərini görmürəm, insanları görürəm” kimi etnik neytrallıq göstərmək istəyən rasist ifadə olsun, istərsə də “Mən insanların cinsiyyətini deyil, insanları görürəm” ritorikası olsun, var olan ədalətsiz status-kvonu qorumaq istəyən ritorikadan başqa bir şey deyil.

Bu tip ritorikalar cəmiyyətdəki ədalətsizliyi gizli bir formadan yaşatmasına şərait yaratdığı üçün sosial hərəkatlar yeni diskurslarla bunlarla mübarizə etməlidir.

Paylaş.

Müəllif haqqında

Ramin Cabbarlı

Ramin Cabbarlı (1983) Güney Azərbaycanda anadan olub. Vaşinqton universitetində Sosiologiya üzrə bakalavr təhsilini bitirdikdən sonra həmən universitetdə Sosiologiya üzrə doktorluq təhsili alır. Sosial Hərəkatlar, Siyasət Sosiologiyası, Tarixi-tətbiqi Sosiologiya, və Kültür Sosiologiyasına maraqlıdır.

Şərhlər bağlıdır.