Qərbi Azərbaycanda təhsil səviyyəsi

Google+ Pinterest LinkedIn Tumblr +

Qərbi Azərbaycan vilayəti təhsil göstəricilərinə görə 31 vilayət içində 29-cu sırada yerləşir. Ölkə səviyyəsində Qərbi Azərbaycandan sonra təhsil səviyyəsi pis olan yalnız Bəlucistan və Hörmüzqandır. Ümumilikdə isə Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi ölkə ortalamasından aşağıda yerləşir.

Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi ölkə ortalamasından aşağıda yerləşir.

2018-ci ildə Təhsil Nazirliyinin Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsinin inkişaf üzrə müavini Bəhram Səmədi vilayətdə təhsilə ciddi diqqət ayırmağın vacibliyini vurğulayıb. Bundan başqa o, qeyd edib ki,  Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi 4.05 kvadrat metr olduğu halda, Yəzd vilayətində bu göstərici 8.86 kvadrat metrdir.

Bu göstəriciyə görə ən yaxşı vəziyyətdə əsasən farsların yaşadığı İsfahan,Yəzd, Kirman və Simnan kimi mərkəzi vilayətlərdir. Mərkəzdən kənar vilayətlərə doğru isə təhsil keyfiyyəti düşür.

Ədalət lazımdır

Qərbi Azərbaycan Vilayəti yalnız bu göstəriciyə görə deyil, başqa təhsil göstəricilərinə görə də geridədir. Savadlanma göstəricisinə görə Qərbi Azərbaycan ölkədə 30-cu, adambaşına düşən idman sahəsinə görə isə 29-cu yerdədir.

Qərbi Azərbaycan məktəblərinin Təchiz və təmir müdirinin verdiyi məlumata əsasən vilayətdə 5600-dən çox dağılmış, 1365 palçıqdan, ağacdan tikilmiş və konteynerdən ibarət olan və 6000 təmirə ehtiyacı olan məktəb var.

Təhsil Nazirliyinin Qərbi Azərbaycan vilayəti üzrə müdiri Mənafi məktəblərdə təhsilin zəif olmasına səbəb kimi müəllim azlığını göstərərək yeni təşkil edilən hökumətin daha ədalətli qərarlar verəcəyinə ümid etdiyini deyib.

Fars olmayanlarla bağlı ümumi vəziyyət

2016-cı ilin nəticələrinə görə 2006-cı ildən 2016-cı ilədək ölkə səviyyəsində savadlılıq dərəcəsi ən çox Tehran və Mərkəzi vilayətlərdə artıb. Ən zəif nəticələr isə fars olmayanların çoxluq təşkil etdiyi vilayətlərdir. Bundan əvvəlki nəticələrdə də vəziyyət eyni olub. 1996-cı ilin nəticələrinə əsasən də Güney Azərbaycanın 4 vilayəti (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil) savadlanma sıralamasında siyahıda son yeri tutmuş 8 vilayətin içərisində olublar. Bu nəticələr həm də ana dilində təhsilin vacibliyinu göstərir.

1993-cü ildə Şərqi Azərbaycan və Tehran vilayətində aparılmış araşdırmada eyni səviyyəli türk və fars uşaqları müqayisə ediliblər. Maksimum nəticəsi 20 olan savadlanma imtahanında türk uşaqlarının nəticəsi 8.5 olduğu halda fars uşaqların göstəricisi 15 olub. Şərqi Azərbaycanda iki dilli uşaqların təhsil məsələləri adlı araşdırmanın müəllifi Solmaz Müdərris Tehrandan və Şərqi Azərbaycandan hərəsindən 12 məktəbi seçərək burada təhsil alan uşaqları müqayisə edib. Nəticələrə əsasən Şərqi Azərbaycanda öz ana dilində təhsil almayan türk uşaqların öz ana dilində təhsil alan fars uşaqlardan geri qaldıqları müəyyən edilib.

Şərqi Azərbaycanda öz ana dilində təhsil almayan türk uşaqların öz ana dilində təhsil alan fars uşaqlardan geri qaldıqları müəyyən edilib.

Ana dilinin təhsilə təsiri haqqında bir çox araşdırmalar aparılıb. İranda aparılan araşdırmalar da təhsilin ana dilində aparılmasının vacibliyini təsdiqləyir. İranda yaşayan bütün fars olmayanlar ana dilində təhsil almaq istəklərini daima səsləndiriblər. Bu mövzu xüsusilə Güney Azərbaycanda aktualdır. Lakin İran dövləri öz farslaşdırma siyasətini axsatmır, əksinə daha da gücləndirir.

İkibaşlı ayrıseçkilik

Təhsil Nazirliyinin Qərbi Azərbaycan üzrə nümayəndəsinin dediyinə əsasən təhsilə yararsız və təmirə ehtiyacı olan təhsil müəssisələrinin bu vilayətdə çox olması dövlətin ədalətsiz münasibətinə görədir. Bununla belə vilayətdə yaşayan türk uşaqlar öz ana dillərində yox farsca təhsil almaq məcburiyyətindədirlər. Hər iki məsələ özlüyündə təhsilə böyük təsir göstərir.

Son universitetə qəbul imtahanı nəticələrinə əsasən ali məktəblərə qəbul olunan tələbələrin sayı mərkəzi vilayətlərdə daha çoxdur. Tələbə adını qazana bilməyən və fars olmayanların arasında isə ən pis vəziyyətdə Qərbi Azərbaycan vilayətinin türkləridir. Bu da ikibaşlı ayrıseçkiliyin nəticəsidir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.