Monoloq; Azərbaycan məsələləri, Türkan Urmulu ilə müsahibə

Google+ Pinterest LinkedIn Tumblr +

“Monoloq”un on dördüncü müsahibəsində şair və qadın haqları aktivisti Türkan Urmulu, “Sentyabr ayının 20sindən başlayan ayaqlanmalara qadınlar və gənc qızlar öncülük etdi. Bu protestoların Azərbaycana yansıması və Azərbaycandaki özəllikləri haqqında nə düşünürsünüz?”, “Azərbaycanda türk qadınlarının durumunu necə dəyərləndirirsiniz? Sizcə türk qadınları hansı basqı sistemlərinə məruz qalıblar? Sizcə türk qadınları bu basqılara necə, harda və hansı yöntəmlər ilə qarşılıq verə bilər?” və “ siz öz həyatınızda çox boyutlu basqı sistemini necə təcrübə edibsiniz və ona necə təpgi göstəribsiniz” kimi sualları cavablayır.

İranda son zamanlarda baş verən qadın ayaqlanmalarında azərbaycanlı qadınların rolundan danışarkən Türkan Urmulu qeyd edir ki, İranın digər bölgələrində olduğu kimi Azərbaycan bölgələrində də qadınlar aktiv fəalliyyət göstərmiş, Hədis Nəcəfi kimi qadınlarımız canlarından olmuşlar.

“Məncə, bu hərəkətdə Azərbaycan qadınlarının duruşunu bundan daha öncə olub bitmiş hərəkətlərdən fərqləndirən cəhət bu dəfə onların öz səsləri və öz şuarları ilə bu etirazlarda iştirak etmələridir. Azərbaycanlı qadınlar İranın içində də, çölündə də, dünyanın bütün ölkələrində, sosyal medyada ‘Zən, zendeqi, azadi’ şüarını  ‘Qadın, yaşam, özgürlük’  kimi çevirərək öz səsləri, öz şüarları  ilə etirazlara qatılırlar. Bunun da nədəni, əlbəttə ki, bizim qadınlarımızın artıq cinsiyyətləri ilə ilgili sorunlarının yanında etnik kimlikləri ilə bağlı sorunlarının da fərqində olmasıdır və onlar etirazlarında da bunu açıqca bildirirlər. Mən əminəm, gedişat və bütün faktlar da bunu göstərir ki, Azərbaycan qadını artıq nə istədiyinin fərqindədir.”

İranda türk qadınlarının durumundan bəhs edən Türkan Urmulu deyir ki, cinsiyyətləri ilə bağlı basqılarla yanaşı etnik kimlikləri ilə əlaqədar basqılara da məruz qaldığından, İranda türk qadınlarının durumu fars qadınlara nisbətən daha pisdir. Eyni zamanda mədəni, toplumsal, maddi imkanları da daha pisdir, qapılar türk qadınlarının üzünə farslara nisbətən daha qapalıdır.

“Mən yaradıcılığa uşaqkən başladım, 8 yaşında ilk şeirimi yazdım ancaq fars dilində idi. Yazdığım şeirlər çox ciddi şeirlər olmasa belə o yaşda böyük dəstək görərdi, alqışlayan çox olardı. 13-14 yaşından sonra mən öz ana dilimdə yazmağa başladım, farscadan türkcəyə keçid dönəmi mənim üçün çox çətin bir dönəm oldu. Bilirdim ki, artıq ana dilimdə yazmalıyam, ana dilimdə oxumalıyam. Ancaq müqayisə olunmayacaq qədər çətin bir durum idi. Qaynaqlar az idi, məni oxuyan, alqışlayan yox idi. Təsəvvür edin ki, mən ana dilimdə yazıram amma mənim anam mənim nə yazdığımı oxuya bilmir, başa düşmür. Bir tərəfən biz bu dili çətinliklə özümüz öyrənirdik. Mən 20-22 il öncədən danışıram, indi fərqlidir, imkanlar çoxdur. Bu günə qədər də biz görürük ki, ana dilində yazıb fəalliyyət göstərən güney azərbaycanlı yazarlar, şairlərimizin hamısı basqılarla qarşılaşırlar; irşad müməyyizisi, mücəvviz alma çətinlikləri, kitabların çox az sayda nəşr olunması, nəşr olunan kitabların satışındakı zorluqlar və s.  Bunu mən özüm də bir yaradıcı kimi bu günə qədər təcrübə etmişəm. Mədrəsədə öyrənci idim, ana dilimdə yazırdım və dəfələrlə mədrəsənin rəsmilərindən, müəllimlərdən istədim ki mən oxuyum, mənim şeirimi bir yerdə çap edin. Buna kəsin bir yox cavabı verildi ki, məhz farsca yazmalısan.”

“Monoloq”, AZ Civic Nation ilə Ətəkyazının ortaq projəsidir. Onun məqsədi Azərbaycan fəalları, düşünürləri və çalışanları arasında söyləmsəl dialoq qurmaq və fikir alış-verişi imkanı yaratmaqdır.

Bu projə çox aşamalı bir çalışmadır. İzləyəcəyiniz bu sıra video müsahibələr onun ilk aşamasıdır. Projəni Ətəkyazı mediasından və AZ Civic Nation youtube kanalından izləyə bilərsiniz.

Maraqlananlar və əlavə məlumat istəyənlər aşağıdaki email vasitəsiylə bizimlə əlaqə saxlaya bilərlər:

[email protected]

[email protected]

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.