Mülkiyyət

Google+ Pinterest LinkedIn Tumblr +

Mülkiyyət və mülkiyyət hüquqları kapitalist cəmiyyətlər üçün mərkəzi əhəmiyyət daşıyır. Kapitalizm kontekstində, bu anlayışların böyük ölçüdə sorğulanmadan qəbul edilməsi səbəbindən, sosioloqlar bu mövzulara çox diqqət yetirməmişlər; halbuki, siyasi fəlsəfəçilər və iqtisadçılar mülkiyyətin təbiəti və mənşəyi barədə hararetli müzakirələr aparmışlar.
Xüsusi mülkiyyətin mənşəyinin ehtimal ki, ən təsirli müasir izahı, John Locke-un təbii hüquqlar nəzəriyyəsidir. Locke-un nəzəriyyəsinə görə, mülk sahibi olmaq fərdin ətrafındakı bütün şeyləri istifadə etmə hüququna əsaslanır; ehtiyacların təmin edilməsi üçün vacib sayılır və bir insan zəhmət sərf etdiyi hər şeyə (sonradan ona laqeyd yanaşmamaq şərti ilə) sahib olmağa haqq qazanır. Buna görə də, mülkiyyətin ədalətli şəkildə paylanması üç meyara bağlıdır: ehtiyac (bəziləri bunu arzu kimi də adlandırır), sərf olunan zəhmət (bu, yaradıcı təşəbbüskarlığı da özündə cəmləyir) və istifadə (bəzi tənqidçilər bunu istismar və yığılma kimi şərh edirlər).
Locke-un nəzəriyyəsi, mülkiyyəti fərdin “öz zəhməti ilə birləşdirdiyi” bir şey kimi qəbul etdiyi üçün, cəmiyyətdə az sayda seçkin şəxsin, əksəriyyətin zəhməti ilə yaranan əlavə dəyərə əl qoymasının nə təbii, nə də ədalətli olduğunu düşünməyə gətirib çıxarır. Bu, erkən müasir status-kvoya qarşı (hətta o özü bu status-kvonu müdafiə etsə də) potensial bir meydan oxuma kimi qiymətləndirilir. Faydacılıq isə, xüsusi mülkiyyətin və onun qanunlarının başqa heç bir mənşə və ya haqlılığa malik olmadığını iddia edərək bu meydan oxumaya qarşı çıxmışdır; yəni, mülkiyyət qaydaları, insanların xoşbəxtliyinin artmasına gətirib çıxaran (etekyazı: tarixi) razılaşmaların məhsuludur. Məsələn, David Hume belə deyirdi ki, bir şəxsin mülkiyyət əldə etməsi yalnız onun zəhmətinə bağlı deyil, eyni zamanda bu hüququn cəmiyyətdə uzun illər ərzində formalaşan təcrübə və razılaşmalardan qaynaqlanır. Mövcud sistem, insanların ehtiyaclarını açıq və effektiv şəkildə təmin etdiyi üçün ədalətli hesab olunurdu. Bu yanaşma yalnız mülkiyyətin paylanmasına izah gətirməklə qalmayıb, həm də mövcud mülkiyyətin haqlı olduğunu göstərdiyi üçün XIX əsrdə klassik liberalizm fəlsəfəsinin təməli olmuşdur.
Bu mülkiyyət fəlsəfəsinə qarşı konservativ reaksiya, fayda prinsipini ənənə, təcrübə və mifik dəyərlərlə müqayisə edir. Konservativlər mülkiyyəti nəsillərarası ortaq sərvət kimi dəyərləndirir və bunun ən bariz nümunəsi torpaq sahibi sinfinin davamlılığında görünür. Burada torpaq sahibi, yalnız malik olmaqdan çox, mövcud status-kvonun qorunması üçün öhdəlik daşıyır və beləliklə, cəmiyyətin sabit nizamını təmin edir.
İskoç siyasi iqtisadçıları – John Millar, Adam Ferguson və Adam Smith – mülkiyyət münasibətlərini sinif quruluşunu da nəzərə alacaq şəkildə geniş şəkildə təhlil etmişlər. Bu yanaşma, Karl Marksı mülkiyyətin əhəmiyyətini vurğulayan ilk sistemli sosioloji analizlərdən birini təqdim etməyə yönəltdi. Marksın nəzəriyyəsinə görə, mülkiyyət hakimiyyətdir və mülkiyyətin müxtəlif formaları, dövlət, vətəndaş cəmiyyəti və ideologiyadan ibarət olan üstqurumun əsaslandığı “ictimai mövcudluq şərtləri”ni müəyyən edir. Daha sonra, mülk sahibi siniflərin sahib olduqları mülkiyyət növlərinə və onların istifadəsinə verdikləri mənaya görə ciddi şəkildə fərqləndiyini qəbul etməsinə baxmayaraq, Maks Veber də “mülk sahibi olmaq və olmamaq… bütün sinfi mövqelərin əsas xüsusiyyətidir” fikrini irəli sürmüşdür.
Max Weber-in bu müşahidəsi, çağdaş sosiologiyada mülkiyyət mövzusundakı müzakirələrin əsas mərkəzini təşkil edir. Bu müzakirələr, mülkiyyət ideologiyaları və mülk sahibi sinfinin ictimai təşkilatlanması ilə bağlı dəyərləndirmələr aparmaqdan uzaqlaşaraq, diqqəti mülkiyyətin istehlakına, xüsusilə müəyyən mülkiyyət növlərinin (məsələn, evlər, avtomobillər, geyimlər) ictimai münasibətləri və ictimai mənaları fərqli yollarla formalaşdırmasına və ictimai kimliklərin inşasında oynadığı rola yönəldir.
Çoxsaylı sosioloqlar xüsusi mülkiyyət məsələsinə maraq göstərmişlər. Lakin, kapitalist olmayan mülkiyyət formaları (simvolik mülkiyyət daxil olmaqla) insanşünaslar tərəfindən geniş şəkildə araşdırılmış, sosioloqlar isə son zamanlarda araşdırmalarını dövlət və ya kollektiv mülkiyyət və miras kimi mövzuları da əhatə edəcək şəkildə genişləndirmişlər.

 

 

Bu yazı, Qordon Marshallın redaktorluğunda bir qrup sosioloq tərəfindən yazılan “Sosioloji Sözlüğü” kitabının Türkiyə türkcəsinə tərcüməsinin 519-521-ci səhifələrindəki mülkiyyət tərifinin Ətəkyazı saytı üçün Azərbaycan türkcəsinə tərcüməsidir. Ankarada “Bilim ve Sanat” nəşriyyatı tərəfindən nəşr olunan bu kitab, ingiliscədən Türkiyə türkcəsinə Osman Akınhay və Derya Kömürcü tərəfindən çevrilmişdir.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.