Qəzvində yüz ilin faciəsi baş verir

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən bir neçə il ərzində Qəzvin düzündə böyük miqyasda torpaq sürüşməsi baş verib. Bu çökmələr nəticəsində düzlüklərdə uzunluğu 1 km və dərinliyi 10 metrə çatan iri çatlar yaranıb. Ekspertlərin dediyinə əsasən bu torpaq sürüşməsi yüz ilin faciəsi kimi dəyərləndirilməlidir.

1960-cı illərdən başlayaraq geniş miqyasda istifadə edilən Qəzvin yeraltı su mənbələrinin bir çoxu artıq bu gün boşalıb. Yeraltı su mənbələrinin boşalmasl torpağın çökməsinə səbəb olur. Bu su mənbələrindən irrasional şəkildə istifadə etmək Qəzvin düzünün susuzlaşmasına və torpağın çökməsinə səbəb olub.

Torpaq sürüşməsi zəlzələ kimi olur, lakin onun ekoloji təsirləri daha böyükdür. Çökmüş topraq keyfiytətini itirir. Özündə su saxlamadığı üçün daşqınlara səbəb olmaqla yanaşı əkinçilik üçün də yararsız olur. Boşalan yeraltı su mənbələrinin doldurulması isə mümkün deyil.

Qəzvin düzünün bu gedişlə 10 il ərzində bütünlüklə quruyacağı, səhraya dönəcəyi gözlənilir. Bu isə bir daha onu göstərir ki bu məsələ artıq böhran sərhədlərini aşıb. Bu artıq faciədir. Lakin bununla belə dövlət qurumları məsələyə ciddi diqqət ayırmırlar, gördükləri işlər isə faciənin miqyasına nəzərən çox azdır.

İran su böhranı yaşayan ölkələr sırasındadır. Bu böhrana səbəb sudan irrasional istifadə, səhv idarəçilik eləcə də ekoloji faktorlardır. Ölkə ərazisinin 19 faizi əkinçiliyə uyğundur. Şirin suyun 92 faizi isə ənənəvi suvarma metodları ilə əkinçilikdə istifadə edilir.

Səhv idarəçilik; Qəzvində bol su tələb edən məhsullar əkilir

Qəzvin düzü əkinçiliyə uyğun yer kimi tanınsa da böyük su ehtiyyatına sahib deyil. Buna baxmayaraq burada bol su tələb edən qarğıdalı, buğda, arpa, üzüm və alma yetişdirilir.

Vilayətdə əkilən məhsulların yetişməsi üçün çoxlu su istifadə edilir. Xüsusilə qarğıdalı suyun qatili kimi tanınır. Buna baxmayaraq vilayətdə ildə ən azı 34 mjn hektar əraziyə qarğıdalı əkilir. Qarğıdalıdan çox burada arpa və buğda da əkilir. İran uzun illər boyu bu məhsullara olan tələbatı özü ödəməyə çalışıb. Bu isə su mənbələrinin israfına səbəb olub. Bu siyasətdən ən çox ziyan görən vilayətlərdən biri də  Qəzvindir.

Qəzvinin su ehtiyyatı çox su tələb edən məhsulların yetişməsinə sərf olunmaqla yanaşı burada suvarma da ənənəvi üsulla aparılır. Bu isə su israfını daha da artırır. Hazırda vilayətdə yalnız 55 faiz əkin sahəsində suvarılma müasir üsullarla həyata keçirilir. Qalan 45 faiz isə ənənəvi üsullarla suvarılır.

Ölüm yaxınlaşmaqdadır

Qəzvin Regional Su Şirkətinin müdiri Yədulla Məleki deyib ki vilayətdə hər il ən azı 2 sm, ən çox isə 17 sm yer çökməsi baş verir. O ən təhlükəli vəziyyətin Buin Zəhra və Ərdaq bölgərində olduğunu bildirib. Yədulla Məleki vilayətdə 6000 icazəli quyunun olduğunu, lakin onların da çox su işlətdiklərini deyib. İcazəsiz quyuların sayının isə 3000-dən 500-ə qədər azaldıldığını bildirib.

Qəzvindəki su problemini həll etmək üçün nəzərdə tutulmuş Taliqan su anbarından su çəkmək layihəsi yarımçıq qalıb. Onun dediyinə görə layihənin icrası üçün böyük məbləğə ehtiyac var məhz buna görə də bura böyük investorları cəlb etmək lazımdır. Bu isə hələ ki mümkün olmayıb.

6 aya hazır olmalı olan layihə artıq 2 ildir ki hazırlanmayıb. Görünın budur ki dövlət böhranın nə həddə olduğunu dərk etmir. Ölüm isə yaxınlaşmaqdadır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.