Niyə Babək Nəhreyni ciddi şəkildə tənqid etmək lazımdır

Google+ Pinterest LinkedIn Tumblr +

Son zamanlar güneyli sənətkar Babək Nəhreynin İranda yayımlanan “Coker” adlanan bir verilişdəki çıxışı mübahisələrə səbəb olub. “Coker” bir realiti şou proqramıdır və dəvət olunan qonaqlar əsasən tanınmış şəxslər və komediyaçılardır. Müsabiqə formatında aparılan bu proqramda gülən şəxslər müsabiqədən kənarlaşdırılırlar. Ən az gülən isə müsabiqənin qalibi olur.

Babək Nəhreyn bu proqramda(coker) aşıq geyimi və sazı ilə çıxış edib və eybəcər hərəkətlərlə izləyiciləri və başqa qonaqları güldürməyə çalışıb. Bu isə azərbaycanlılar arasında narazılıqlara səbəb olub. Onu tənqid edənlər Babək Nəhreynin bu çıxışının aşıq müsiqisinə hörmətsizlik olduğunu vurğulayırlar. Lakin fikir bildirənlər arasında onu müdafiə edənlər də var.

Yaranan mübahisə haqda güneyli bəstəkar, etno-musiqişünas və nəzəriyyəçi Aria Türkanburlu (Torkanbouri) “Ətəkyazı”-ya danışıb. Aria Türkanburlu tənqidləri yerli hesab edir və Babək Nəhreyni müdafiə edənlərin fikirlərinə cavab verib.

Tənqidlər hər zaman var və olmalıdır

Babək Nəhreynin aşıq paltarı və sazı ilə çıxışının müdafiəçiləri əslində Babəkin daha öncə də oxşar işlər gördüyünü lakin onda narahatçılıqlara səbəb olmadığını deyirlər. Onu müdafiə edənlər bunu səbəb göstərərək onu tənqid edənlərin əslində aşıq mədəniyyətinin qeydinə qalmadıqlarını ələ düşən fürsətdə Babəki əzmək istədiklərini deyirlər.

Aria Türkanburlu bununu həqiqət olmadığını deyir. O Babək Nəhreynin daha əvvəllər də oxşar işlər gördüyünü qəbul edir, lakin o zaman da eyni tənqidlərin olduğunu bildirir. O deyir ki ortada vəziyyəti daha da qloballaşdıran məsələ sosial mediadir. Daha əvəl olan tənqidlər sırf sənətkarlar arasında baş verirdi, lakin hazırkı vəziyyətdə bu etirazlar sosial şəbəkələr vasitəsilə bütün cəmiyyətə yayılır və daha qabarıq şəkildə özünü göstərir.

O həm də daha əvvəlki etirazların təsir etmədiyini, Babək Nəhreynin daha da irəli getdiyini deyir. Türkanburlu “Arşın mal alan” tamaşasında Babək Nəhreynin Üzeyir Hacıbəylinin əsərlərinə də alçaldıcı baxışla yanaşdığını onun sənət dünyasındakı gedişatının mənfi yöndə olmasına səbəb kimi göstərir.

Bəstəkarın fikrincə əvvəlki etirazlardan sonra Babək Nəhreynin tənqidçiləri onun artıq öz səhvini başa düşdüyünü düşünürdülər. Lakin bütün bu baş verənlər daha ciddi tənqidin vacibliyini göstərir.

Aşıq Muşqulat

Mübahisələrin yarandığı günlərdə quzeyli Aşıq Muşqulat adlı bir şəxsin videoları da yayılmağa başladı. Babəkin çıxışını müdafiə edənlər oxşar zarafatların quzeydə də olduğunu, lakin orada narazılıq doğurmadığını dedilər.

Aria Türkanburlu isə bu tutuşdurmanı səhv hesab edir. Güneyli etno-musiqişünas düşünür ki bir cəmiyyətdə normal qarşılanan məsələ başqa cəmiyyətlərdə anormal hesab edilə bilər və bu hər şeydən əvvəl cəmiyyətlə bağlı məsələdir. O buna müxtəlif nümunələr də gətirir. Misal üçün “Yaşa Azərbaycan” mahnısı quzeydə adi bir mahnı hesab edildiyi halda güneydə milli hərəkatın simvolu, milli marşdır. Quzeydə  bu mahnı onlarla adi milli mahnıdan biridir. Lakin güneydə bu mahnı demək olar ki milli himn olaraq qəbul edilir.

Aria Türkanburlunun fikricə  quzeydə milli dövlətin varlığı nəticəsində dil və mədəniyyət olduğu kimi qorunur və orada bunların məhv olmaq təhlükəsi yoxdur. Lakin güneydə yeridilən assimilyasiya siyasəti azərbaycanlıların mədəniyyətini hədəf alıb. Bu isə cəmiyyətin daha həsas olmasına səbəb olub. Deməli quzeydə aşıq musiqisi ilə zarafat cəmiyyətdə və incəsənət xadimlərində hansısa narazılığa səbəb olmur, lakin güneydə məhv olmaq təhlükəsi ilə qarşı qarşıya olan aşıq sənəti ilə istənilən zarafat edilə bilməz.

Hər yerdə zarafat?

Haqqında danışılan “Coker” verilişi farscadır və Tehranda çəkilir. Babək Nəhreynin bu çıxışını müdafiə edənlər sənətkarın aşıq musiqisi ilə zarafat etdiyini deyirlər.

Aria Türkanburlu bununla bağlı deyir ki hal-hazırda İranda türklərə qarşı aparılan mərkəziyyətçi və irqçi siyasət nəticəsində aşıq musiqisi məhv olmaq təhlükəsi ilə üzləşib. Belə bir vəziyyətdə aşıq sənətini Tehranın ən populyar verilişlərinin birində, farsların əhatəsində gülünc şəkildə təqdim olunması bir azərbaycanlının İrəvan şəhərində Qarabağ şikəstəsini gülünc ifa etməsi kimi bir şeydir. Bunu dünyanın harasında və ya hansı ölkəsində qəbul edərlər?

Sənətkar diqqətli olmalıdır

Babək Nəhreynin aşıq kimi çıxışını müdafiə edənlər onun keçmişini xatırladaraq tənqidləri yersiz hesab edirlər. “Bu həmin Babəkdir ki” ilə sözləri başlayan cümlələr Babəkin gələcəyini qalxan kimi qoruyur.

Aria Türkanburlu Babək Nəhreyni populyar sənətkar hesab edir və populyar sənətkarın daha diqqətli davranmalı olduğuna inanır. Onun fikrincə populyar sənətkar varlığını xalqa borcludur və o hər an həmin xalq tərəfindən çatdığı yüksəklikdən endirilə də bilər. Deməli bu kimi şəxslər daha diqqətli olmalıdırlar.

Babək Nəhreynin tənqidçiləri və  müdafiəçiləri arasında radikal mövqedə çıxış edənlər də oldu. Bəzi tənqidçilər onu İranşəhri kimi faşist qüvvələrə bağlayaraq ağır tənqid edirlər, digərləri isə onun tənqidçilərini xalq düşməni kimi göstərirlər. Aria Türkanburlu isə hər iki tərəfin radikal mövqedə olmasını tənqid edib.

Onun fikricə Babək Nəhreyn və hər hansı başqa bir sənətkarı nə silib atmaq və nə də əzizləyib əlçatmaz etmək lazım deyil. Onun səhv addımlarını tənqid etmək, doğru addımını isə alqışlamaq lazımdır. Lakin hər iki halda nə onu, nə də onu tənqid edənləri xalq düşməni kimi dəyərləndirmək olmaz.

Paylaş.

Müəllif haqqında

Aria Türkanburlu

Şərhlər bağlıdır.