Qırmızı Yox, Sarı Alma

Google+ Pinterest LinkedIn Tumblr +

Altı il öncə, elə bu fəsildə, bir gün öz darıxmalarımı dərim deyə, “Seyid Heydər Bayat”ın “ALMA YOLU” kitabına bir açıqlama yazdım, ancaq həmən gün yazını “İttilaat İdarəsi” çaldı.

İllər  sonra, elə həmən gündə, o yazını yazmağı dilədim, amma əsla birincisi kimi ürək oxşayan olmadı…..

Dırnaq arasında gələn parçalar “ALMA YOLU” kitabından alınmış.

“Zinələr, özlərini bulaq sanandan” yaz gecələri yorğunluğumu dərən şerə həsrət qalmışdım. Özüm bilməyə bilməyə, sənin “Görəsən hansı aşıq” sözünü, Görəsən hansı DƏMIR AŞIQ” oxumuşdum.

Hər yandan təkrar təkrar oxunan, aşığa, Dəmir Aşıq deyən şairlərin səsi beynimə hopmuşdu. Real dünyamızda aşığın dəmirləşməsi acıdır, amma ondan acısı canlıcasına el, obanı dolaşan aşıqları unudub, yalnız o Dəmir Aşığı tutmamızdır. Kilişələşmiş düşüncələrimiz Araz qırağında gəzən inəkləri susuz qoydu. Çünki Araz yalnız Ayrılıq simgəsidir. Tutalım bu ölkədə canlı aşıq yoxdu. Hamısı dəmirləşib bu acı durumdan bir anlıq olsa belə, şer dincliyinə sığınmaq istəsəm, kimi görməliyəm? Axı çoxu, ədəbiyatı dinclik alanı düşünür. Bu “Qalabalıq dünyada”  “Mənə bir uaznım yer verdiyinə”  ürəkdən minnətdaram “Qəhvəçi qardaş”.

1. DOĞUM – ÖLÜM

“Sevgi var idi” deyən şairi öldürsələr “Gecə şahları”- nı qınamayacağam. Axı o şairin beynində “Yorğun qadın hayat doğur”  qadın saçlarını kimilərin asılmasına görə hörür…

Gecə şahları bilməsin / Suçludur mənim anam / Suçludur bu məzar / O, məni bu dünyaya gətirdi / Sinə sandığın açıb keçmiş miflərimi yetirdi / Anam dedi öyrəndim / Burdan uzaq ƏHƏR-di / ƏHƏR gözəl şəhərdi / Burdan uzaq MARAĞA / Telim gəlmir darağa / Burdan uzaq MİYANA / Gül, sünbülə dayana / TƏBRİZ üstü GÜNEY-di / Küçələrində meydi / ARAZ-ı ayırdılar… / Mahnıların sonunda / Həməşə bu mahnını / Həzin həzin oxudu / O, deyirdi bir zaman / Bu ayrılıq yoxudu / Yanı hörüklərilə / Dar ağacı başında / Mənə kəndir toxudu…

Belə ki, “Dar ağacları ucadır” onları kəsməyə gücümüz çatmadı, amma…

2. HƏSRƏT

“Alma ağaclarını kəsdik, alanı yoxdu”  tut ağaclarını istəyən çoxudu. Bizim bölgədə: Tut ağacı seyid ocağının payıdır; deyə, məsəl var. Bu məsəli yaradıb yayanlar bizi, bizdən ayırmağı hər yönlü düşünürmüşlər. Qopuz, Tar, yalnız tut ağacından çıxar. Tut ağacı kəsilib seyid ocağında yandırılsa “Sonuncu mahnını, yalnız ocaq eşidəcək”[1]  bu dağ mahnısız qalsa, nəyi “Satıb çörək alacaq”  çörəksiz qalacaq, satqınsız qalacaq…

Bizi, mahnı səsinə həsrət qoyanlar “LEYLA-nın həzyanına qonaq”  yox, Kərbəla-sına ağladanlar, anlamadılar “Dalğalanmasa tellər”  “Pərən pərən olacaq şüşələr”.

“Uşaqlıqda ay əllərini aldatmışdı gölməcədə”? Səndən öncədə Şəhriyar-ı aldatmışdı. Şəhriyar qurdun çaya düşmüş gözünü görüb qaçmışdı. Neyləsin bilmirmiş qurd özü mubarək olar. Görüm həsrət qalsın bizi “Şəraba, şahmata, şerə”  hər nəyə hətta Mubarək Qurd üzünə həsrət qoyanlar. Təkcə “Acı günlərə”  həsrət deyilik.

3. KİMLİK

Şair “Başladı yol aramağa” o yol “Minbir yamaq bayrağa” çatdı heç də çətin deyilmiş. Dil sözcüyünü dilə gətirmədən də dilimzdə yazmaq olarmış. Bu qaytarış Babək-dən, qılıncdan, Qirat-dan, şahlardan, yox; “Bir əski mahnı”-dan başlamış. “Mahnını satıb çörək alanlar”  bu yolun azanlarıdır. Təbriz-in, Baki-nın yerinə Qum-un, Kəhək kəndinə, Zəngan-ın Söhrəvərd-inə söykənir. Ölkəmizin unudulmuş bölgələrinin “Xızan”ı rəqs edir. Şair biraz da dərinə gedir “IRAQ TÜRKMƏN-ləri”, “ŞƏSƏVƏN qadını” , “Salor qızı” , “NƏVAYİ-nin tovuz bağı”  araya gəldikcə, ALMA YOLU vərəqlərində Türk Dünyası yallı gedir. Amma şairin “Minbir yamaq” olması bilmədən əlinə iş verir.

4. ÖZGƏLƏRİN BUĞDASI

Qədim insan özünü tanrı yaranışı düşünərək dini inanclar və Mifik gələnəklərin çərçivəsində dustaq idi. Belə insan olaylar haqqında düşünməyib, bəlkə inanıb yaşayırdı. Amma Modern insan özgürləşdikcə özünü yenidən tərif edib, kim olub, kimlərdən olma sorusunu başqa kimliklə yanıtladı. Bu yanıtlama sürəcində dini inancla Mifik gələnək bir daha baş qaldırdı, amma inanc kimi yox, tarixi təcrübələr kimi.  Bir çox yazarımız tarixi təcrübələrini Türk kimliyindən yox, İslam-la yanaşı gələn Sami Mif-lərindən aldılar. Elə şair Bayat-ında “Minbir yamaq”  kimliyndə, Həvva, Adəm-i əbülbəşər, Habil, Qabil, Qarun, Daniyal-e nəbi, və dörd xəlifə kimi “Özgə buğdalarını un eləməsi”  göz önündədir.

5. VƏ SONUNDA

Camal Sürəyya folkoloru şerə düşmən demiş, çünki şairin yeniliyinə yol verməyib, şeri öz kilişələrində dustaq edir. Bizdə həməşə qızı Saray, çayı Araz görmək darlığı çeşidli yorumlara meydan oxuyub, kimiləri də qızı Saray görmək darlığını açsınlar deyə, Helen, Leda, Marqarita-ni sürüyüb bura gətirirlrə. Mənim bunlara deməli sözüm yox, amma Yaşar Kəmal belə söyləyir: İşlətdiyim sözlər, çəkdiyim adlar, burada yaşayan minlər insanın ortaq məhsulu, habelə yazarla oxucunun sınmaz körpüsüdür.

Bayat-ın şerləri folkolorsuz deyil: “Ayı görüb dəli olmaq” , “İlan ili” , “DƏDƏ QORQUD boyları” , “KOROĞLU ilə KEÇƏL HƏMZƏ nağılı” , “Qəbir üstə sınan küzələr”  və  “ZƏNGAN-ın qafalnımtıl istəkləri”.

Və başqa örnəkləri gözəlcəsinə sətirlərdə yurd salmış, amma başardığı qədər kilişələşməkdən uzaqlaşmış. Burda qız sadəcə qızdır. “Qaçıb anasına deyir; ana o oğlan dəlidir”. Burda Qabil sevilir, Koroğlu yalvarır, hətta kitabın qabıq almaları alışdığımız qızıl alma deyil, sarıdır.

[1] Heydər Bayatın şeirində əslində belə yazılmışdır: “Sonuncu mahnını, yalnız ölüm eşidəcək”, Red.

Paylaş.

Müəllif haqqında

İbrahım Savalan

İbrahım Savalan Güney Azərbaycanlı yazar və siyasi aktivistdir.

Şərhlər bağlıdır.