Millətçilik — Patriotizm

Google+ Pinterest LinkedIn Tumblr +

Keçən sayımızda, Milliyyət ilə Millət sözcüklərinin anlamlarını incələdik: Milliyyət etnik bir anlam ikən millət siyasi bir anlamdır” dedik.

Bunu başqa bir təbirlə də ifadə edə bilərik: Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik(müstəqir)bir varlıqdır; Millət isə bu statik varlığın şüurlaşan dinamik (fəal) bir şəklidir.

Statik bir keyfiyyət ifadə edən Milliyyət baxımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir anlam daşıyır.

Etnik bir özəllik ifadə edən Milliyyət mənsublarının yaşadığı bir yerdən ibarət olan coğrafi vətən dinamizmdən məhrum pasiv bir sevginin mövzusudur. Halbuki siyasi şüur və dövlət olmaq əzminə malik olan bir millət üçün vətən eşqi aktiv bir hərəkət amilidir.

Etnik milliyyətçilik və coğrafi vətən sevgisi bir topluluğun yaşadığı yerlərə: Dağlara, dərələrə, yaylaq və ovalıqlara, dəniz və çöllərə qarşı duyulan bir ilgidən ibarətdir. Halbuki bir Millətçi üçün vətən, sadəcə maddi ünsurlarla məhdudlanmaz. Milliyyətdə siyasi şüur güdən Millətçi, vətəndə də mənəvi bir öz, bir ruh arar. Onun üçün vətən maddi deyil, mənəvi bir varlıqdır.

Maddi özəllikləri, mənəvi özəlliklərlə canlanmadıqca, coğrafi bir bölgənin, sözün əsil anlamıyla, zatən bir vətən olmasına imkan yoxdur. Maddi vətən ünsurlarından başqa hər aydın insanın bildiyi vəchiylə dil, din, ədəbiyyat, musiqi, fəlsəfə, sənət və tarix kimi mənəvi vətən ünsurları vardır. Bu ünsurlar, coğrafi vətən dışı içində(xaricində) yoğrulub mənəvi bir vətən içi vücuda gətirirlər. Cansız maddə canlı bir idə halına gəlir.

Millətin, dövlət olmaq əzmində israr edən bir milliyyət olduğu bilgin sosyoloqlar tərəfindən kəşf və tərif edilmişdir. Bunu biz keçən sayımızda söylədik. Bir millətçinin vətən anlayışı , coğrafi anlamdakı vətəni müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər şeydən əvvəl istiqlal savaşında olan bir vətənçi- bir patriotdur.

Avropalıların “patriot” termini ilə ifadə etdikləri anlam, bizim “millətçi” sözüylə anlatmaq istədiyimiz anlamla eynidir. Bu, Avropalıların “Nationalism” sözü ilə qəsd etdikləri “miliyyətçilik”dən tamamiylə başqa bir şeydir. Nationalism qərbi Avropa demokrasi anlayışınca təcavüzçü  və ümumi tərəqqi yoluna girmək istəməyən dünya seyrindən ayrılmış bir gerilik hərəkətidir. Halbuki “Patriotizm” bir millətin öz müqəddəratını bir başa özünün hakim olması özünə məxsus milli bir dövlət qurması hərəkətidir; bu isə bütün dünyanı qavrayan tərəqqi hərəkətinin bir parçası, demokratik bir hərəkətdir.

Tarixi müəyyən şərtlərin təsiri ilə “milliyyət” halından “millət” halına gələn topluluqların müstəqil bir dövlət qurmaq vəya istilaya uğrayan vətənlərinin istiqlalını geri almaq uğrunda mcadilə edənlərə kəsinliklə Avropalı termincə bir ad lazımsa, bunlara “milliyətçi(Nationalist)” deyil, “Millətçi(Patriot)”, hərəkətlərinə də “Milliyyətçilik( Nationalism)” deyil, “millətçilik(patriotizm)” demək lazımdır!

 

Azerbaycan Yıl 1, Sayı 6

Eylül/1952 Ankara

Paylaş.

Müəllif haqqında

Məhəmməd Əmin Rəsulzadə

Şərhlər bağlıdır.