1986-cı il aprelin 26-da baş vermiş Çernobıl faciəsindən təxminən 36 il keçib. Hadisə nəticəsində ölənlərin sayı müxtəlif mənbələrə əsasən 4 mindən 200 minə qədər dəyişir. Minlərlə insanın qəti ölümünə səbəb olan bu faciə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında yaşanan partlama nəticəsində baş vermişdi. Yalnız 9 gündən sonra söndürə bildikləri bu partlamanın mənfi təsiri tək Çernobılda yox bütün dünyada hiss olundu. Dünyaya yayılan ölümcül radiyasiyanın nəticələri hələ də görünməkdədir. Bu tip hadisə yenə də təkrarlana bilər. Bu dəfə Ermənistanda.
Metsamor Atom Elektrik Stansiyasının potensial Çernobıl olduğu deyilir. Zəif qorunma sisteminə sahib olan bu stansiyanın bağlanmasının vacibliyi barədə bir çox araşdırmalar aparılıb. Avropa Birliyi bu stansiyanın modern texnologiyalarla qorunmasını imkansız hesab edir və tək çarənin Ermənistan dövlətinin Metsamor AES-nı tam şəkildə bağlaması olduğunu bildirir.
Sovet hakimiyyəti dövründə tikilən bu stansiya həm də zəlzələ ilə də sınanır. Metsamor AES-ı seysmik zonada yerləşdiyi üçün zəlzələ təhlükəsi ilə üzləşən bir dəfə Metsamor şəhəri də bu səbəbdən tam boşaldılıb. Buna baxamayaraq ani bir partlayış tək qonşu şəhər və bölgələrdə deyil ümumiyyətlə bütün regionda faciəyə səbəb ola bilər.
Avropa İttifaqı bu stansiyanın bağlanmasını istəsə də stansiya hazırda fəaliyyətinə davam edir. Stansiyanın potensial təhlükə qaynağı olması ilə yanaşı zərərli tulantıları ilə bağlı da mübahisələr var. Bəzi ehtimallara görə Metasmor AES-ı stansiyasının tullantıları Araz çayına axıdılır.
Ermənistan nə deyir?
Ermənistan dövləti Metsamor stansiyasının ölkənin enerji təminatı üçün önəmli olduğunu bildirir. Bu atom elektrik stansiyası Ermənistanın elektrik enerjisinin 40 faizini verir. Bu isə mövzu ilə bağlı cavabdeh olan dünya səviyyəli agentliklərin məsələni anlayışla qəbul etmələrinə səbəb olur.
Məhz buna görə Aİ Ermənistan dövlətinə müəyyən bir müddət verib və dəfələrlə lazimi maliyə yardımları da edib. Lakin bu tədbirlər təhlükənin azalmasına səbəb olmayıb və fəaliyyət tarixindən 20 ildən çox keçsə də bu stansiya hələ də fəaliyyət göstərir.
Dünyanın ən təhlükəli stansiyası ilə qonşuluq
Metsamor stansiyası Türkiyə ilə sərhəddən 12 km, Azərbaycanla sərhəddən 75 km və İranla sərhəddən isə 60 km uzaqlıqda yerləşib. Bu isə saatlı bomba ilə qonşuluq etmək deməkdir. Təxminən Çernobıl stansiyası ilə eyni ildə istismara verilmiş Metsamor stansiyası 20-ci yüzillikdə fəaliyyətini tam şəkildə dayandırmalı idi. Buna baxmayaraq stansiya bu günədək fəaliyət göstərir.
Təhlükə qaynağı olan bu stansiyanın bağlanması dəfələrlə tələb edilib. 2013-cü ildə Ermənistanla Avropa İttifaqı arasında imzalanan sazişdən Ermənistan dövləti son anda vaz keçdi. Həmin sazişdə bu stansiyanın bağlaması tələb edilirdi. 2008-ci ildə Serj Sarkisyan həmin stansiyada yeni bir blokun tikiləcəyini dedi. Sonrakı illərdə də Aİ-nın bu tələbi təkrarlansa da Ermənistan hələ ki bununla bağlı bir addım atmayıb.
“National Geographic” jurnalına görə Metsamor dünyanın ən təhlükəli atom elektrik stansiyasıdır. Azərbaycan və Türkiyə dövlətlərinin rəsmiləri dəfələrlə bu stansiyanın bağlanmasıni tələb ediblər. Bu stansiyanın zərərli tullantıları həm də Güney Azərbaycanda ətraf-mühitlə bağlı problemlərə səbəb olub. İran rəsmiləri məsələ haqqında Ermənistan dövləti ilə danışıq apardıqlarını bildiriblər. Lakin bütün danışıqlar və tələblər nəticəsiz qalıb.
Ermənistandan gələn hər növdən təhlükəyə açığıq
2017-ci ildə Araz çayında təxminən 4000 balıq ölmüşdü. Güneydə yaşayan yerli əhali və çevrə fəalları buna Ermənistanın radiasiyalı tullantıları Araza axıtmasının səbəb olduğunu bildirmişdilər. İran rəsmiləri isə ilk olaraq bütün bunları şayiə adlandırdılar.
Güney Azərbaycanın quzeylə sərhəd boyunca yerləşən şəhərlərinin bəziləri içməli suyu Arazdan təmin edirlər. Ermənistanın Araza buraxdığı ağır zəhərli tullantılar yaxındakı bütün canlıların həyatını təhdid edir. 2017-ci ildə Muğanın Parsabad və Biləsuvar şəhərlərinin millət vəkili Ərdəbil vilayətində xərçəng xəstəliyinin çoxalmasını Ermənistanın Araza buraxdığı tullantılarını nəticəsi olduğunu bildirmişdi.
Arazın çirklənməsi hər il təkrar olsa da, ölkə səviyyəsində hər hansı bir ciddi addım atılmır. 2019-cu ildə Mərənd və Culfa millət vəkili Məhəmməd Həsənnejad bu məsələyə İranın Xarici İşlər Nazirliyinin baxmalı olduğunu və iki ölkə arasındakı dostluq münasibətləri olduğuna görə bu məsələnin unudulduğunu demişdir.
Deməli Metsamor stansiyası ikibaşlı təhlükə qaynağıdır. Birincisi o hər an partlaya bilər, ikincisi isə onun tullantıları ətrafda tullantıdan əziyyət çəkən insanları yavaş yavaş öldürür. Bu kimi təhlükəyə səssiz qalmaq isə təhlükəyə dəvət göndərmək deməkdir.