Millətçilik nədir? Tərif və nümunələr

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Robert Lonqli tərəfindən 2021-ci ilin avqust ayının 26-da “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Millətçilik öz millətinin başqa millətlərdən üstün olduğuna hərarətlə inanan insanların ifadə etdiyi ideologiyadır. Bu üstünlük hissləri çox vaxt ortaq etnik mənsubiyyət, dil, din, mədəniyyət və ya sosial dəyərlərə əsaslanır. Sırf siyasi nöqteyi-nəzərdən millətçilik ölkənin xalq suverenliyini – özünü idarə etmək hüququnu müdafiə etmək və onu müasir qlobal iqtisadiyyatın yaratdığı siyasi, sosial və mədəni təzyiqlərdən qorumaq məqsədi daşıyır. Bu mənada millətçilik qlobalizmin antitezisi kimi qəbul edilir.

Bu gün millətçilik ümumiyyətlə ictimai və şəxsi həyata təsir dərəcəsinə görə müasir tarixin ən böyük amili olmasa da, ən böyük müəyyənedici amillərindən biri kimi xidmət edən, ümumi hiss kimi qəbul edilir.

Millətçilik tarixi

Ölkələrinin “ən yaxşı” ölkə olduğuna inanan insanların həmişə mövcud olduğuna dair ümumi hisslərə baxmayaraq, millətçilik nisbətən müasir bir hərəkatdır. İnsanlar həmişə öz doğma yurdlarına və valideynlərinin adət-ənənələrinə bağlılıq hiss etsələr də, millətçilik 18-ci əsrin sonlarına qədər geniş şəkildə qəbul edilən hisslərə çevrilmədi.

18-ci əsr Amerika və Fransa inqilabları ümumiyyətlə millətçiliyin ilk təsirli ifadələri hesab olunur. 19-cu əsrdə millətçilik Latın Amerikasının yeni ölkələrinə nüfuz etdi və mərkəzi, şərqi və cənub-şərqi Avropaya yayıldı. 20-ci əsrin birinci yarısında Asiya və Afrikada da millətçilik ortaya çıxdı.

20-ci əsrdən əvvəlki millətçilik

Milliyyətçiliyin ilk həqiqi ifadələri 1600-cü illərin ortalarında Puritan İnqilabı zamanı İngiltərədə baş verdi.

17-ci əsrin sonlarında İngiltərə elm, ticarət və siyasi və sosial nəzəriyyənin inkişafı sahəsində dünya lideri kimi şöhrət qazanmışdı. 1642-ci il İngiltərə Vətəndaş Müharibəsindən sonra Kalvinizmin Puritan iş etikası humanizmin optimist etikası ilə birləşdi.

İngilis millətçiliyi İncildən təsirlənərək, xalqın öz missiyasını qədim İsrail xalqının missiyası ilə eyniləşdirdiyi kimi ifadə ortaya çıxdı. Qürur və inamla şişmiş ingilis xalqı, bütün dünyada yeni bir islahatın və fərdi azadlıqlar dövrü açmağın öz missiyaları olduğunu hiss etməyə başladı. İngilis şairi və aydın John Milton 1667-ci ildə yazdığı “İtirilmiş cənnət” adlı klassik əsərində ingilis xalqlarının o zamana qədər “İngiltərənin azadlıq vizyonu”una çevrilən şeyi yaymaq səylərini yer kürəsinin hər guşəsinə “sonsuz əsrlər boyu azadlığın böyüməsinə ən uyğun torpaq kimi qutlamış” kimi təsvir etmişdir.

Con Lok və Jan Jak Russonun “ictimai müqavilə” siyasi fəlsəfəsində ifadə olunduğu kimi 18-ci əsr İngiltərəsinin millətçiliyi əsrin qalanında Amerika və Fransa millətçiliyinə təsir göstərəcək.

Lok, Russo və digər müasir fransız filosoflarının irəli sürdüyü azadlıq ideyalarından təsirlənən Amerika millətçiliyi, Şimali Amerikada Britaniya koloniyalarının məskunlaşanları arasında yarandı. Tomas Ceferson və Tomas Peyn tərəfindən ifadə edilən cari siyasi düşüncələrlə hərəkətə keçən Amerika kolonistləri, 1700-cü illərin sonlarında azadlıq və fərdi hüquqlar uğrunda mübarizəyə başladılar. 17-ci əsr ingilis millətçiliyinin istəklərinə bənzər şəkildə, 18-ci əsr Amerika millətçiliyi də yeni milləti bəşəriyyətin hamı üçün azadlıq, bərabərlik və xoşbəxtlik yolunda bələdçi işığı kimi təsəvvür edirdi. 1775-ci ildə Amerika İnqilabı və 1776-cı ildə Müstəqillik Bəyannaməsi ilə yekunlaşan yeni Amerika millətçiliyinin təsiri 1789-cu il Fransa İnqilabında aydın şəkildə əks olundu.

Fransada olduğu kimi Amerikada da millətçilik, keçmişin avtoritarizmi və bərabərsizliyi əvəzinə azadlıq və ədalət dolu bir gələcəyin mütərəqqi fikrinə universal bağlılığı təmsil etməyə başladı. Amerika və Fransa inqilablarından sonra “Yaşam, azadlıq və xoşbəxtlik axtarışı” və “Azadlıq, bərabərlik, qardaşlıq” vədlərinə hiss edilən yeni inam, bayraqlar və paradlar, vətənpərvərlik musiqisi və milli bayramlar kimi bu gün də millətçiliyin ümumi ifadəsi olaraq davam edən yeni ayin və simvollara ilham verdi.

20-ci əsrin hərəkatları

1914-cü ildə I Dünya Müharibəsinin başlaması ilə başlayan və 1991-ci ildə Mərkəzi-Şərqi Avropada kommunizmin dağılması ilə başa çatan 20-ci əsr, əsasən Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi ilə formalaşan yeni millətçilik formalarının ortaya çıxması ilə nəticələndi.

Birinci Dünya Müharibəsindən sonra Adolf Hitler Almaniyada irqi təmizliyə, avtoritar idarəçiliyə və Almaniyanın xristianlıqdan əvvəlki keçmişinin əfsanəvi şan-şöhrətinə əsaslanan yeni bir fanatik millətçilik brendi qurdu. İkinci Dünya Müharibəsindən sonra millətçiliyin yeni formalarının əksəriyyəti müstəmləkəsizləşdirmədən sonra müstəqillik hərəkatları tərəfindən idarə olundu. Avropalı müstəmləkəçilərindən qurtulmaq üçün mübarizə apararkən insanlar, zalımlardan fərqlənmək üçün milli kimliklər yaratdılar. İstər irqə, istər dinə, istər mədəniyyətə, istərsə də Avropada Soyuq Müharibənin siyasi qarışıqlıqlarına əsaslansın, bütün bu yeni millətçi kimliklərin hamısı müəyyən mənada müstəqillik istəyi ilə bağlı idi.

Birinci Dünya Müharibəsi Mərkəzi və Şərqi Avropada millətçiliyin zəfəri oldu. Habsburq, Romanov və Hohenzollern rus imperiyalarının qalıqları üstündə Avstriya, Macarıstan, Çexoslovakiya, Polşa, Yuqoslaviya və Rumıniya kimi yeni milli dövlətlər quruldu. Asiya və Afrikada qönçələnən millətçilik Türkiyədə Kamal Atatürk, Hindistanda Mahatma Qandi və Çində Sun Yatsen kimi xarizmatik inqilabçı liderlər yetişdirdi.

İkinci Dünya Müharibəsindən sonra 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və 1949-cu ildə NATO kimi çoxmillətli iqtisadi, hərbi və siyasi təşkilatların yaradılması bütün Avropada millətçilik ruhunun ümumi şəkildə zəifləməsinə səbəb oldu. Bununla belə, Fransanın Şarl de Qol dövründə yeritdiyi siyasət və 1990-cı ilə qədər Şərqi və Qərbi Almaniyanın kommunizm və demokratiya arasında yaşanan acı bölünmə, millətçiliyin cazibəsinin hələ də canlı olduğunu sübut etdi.

Bu gün millətçilik

Birinci Dünya Müharibəsindən bəri heç bir zaman millətçiliyin bugünkü qədər açıq-aşkar olmadığı iddia edilir. Xüsusilə 2016-cı ildən bəri bütün dünyada millətçi əhval-ruhiyyədə əhəmiyyətli artım müşahidə olunur. Məsələn Böyük Britaniyanın Avropa İttifaqından mübahisəli şəkildə çıxmasına (Breksit) səbəb olan şey, itirilmiş milli muxtariyyəti bərpa etmək üçün millətçiliyə əsaslanan istək idi. ABŞ-də prezidentliyə namizəd Donald Tramp Ağ Evə “Amerikanı yenidən möhtəşəm et” və “Öncə Amerika” kimi millətçi çağırışlarla girdi.

Almaniyada Avropa Birliyinə və immiqrasiyaya qarşı müxalifəti ilə tanınan “Almaniya üçün Alternativ” (AfD) millətçi-populist siyasi partiyası əsas müxalifət qüvvəsinə çevrilib. İspaniyada özünü mühafizəkar sağçı adlandıran “Vox” partiyası 2019-cu ilin aprelində keçirilən ümumi seçkilərdə ilk dəfə İspaniya parlamentində yer qazanıb. Milliyyətçilik Çin prezidenti Si Tsinpinin Çini dünyanın iqtisadi lideri etmək səylərinin əsasını təşkil edir. Eyni şəkildə millətçilik Fransa, Avstriya, İtaliya, Macarıstan, Polşa, Filippin və Türkiyədə sağçı siyasətçilər arasında ortaq bir mövzudur.

İqtisadi millətçilik

Ən son olaraq 2011-ci ilin qlobal maliyyə böhranına reaksiya ilə xarakterizə olunan iqtisadi millətçilik, dünya bazarları kontekstində milli iqtisadiyyatları yaratmaq, inkişaf etdirmək və ən önəmlisi qorumaq üçün nəzərdə tutulmuş siyasi və tətbiq yolları toplusu kimi müəyyən edilir. Məsələn, 2006-cı ildə ABŞ-nin altı böyük dəniz limanında liman idarəçiliyi biznesini Birləşmiş Ərəb Əmirlikləri mərkəzli “Dubai Ports World”a satmaq təklifi, iqtisadi millətçilik motivli siyasi müxalifət tərəfindən qarşılandı.

İqtisadi millətçilər proteksionizmin qəbul edilən təhlükəsizliyi və sabitliyi lehinə, qloballaşmanın məsləhət görünməsinə qarşı çıxırlar və ya heç olmasa tənqidi şəkildə şübhə altına alırlar. İqtisadi millətçilərin fikrincə, xarici ticarətdən əldə edilən bütün gəlirlərin hamısı olmasa da əksəriyyəti sosial rifah proqramlarından çox milli təhlükəsizlik və hərbi güc qurmaq kimi vacib milli maraqlar yolunda istifadə edilməlidir. İqtisadi millətçilik bir çox cəhətdən merkantilizmin bir variantıdır – ticarətin sərvət yaratdığı və hökumətin proteksionizm vasitəsilə təşviq etməli olduğ faydalı balansların toplanması ilə təhrik edildiyi sıfır cəmi nəzəriyyəsi.

İqtisadi millətçilər, yerli işçilərdən iş oğurladığına dair çox əsassız bir inanca əsaslanaraq, immiqrasiyaya qarşı çıxırlar. Məsələn Prezident Trampın Meksika sərhədində tikdirmək istədiyi təhlükəsizlik divarı, onun millətçi immiqrasiya siyasətinə uyğun idi. Prezident konqresi mübahisəli divarın ödənilməsi üçün vəsait ayırmağa inandırarkən, Amerika iş yerlərinin vəsiqəsiz mühacirlərə uduzulacağını iddia etdi.

Problemlər və Narahatlıqlar

Bu gün inkişaf etmiş dövlətlər adətən bir çox etnik, irqi, mədəni və dini qruplardan ibarətdir. Anti-immiqrasiya, milliyyətçiliyin təcridedici növündə bu son artım, xüsusilə də nasist Almaniyasında olduğu kimi, ifrata varıldıqda, siyasi cəhətdən üstünlük verilən qrupdan kənar sayılan qruplar üçün təhlükəli ola bilər. Nəticə etibarilə, millətçiliyin potensial mənfi cəhətlərini araşdırmaq vacibdir.

Hər şeydən əvvəl millətçiliyin üstünlük hissi onu vətənpərvərlikdən fərqləndirir. Vətənpərvərlik öz ölkəsi ilə fəxr etmək və onu müdafiə etmək istəyi ilə səciyyələnərkən, millətçilik qüruru təkəbbür və potensial hərbi təcavüzə qədər aparır. İfrat millətçilər hesab edirlər ki, ölkələrinin üstünlüyü onlara başqa millətlərə hakim olmaq hüququ verir. Onlar bunu fəth etdikləri millətin insanlarını “azad etdikləri” inamı ilə legitimləşdirirlər.

19-cu və 20-ci əsrin əvvəllərində Avropada olduğu kimi, millətçilik imperializm və müstəmləkəçiliyə haqq qazandırmaq üçün istifadə edilmişdir. Millətçilik qalxanı altında qərb xalqları Afrika və Asiyada bəzi ölkələri ələ keçirdi və onlara nəzarət etdi. Bu ölkələrdə müstəmləkəçiliyin iqtisadi və sosial nəticələri bu gün də davam edir. İkinci Dünya Müharibəsi zamanı Adolf Hitler etnik Aryan üstünlüyü taktikasını  Almaniyanın ən yaxşı mənafeyinə uyğun olacaq şəkildə səmərələşdirmək üçün, alman xalqını toplamaq üçün, millətçi təbliğatı mənimsəmişdi. Millətçilik getdikcə qloballaşan dünyada bir qrupu bir ölkənin yeganə qanuni vətəndaşları olaraq görmək üçün istifadə edildikdə, son dərəcə təhlükəli ola bilər.

Tarix boyu bir neçə dəfə millətçilik şövqü xalqları uzun müddətli təcridçilik dövrlərinə – başqa xalqların işlərində heç bir rol oynamamaq kimi boğucu və potensial təhlükəli doktrina – gətirib çıxarmışdır. Məsələn, 1930-cu illərin sonlarında geniş şəkildə dəstəklənən təcridçilik, Yaponiyanın 7 dekabr 1941-ci ildə Pörl Harbora hücumuna qədər ABŞ-nin İkinci Dünya Müharibəsində iştirakının qarşısını almaqda mühüm rol oynadı.

Millətçilik istər-istəməz insanlar arasında “biz” və “onlar” və ya “ya sev, ya tərk et” kimi rəqabətçi bir münasibət yaradır. Corc Oruel 1945-ci ildə yazdığı “Milliyyətçilik haqqında qeydlər” adlı essesində dediyi kimi, “Millətçi yalnız və ya əsasən, rəqabətçi prestij baxımından düşünən  şəxsdir… onun düşüncələri həmişə qələbələr, məğlubiyyətlər, zəfərlər və alçaltmalar üzərində cərəyan edir”.

Milliyyətçilik həm də daxili parçalanmaya və iğtişaşlara da kömək edə bilər. Kimin millətin bir hissəsi olub olmadığına qərar verməsini xalqdan tələb etməklə, millətin sərhədləri daxilində “biz” əvəzinə “onların” bir hissəsi kimi müəyyən edilən hər kəsə qarşı ayrı-seçkiliyi təşviq edir.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.