Bu məqalə, 2021-ci ilin iyun ayının 28-də Robert Longley tərəfindən “ThoughtCo” saytında dərc edilmişdir və mətn Ətəkyaz tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilmişdir.
Neoliberalizm iqtisadi faktorların nəzarətini hökumətdən özəl sektora ötürməyə çalışarkən, azad bazar kapitalizminin dəyərini vurğulayan siyasi və iqtisadi siyasət modelidir. Özəlləşdirmə, tənzimləmənin ləğvi (deregulation), qloballaşma və azad ticarət siyasətlərini də özündə cəmləşdirərək, adətən, bəlkə də səhvən “laissez-faire”(buraxın etsinlər) və ya “hands-off”(müdaxiləsiz iqtisadi model) iqtisadiyyatla əlaqələndirilir. Neoliberalizm 1945-ci ildən 1980-ci ilə qədər yayılmış kapitalizmin Keynsçi dövrünün 180 dərəcə dəyişməsi hesab olunur.
Neoliberalizmin mənşələri
Neoliberalizm termini ilk dəfə 1938-ci ildə Parisdə tanınmış iqtisadçıların iştirak etdiyi konfransda istifadə edilmişdir. Walter Lippmann, Friedrich Hayek və Ludwig von Misesin daxil olduğu qrup, neoliberalizmi “qiymət mexanizminin vacibliyi, azad (iqtisadi) təşəbbüs, rəqabət sistemi və güclü və tərəfsiz dövlət” kimi müəyyənləşdirdi.
Hər ikisi nasistlərin nəzarətində olan Avstriyadan sürgün edilmiş Ludwig von Mises və Friedrich Hayek sosial demokratiyayı dövlətin iqtisadiyata ciddi müdaxiləsi olaraq görürdülər. Onlar ABŞ prezidenti Franklin Ruzveltin New Deal (Ruzveltin yeni kursu) proqramları və İkinci Dünya Müharibəsindən sonra Böyük Britaniyanın rifah dövlətinin yüksəlişini buna nümunə kimi göstərirdilər. Mises və Hayek bu cür sosial demokratiyanı istehsal və sərvət üzərində kollektiv mülkiyyəti olan nasizm və kommunizmlə eyni sosial-iqtisadi spektrdə qiymətləndirirdilər.
Mont Pelerin Cəmiyyəti
İkinci Dünya Müharibəsi zamanı böyük ölçüdə unudulan neoliberalizm 1947-ci ildə Mont Pelerin Cəmiyyətinin (MPS) qurulması ilə yenidən dəstək aldı. Friedrich Hayek, Ludwig von Mises və Milton Fridman da daxil olmaqla tanınmış klassik və neoliberal iqtisadçılar, filosoflar və tarixçilərdən ibarət olan MPS, özünü azad bazar, fərdi hüquqlar və açıq cəmiyyət ideallarının irəliləməsinə həsr etmişdir.
Dərnək ilk missiya bəyanatında dünya hökumətlərinin bir çoxunun öz xalqı üzərində sahib olduğu gücün artması nəticəsində yaranan “sivilizasiyaya yönəlik təhlükələrin” artması ilə bağlı narahatlığını ifadə etdi. Bəyanat, İkinci Dünya Müharibəsindən sonrakı iqtisadiyyat və siyasət, Mərkəzi və Şərqi Avropadakı Şərq Bloku ölkələrində kommunizmin yayılmasından və demokratik Qərb Bloku iqtisadiyyatlarında böhran dövründə sosializmin artan hökmranlığından təsirləndiyi bir vaxtda verilib. 1944-cü ildə – birinci xanım Eleanor Ruzvelt İosif Stalini tərifləyərkən, Albert Eynşteyn sosializmi müdafiə edərkən – Friedrich Hayek “Köləliyə gedən yol”(The Road to Serfdom) adlı məqaləsini nəşr etdi. Tez-tez istinad edilən bu diskursda Hayek, fərdi hüquqların və qanunun üstünlüyünün tədricən repressiya edilməsi yolu ilə istehsal vasitələri üzərində hökumətin nəzarətinin təhlükələrinə qarşı coşğulu bir xəbərdarlıq etdi.
1980-ci illərin əvvəllərində ABŞ prezidenti Ronald Reyqanın və Böyük Britaniyanın baş naziri Marqaret Tetçerin administrasiyaları, ABŞ və Böyük Britaniyanın bütün dövr ərzində məruz qaldığı xroniki staqflyasiyanı aradan qaldırmaq üçün bir neçə neoliberal iqtisadi islahatların həyata keçirilməsində Mont Pelerin Cəmiyyətinin ideallarından istifadə etdilər. Ronald Reaganın 1980-ci il kampaniya heyətindəki 76 iqtisadi müşavirdən 22-si, o cümlədən Reaganın İqtisadi Müşavirlər Şurasının sədri olan Milton Friedman, Mont Pelerin Cəmiyyətinin üzvləri idi.
Heç vaxt heç bir siyasi partiyanı dəstəkləməyəcəyinə və ya təbliğatla məşğul olmayacağına söz verən Mont Pelerin Cəmiyyəti, üzvlərinin “hazırda dövlət qurumları tərəfindən təmin edilən bir çox funksiyanın yerinə sərbəst bazar iqtisadiyyatının keçə biləcəyi yolları kəşf etmək” üçün çalışdığı müntəzəm görüşlər keçirməyə davam edir.
Əsas anlayışlar
Neoliberal iqtisadi siyasətlər kapitalizmin iki əsasını vurğulayır: deregulyasiya – sənaye üzərində hökumət nəzarətinin ləğvi – və özəlləşdirmə – mülkiyyətin və ya biznesin hökumətdən özəl sektora keçməsi. ABŞ-da dövlətin kontrolunda olmayan sənayelərin tarixi nümunələrinə hava yolu, telekommunikasiya və yük daşıma sənayesi daxildir. Özəlləşdirmə nümunələri arasında, kommersiya məqsədi daşıyan xüsusi həbsxanalar formunda cəza sistemi və dövlətlərarası avtomobil yolu inşası sayılabilir.
Daha sadə dillə desək, neoliberalizm iqtisadi amillərin mülkiyyətini və nəzarətini hökumətdən özəl sektora keçirməyə çalışır və kommunist və sosialist dövlətlərində ümumi olan ciddi şəkildə tənzimlənən bazar əvəzinə qloballaşma və azad bazar kapitalizminə üstünlük verir. Bundan əlavə, neoliberallar dövlət xərclərində dərin azalmalara nail olmaqla özəl sektorun iqtisadiyyata təsirini artırmağa çalışırlar.
Praktikada neoliberalizmin məqsədləri böyük dərəcədə hökumətdən asılıdır. Bu şəkildə, neoliberalizm həqiqətən də klassik liberalizmin “hads-off” laissez-faire iqtisadi siyasətləri ilə ziddiyyət təşkil edir. Klassik liberalizmdən fərqli olaraq, neoliberalizm konstruktivistdir və bütün cəmiyyətdə bazara nəzarət islahatların həyata keçirməsi üçün hökumətin güclü müdaxiləsini tələb edir.
Aristotelin təlimindən bəri siyasi və sosial elm adamları xüsusən də təmsilçi demokratiyalarda neoliberal kapitalizm və sosializm dəyərlərinin kəsişəcəyini bilirlər. Zəngin kapitalistlər hökumətdən qazanc potensialını məhdudlaşdırmamağı tələb etməklə yanaşı, hökumətdən onların sərvətlərini müdafiə etməyi də tələb edəcəklər. Eyni zamanda, yoxsullar hökumətdən bu sərvətdən daha böyük pay əldə etmək üçün onlara kömək edəcək siyasətlər həyata keçirməyi tələb edəcəklər.
Neoliberalizmin tənqidləri
Xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranından sonra neoliberalizm həm sol, həm də sağçı siyasətçilər və iqtisadçılar tərəfindən tənqid edilib. Neoliberalizmin əsas tənqidlərindən bəziləri bunlardır:
Bazar Fundamentalizmi
Tənqidçilər iddia edirlər ki, neoliberalizmin azad bazar siyasətinin təhsil və səhiyyə kimi müəyyən sahələrdə tətbiqi üçün təbliğatı münasib deyil, çünki ictimai xidmətlər ənənəvi ticarət və sənaye bazarları kimi mənfəət potensialı ilə idarə olunmur. Neoliberalizmin tənqidçilərinin fikrincə onun bütövlükdə azad bazar yanaşması, təməl sosial xidmətlərin göstərilməsində qeyri-bərabərliyi artıra bilər və nəticədə ümumi iqtisadiyyata uzunmüddətli ziyana səbəb ola bilər.
Korporativ Dominantlıq
Neoliberalizm, demək olar ki, böyük şirkətlərə monopolistik güclər verən və istehsalın faydalarının əksəriyyətini üst siniflərə köçürən iqtisadi və siyasi siyasətləri təşviq etdiyi üçün tənqid olunur. Məsələn, iqtisadçılar Jamie Peck və Adam Tickell Neoliberalizmin, çox güclənmiş şirkətlərə insanların özlərindən çox onların günlük həyatının əsas şərtlərini təyin etməsinə icazə verdiyini iddia edirlər.
Qloballaşmanın təhlükələri
İqtisadçılar Lorna Fox və David O’Mahony “Mənəvi ritorika və qaçqınlığın kriminalizasiyası” adlı kitablarında neoliberalizmin qloballaşmanı təşviq etməsini, yeni bir sosial sinif olan “prekariat”ın yaranmasına səbəb olduğunu iddia edirlər. Bu vəziyyət insanların maddi və psixoloji rifahına zərər verərək, onların proqnozlaşdırıla bilməyən və təhlükəsizliyi olmayan bir vəziyyətdə yaşamağa məcbur edildiyini bildirirlər. Kornel Universitetinin siyasi elmlər üzrə alimi Daniel Kinderman isə prekariatın “haşiyədə(kənarda) yaşam”-ın ümidsizliyinin təkcə ABŞ-da bir ildə 120,000 artıq ölümə səbəb ola biləcəyini söyləyir.
Bərabərsizlik
Bəlkə də neoliberalizmin ən geniş yayılmış tənqidi onun siyasətinin sinif əsaslı iqtisadi bərabərsizliyə səbəb olması və qlobal yoxsulluğu artırmasıdır. Aşağı gəlirli insanlar alıcılıq qabiliyyətini itirdikcə, varlılar daha da zənginləşir və daha çox pul yığmaq meyli şiddətlənir, beləliklə neoliberalların sərvətin aşağı təbəqələrə “sızması” iddalarını (özləri) əngəlləyirlər.
Məsələn, iqtisadçılar David Howell və Mamadou Diallo neoliberal siyasətlərin ABŞ-da sərvətin əhəmiyyətli dərəcədə bərabərsiz paylanmasına səbəb olduğunu irəli sürüblər. Hər hansı bir zamanda ABŞ əhalisinin yuxarı gəlirli 1%-i ölkə sərvətinin təxminən 40%-ni, o cümlədən səhm, istiqraz və qarşılıqlı fondlar kimi bütün investisiyaların 50%-ni nəzarətdə saxlayır. Eyni zamanda, əhalinin aşağı 80%-i bütün sərvətin cəmi 7%-ni, aşağı 40%-i isə sərvətin 1%-dən azına sahibdirlər. Howell və Diallo deyirlər ki, 1980-ci illərin sonlarından tətbiq edilən neoliberal siyasətlər ABŞ tarixində sərvətin ən çox bərabərsizliklə paylanmasına səbəb olub, müasir orta təbəqəni yoxsullardan çətinliklə ayırd edəcək hala gətirib.
İnsan Rifahına Qayğının Olmaması
Neoliberalizmin daha yeni bir tənqidi onun insan rifahına qayğısızlığa səbəb olmasıdır. Sosial-iqtisadi bərabərsizliklə bağlı tənqidlərə uyğun olaraq, bu tənqid neoliberalizmin özəlləşdirməyə və daim artan mənfəətə üstünlük verərək, insan vəziyyətini yaxşılaşdıracaq, amma potensial olaraq mənfəəti azalda biləcək tətbiqləri təşviq etmədiyini irəli sürür.
Məsələn, neoliberalizm daha davamlı, ətraf mühitə dostca yanaşmaları daha çox xərc tələb etdikləri üçün təşviq etməyə bilər, bu da ard-arda ekoloji böhranlara səbəb ola bilər (bu da öz növbəsində, daha çox yoxsul və işçi təbəqələrə təsir edir). Eyni zamanda, mənfəəti artıran, lakin insanlara zərər verən fəaliyyətləri təşviq edə bilər, məsələn, yüksək tələbat və ehtiyac dövründə həyati vacib dərmanların və ya avadanlıqların qiymətini artırmaq.
Meksika prezidenti López Obrador 2020-ci ilin may ayında yayınladığı altı səhifəlik bir bəyanatında, COVID-19 pandemiyasının neoliberal modelin yalnız iqtisadi uğurla maraqlandığını, “insanların rifahına və ya neoliberalizmin sonsuz artım təbiətinin gətirdiyi ekoloji zərərlərə qayğı göstərmədiyini” sübut etdiyini iddia etdi.
López Obrador həmçinin pandemiya ilə bağlı tibbi qurğuların alınmasında yaşanan çətinliklərin, neoliberal siyasətlərin səbəb olduğu millətlər arasında “cılız həmrəylik” olduğunu ortaya qoyduğunu bildirdi. O, pandemiyanın “neoliberal modelin son mərhələsində olduğunu göstərmək üçün gəldiyini” vurğuladı.