“Bizə qurğuşun güllə ,onlara canlı yayım!” Bu tiviti nu İranın bir ərəb vətəndaşı yazıb. Üç ay əvvəl ərəblərin yaşadığı Əhvaz və ona yaxın şəhərlərdə Hurüləzim bataqlıqları və Karun çayının qurumasına görə etiraz aksiyaları keçirildi. Lakin hakimiyyət buna çox sərt reaksiya verdi. Artıq etirazların üçüncü günündə polisin etirazçılara atəş açmağı 3 ərəb vətəndaşın ölümünə səbəb oldu. Hazırda İsfahanda Zayəndə rud çayının qurumasına görə keçirilən aksiyalara isə dövlət müdaxilə etmədi, onların tələblərini anlayışla qarşıladı. Hətta İsfahandakı etiraz aksiyası İran dövlət televiziyasında canlı göstərildi.
Twitterdə bir güney azərbaycanlı vətəndaş isə İsfahandakı son aksiyanı Azərbaycanda Urmu gölünün qurumağına qarşı keçirilmiş etiraz aksiyaları ilə müqayisə edib. O deyib “bizim etdiyimiz etiraza dəyənəklə cavab verdikləri halda İsfahandakı aksiyanın qarşını almayıb hələ onlara meyvə şirəsi və şirniyyat da paylayırlar”. İllər əvvəl Urmu gölünün qurumasına etiraz edən vətəndaşların aksiyası sərt şəkildə dağıdılmışdı.
Urmu gölü etirazları, Əhvaz etirazları və hazırda keçirilən İsfahan etirazlarının üçü də eyni məsələ ilə bağlıdır. Hər üç etiraz quruyan su mənbələri, susuzluq haqqında olsa da bu etirazlara dövlət fərqli yanaşıb. Xüsusilə də son İsfahan etirazlarının televiziyada canlı göstərilməsi sosial mediada İranın ərəb və türk vətəndaşlarının etirazına səbəb olub. Onların hər biri bu edilənlərin açıq şəkildə ayrıseçkilik olduğunu qeyd ediblər.
Azərbaycanda baş vermiş hərəkat: “Gəlin gedək ağlayaq, Urmu gölün(ü) dolduraq!”
2010-cu ulun aprel ayının ikisində ilk dəfə Urmu gölünün qurumasının ciddi problem olduğunu, dövlətin göllə bağlı atdığı addımların səhv olduğunu göstərmək məqsədilə gölün yaxınlığında simvolik və tam dinc aksiya keçirmək üçün toplaşan insanlara polis zorakılıqla müdaxilə edib. Onlarla eko-fəal saxlanılıb polis tərəfindən döyüldü. Bundan bir il sonra Təbriz və Urmuda baş tutan eyni mövzulu etiraz aksiyaları da polis tərəfindən dağıdılıb, fəallar həbs edilib, döyülüb işgəncə görüblər.
27 avqust 2011-ci ildə baş tutmuş eyni mövzulu aksiyalara isə minlərlə insan qatılıb. Urmuda aksiya başladığı saatlarda 3 min etirazçının toplandığı qeydə alınıb. Çox sərt şəkildə dağıdılan bu etirazlarda həba edilənlərin sayı dəqiqləşdirilməsə də İnsan Haqları Monitorinqinə görə Urmuda ən azı 300 nəfər, İranda Azərbaycan Siyasi Məhbuslarının Müdafiəsi İcmasının verdiyi məlumata görə isə ümumilikdə 3 min nəfərdən çox etirazçı həbs edilib.
Keçirilən etiraz aksiyaları dinc olsa da polisin sərt müdaxiləsi şəhərləri döyüş meydanına çevirib. Polisin sərt müdaxiləsi təkcə Urmuda 50 nəfər etirazçının ağır yaralanmasına səbəb olub. Oxşar hadisələr gölün şərqində yerləşən Təbriz və digər Azərbaycan şəhərlərində də baş verib. İllər keçsə də İran hələ də güney azərbaycanlı vətəndaşlarının istəklərinə, yerinə yetirilməyən ümumi vədlər, həbs, işgəncə və döyməklə cavab verir.
Əhvaz hərəkatı; “Can və qanla səni xilas edəcəyik”
10 iyul 2021-ci ildən başlayaraq Xuzistan vilayətinin ərəblər yaşayan bölgələrində əkinçilərin etiraz aksiyaları baş tutdu. Onlar Hurüləzilm (Hoviyzə) bataqlıqlarının qurudulmasına, Karun və digər çayların qarşısına sədd çəkilib sularının İranın daha çox farslar yaşayan bölgələrinə yönəldilməsinə və nəticədə bölgədə susuzluğun yaranmasına qarşı etiraz edirdilər.
15 iyuldan etibarən aksiyalara daha da böyüdü və etirazları yatırmağa gələn təhlükəsizlik qüvvələri ilk saatlardan etibarən etirazçılara atəş açmağa başladılar. Etirazlar ərəblərin yaşadıqları bütün bölgələrdə baş tutdu. 10 gündən çox davam edən etirazlar nəticəsində yüzlərlə şəxs həbs edildi, ən az 7 nəfər isə dəqiq güllə atışı nəticəsində öldürüldü. Ərəblər sanki onları nəyin gözlədiyini bilərək əvvəlcədən “Əhvaz səni can və qanla xilas edəcəyik” şüarını səsləndirirdilər.
İsfahanda demokratiya ya İranda etnokratiya?
Urmu gölü hadisələrində Qərbi Azərbaycan Polis güclərinin komandiri saxlanılanların arasında şübhəli adamların olduğunu iddia etmişdi. O həm də etiraz edənləri qanunu pozmaqda günahlandırıb, onların rejim düşmənlərinin sözü ilə iş gördüklərini demişdi. Qərbi Azərbaycan Ədliyyə müdiri isə Urmu gölünün vəziyyətinə etiraz edənlər Allaha da etiraz edə bilərlər deyərək, eko-fəalları dinsizlikdə günahlandırmışdı.
Xuzistanda baş vermiş iyul etirazları ilə bağlı vilayətin keçmiş cümə imamı etiraz edənləri xarici şəxslər kimi tanıtdıraraq onların əslində separatçı və Allah düşməni olduqlarını iddia edərək, etirazçılara ən ağır cəzanın verilməsini tələb etmişdi.
Bunların əksinə hazırda davam edən İsfahan hadisələrini cavabdeh qurumlar anlayışla qarşılayırlar. Buna enerji nazirin üzrxahlığı və hökumət başçısı İbrahim Rəisinin dostyana məktubu ortadakı fərqi göstərmək üçün yetərlidir. O məktubda İsfahan əhalisinin qeyrətli və izzətli olduqlarını bildirərək problemi bir dəfəlik həll edəcəyini bildirib.
Dövlət orqanları ilə yanaşı xaricdə fəaliyyət göstərən fars media qurumları da burada ayrıseçkilik edirlər. Azərbaycan və Əhvazda baş verən hadisələri işıqlandırmayan bu media orqanları İsfahanda keçirilən etirazlarla bağlı hər saat xəbər hazırlayırdılar.
Təbii ki, heç bir etiraz aksiyası repressiya ilə qarşılanmamalıdır. Vətəndaşların ifadə azadlığı bütün hallarda təmin olunmalıdır. Bununla belə İran hakimiyyətinin eyni mövzulu aksiyalara bu qədər fərqli yanaşması ölkədə ayrıseçkiliyin olduğunu sübut edir. İran hakimiyyəti fars olmayanların ətraf mühit və su ilə bağlı aksiyalarını siyasiləşdirib repressiv davrandığı halda fars vətəndaşların etirazları ilə empatiya qurmağa davam edir. Təəssüf ki, bu yanaşma təkcə hakimiyyət tərəfindən deyil, mərkəziyyətçi müxalifət də, fars olmayanların dinc aksiyalarına ikili standartla yanaşır.