Nasir Merqatinin anım mərasimi:  şairin irsi və düşüncələrinin yaşadılması

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 19-da tanınmış şair və mütəfəkkir Nasir Merqatinin anım mərasimi keçirildi. Bu tədbirdə təkcə bu müəllifi tanıdığım üçün yox, eyni zamanda öz torpağımın insanlarını, xüsusən də o torpaqlardan uzaqda yaşayan insanları daha yaxından tanımaq və onlardan nə öyrənə biləcəyimi görmək istədiyim üçün iştirak etdim. Düzünü desəm, ölüm xəbəri yayılana qədər onun haqqında heçnə eşitməmişdim. Onun haqqında ancaq  daha çox məlumat əldə etmək və hörmət etdiyim bir çox insanın niyə onun vəfatından dərin kədərləndiyini anlamaq istədim. Buna görə də iştirak etdiyim üçün çox şadam, çünki eşitdiyim şeylər mənə bir insanın dəyişiklik yaratmaq üçün bir çox yoldan necə istifadə edə biləcəyi haqqında çox şey öyrətdi. Mən öyrəndim ki, dəyişiklik etmək inqilab kimi böyük fərq yaratmaq deyil, çoxlu kiçik dəyişikliklər etməkdir. Gəlin, bunu necə öyrəndiyimi sizə deyim.

Bu tədbir Nasir Merqatinin yaradıcılığına və intellektual irsinə verilən dəyərin bir göstəricisi olmaqla yanaşı, onun ədəbiyyata və fəlsəfəyə verdiyi töhfələrini xatırlamaq üçün bir araya gələn ailəsi, dostları, həmkarları və sənətsevərlərin iştirakı ilə baş tutdu. Mərasimdə onun həyat və yaradıcılığı barədə çıxışlar edildi, onun şeirləri və fəlsəfi baxışları vurğulandı. Tədbir, həmçinin, Nasir Merqatinin ədəbi və mənəvi  irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha önə çıxardı.

Mərasim “ Zoom” platformasında Dr. Lalə Cavanşir tərəfindən təqdim olundu.  O, çıxışında Nasir Merqatinin yaradıcılığına dair önəmli məqamlara toxundu. Şairin dostları, tələbələri və sevənlərinin iştirak etdiyi tədbirdə, Merqatinin dilə və ədəbiyyata yanaşma tərzini dəyişməklə bir inqilab yaratmaq arzusunda olduğunu vurğuladı. Lalə Cavanşir, həmçinin, onun “Talanmış Günəş” kitabının uzunmüddətli və dərin təsirə malik olduğunu qeyd edərək, bu əsərin şairin düşüncə dünyasını və yaradıcılığının gücünü nümayiş etdirdiyini bildirdi.

Nasir Merqatinin həyat yoldaşı Süheyla xanım mərasimdə çıxış edərək onun şəxsiyyəti və dəyərləri haqqında ağızdolusu danışdı. O, Nasirin yalnız böyük bir şair və mütəfəkkir deyil, eyni zamanda fədakar bir ailə başçısı olduğunu dedi. Onların üç gözəl və ali təhsilli övlad böyütdüyünü bildirən Süheyla xanım, ailələrinin hər zaman bilik və müzakirə üzərində qurulduğunu qeyd etdi. Evlərində tez-tez elmi və ədəbi söhbət toplantıları təşkil edir, öyrəndiklərini başqalarına ötürmək üçün çalışırdılar. Süheyla xanımın dediklərindən öyrəndim ki, insanın bir həvəsi və məqsədi olsa belə, ailə hər zaman birinci yerdə olmalıdır. Hər hansı bir dəyişikliyi yaratmağın ilk qaydası onu ilk öncə  öz ailəndə formalaşdırmaqdan keçir.

Nasirin gənc nəsilləri və az yaşlı uşaqları həmişə dəstəklədiyini, onlara kitab və dəftərlər alaraq təhsilə təşviq etdiyini bildirən Süheyla xanım, onun heç vaxt doğma şəhərini tərk edib getməyə razı olmadığını da vurğuladı. O, Nasirin öz dəyərlərinə sadiq qaldığını və mübarizəsini doğma torpaqlarında davam etdirməyə qərarlı olduğunu söylədi. Onların Firidun Qaraçorlu tərəfindən tanış edildiyini xatırladan Süheyla xanım, həmçinin Nasirin Əlirza Nabdil ilə dərin dostluğu, Səməd Behrəngi və Həmzə Fərəhati ilə olan əlaqələrinin onun düşüncə dünyasına və yaradıcılığına təsir etdiyini vurğuladı.

Mərasimdə çıxış edənlərdən biri də Nasir Merqatinin qardaşı Mənsur Merqati idi. O, Nasirin yalnız ailəsi üçün deyil, bütövlükdə cəmiyyət üçün necə böyük bir şəxsiyyət olduğunu xüsusi qeyd elədi. Mənsur bəy, onların atalarının erkən vəfat etdiyini və bu itkidən sonra ailənin birinci oğlu kimi Nasirin üzərinə böyük bir yük düşdüyünü qeyd etdi. O, ailədə həm bir ata, həm də böyük qardaş kimi hər kəsə yol göstərmiş, məsuliyyətin ağırlığını çiyinlərində daşıyaraq ailəyə dayaq olmuşdur. Mənsur bəy, Nasirlə birlikdə Firidun Qaraçorlu vasitəsilə siyasətlə maraqlanmağa başladıqlarını və bu sahədə onun düşüncələrinin inkişafında Nasirin böyük təsiri olduğunu vurğuladı. O, Nasirin yalnız şəxsi həyatda deyil, həm də milli məsələlərdə Mənsur bəy üçün istiqamət verici bir güc olduğunu söylədi. Mənsur bəyin sözlərindən anladım ki, lider olmaq təkcə cəmiyyət üçün deyil, ilk növbədə ailə üçün bir zərurətdir. Nasir Merqati atasız qalan ailəsinə həm böyük qardaş, həm də ata kimi dayaq olmuş, liderliyin məsuliyyət və fədakarlıq tələb etdiyini göstərmişdir.

Mərasimdə çıxış edənlərdən biri də Nasir Merqatinin böyük qızı Xəzər Merqati idi. O, atasının yalnız böyük bir şair və mütəfəkkir deyil, eyni zamanda, öz dövründən irəlidə düşüncəyə sahib olan, daim qabaqcıl fikirləri ilə seçilən bir insan olduğunu vurğuladı. Xəzər, uşaqlıq xatirələrindən birini bölüşərək atasının necə fərqli və ibrətamiz bir yanaşması olduğunu xatırlatdı. O, atasının ona qlobus aldığını və bunun vasitəsilə gecə-gündüzün, günlərin və fəsillərin necə dəyişdiyini izah etdiyini danışdı. Bu, onun üçün həm bir oyuncaq, həm də bir öyrənmə vasitəsi olmuşdu.

Mərasimdə çıxış edən Nasir Merqatinin ikinci qızı Şəlalə, atasının istedadlı, böyük ürəkli və sevgi dolu bir insan olduğunundan danışdı. O, atasının gözəl saz çaldığını, rəsmlər çəkdiyini və hətta taxtadan heykəllər düzəltdiyini xatırlatdı. Hətta öz sazını belə özü düzəldibmiş. Şəlalə, atasının mərhəmətli və yardımsevər biri olduğunu xatırladaraq, bir dəfə bir uşağın köhnə paltarını görüb atasına deməsini və ailəsinin o uşağı incitmədən ona yeni paltar alaraq dəstək olduğunu qeyd etdi. O, atasının həmişə ehtiyacı olan insanlara əl uzatdığını vurğuladı. Şəlalə, həmçinin, atasının Təbrizdən ayrılmağının onun üçün nə qədər çətin olduğunu, hətta “Google earth” vasitəsilə Təbrizin küçələrinə baxaraq vətən həsrəti yaşadığını da bizimlə paylaşdı. O, atasının bu duyğularını “Gədək” adlı şeirində ifadə etdiyini qeyd edərək, şeiri mərasimdə səsləndirdi. O şeiri oxuduğu zaman bir çox insan kövrəldi, göz yaşlarını saxlaya bilmədilər.

Nasir Merqatinin qızlarının dediklərindən anladım ki, o, övladlarının sağlam və düşüncəli böyüməsinə hər şeydən çox önəm verirdi. O, qızlarına bilik və yaradıcılığı sevdirərək, onların dünyanı dərk etməsinə kömək edib. Nasir Merqatinin qızlarının danışdıqlarından öyrəndim ki, o əslində bir feminist idi. Bunun üçün özünü belə adlandırmağa ehtiyacı yoxdur, çünki əməlləri bunu sübut edirdi. O, iki güclü qız yetişdirmişdi, atasının sevgisini və Vətən uğrunda mübarizəsini eyni qətiyyətlə davam etdirməyə qadir olan, öz ayaqları üstündə dura bilən qadınlar. Bundan daha feminist nə ola bilər?

Mərasimdə Nasir Merqatinin ən yaxın dostu və sirdaşı Tağı Qeysəri də çıxış etdi. O, Nasirin xatirəsini yad edərək onunla paylaşdığı dərin dostluq və yaradıcılıq əlaqəsindən bəhs etdi. Tağı Qeysəri mərasim zamanı şairin ruhuna hörmət olaraq bir şeir səsləndirdi, bu an isə iştirakçılara duyğusal anlar yaşatdı.

Mərasimdə çıxış edənlərdən biri də Təbrizli yazıçı Fəriba Vəfi idi. Vəfi, Nasir Merqatinin onun həyatına və düşüncəsinə böyük təsir göstərdiyini vurğulayaraq, onunla bağlı dəyərli xatirələrini bölüşdü. Fariba Vəfi, həmçinin, onların “İran İstihbaratı (İttilaat)” tərəfindən narahat edildiklərini, toplaşdıqları məclislərin dağıdıldığını xatırlatdı. Buna baxmayaraq, o, Nasirin ruhunu, mübarizəsini və insanlara verdiyi dəyəri həmişə gözəl xatirələrlə yad etdiyini qeyd etdi.

Mərasimdə Nasir Merqatinin altmış ildən çox dostluq etdiyi Məsud Orəng də öz fikirlərini bölüşdü. O, mərasimə qatıla bilməsə də, səs göndərmiş və Nasirin xatirəsinə həsr olunmuş xüsusi bir təqdimat hazırlatmışdı. Nasirlə birlikdə jurnal nəşr etdiklərini xatırladaraq, onun yalnız böyük bir şair deyil, eyni zamanda tənqidçi və ictimai-siyasi şəxsiyyət olduğunu vurğuladı. Məsud Orəng, Nasirin dərin və özünəməxsus hisslərə malik bir insan olduğunu, daim həm öz həyatında, həm də cəmiyyətinin problemlərinə çıxış yolu axtardığını qeyd etdi. O, Nasirin vətəninə, ailəsinə, dostlarına və cəmiyyətinə bağlı bir insan olduğunu xüsusi vurğulayaraq, Səməd Vurğunun “meysiz məzəsiz can ilə canan ola bilməz” adlı şerinin sözlərini xatırlatdı. O, həmçinin, Nasirin 14-15 yaşında saz çalmağı öyrənməyə başladığını və ənənəvi şeir demək tərzinin artıq cəmiyyətə uyğun olmadığını düşünərək ədəbiyyatda modernləşmənin tərəfdarı olduğunu qeyd etdi. Nasir, köhnə üslublardan uzaqlaşıb, daha çağdaş ifadə vasitələri ilə düşüncələrini izah etməyi vacib hesab edirdi. Onun yenilikçi yanaşması təkcə şeirlərində deyil, bütövlükdə ədəbiyyata və cəmiyyətə təsir göstərmişdi.

Mərasimdə çıxış edənlərdən biri də şair Niqar Xiyavi idi. O, Nasir bəyə hörmət və ehtiramını ifadə edərək onun xatirəsinə həsr olunmuş bir şeir səsləndirdi. Şeirin dərin duyğularla oxunması mərasim iştirakçılarını kövrəltdi və Nasir Merqatinin yaradıcılığının insanlara nə qədər təsir etdiyini bir daha nümayiş etdirdi.

Onun dostları və həmkarlarından öyrəndim ki, onun  mübarizəsi davam edəcək, çünki dəyişiklik yaratmaq üçün mütləq inqilab etmək lazım deyil. Əgər bir insan başqalarının düşüncələrinə və işlərinə təsir edə bilirsə, demək ki, onun mübarizəsi yaşayır. Nasir Merqati yalnız öz yaradıcılığı ilə deyil, dostlarına, həmfikirlərinə və cəmiyyətinə verdiyi ilhamla da iz qoymuşdu. Onun fikirləri və dəyərləri yaşamağa davam edir, çünki əsl dəyişiklik fərdlərin zehnində başlayır və oradan cəmiyyətə yayılır.

Mərasimdə çıxış edən Nahid Şerizadə, Nasir Merqatinin vəfatından sonra onun yaradıcılığına olan marağın daha da artdığını vurğuladı. O, bu mühüm məqamda bir çox insanın Nasirin əsərlərini əldə edib oxumaq istədiyini qeyd edərək, bu fürsətdən istifadə edərək onun əsərlərinin daha geniş yayımlanmasının vacibliyini bildirdi. Nahid Şerizadə, Nasirin şəxsi şöhrət və tanınmaq arzusunda olmadığını, lakin onun düşüncələrinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. O, Nasirin ideyalarının geniş kütlələrə çatdırılmasının vacibliyini qeyd edərək, onun irsinin yaşadılması üçün daha çox çalışmağın zəruriliyini ifadə etdi. Öyrəndim ki, hətta ölüm kimi ağır anlar belə bir fürsət ola bilər. Nasir Merqatinin vəfatı, onun ideyalarının və mübarizəsinin yaşaması üçün insanları bir araya gətirdi. Bəzən ən çətin anlar bizə bir məqsəd ətrafında birləşmək və davam etmək üçün güc verir.

Mərasimdə çıxış edən Bəhmən Qədəmi, Nasir Merqatini 1370-ci illərdə keçirilən dərslər vasitəsilə tanıdığını qeyd etdi. O, Nasirin yaradıcılığına dəyər verən və onun düşüncələrini yüksək qiymətləndirən bir şəxs kimi həmişə insanları, xüsusilə də gəncləri dəstəklədiyini vurğuladı. Nasirin bilik və təcrübəsini bölüşməkdən çəkinmədiyini və gənc nəsillərin inkişafına daim töhfə verdiyini bildirdi. Bəhmən Qədəminin sözlərindən öyrəndim ki, gənclərin fikirlərinə dəyər vermək cəmiyyətin gələcəyinə investisiya etmək deməkdir. Nasir Merqati təkcə biliklərini paylaşan biri deyildi, o, gənclərin düşüncələrini ciddi qəbul edir, onların potensialını görür və dəstəkləyirdi. Əsl dəyişimin açarı, gənclərin səsini eşitmək və onlara yol açmaqdır.

Mərasimdə son olaraq söz Səməd Purmusəviyə verildi. O, proqramı Nasir Merqatinin xatirəsinə ithaf olunmuş bir saz ifası ilə başa vurdu və ona dərin ehtiramını bildirdi. Ardınca, çıxışında Nasir Merqatidən nələr öyrəndiyini paylaşaraq, onun ədəbiyyat və düşüncə dünyasına təsirini vurğuladı. O, ədəbiyyatda mövcud standart təsnifatların nə olduğunu, müxtəlif fikir axınlarını öyrənməyin və onların gətirdiyi baxış bucaqlarını anlamağın əhəmiyyətini qeyd etdi. Nasirin sənətin məsuliyyəti ilə bağlı dərin düşüncələrə sahib olduğunu bildirərək, onun Ərəstu və Əflatunun baxışlarını müzakirə etdiyini, həmçinin “Dil” və “Mifologiya” anlayışlarında səs məsələsini araşdırdığını xatırlatdı. Səməd Purmusəvi, Nasirin klasik şeirə xüsusiylə qəzələ nəcə yanaşdığı barədə danışdı və onun “Heca” şerinin Azərbaycan türkcəsinə necə təsir elədiyini, eyni zamanda ənənəvi qəzəl forması ilə formalaşmış ədəbi ənənənin bizim dilimizə fars və ərəb dillərinin təsirini necə artırdığı barədə fikirlərini xatılratdı. Məsələn çoxlu farsca sözlərin və qəzələ məxsus uzun müsəvvətlərin vasitəsilə dilimizi təsiri əhatəsinə aldığını vurğuladı. O, şairin sözlərin və hərflərin hisslər üzərindəki təsirini dərindən işlədiyini, şeirlərində gələcəyi izah etməyə çalışdığını və bunun bir növ “camesünaslığın” (simvol və məna təhlilinin) şeir forması olduğunu qeyd etdi. Nasirin şeirlərini tam anlamaq üçün savadlı və bilikli olmağın vacib olduğunu vurğulayan Purmusəvi, onun fikrinə görə, hər şeyin şəxsi deyil, əksinə, insanların bir sistemin parçası olduğunu ifadə etdiyini bildirdi.

Mərasim, Nasir Merqatinin ədəbi və mənəvi irsinin dərin təsirini bir daha vurğulayan duyğusal və mənalı anlarla yadda qaldı. Onun ailəsi, dostları və həmfikirləri çıxış edərək, yalnız böyük bir şair və mütəfəkkir deyil, həm də cəmiyyətinə və insanlara sadiq bir şəxsiyyət olduğunu qeyd etdilər. Hər çıxışda onun elmə, sənətə, ədəbiyyata və milli dəyərlərə bağlılığı bir daha ön plana çıxdı. Onun fikirləri və yaradıcılığı bir çox insanın dünyagörüşünə təsir edib, gənc nəslin inkişafına töhfə verib.

Bu tədbir təkcə bir anım mərasimi kimi yox, eyni zamanda Nasir Merqatinin irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırış oldu. Onun ideyalarının geniş yayılması, oxunması və müzakirə edilməsi üçün iştirakçılar tərəfindən irəli sürülən təkliflər, onun mirasının unudulmaması üçün nə qədər böyük bir öhdəlik olduğunu ortaya qoydu.

Mən bu tədbirə qatıldığım üçün şadam, çünki onun adını ölümündən əvvəl heç eşitməsəm də, onun ideyalarından və həyatından sonra çox şey öyrəndim. Onun xatirəsi, sənəti və mübarizəsi gələcək nəsillər üçün bir ilham mənbəyi olaraq qalacaq və bu mərasim onun adını yaşatmağın bir addımı kimi yaddaşlara həkk olunacaq.

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.