Qərbi Azərbaycan vilayəti ölkə miqyasında qızıl qütbü olaraq bilinir. Qərbi Azərbaycan Sənət Mədən Ticarət təşkilatının başçısı Qulamrza Babayi bu vilayətin dəyərli mədən daşları ehtiyyatına ölkənin birincisi olduğunu deyib.
Bu mədənlər arasında ən çox qızıl ehtiyyatına malik olan “Zərşoran” və “Ağ dərə” mədənləri Tikantəpə şəhərinin yaxınlığında yerləşirlər. Qərbi Azərbaycanda başqa dəyərli mədən dəşları da mövcuddur. Ölkə ərazisində cəmi 68 növ dəyərli mədən daşının olduğu bilinir. Bunlardan 51-i Qərbi Azərbaycanda mövcuddur. Bunlardan isə 31 növü hazırda çıxarılır və qalan 20 növ isə tezliklə çıxarılacaq.
Azərbaycanın başqa yerlərində də olduğu kimi bu mədənlər vilayətin iqtisadi vəziyyətini yaxşılaşdırmaqda bir rol oynamayıb. Tikantəpə ölkə səviyyəsində iki böyük qızıl mədəninin sahibidir lakin ölkə səviyyəsində inkişaf etməmiş 31 şəhər sırasında yer alıb.
“Hamshahri” qəzetinin verdiyi məlumata əsasən Qərbi Azərbaycan vilayəti fəlakət göstəricisinə görə ölkə səviyyəsində ən pis vəziyyətdədir. Yüksək miqyasda qızıl və başqa dəyərli daşların ehtiyyatına malik olan bu vilayətin hazırda ölkə səviyyəsində fəlakətdə olduğu bilinir. Vilayətin bu vəziyyətə düşməsinə yeraltı mədənlər səbəb olub ya dövlətin siyasəti?
Bu mədənlərin faydası nədir?
Tək Qərbi Azərbaycan deyil, güneydəki başqa mədənlər də yerli əhalinin yaşayışını yaxşılaşdırmayıblar. Bu mədənlər adda Azərbaycanın olsalar da onların vilayətə heç bir müsbət təsiri yoxdur. Bu məsələ güneydə çox təkrarlanan mövzular sırasındadır. Tək fəallar tərəfindən deyil, yerli cavabdehlərin də etirazlarına səbəb olan bu məsələ hələ ki öz həllini tapmayıb.
Cavabdeh şəxslərin dediklərinə əsasən bu mədənlərdən əldə edilən məhsullar xam şəkildə Azərbaycandan çıxarılırlar. Xam şəkildə Azərbaycandan çıxarılan maddələr əsas gəliri də özləri ilə aparırlar. Bunun ən açıq nümunələrindən biri Süngün mis mədənidir.
Keçən il müstəqil Azərbaycan mis şirkətinin yaradılması barədə xəbərlər yayıldı. Bunu dəstəkləyən azərbaycanlılar əsil gəlirin Kirman kimi mərkəzi vilayətlərə daşınması qarşısında bu şirkəti alternativ hesab edirdilər. Təbrizin keçmiş millət vəkili Əkbər Ələmi Kirman mafiyasının buna mane olduğu barədə xəbərdarlıq etmişdi. Onun fikricə Kirman mafiyasının Azərbaycanda misəritmə zavodlarının tikilməməsində birbaşa rolu var. Çünki bu zavodlar Azərbaycanda tikilsə Kirmana daşınan mis konsentratının qarşısı alınacaq.
Əslində bu məsələ Süngün mis mədəninin Traxtur futbol klubuna maliyyə dəstəyi tələb edildiyi zaman gündəmə gəldi. Buna isə hamıdan qabaq Kirman vilayətinin millət vəkili etiraz etdi. Bu etiraz Azərbaycanda vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycanlı fəallar Azərbaycanda olan mədənlərin gəlirlərinin mərkəzi vilayətlərə daşınmasını və bu vilayətlərin Azərbaycan varlıqlarını istədikləri kimi idarə etmələrini daxili müstəmləkəçilik kimi dəyərləndirirlər. Bu isə ümumiyyətlə Azərbaycandakı yeraltı və yerüstü qaynaqların gizli qalması və ya dövlət əlinin uzanmamasını üstün göstərir. Fəallar Azərbaycanda var olan bir mədənin üstünün açılmasını və gəlirinin hardasa hamısının mərkəzi vilayətlərə daşınmasından o mədənin topraq altında qalmasının daha yaxşı olduğunu deyirlər.
Eyni halda bu mədənlərin zəhərli tullantıları da, çevrə fəallarının diqqətini cəlb edir. Vərziqan millət vəkili Süngün mis mədəni gəlirindən çevrəni qorumaq adına ayrılan az miqdarda sərmayənin də Vərziqana verilməməsini demişdi.
Daha sonra Zunuz şəhəri yaxınlığında olan bir başqa qızıl və mis mədəninin işə başlaması yerli əhalinin etirazlarına səbəb olub. Onlar bu mədənin tullantılarının xəəstəliklərə səbəb olmasını deyib, orada fəaliyyətə başlayan şirkətin fəaliyyətlərinin dayandırılmasını tələb ediblər. Lakin əhalinin və çevrə fəallarının dirənişi nəticəsiz qalıb və hazırda həmin mədən də fəaliyyətə başlayıb.
Tikantəpədə qızıl mədənlərin zərərli nəticələri
Tikantəpə şəhəri ərazisində iki böyük qızıl mədəni yerləşir. Lakin bu mədənlərin də fəaliyyətləri mənfi nəticələri ilə tanınır. Ölkə səviyəsində ən çox qızıl ehtiyatına malik olan bu şəhər ölkə səviyəsində inkişaf etməmiş şəhərlər sırasındadır.
Bu məsələ vilayət və şəhər cavabdehlərini də dilə gətirib. Tikantəpə şəhərinin cümə imamı Hüccətülislam Əli Rəhimi bu barədə narazılığını bildirib. O bu şəhərdə iki böyük qızıl mədənin olduğu halda işsizlik, sağlamlıq problemləri, yolların pis vəziyyəti və əhalinin yaşayış problemləri olduğunu bildirərək buna etiraz edib.
Daha sonra Qərbi Azərbaycan Dadqostəri başçısı Ətəbati isə qızıl mədənlərindən çıxarılan maddələrin xam şəkildə vilayətdən çıxarıldığını bildirib. Bu isə vilayətdə olan varlıqlardan başqalarının faydalanması deməkdir.
Bunlarla yanaşı həmin mədənlərin çevrə problemləri yaratdıqları da bilinir. Hazırda həmin mədənlər fəaliyyət sahələri olaraq bilinən ərazidən on qat daha çox ərazidə fəaliyyət göstərirlər. Bu isə çevrəyə böyük zərər verir. Tikantəpə əhalisi və çevrə fəallarının etirazları isə vəziyyəti yaxşılaşdırmayıb.
Daxili müstəmlikəçilikdən geriyə nə qalır?
Fəlakət göstərici işsizlik göstəricisi ilə İnfilyasiya göstəricisinin cəmi kimi tərif edilir. Qərbi Azərbaycan isə bu göstəriciyə görə ölkədə sonuncu yerdə durub. Deməli bu mədənlərin fəaliyyətləri hər hansı bir inkişafa səbəb olmayıb. Mədənlərin vilayət üçün faydalı olmamasına baxmayaraq onlar ölkə üçün böyük gəlir qaynağı hesab edilirlər.
Bu daxili müstəmləkəçiliyin nümünəsidir. Bu mədənlərdən əldə edilən qazancın hardasa hamısı mərkəzi vilayətlərə daşınır. Süngün mədəni mübahisələrində Təbriz millət vəkili Beygi də bunu etiraf edib. Mədənlərdən əldə edilən qazancdan yerli əhalinin də faydalanması üçün lazimi investisiyalar edilmir və xam şəkildə bu maddələr Azərbaycandan çıxarılırlar.
Bütün bunları nəzərə alaraq müşahidə edilir ki daxili müstəmləkəçiliyin nümunəsi olaraq Azərbaycandakı mədənlərin qazancı mərkəzi vilayətlərə daşınır. Nəticədə bu mədənlərdən geriyə qalan çevrəyə buraxdıqları mənfi təsirlər olur. Bir də yoxluğa qovuşan faydalı qazıntılar.