Niyə Ukrayndakı kilsə münaqişəsi tarixi Rusiya-Ukrayna gərginliklərini əks etdirir?

Google+ Pinterest LinkedIn Tumblr +

İngiliscədən çevirən: Anar İmanzadə

Hər iki kilsə eyni zamanda ukraynalılar üçün əsl Ukrayna Pravoslav Kilsəsi olduğunu iddia edirlər. Həmin kilsələrin Rusiya-Ukrayna münasibətləri haqqında olan təsəvvür və təklifləri radikal şəkildə biri birindən fərqlənir.

İki Pravoslav kilsə

1984-cü ildə mən Kiyevə akademik proqram üçün gəlmişdim, hələ o zaman Rusiya və Ukraynanın dini tarixi məni çox maraqlandırmışdı. Hal-hazırki tədqiqatımda isə mən Xristianlığın tarixi və dinin Avrasiya ölkələrinin cəmiyyət və siyasətində xüsusi rolunu araşdırıram.

2014-cü ildə Rusiya Ukraynanı işğal edib Krımı öz ərazisi kimi tanıdığından bu yana, iki ölkə arasındakı münasibətlər yetərincə gərgin olmuşdur. Ölkələr arasında gərginlik öz əksini həm də iki kilsə arasındakı münaqişədə tapmışdır, çünki kilsələrin Rusiyaya münasibəti necə formalaşması ilə bağlı fərqli konsepsiyaları var.

Bu kilsələrin daha böyük və qədimi olan Moskva Patriarxlığının tabeliyindəki Ukrayna Pravoslav Kilsəsidir. Ukrayna hökumət mənbələrinə istinadən, bu kilsənin 2018-ci ildə [Ukrayna ərazisi boyunca] 12,000 (on iki min) lokal filialı olub. Moskva Patriarxlığının qolu olan Ukrayna Pravoslav Kilsəsi Patriarx Kirilin ruhani hakimiyyətinə tabedir. Patriarx Kiril və onun sələfi Patriarx II Aleksey Rusiya və Ukrayna xalqlarının möhkəm tarixi əlaqələrlə bir birlərinə bağlı olduğu fikrini müdafiə edirlər.

Bunların əksinə olaraq, ikinci və nisbətən yeni olan Ukraynanın Müstəqil Pravoslav Kilsəsi Moskva Patriarxlığına tabe deyil. İstanbuldakı Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeyin dəstəyi ilə 2018-ci ilin dekabr ayında Kiyevdə təntənəli şura toplanaraq yeni kilsə yaradaraq, I Yepifaniyi həmin kilsəyə lider seçdi. 2019-cu ilin yanvar ayında isə I Varfolomey Ukraynanın Müstəqil Pravoslav Kilsəsini dünya Pravoslav kilsələri kommunasının ayrı, hürr və bərabərhüquqlu üzvü kimi tanıyır.

Milli, müstəqil və hər hansı bir xarici təsirdən uzaq Ukraynanın Müstəqil Pravoslav Kilsəsi ukraynalıların on illiklərlə göstərdiyi səylərin nəticəsi olaraq yardılmışdır. Lakin ukraynalıların dini müstəqilliyini ifadə edən Ukraynanın Müstəqil Pravoslav Kilsəsi Moskva üçün bir problemə çevrildi. Pravoslav terminologiyası ilə desək, Ukraynanın Pravoslav Kilsəsi artıq avtokefaliya (özünü idarə edən) kimi fəaliyyət göstərməyə başladı.

Yalnız Roma Papasını ruhani lider qəbul edilən Katolik Kilsəsindən fərqli olaraq, Pravoslav Kiləssi dünya miqyasında tanınan 14 (on dörd) müstəqil avtokefaliyadan ibarətdir və onların hər birinin öz sədri (yun. “kephale”) var. Hər bir avtokefaliya digərlərinin inandığı dinə mənsubdur. Avtokefaliyalar əsasan milli kilsələrdir, məsələn rus, rumın və qədim yunan kilsələri. İndi isə, Ukraynanın Müstəqil Pravoslav Kilsəsi digər avtokefaliyaların yanında öz yerini almağa çalışır.

Ukraynanın Müstəqil Pravoslav Kilsəsinin 44 (qırx dörd) yeparxiyada 7,000 (yeddi min) filialı mövcüddur. Bu kilsə ruslar və ukraynalıları iki ayrı xalq kimi qiymətləndirir və onların ayrı və müstəqil kilsələrinin olması fikrini müdafiə edir.

Ukraynanın Müstəqil Pravoslav Kilsəsi

Ukraynanın Müstəqil Pravoslav Kilsəsini ölkədəki Moskva Patriarxlığın qolu olan Ukrayna Pravoslav Kilsəsindən ayıran başlıca məqam axırıncının Rusiya Pravoslav Kilsəsinə olan münasibətidir. Moskva Patriarxlığına tabe olan kilsə, daxili işlərinin nizamlanmasında müstəqildir, lakin rəsmi şəkildə Moskva Patriarxı Kirilə tabedir. Bu kilsə daim rus pravoslavları ilə öz həmrəyliyini ifadə edir.

Bunun əksinə olaraq, Ukraynanın Müstəqil Pravoslav Kilsəsi başqa bir dini təşkilatın tabeliyində deyil və bu müstəqillik kilsəyə Xrsitianlığın ukraynalılara xas olan formada ifadə olunmasına imkan verir.

Ortaq Pravoslav Xristianlığı dəyərləri

Həm Rusiyada, həm də Ukraynada Pravoslav Xristianlığın mənsubları çoxluq təşkil edir. “Pyu” tədqiqat mərkəzinin apardığı sorğuya görə, rusların 71%-i (yetmiş bir), ukraynalıların isə 78%-i (yetmiş səkkiz) özlərini pravoslav kimi görürlər. Hər iki ölkənin mədəniyyətində dini mənsubiyyət önəmli amildir.

Ukrayna və Rusiyadakı Pravoslav Xristianlığının təməlləri Böyük Kiyev Knyazlığının bizim eranın 988-ci ilində həmin dini qəbul etməsindən sonra atılıb. Ruslara görə Vladamir, ukraynalıları görə isə adı Volodimir olan knyaz, keçmişdə Bizans İmperiyasının paytaxtı olan Konstantinopoldan gələn missionerlər tərəfindən xristian edilmişdir (vəftiz olunmuşdur). Bundan sonra Kiyev şərqi slavyanların ən mühüm dini mərkəzinə çevrilmişdir.

1240-cı ildə, Monqol yürüşləri nəticəsində dağıdıldıqdan sonra, Kiyev öz gücünü itirməyə başladı, onun şimal qonşusu Moskva isə həmin zaman yüksəliş dövrünə qədəm qoydu. 1686-cı ildə Moskva Şərqi Ukraynanı və Kiyevi işğal etdi. Elə həmin ildə də, Konstantinopol patriarxı Ukrayna üzərində olan öz dini səlahiyyətlərini Moskva Patriarxlığına ötürdü.

20-ci əsrdə, Ukraynada güclənən milliyətçi hərəkat Ukrayna dövlətinin və kilsəsinin Moskvanın tabelilyindən çıxarılmasını tələb edirdi. Baxmayaraq ki, Ukrayna 1991-ci ildə öz dövlət müstəqilliyini əldə etdi, onun Beynləxlaq Pravoslav kommunası tərəfindən tanınan yeganə kilsəsi Moskova Patriarxlığından asıllı qalmışdı.

Bəzi ukraynalı pravoslav xristianlar müstəqil kilsə (avtokefaliya) yaratmaq üçün 1921-ci, 1942-ci və 1992-ci ildə cəhdlər etdilər, lakin yaradılan kilsələr beynəlxalq səviyyədə tanına bilmədilər.

Ukrayna avtokefaliyası

2018-ci ildə, Ukrayna Prezidenti Petro Poroşenko müstəqil Ukrayna Kilsəsi yaratmaq cəhdlərini yenilədi. Üçdən çox kilsə Ukraynanın həqiqi müstəqil kilsəsi olduğunu bəyan edərək, namizədliklərini irəli sürdülər. Poroşenko isə bu müxtəlif kilsələri birləşməsini daha məqsədəuyğun hesab edirdi.

Moskva Patriarxlığının tabeliyində olan Ukrayna Pravoslav Kilsəsi ölkədəki ən böyük və beynəlxalq müstəvidə tanınmış tək kilsə idi. Lakin kilsənin Moskva Patriarxlığının rəsmi tabeliyində olması əksər ukraynalılar üçün qəbulolunmaz idi. Digər iki kilsələr isə, Ukrayna Avtokefaliya Pravoslav Kilsəsi və Ukrayna Pravoslav Kilsəsi – Ukrayna Patriarxlığı dünya Pravoslavları tərəfindən tanınmaqda uğursuz oldular.

Ukrayna Kilsəsinə dəstək

Konstantinopol Patriarxı I Varfolomey Poroşenkonun təşəbbüsünü dəstəkləmişdi. Vizantiya İmperiyasının keçmiş paytaxtının əsas dini səlahiyyətlisi kimi, I Varfolomey dünya miqyasında ən çox rəğbət görən Pravoslav patriarx hesab olunur.

Şərqi Pravoslav Xristianlığında yeni avtokefaliyanın yaranması haqqında müəyyənləşmiş bir metod olmasa da, I Varfolomey onun müstəqil kilsə yaratmaq hüququnun olduğunu bəyan etdi. Səbəb kimi isə Kiyevin Pravoslav mənsubiyyətinin Konstantinpoldan gəlməsi və sonuncunun Kiyev kiləslərinin “ana” kilsəsi olması göstərdi.

2018-ci ilin dekabrında, birləşmə şurası digər namizəd Pravoslav kiləslərini rəsmi şəkildə ləğv edərək, Ukraynanın Müstəqil Pravoslav Kilsəsini təsis etdi. 2019-cu ilin yanvar ayında isə I Varfolomey yeni avtokefaliyanın tanınması haqqında sərəncam imzaladı.

Dəstək və təkzib

İndiyə qədər, Ukraynanın Müstəqil Pravoslav Kilsəsi dünyadakı dörd avtokefaliya tərəfindən tanınmışdır. Bunlar Konstantinopol, Aleksandriya, Yunanıstan və Kipr kilsələridir.

Üç avtokefaliya isə yeni kilsənin yaradılmasını açıq şəkildə tanımamış və təkzib etmişlərdir. Bundan əlavə, Moskva Patriarxlığı bu səbəblə Konstantinopol Kilsəsi ilə əlaqələrini kəsmişdir.

Pravoslav tarixçisi Nadejda Kuzenko qeyd edir ki, Varfolomey yenicə yaradılmış kilsəni tanımaqla Pravoslav birliyinə zərər vurmuşdur.

Din xadimi Kiril Hovorun isə əksinə, Ukraynanın Müstəqil Pravoslav Kilsəsinin yaradılmasının təqdirəlayiq olduğunu və bunun Rusiya aqressiyasından zərər görmüş Ukrayna xalqı ilə həmrəylik ifadəsi olduğunu bildirib.

Tarixə iki fərqli baxış

Bu gün, Ukraynada iki pravoslav kilsənin rəqabət aparması və münaqişəsi Rusiya-Ukrayna münasibətlərinin tarixinə iki fərqli perspektivin yansıması hesab olunur.

Moskva Patriarxlığı ruslar və ukraynalıları bir bütün xalq olaraq görür və buna görə onların bir ortaq kilsəsinin olması fikrini müdafiə edir.

Rusiya Prezident Vladimir Putin də bu fikri dəstəkləyir, belə ki, o sonuncu yazısında Ukraynada yeni kilsənin yaradılmasını ruslar və ukraynalıların dini birliyinə qarşı yönəlmiş addım olduğunu qeyd edib.

Ukraynanın Müstəqil Pravoslav Kilsəsinin baxışı isə yuxarıda qeyd edilənlərdən tamamilə fərqlidir. BBC-yə müsahibəsi zamanı, kilsənin sədri Yepifaniy ukraynalıların ayrı bir mədəniyyətə sahib xalq olduqlarını və müstəqil kilsənin onlar üçün zəruri olduğunu deyib.

Ukraynanın Müstəqil Pravoslav Kilsəsinin aqibətinin necə olacağı qeyri-müəyyəndir. Bir neçə Pravoslav kilsəsi tərəfindən dəstəklənsə də, Moskva Patriarxlığı tərəfindən qəti şəkildə qəbul edilmir. Bu məsələ Rusiya-Ukrayna münasibətlərində ziddiyyət təşkil edən məqamlardan biri olaraq qalır.

The Conversation saytında nəşr olunmuş bu məqalə Ətəkyazı üçün tərcümə edilib

Paylaş.

Müəllif haqqında

J. Eugene Clay

Şərhlər bağlıdır.