Çevirən: Ülvi Şiralıyev
Yüz illər (və ya gender məsələsinə gəldikdə, min illər) boyu davam edən və bu cəmiyyətdə hər bir sahədə mövcud olan təcridetmə, rədd etmə, imtiyaz, qıcıqlandırma, ayrıseçkilik və basqı kimi anlayışlar köklü olaraq yanaşmalı və dəyişməli olduğumuz problemlərə çevrilmişdir. Bu narahatlıq və problemlər barəsində yeni və daha məhsuldar şəkildə fikirləşməyə başlamalıyıq…
Çox insan kənara çəkilmiş və özünü məsələnin nə bir parçası, nə də ki həlli kimi görür. Bu ortaq xüsusiyyətlərinə baxmayaraq, onlar təkcinslikdən də xeyli uzaqdırlar. Hər kəs ağlar, heteroseksuallar və özünü qəsdən basqıçı tərzdə aparanlardan xəbərdardır. Lakin milyonlarla sayda olan və bərabərsizliklərin mövcudluğunu bilən və bu problemin həllinin bir parçası olmaq istəyənlərə daha az diqqət verilir. Bu insanların səssizliyi və gözəgörünməzliyi problemin davam etməsinə imkan yaradır. Onları susduran və yollarını bağlayan nəyisə aradan qaldırmaq dəyişiklik üçün çox böyük bir potensialı silkələyə bilər.
1-ci Mif: “Həmişə Belə Olub və Həmişə də Belə Olacaq”
Əgər tarixi öyrənməyin əsas mənasını qavramasanız, hər şey elə bizim onları bildiyimiz kimi olub inancına sarılmaq çox asan olur. Lakin bir balaca geriyə çönüb baxsaq, görərik ki, irqi təzyiq və basqı insan həyatının əsrlər boyu bir hissəsi olmuşdur və çox geniş dəlillər sübut edir ki, kişi dominantlığı təqribən yeddi min il boyu mövcud olmuşdur. İnsan oğlunun yer kürəsindəki yaşının yüz min illər olduğunu nəzərə alsaq, bu elə də çox uzun bir müddət deyil. Ona görə də insanların ictimai həyatına gəldikdə ən ağıllı yatırım heç nəyin bu və ya başqa cür eyni olmadığı fikri üzərinə qoyulmalıdır.
Bu ideyanın özü imtiyaz və basqının hər zaman insan həyatında mövcud olması faktına əks olaraq onu göstərir ki, heç bir şey hər zaman bu və ya başqa cür olmayacaq. Əgər lazım olan tək bir şey dəyişiklikdirsə, o zaman bir anlıq belə hər hansı ictimai sistemin daimi olması ideyasına inanmaq çox çətindir. Reallıq daim hərəkətdədir. Hər şey hərəkətsiz şəkildə dayanmış kimi görünə bilər, lakin bu yalnız insan həyatının qısa olması nəticəsində diqqətinin də çox dar bir intervalda olması ilə bağlıdır. Əgər çox geniş aspektdən – həqiqətən, geniş aspektdən– baxsaq, görə bilərik ki, hər şey hər zaman hərəkətdədir.
Bəziləri hətta mübahisə edir ki, hər bir şey öz-özlüyündə bir prosesdir: iki məntəqə arasındakı bir boşluq və ya iki şey arasında birindən digərinə doğru hərəkət. Bizim daimi son məntəqələr kimi görə biləcəyimiz şeylər – dünya kapitalizmi, Qərb mədəniyyəti, müasir texnologiya, və s., əslində, başqa müvəqqəti vəziyyətə doğru gedən müvəqqəti vəziyyətlərdir. Hətta ekoloji balans haqqında fikir yürüdən ekoloqlar belə hal-hazırda ekosistemlərin özlərinin təbiətən qeyri-sabit olduqlarını bildirirlər. Bir müddət kəsinti və ya anomaliya periodundan sonra öz əvvəlki müvazinət vəziyyətlərinə qayıtmaq əvəzinə ekosistemlər təbiətcə bir quruluşdan digərinə dəyişən bir proses olmağa davam edirlər. Heç vaxt da əvvəlki vəziyyətlərinə qayıtmırlar.
İctimai sistemlər də axıcıdır. Cəmiyyət özü ləng iri bir varlıq deyil ki, olduğu kimi də həmişə yerində qalsın. Sistem özü insanların iştirakı nəticəsində ortaya çıxır və bir andan növbəti digərinə doğru hərəkət edən yaranma və yenidən özünü bərpa etmə kimi dinamik bir proses olaraq təzahür edir. Məsələn, adi ünsiyyətdə bir kişinin dominantlığı bir qadının istər-istəməz ona icazə verməsi nəticəsində ortaya çıxır. Bax beləcə bizim “səylərimiz” nəticəsində kişi üstünlüyü meydana çıxır. Bu həmçinin bizim dəyişikliyi necə gətirməyimizə də yol göstərir: müqavimət göstərməyi seçməklə. Məsələn, kişilərin idarəçiliyi öhdələnmədiyi və qadınların kişilərə öz tabeliliklərini rədd etməsi misalındakı kimi.
İnsanların hər zaman seçim və daha geniş qarşıdurma şansları olduğuna görə sistemlər də insanların seçim və yaradıcılıq bolluğundan asılı olur və heç vaxt da daimiliyə dəlalət etmir. Qısa zaman kəsimində imtiyazlarla dolu olan sistemlər dəyişilməz görünə bilər. Buna baxmayaraq ictimai həyat daim fəaliyyətdə olduğundan heç vaxt eyni nəticələri yaratmır və əsas səbəb də odur ki, hər kəsin hər hansısa sistemdə dəyişməz və eyni şəkildə iştirakı mümkünsüzdür. Bundan əlavə sistemlər arasında dinamik inkişaf gedir – kapitalizm və dövlət, və ya məsələn, ailələr və iqtisadiyyat – və bu da öz növbəsində çox geniş miqyaslı qarşıdurmalar, uyğunsuzluq və dəyişikliyin bir çox növlərini alovlandırır. Nəticə etibarilə sistemlərin dəyişməkdən başqa şansı qalmır.
Basqıçı sistemlər asılı saxladıqları insanların həyatlarını və təsəvvür qabiliyyətlərini sərhədlədiklərinə görə adətən çox sabit görünürlər. Ancaq bu, basqıçı sistemin özünün yaratdığı zəruri uzunmüddətli baş verəcək sabitsizliyi pərdələməkdən başqa heç nə etmir. Digər qrup üzvlərini nəzarətdə saxlamaq və istismar etmək səyləri ətrafında cəmləşən hər hansı bir sistem özü uduzur, çünki bu səylərin özü qeyri-təbii şəkildə reallığın mahiyyətinə ziddir və ən əsas insani ehtiyac və dəyərlərə zorakılıq tətbiq edir. Məsələn, son iki əsr boyu feminist fikirləri və hərəkatı zorakılığa meydan oxuduğuna və qadın haqlarının danılmasını aradan qaldırmağa başladığına görə patriarxat quruluş zəifləməyə başlamışdır. Bu kişilərə qarşı dayanıqlılığın, əks-reaksiyanın və müdafiənin daha da artmasını göstərən bir misaldır. Bir çox kişilər artıq öz taleləri və ən əsas da öz həyatları, qadınlar və digər kişilərlə bağlı olan idarəçilik ideyalarını həyata keçirə bilməməkdən doğan acizlikləri barəsində şikayətlənirlər. Cinsi zorakılığa görə günahlandırmadan başlayaraq bir çox məsələlər daxil olmaqla qadınlara qarşı qorxu və narazılıq hissi artıq geniş yayılmaqdadır.
Heç bir ictimai sistem sonsuzadək davam etmir və bu fikir əsas da özünü imtiyazlarla dolu basqıçı sistemlər üçün doğruldur. Biz bu sistemləri nəyin əvəz edəcəyini bilməyə bilərik ancaq həmin sitemlər yavaş-yavaş devrilmək üzrədir və hər keçən gün bu sistemlər daha da sona yaxınlaşır. Bu cür sistemlərin nə vaxt, nə yolla, gec ya tez, daha az insan əzabı ilə sona çatacağı və s. hər biri hər birimizin bu iş üçün öz payımıza düşəni necə yerinə yetirməyimizdən asılıdır.
2-ci Mif: Gandhi Paradoksu və Təsirsizlik Mifi
Basqıçı sistemləri dəyişmək bizim bu sistemləri ayaqda tutan “Edəcəyimiz heç nə dəyişiklik gətirməyəcək”, “Sistem bizim ona təsir edə bilməyimiz üçün həddindən artıq böyük və güclüdür” və s. kimi inanclarımızı idarə etməkdən asılıdır. Bu kimi şikayətlərin öz-özlüyündə doğru olmasına baxmayaraq bütöv bir sistemi dəyişmək elə də asan və tez həll olunası bir şey deyil. Əgər biz bütöv bir sistemi öz səylərimizlə dəyişməyi nəsə edə bilmə qabiliyyətimizə qarşı standard ölçü kimi götürsək, hər zaman məyusluğa və gücsüzlüyə düçar olacağıq. Dəyişiklik gətirməyi istəmək ağlabatmayan fikir deyil. Lakin çox yavaş baş verən və uzun müddətli olan dəyişikliyin yekun qismini görmək hər zaman mümkün deyil və əgər bunu göz önünə almırıqsa, onda istədiyimiz dəyişikliyin bir parçası belə ola bilmərik. Elə dəyişikliklər vardır ki, olduqca mürəkkəb bir prosesi özündə formalaşdırır və biz həmin bu dəyişikliyə gedən prosesdə olan payımızı görməyə və anlamaya bilərik. Buna misal olaraq imtiyaz və basqını göstərmək olar və bunların aradan qaldırılması üçün uzunmüddətli zəhmət və eyni anda hər qısa zaman müddətində özünü doğruldan səylər və qətiyyət lazımdır. Bu o deməkdir ki, əgər biz həllin bir parçası olmaq niyyətindəyiksə, biz dəyişikliyin görmədən onun gerçəkləşməyəcəyi fikrini kənara qoymalıyıq.
Bizim fərd olaraq təsirli ola bilməyəcəyimizi diktə edən mifi aradan qaldırmaqçün hər birimiz özümüzü mürəkkəb və uzun müddət tələb edən inkişaf prosesinə nəzərən görməliyik. Bu özünü bizim zamana necə münasibət bəsləməyimizi dəyişməyimizdən başlayır. Bəzi dəyişikliklər çox qısa, bizim onların yekun nəticələrini görə biləcəyimiz şəkildə baş verir. Məsələn, mən balaca olanda kollecdə oxuyanda gender bərabərsizliyinin ictimai problem kimi müzakirəsi çox zəif idi. Lakin indi Birləşmiş Ştatlarda beş yüzdən artıq qadınlar haqda təhsil proqramları mövcuddur. Ancaq basqıya qarşı çevrilmiş məqsəd bundan daha uzun zaman tələb edir və hətta onu deyə bilərik ki, bir insan həyatının əhatə edə biləcəyi zamandan da olduqca çox. Əgər biz özümüzü bu cür uzun zaman tələb edən dəyişikliyin bir parçası kimi görəcəyiksə, onda insan həyatının uzunluğunu inkişafı ölçmək üçün ən əsas mühüm bir standard ölçü vasitəsi kimi götürə bilmərik.
Uzun müddətli dəyişikliyə nəzərən öz seçimlərimizi anlamaq üçün fizioloqların “obyekt sabitliyi” (“object constancy”) adlandırdığı anlayışa oxşar “zaman sabitliyi” (“time constancy”) anlayışından istifadə etməliyik. Məsələn, əgər bir şirniyyatı çox balaca uşaqların qarşısında tutsan və sonra onlar izləyə-izləyə arxanda gizlətsən, uşaqlar həmin şirniyyatın harda olduğunu bilməyəcəklər, çünki həmin obyektin şəklini yadda saxlaya bilmirlər və buna görə də onun hara yox olduğunu da anlaya bilmirlər. Deməli, uşaqlarda obyekt sabitliyi bacarığı hələ yoxdur və ya tam formalaşmamışdır. Başqa sözlə desək, əgər görə bilmirlərsə, deməli, onda heç mövcud da deyil. Uşaqlar bir az böyüdükdən sonra insanların və əşyaların görülmədikləri anda belə mövcud olduqlarını dərk etmək üçün əqli qabiliyyəti inkişaf etdirirlər. Dəyişiklik və bizim bu dəyişikliyə olan bağlılığımızda, yuxarda izah olunan anlayışa bənzər bir oxşar bacarıq inkişaf etdirməliyik. Bu yolla özümüzü maarifləndirə və inandıra bilərik ki, hətta bizim ömrümüz şahidi olmağa yetməsə belə, mühüm dəyişikliklər qaçılmaz olaraq baş verir.
Zaman sabitliyi anlayışı ilə yanaşı biz həmçinin özümüz üçün seçimlərimizin necə məna kəsb etdiyini və ya etmədiyini aydınlaşdırmalıyıq. Gandhi bildirirdi ki, fərd olaraq etdiyimiz nəyinsə heç bir məna kəsb etməsinə baxmayaraq, biz yenə də fərd olaraq əlimizdən gələni etməliyik. Bu fikrin özü cəmiyyət və fərd arasındakı çox güclü bir paradoksa işarə edir. Məsələn, təsəvvür edin ki, cəmiyyət bir ağacdır və biz də onun yarpaqlarıyıq. Tək bir yarpaq ümumiyyətlə götürsək, ağacın ayaqda durması və ömür sürməsi üçün heç bir rol oynamır. Ancaq kollektiv götürsək, görərik ki, bütün yarpaqlar birlikdə ağacı bəsləyən şəkəri fotosintez etdiyinə görə əvəzolunmaz rol oynayur. Yarpaqlarsız ağac məhv olar.
Yarpaqların nə məna kəsb edib- etməməsi bizimlə eyni mahiyyət daşıyır. Hər birimizin ayrı-ayrılıqda nəsə etməsi elə də mühüm və geniş deyil. Ancaq çox insan bir işi birlikdə görəndə əsasən uzunömürlü olan mühüm həlledici bir kütlə yetişdirir. Əgər çox geniş bir dəyişiklik prosesinin bir parça olacağıqsa, deməli, bu tip paradoksla yaşamağı öyrənməliyik.
Bu cür əlaqəli paradoks bizə gedəcəyimiz yeri bilmədən belə səyahət etməyə həvəsli olmağımızı diktə edir. Sonda hansı effektin olacağınından əmin olmasaq belə, hal-hazırda doğru görünən nəyisə etməkçün inama ehtiyacımız var. Sonda özlərini harada tapacaqlarını bilməyən, lakin hansı istiqamətdə getmək istədiklərini bilən səyyahlar kimi düşünməliyik. Heç vaxt olmadıqları bir yerə istiqamətləndiklərinə görə səyyahlar əmin ola bilmirlər ki, öz fikirlərində ilk tutduqları son nöqtəyə çatacaqlarmı ya yox. Əgər səyyahlar bəri başdan ağıllarında tutduqları məntəqəni bilsəydilər, heç vaxt harasa getməz və ya nəyisə kəşf etməzdilər.
Eynilə imtiyazlarla (və ya basqıyla) dolu olan bir sistemə alternativlər axtarmaq üçün bu istifadə etdiyimiz misal imtiyaz və basqı ətrafında cəmlənən ictimai həyatdan boyun qaçırmaq və əmin olmasaq belə, alternativlərin olma ehtimalının əminliyinə inanmaq üçün kifayət etməlidir. Özümüzü müəyyən bir irqin, cinsin, sinfin və cinsi oriyentasiyanın nümayəndəsi kimi necə gördüyümüzü sorğulamaq və ya misalçün, kapitalizm və məhdud resursları və bunların yaratdığı rəqabəti və bu rəqabətin özümüzdə yaratdığı daha yaxşı həyata doğru can atmağımızı araşdırmaq və yaxud basqının necə çalışdığı və bizim bundakı payımızı anlamaq üçün kifayət etməlidir. Və daha sonra nəyin baş verəcəyini müşahidə etmək üçün özümüzü və fikrimizi hazır, açıq tuta bilərik.
Kim olduğumuz və dünyamızın necə çalışdığı barədə hünərlə sorğu-sual etdikdə çox şey bizim qabacadan onları duya biləmədiyimiz şəkildə ortaya çıxır: ən azından öz ağlımızda xəyalən olsa belə, hərəkət etməsək, həmin o şeylər ortaya çıxmayacaq. Səyyahlar kimi yalnız özümüzü hərəkətə gətirməklə, hərəkət etməklə mümkün olan şeyləri kəşf edə bilərik, çünki öz mövqeyimizi dəyişmək və yeni-yeni alternativləri görmək üçün hərəkət etməliyik. İlk öncə fikir olaraq, daha sonra isə əməldə. Alternativlər ancaq bu yolla özlərini biruzə verirlər.
Təsirsizlik mifi cəmiyyətimizin uzunmüddətli dəyişməsində oynaya biləcəyimiz rola kölgə salır. Bu mif həmçinin bizim digərlərinə nisbətən malik olduğumuz gücümüzü görməməkçün bizi korlaşdırır. Şüuraltı nə qədər gücümüz oluğunu bildiyimizə və başqalarının xoşuna gəlməyəcək deyə istifadə etməyə qorxduğumuza görə edə biləcyimiz çox şeyin olmadığı fikrinə köklənə bilərik. Əgər insanlara təsir etmək üçün malik olduğumuz gücümüzü dansaq, onda, deməli, bu gücü necə istifadə edə və etməyəcəyimizdən doğan hər hansısa bir məsuliyyət haqda narahat olmağımıza ehtiyac da yoxdur.
Gücümüzü tanımaq və istifadə etmək üçün göstərdiyimiz həvəssizlik özünü, məsələn, bir neçə dostumuz irqçi, cinsi ayrıseçkilik olan və ya homofobik zarafatlara gülməyə başlayanda və bizim buna səssiz qaldığımız anda göstərir. Bu özündə bütün növ sıxıcı və basqıçı sistemlərin “xammalını” təşkil edən saysız-hesabsız örnəklərdən və ya anlardan yalnız biridir. Dostlardan ibarət bu qrupun zarafata olan bütöv və birmənalı mövqeyi imtiyazlı bir sistemdə həmin zarafatın normallığını və problemsiz xarakterini təsdiq edir. Bu qrup razılığını və “həmrəyliyini” aradan qaldırmağa eləcə bircə nəfər yetər. İstənilən hansısa səviyyədə və gücdə hər birimiz hansısa gücə malik olduğumuzu bilirik və bu güc bizi ya dindirə ya da susqunluğa düçar edə bilər. Biz bu qrup təmayülünü, məsələn zarafata gülməməklə və ya “məncə, bu zarafat elə də gülməli deyil” deməklə dəyişə bilərik. Bu hərəkətimizin qrup üzvlərinin nə qədər narahat hiss etmələrinə səbəb olacağını və bizi qara xəbər verən kimsə kimi qrupdan uzaqlaşdırma, xaric etmə və hücum kimi hərəkətlərlə özlərini qoruyacaqlarını bilirik. Bax, onda bizim səssizliyimiz edəcəyimiz nəyinsə əhəmiyyət kəsb etməyəcəyinə görə deyil. Səssizliyimiz əhəmiyyət kəsb etməyə hünərsizliyimizdəndir.
Başqa insanlara təsir etmək üçün olan gücümüz onları narahat hiss etdirmək üçün nəzərdə tutulmayıb. Sistemlər əsasən daha az müqavimət göstərilən və ya qarşı durulan cığırlar açmaqla insanların seçimlərini formalaşdırır. Biz açıq şəkildə başqa bir yol seçəndə başqalarının hər iki yolu görmə şansını gerçəkləşdiririk: həm özlərinin izlədiyi və ya daha az qarşı durduqları cığır və həm də başqa cığır (və ya bu cığırla getmə ehtimallarını da gerçəkləşdirə bilərik).
Bizim başqa alternativləri seçməmiyiz çox böyük ehtimalla başqalarına da təsir göstərir. İnsanlar görəndə ki, alternativlər var və bəzi insanlar bu alternativlərə yönəlirlər, o zaman bu onların öz seçimlərilə yeni seçimlər arasında yüngül də olsa, ən azından qarşıdurma yaradır. Bu qarşıdurma insanların çoxunun arxasınca qaçdığı ənənəvi seçimlərini sorğu-sual etməyə, qarşı durmağa, boyun əyməməyə və s.-ə təşviq edir. Bunun gələcəkdə necə bir təsir göstərəcəyini tam bilməsək də, bir şey mütləqdir ki, gətirəcəyi dəyişiklik qaçınılmazdır.
Sadə fakt odur ki, bir-birimizə hər zaman təsir göstəririk. Məsələn, ailəmlə birgə şimal-qərb Konnektikut meşəliyindəki evimizə köçəndə ən çox həzz aldığım ilk şeylərdən biri meşənin içərisində yerdə olan ayaq izlərini izləmək idi. Bir müddətdən sonra ayaq izləri boyunca yerdə olan maral qığı və dırnaq izləri diqqətimi çəkdi və fikirləşdim ki, marallar mən açdığım cığırı izləyiblər. Az sonra fikirləşdim ki, öz cığırımı açanda başqalarının ayaq izlərini izləmişdim. Ağlıma batdı ki, mənim seçimlərimlə nəyinsə başlayıb sona yetməsi elə də mümkün deyil. Anladım ki, başqalarının açdığı və ya seçdiyi cığır mənim seçdiyim yollara və ya seçimlərə öz təsirini göstərir.
Bu onu göstərir ki başqalarına müxtəlif seçim etməkdə yardım etmək elə özümüzün o seçimləri etməyimizdən başlayır. İmtiyazlarla iç-içə olan bir sistemdə öz iştirakımı sərhədləməklə başqalarının bu yolla getməsinə əngəl ola bilər və fərqli alternativlə və ya özümün açdığım yolla getməsinə isə azca da olsa, şərait yaradaram. Kimisə dəyişməyə cəhd etmək əvəzinə nümunəvi rol oynamaqla insanların öz tərz və zamanlarında dəyişiklikdə iştirak etmələri üçün şans və ya ehtimal yaradıram. Bu yolla basqı və zorakılıqla dolu sistemlərə və onlara xidmət edən insanlara qarşı əks müqavimət instinktini qıcıqlandırmadan dəyişikliyin halqasını daha da genişləndirmiş oluram.
Bu tip işlərdə bunu da anlamalıyıq ki, insanların fikirlərini dəyişsin deyə arxalarından qaçmağa ehtiyac yoxdur. Əslində, insanların fikirlərini dəyişmək cəmiyyəti dəyişməkdə elə də böyük rol oynamaya bilər. Məsələn, inadkar qadın düşmənlərini aktiv femistlərə döndərməyə heç vaxt nail ola bilməyəcəyik və ya irqçiləri sivil insan haqları aktivistlərinə, həmçinin. Ən yaxşı halda imtiyazlı sistemlərə qarşı yeni-yeni yaranan əsas dəyərlərin aşılanmasında rol oynaya bilərik. Bu yolla imtiyazlı sistemlərə aparan cığırların əvəzinə o qədər alternativ cığırlar aça bilərik ki, həmin qadın düşmənləri və irqçilər özləri belə olmasa onların övladları, nəvələri və sonrakı davamçıları bu yeni yollarla hərəkət edib öz fikirlərini dəyişməyə doğru yönəlsinlər. Məsələn kişilərin ailədə kimin əsas çörək qazanan olması barəsində olan tədqiqatındakı dəyişkən mövqeləri onu göstərir ki, çox köklü dəyişikliklər hər hansı bir nəsildə yox bu nəsillər arasında baş verir. Bu onu təklif edir ki, insanları dəyişməyə əziyyət çəkməkdənsə, edə biləcəyimiz ən yaxşı bir şey yeni yavaş formalaşan kültürlərin inkişafına ianə etməkdir. Bu yolla imtiyazlı sistemlərə qarşı və onların legitimliyini və normallığını şübhə altına atan kültür dəyərləri formalaşacaqdır.
Elmdə eynilə bir paradiqma digərini bu cür əvəz edir. Misalçün, yüz illər boyu avropalılar ulduzların, planetlərin və günəşin yer kürəsi ətrafına fırlanmasına inanırdılar. Ancaq Copernicus və Galileo kimi alimlər bu paradiqmaya uymayan çoxlu sayda anomaliyalar müşahidə edirdilər: əgər planetlər və günəş yer kürəsi ətrafına fırlansaydılar, onda onlar hərəkət etməli olduqları kimi hərəkət edə bilməzdilər. Bu cür müşahidələr artdıqca köhnə yer kürəsinin kainatın mərkəzi olması paradiqmasına inanmaq çox çətin gəlirdi. Tədricən bu anomaliyalar o qədər çoxaldı ki, Copernicus yeni paradiqma təklif etdi, lakin bunu edam qorxusuna görə kütləvi çap etdirmədi. Bir əsr sonra bu işə Galileo davam etdi. Tədricən də yeni paradiqma o qədər tutarlı oldu ki, köhnə paradiqmanı əvəz etdi.
Eyni tərzdə biz də imtiyaz dolu sistemləri tənqid edə bilərik və bir çox sübutlarla göstərə bilərik ki, bu cür sistem uzun sürə bilməz və hər kəs üçün qəbulolunmaz nəticələrə yol açır. Adi həyatımızda müxtəlif alternativlər üzrə getməklə hal-hazırkı paradiqmalara uymayan anomaliyalar yarada bilərik. Fundamental fərziyyələri və onların legitimliyini dəfələrlə bir-birinə ziddiyyətdə qoya bilər və ya rədd edə bilərik. Həyatımızı və seçimlərimizi elə edə bilərik ki, imtiyaz və basqıyla dolu olan paradiqmaların üzərində yox, yenilərin üzərində formalaşsın. Əlbəttə ki, bir gecənin içində çox şey də edə bilmərik. Lakin başqa tərəfdən Gandhi paradoksu ilə yanaşsaq, şair Bonaro Overstreetin “mənim çəkimin inadkar unsiyaları”nı hara seçib qoymığımız çox mühüm əhəmiyyət kəsb edir: