Qız ya oğlan? Kişi ya qadın? Çəhrayı ya mavi? Maşın ya oyuncaq bəbək?

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın bir çox mədəniyyətlərində milyardlarla insan üçün cins və gender asanlıqla iki kateqoriyaya bölünür. İnsanların hamısı ya bir oğlan olaraq və ya bir qız olaraq doğulur. Bu qədər sadədir məsələ onlar üçün. Ancaq bu, həqiqətdən uzaqdır. Cins və gender ikili deyil və bu bir sosial quruluşdur (insanlar və ictimai quruculuq tərəfindən yaradılmışdır). Gender ikililiyi təbii deyil, cəmiyyət tərəfindən qoyulur və tənzimlənir.

Gender Binary ya da Gender ikililiyi, insanların iki əsas, biolojik cəhətdən müəyyən edilmiş formada, yəni kişi və qadın olaraq, mövcud olması fikrinə istinad edilir. Təbiətdə yalnız iki cinsin olduğu inancıdır.

Gəlin əvvəlcə cinsiyyət dedikdə nəyi nəzərdə tutduğumuzdan və gender dedikdə nəyi nəzərdə tutduğumuzdan danışaq. Cinsiyyət, adətən bir şəxsin bioloji quruluşuna dayanır. Spesifik reproduktiv orqan, xromosom tərkibi və hormonlar kimi bir çox faktorun bir araya gəlməsi ilə formalaşır.

Digər tərəfdən, gender insanın özünü necə tanıdığını ehtiva edir və buna görə də ikili deyil. Gender, cəmiyyətin kişilər və qadınlar üçün uyğun hesab etdiyi sosial cəhətdən qurulmuş rollar, davranışlar və atributlardır. Gender, eynilə qanun kimi, öyrədilir, tətbiq edilir və tabe olmadıqda cəzalandırılır. Gəlin bunları misallarla anlayaq.

Bir kişi təsəvvür edin. İndi bir qadın təsəvvür edin. Nə görürsünüz?

Siz yəqin ki, bir az iri, qısa saçlı, bəlkə də saqqallı bir insanı təsəvvür etdiniz. Nə geyinirdi? Şalvar və köynək? Bəlkə daha zərif, cins şalvar ilə qalstuk? Bədəni necədir? Boyludur? Qarnı var? Bu adamın bədənində tük var? İndiki gənclər kimi “altılı press”lidir, ya böyük qarnı var?

Mən qadın deyəndə, bəlkə siz biraz fiziki olaraq daha kiçik bir insan təsəvvür etdiniz. 100% saqqalı deyildi, əslində mütləq bədəninin hər yerində tüksüzdür. Təbii ki, onun başı istisna olmaqla! Yəqin ki, uzun, gur saçlı təsəvvür etdiniz. Onun makiyajı var idi? Bəlkə siz sadəcə bir ananı təsəvvür etdiniz, qadını insan deyil, sadəcə ana görən bir çoxları kimi.

Biz çox gənc yaşdan kişi və ya qadın yaratmağa başlayırıq. İlk demək istədiyim, uşaqlar ilk növbədə valideynlərindən və onların davranışlarından öyrənirlər. Çünki, hər bir valideynin, kişi və ya qadın olmağın nə olduğuna dair öz anlayışı var. Seçdiyimiz geyimlərin rənglərindən və növlərindən tutmuş, onları aksesuarlarla bəzəməyə qədər, onlara necə görünməli olduqlarını öyrətməyə başlayırıq. Onlara oyuncaq alanda oğlanlara maşın və robotlar alırıq, qızlarımıza isə gəlinciklər, “barbie”lər və kukla evləri alırıq.

Onlara dediyimiz ya oxuduğumuz nağıllar da yaddan çımasın. Adətən biz şahzadələrin kişi tərəfindən xilas edilməsi haqqında nağıl oxuyuruq. Biz oğlanlara qəhraman olmağı öyrədirik. Qızlarımıza nə öyrədirik bu misalda? Qızlarımıza birinə bağlı olmağı öyrədirik. Aydındır ki, biz onlara öz ayaqları üzərində dayanmağı öyrətmirik.

Geyimləri və xarici görünüşü ilə yanaşı, biz onlara cinsiyyətə uyğun davranışları da öyrədirik və əməl etmədikdə onları cəzalandırırıq. Məsələn, biz oğlanlarımıza güclü olmağı öyrədirik. Onlara “kişilər ağlamaz” kimi yanlış sözlər deyirik. Onlar biraz daha həlim, yumşaq, mülayim, tərifli və ya ünsiyyətcil olduqda, cəmiyyət olaraq cəzalandırırıq kişiləri. Biz onlara adlar qoyuruq və qonşumuz Türkiyədən gələn “light erkek” kimi iyrənc sözlər deyirik.

Qarşılığında bu bir çox psixoloji və sosial əlaqə problemlərinə səbəb olur. Biz oğlanlara emosiyalarını sağlam şəkildə ifadə etməyi öyrətmirik, əksinə, onları necə basdırmağı öyrədirik. Ancaq bir yerə qədər itələyə bilərsiniz bu hissləri. Kişi artıq bu güclü duyğuları (sevgi, itki, kədər, həyəcan, qısqanclıq və s.) saxlaya bilməyəndə, onlara öyrədilən yeganə yolu seçir: qışqırmaq və çığır-bağır. Biz onlara sevgilərini sağlam şəkildə necə ifadə etməyi belə öyrətmirik. Bir növ onların insanlığını və zəifliyini onlardan alırıq. Seksizmdən danışanda çoxları unudur ki, kişilər də patriarxal sistemdə bir çox mənfi təsirə məruz qalırlar.

Bənzər, lakin çox şişirdilmiş şəkildə, biz də qadının olması lazım olanı yaradırıq. Qadın yüksək səslə danışa bilməz. Qadın kök ola bilməz. Qadının bədənində tük ola bilməz. Qadın dağınıq ola bilməz. Cəmiyyət olaraq biz kişiyə xidmət edən qadınlıq ideyasını yaradırıq. Biz qadınları ilk növbədə insan kimi deyil, uşaq doğuran maşın kimi görürük. Aydınlaşdırmaq üçün, burada analığı dəyərsizləşdirmirəm mən. Bu məqamı vurğulayıram ki, analıq seçimdir, onu məcbur etmək olmaz. Qadınlar hər şeydən əvvəl insandır. İnsanlar olaraq, onlara özləri üçün nə istəkləri varsa, onların arxasınca getmək imkanı verilməlidir. Bu ana, alim, evdar qadın, müəllim və ya mexanik ola bilər.

Bəzi hərəkətlərimizlə cəmiyyətimizə ikiüzlü qılınc keçirib müəyyən normalar vasitəsilə həm kişiləri, həm də qadınları cəzalandırırıq. Məsələn, arvadından az qazanan kişiləri ələ salırıq. Biz onlara daha əskik kişi kimi baxırıq. Bu fikir deyir ki, qadınlar kişilərdən daha yaxşı və yüksək performanslı bir işi yerinə yetirə bilməməlidirlər. Bu, kişilərimizə dəstək üçün həyat yoldaşına güvənməyin düzgün olmadığını söyləyir. Həyatın məsuliyyətini yalnız kişilərin üzərinə qoyur. Bir kişi iqtisadi tənəzzül kimi öz nəzarətindən kənar vəziyyətlərə görə kifayət qədər pul qazanmadıqda, biz hələ də kişi ilə problem görürük. Bu, qadınların işləməkdən çəkinməsinə gətirib çıxarır və qadınların əri və ya karyerası arasında seçim etməsinə səbəb olur. Ərin karyerası həmişə ön plandadır.

Bu çox dərin mövzudur və bu məqalədə qeyd olunanların hamısı ümumi şəkildə edilib. Ancaq qadınlıq və kişiliyin cəmiyyət tərəfindən qurulduğunu başa düşə bilsək, bu rollara qoyulan saxta etiketin dekonstruksiyasına başlaya bilərik. Bu həm də queer, transgender və qeyri-binar olmağın nə demək olduğunu başa düşmək üçün əsasdır. Gələcək yazılarımda bu məsələləri müzakirə edib izah edəcəyəm. Vaxt ayırıb dinlədiyiniz üçün təşəkkür edirəm.

Paylaş.

Müəllif haqqında

Türkan Bozkurt

Şərhlər bağlıdır.