Tərcümə: Əmrah Cəfərov
Ruslar Ukraynanı hələ də zəbt edə bilərlər. Amma ukrayınlar son bir neçə gündə göstərdilər ki, bunu davam etdirməyə imkan verməyəcəklər.
Müharibəyə başlamasından bir həftə keçməmiş Vladimir Putinin tarixi məğlubiyyətə doğru getdiyi artan ehtimalla görünür. O, bütün döyüşlərdə qalib gələ bilər, amma yenə də müharibəni uduzur. Putinin Rusiya imperiyasını yenidən qurmaq arzusu həmişə Ukraynanın gerçək millət olmaması, ukrayınların gerçək xalq olmaması, həmçinin Kiyev, Xarkov və Lvov sakinlərinin Moskvanın idarəçiliyinə can atmaları yalanlarına əsaslanıb. Bu, tamamilə yalandır – Ukrayna min ildən çox tarixi olan millətdir və Moskvanın kənd belə olmadığı vaxtlarda Kiyev artıq önəmli bir metropol idi. Amma rus despotu öz yalanını o qədər təkrarlayıb ki, görünür, özü də buna inanır.
Putin Ukraynanın işğalını planlayarkən bir çox bilinən faktlara arxalana bilərdi. O bilirdi ki, Rusiya hərbi baxımdan Ukraynanı kölgədə qoyur. O, bilirdi ki, NATO Ukraynaya kömək üçün qoşunlarını göndərməyəcək. O bilirdi ki, Avropanın Rusiya neft və qazından asılılığı Almaniya kimi ölkələri sərt sanksiyaların tətbiqindən çəkindirəcək. Bu bilinən faktlara əsaslanaraq, onun planı Ukraynaya ağır və sürətli zərbə vurmaq, hökuməti devirmək, Kiyevdə oyuncaq rejim qurmaq və qərb sanksiyalarından yayınmaq idi.
Ancaq bu planla bağlı böyük bir qeyri-müəyyənlik var idi. Amerikalıların İraqda, Sovetlərin isə Əfqanıstanda öyrəndiyi kimi, bir ölkəni zəbt etmək onu əldə saxlamaqdan çox daha asandır. Putin bilirdi ki, Ukraynanı zəbt etmək gücündədir. Bəs Ukrayna xalqı Moskvanın oyuncaq rejimini sadə şəkildə qəbul edəcəkdimi? Putin riskə girdi ki, edəcəklər. Nə də olsa, o dinləmək istəyən hər kəsə dəfələrlə izah etmişdi ki, Ukrayna gerçək millət, ukrayınlar da gerçək xalq deyil. 2014-cü ildə Krımda insanlar rus işğalçılarına az müqavimət göstərdilər. 2022-ci il niyə fərqli olmalıdır ki?
Hər keçən gün Putinin bu qumarı uduzmaqda olduğu daha da aydın görünür. Ukrayna xalqı tam ürəkdən müqavimət göstərir, bütün dünyanın heyranlığını qazanır və müharibəni qazanır. Çoxlu qara günlər qarşıdadır. Ruslar hələ də bütün Ukraynanı zəbt edə bilər. Ancaq müharibəni qazanmaq üçün ruslar Ukraynanı əldə saxlamalıdırlar və bunu yalnız Ukrayna xalqı icazə verərsə edə bilərlər. Bu isə getdikcə daha da çətinləşir.
Məhv edilən hər rus tankı və öldürülən hər rus əsgəri ukrayınların müqavimət göstərmək cəsarətini artırır. Və hər öldürülən ukrayın ukrayınların işğalçılara nifrətini daha da dərinləşdirir. Nifrət duyğuların ən çirkinidir. Amma əzilən millətlər üçün nifrət gizli bir xəzinədir. O ürəyin dərinliklərində basdırılıb və nəsillər boyu müqaviməti saxlaya bilər. Rusiya imperiyasını bərpa etmək üçün Putinin nisbətən nifrətsiz işğala aparacaq daha qansız qələbəyə ehtiyacı var. Getdikcə daha çox ukrayının qanını axıtmaqla Putin öz arzusunun heç vaxt həyata keçməyəcəyini dəqiqləşdirir. Rusiya imperiyasının ölüm kağızında Mixail Qorbaçovun adı olmayacaq: Putininki olacaq. Qorbaçov rusların və ukrayınların qardaşlıq hisslərini saxladı; Putin onları düşmənə çevirdi və ukrayın millətinin bundan sonra özünü Rusiyanın qarşısında görməsini təmin etdi.
Millətlər gec-tez hekayələr üzərində qurulur. Hər keçən gün ukrayınların təkcə qarşıdakı qaranlıq günlərdə deyil, gələcək onilliklərdə və nəsillərdə danışacaqları daha çox hekayələri artırır. Paytaxtdan qaçmağı rədd edən, ABŞ-a gediş yox, döyüş sursatı lazım olduğunu deyən prezident; İlan adasından bir rus döyüş gəmisinə “dur sikdir” deyən əsgərlər; Rus tanklarını onların yolunda oturaraq dayandırmağa çalışan sivillər. Millətlər belə şeylərlə qurulur. Uzunmüddətli perspektivdə bu hekayələr tanklardan daha önəmli olur.
Bunu rus despotu da hamı kimi bilməlidir. O, uşaqlıqdan Leninqradın mühasirəsindəki alman vəhşilikləri və rus şücaəti haqqında hekayələr eşidərək böyüyüb. O, indi oxşar hekayələr hazırlayır, amma özünü Hitlerin rolunda canlandırır.
Ukraynanın şücaət hekayələri təkcə ukrayınlara deyil, bütün dünyaya qətiyyət verir. Onlar Avropa millətlərinin hökumətlərinə, ABŞ administrasiyasına və hətta Rusiyanın əzilən vətəndaşlarına cəsarət verirlər. Əgər ukrayınlar əliyalın tankı dayandırmağa cəsarət edirlərsə, Almaniya hökuməti onları bəzi anti-tank raketləri ilə təmin etməyə, ABŞ hökuməti Rusiyanı Sviftdən çıxarmağa, Rusiya vətəndaşları isə bu mənasız müharibəyə öz etirazlarını nümayiş etdirməyə cəsarət edə bilərlər.
İstər ianə etmək olsun, istər qaçqınları qarşılamaq olsun, və ya onlayn mübarizəyə kömək etmək olsun, biz hamımız bir şey etməyə cəsarət etmək üçün ruhlana bilərik. Ukraynadakı müharibə bütün dünyanın gələcəyini formalaşdıracaq. Əgər tiranlıq və aqressiyanın qalib gəlməsinə icazə verilsə, biz hamımız bunun nəticələrinə qatlanacağıq. Sadəcə müşahidəçi qalmağa imkan yoxdur. Ayağa qalxmaq və hesablaşmaq vaxtıdır.
Təəssüf ki, bu müharibənin uzunmüddətli olma ehtimalı var. Fərqli formalar alaraq, illər boyu da davam edə bilər. Amma ən önəmli məsələ artıq aydınlaşıb. Son bir neçə gün bütün dünyaya sübut etdi ki, Ukrayna əsl millətdir, ukrayınlar əsl xalqdır və onlar qəti şəkildə yeni Rusiya imperiyasının əsarətində yaşamaq istəmirlər. Qeyri-müəyyən qalan əsas sual isə bu mesajın Kremlin qalın divarlarını aşması üçün nə qədər vaxt alacağıdır.
* Yuval Noah Harari tarixçi və “Sapiens: Bəşəriyyətin Qısa Tarixi” kitabının müəllifidir.
Qaynaq: The Guardian