Qurğuşun və sink: Çevrə irqçiliyi Zəncanlıların həyatını təhlükəyə atıb

Google+ Pinterest LinkedIn Tumblr +

Güney Azərbaycan ölkə səviyyəsində bir çox böyük mədənə ev sahibliyi edir. Zəncan vilayəti də Yaxın Şərqdə ən böyük qurğuşun və sink mədəninə malikdir.  Zəncanda qurğuşun və sink mədənlərinin fəaliyyəti bir əsrlik tarixə malikdir. Bu mədənlərdən hər il təxminən bir milyon tona yaxın material çıxarılır və hər gün yüzlərlə ton torpaq mədən sahəsindən emal müəssisələrinə aparılır. Torpağı götürəndə onun tozu ətrafa yayılır. Su anbarları da bu zəhərli maddələrin yayılmasını artırır. Bu zəhərli maddələr çevrənin ağır metallarla çirklənməsinə səbəb olur. Bu çirklənmə cavabdeh şəxs və qurumlar tərəfindən görməzdən gəlinir və onun mənfi təsirlərindən söz açılmır. Hakbuki bu mədənlərin fəaliyyəti, çevrənin çirklənməsi və zəncanlıların sağlamlığının təhlükəyə atılması ilə nəticələnir. Son iki onillikdə qurğuşun və sink mədənlərinin və fabriklərinin çoxalması və bu barədə verilən yanlış qərarlar, Zəncan vilayətini ekoloji və insani fəlakətin astanasına gətirib.

Azərbaycanlı media və çevrə fəallarının dəfələrlə səyləri, dövlət adamlarının susması, Zəncan Universitetinin mütəxəssislərinin Zəncan qurğuşun və sink mədənlərinin çirklənmyəyə səbəb olduğunu vurğulaması, Zəncan xalqının iyirmi illik həyatlarının acı reallığını təsdiq edir.  Qurğuşun-sink mədənlərinin yaratdığı problemlər daha ciddi və tez həll edilmədikcə çevrə və zəncanlılara düzəlməz ziyan veriləcək.

Güney Azərbaycanda müxtəlif mədənlərin zəhərli tullantılarının zərərsizləşdirilməməsi və onların çevrəyə buraxılması çox təkrarlanan xəbərlər arasında yer alsa da, onun qarşısını alacaq hər hansı bir addımın atılmadığı müşahidə olunur. Azərbaycanlı fəalların bu haqda cavabdehlərin müdaxiləsini və çirkləndirici tullantıların zərərsizləşdirilməsi tələbi hər il təkrarlanan məsələlər sırasında yer alır.

Azərbaycan zəngin mədənləri ilə tanınır. Eyni halda həmin mədənlərin fəaliyyətləri əksər hallarda mübahisələrə səbəb olur. Azərbaycanlı fəalların fikrincə bu mədənlərdən əldə edilən gəlirin böyük qismi mərkəzi vilayətlərə axıdılır. Onların fəaliyyətlərindən Azərbaycanın payına düşən yalnız yaratdıqları çevrə problemləri olur. Zəncanda isə çevrə problemi insanların canını da təhlükəyə atmaqdadır.

Qurğuşun və sink Zəncanın torpağını və havasını işğal edib

Zəncanın ətrafında yerləşən qurğuşun və sink mədənlərinin tullantıları, yüksək ağır metal konsentrasiyasına sahib olduğuna görə, Zəncan üçün ən təhlükəli çirklənmə mənbələrindən və ekoloji problemlərdən biridir.

Zəncan Universitetinin Torpaq Elmləri Bölməsinin Zəncandakı mədən və ətrafındakı torpaqlarda apardığı tədqiqatlarda, materialların çıxarılmasında çox miqdarda asidin istifadə edildiyi üçün mövcud su anbarlarında da asidin çox yüksək olduğu haqda nəticələr əldə edilib. Mövcud su anbarlarında arsen, kadmium və qurğuşun kimi ağır metalların yüksək konsentrasiyası var. Bu ağır metallar çevrəni çirkləndirir və külək əsəndə toz asanlıqla bir yerdən başqa yerə daşınır. Bu da çirklənməni ətrafa dağıdır. Bu mədənlərin fəaliyyət göstərdiyi yerlərin ətrafındakı bağlar, kənd torpaqları və su anbarları ağır metalların yüksək konsentrasiyası ilə çirklənib. Qurğuşun və sink mədəninin yaxınlığında yer alan Bicar yolunun ətrafındakı alma bağlarından nümunə götürərkən, alma toxumasında kadmiumun konsentrasiyasının 3000 PPM olduğu müəyyən edilmişdir ki, bu da onlar üçün fəlakət sayılır. Çünki meyvələrdə icazə verilən kadmium konsentrasiyası 0,1 PPM olmalıdır ki, bu da göstərilən rəqəmlə heç bir şəkildə müqayisə oluna bilməz.

Bundan əlavə, yağış və küləklə də ağır metallar asanlıqla daşınır və nəticədə bu zəhərli maddələr bitkilər tərəfindən sorulur və onların toxumalarında toplanır. Bunlar da meyvə və əkin məhsullarında qalır və insanların qida zəncirinə keçərək onların sağlamlığını təhlükəyə atır. Mədənlərin su anbarlarının ağır metalları da torpaq və su yataqlarına qarışaraq bu faciəni iki qata çıxarır. Bu məsələ Zəncan vilayəti əhalisinin sağlamlığına ciddi zərbə vursa da cavabdeh şəxs və qurumlar üçün hələ də çox vacib sayılmır. Çünki bununla bağlı indiyə kimi heç bir təsirli tədbir görülməyib.

Qurğuşun və sink sənayelərinin tikintisində yanlış yer seçimi

Zəncan geologiyasında Zəncan şəhərinin yeraltı sularının axını, qurğuşun və sink sənayelərindən şəhərə doğrudur. Küləyin istiqaməti də elədir ki, havadakı çirkliliyi şəhərə doğru aparır. Bu sənayelərin tikintisindəki yanlış yer seçiminə görə, Zəncanın havasında və torpağında qurğuşun və sinkin miqdarı yüksəkdir. Mədənlərin ətrafındakı torpaq, hava və bitkilər qurğuşun və sinklə kifayət qədər çirklənib. Bir çox mütəxəssislər sənayelərin köçürülməsinin zəruriliyindən danışırlar. Amma bəziləri hesab edir ki, hətta sənayelərin köçürülməsi də artıq baş verənlərə çarə ola bilməz.

Mütəxəssislər, qurğuşun və sink sənayesinin istehsal etdiyi çirkləndiricilərin təhlükələri barədə illərdir xəbərdarlıq edirlər. Lakin hakimiyyətə bu problemin həlli əhəmiyyət daşımır. Zəncandan 15 kilometr aralıda yerləşən bu sənayelərin qeyri standard fəaliyyətləri nəticəsində və 10 milyon tona yaxın tullantıların toplanması, çevrə və zəncanlıların həyatı üçün artıq ciddi təhlükəyə çevrilib.

Zəncanlıların həyatı təhlükə altındadır

Zəncan Universitetinin professoru Əbdül Hüseyn Zəngənə bəyan edir ki, mədən tullantıları, çoxlu sayda fabriklər, sink və qorğuşun mədənləri, bu mədənlərin çıxarılması məsələsi diqqətlə araşdırılmalıdır və çevrə ilə insan sağlamlığına olan mənfi təsiri açıq şəkildə deyilməlidir. O, qurğuşun və sinkin düşündüyümüzdən daha təhlükəli olduğunu ifadə edərək əlavə edir: “ Son bir neçə onillikdə dünyada bu mövzuda araşdırmalar aparılıb və məlum olub ki, qurğuşun metalı ilə cəmiyyətdəki insanların zehni geriliyi arasında sıx əlaqə var və onun insan orqanizminə mənfi təsiri bilindiyindən daha da çoxdur. Zəncanda qurğuşun və sinkin olması həm fürsət, həm də cəmiyyət üçün böyük təhlükə sayıla bilər.  Çünki bu fürsətdən düzgün istifadə olunmazsa, insan həyatı üçün təhlükəyə çevrilir. Qurğuşun bədənə dəri vasitəsilə də sorulur. Hətta zəncanlıların dişlərində qurğuşun metal konsentrasiyası həddindən artıqdır. İnsanların dırnaqlarından götürülmüş nümunələrdə də oxşar nəticələr görülüb”. Bunlar da zəncanlıların həyatının necə bir təhlükə ilə qarşı qarşıya olduğunu göstərir.

Zəncan Dövlət Tibb Elmləri Universitetinin müdiri Rəhim Sərvəri də mətbuat konfransında Zəncan əyalətində 700-1000 xərçəng xəstəsi olduğunu qeyd edib. O, Zəncanda bu qədər xərçəng xəstəsinin olmasını şərtləndirən amillərdən birinin vilayətdəki qurğuşun-sink mədənlərinin fəaliyyətinin nəticəsi olaraq dəyərləndirib.

Zəncanlıların etirazı, hakimiyyətin susqunluğu

Güney Azərbaycan ölkə səviyyəsində bir çox böyük mədənə ev sahibliyi edir. Lakin onların fəaliyyətləri əksər hallarda yerli əhali ilə cavabdehlər arasında gərginliklərə səbəb olur.

Zəncanlılar dəfələrlə zəhərli tullantıların yaratdığı təhlükələrə və Zəncanda mədən sənayelərindən yaranan çirklənməyə qarşı çoxsaylı aksiyalar keçirərək etirazlarını bildiriblər. Ən böyük etiraz aksiyalarından biri 2013-ci ildə yüzlərlə zəncanlının iştirakı ilə baş verib. Bununla bağlı bir neçə ildə çoxlu etiraz kampaniyaları da aparılıb. Həmçinin, on ildən artıqdır ki, Zəncanda çevrə fəalları, universitet müəllimləri və tədqiqatçılar Zəncan şəhərində istehsal olunan çirkləndiricilərin təhlükələri barədə xəbərdarlıq edirlər.

Qeyri-hökumət təşkilatları da çevrə müdürlüyünün Baş İdarəsinə şikayət ediblər. Qeyri-hökumət təşkilatları tullantıların yığılması üçün müəyyən edilmiş yerin “sel və sürüşmə ehtimalı olan qeyri-sabit bölgə” və “şəhər çayları” arasında yerləşməsinə etiraz edərək, bu seçilen yerin təhlükəli və ziyanverici olduğunu bildiriblər.

Zəncanın inkişafı üçün böyük fürsət olan bu mədənlər, məsulların qərarları nəticəsində ve qeyri istandard işlərdən asılı olaraq bugün Zəncanın çevrəsinin çirklənməsi və əhalisinin canının təhlükə ilə qarşı qarşıya qalması ilə nəticələnib.

Zəncanlıların bu mədənlərdən qaynaqlanan təlükəyə qarşı etirazları cavabdeh şəxslərin və qurumların mövzunu sapdırması ilə qarşılanır. Bu şəxs və qurumlar etiraz edənlərin mədən fəaliyyətlərini dayandırmaq istəyi ilə günahlandırırlar. Ancaq fəalların istəyi mədən fəaliyyətlərini müasir metodlarla davam etdirməkdir. Normal şərtlərdə də belə olmalıdır. Misal üçün mədənin fəaliyyətini məhdudlaşdırmaq, yaxud mədən müdirliyini çevrəni qorumaqla vəzifələndirmək, müasir metodlarla tullantıları zərərsizləşdirmək və sairə. Lakin bu yollar güneydə elə də asan olmur. Çünki güneydəki mədən fəaliyyətinin bir başqa üzü daxili müstəmləkəçilikdən ibarətdir.

Zəncanın mədənləri və daxili müstəmləkəçilik

Daxili müstəmləkəçilik mədənlərin gəlirini mərkəzi vilayətlərə axıdaraq, ana vilayətləri (mədənlərin yerləşdiyi vilayətlər) həmin mədənlərin zibilliyinə çevirir. Görünüşünün əksinə olaraq mədənlər bölgədə inkişafa səbəb olmur. Bunu güneydəki bir çox mədənin fəaliyyəti göstərir. Vəziqan, Tikantəpə və Zəncan bunun bariz nümünələridir. Yerli əhalinin payı da yalnız mədənlərin ağır iş şərtlərində işçi kimi çalışmaq, çevrənin kirlənməsi və yerlilərin sağlamlığının təhlükəyə atılması olur.

Deməli mədənlərin fəaliyyətləri daxili müstəmləkəçilik nəticəsində həm çevrəyə ziyan vurur, həm də milli varlıqların talan edilməsi ilə sonlanır. Bununla yanaşı yerli əhalinin həyatını da təhlükəyə atır. Buna görə də yerli əhali əksər hallarda mədənlərin fəaliyyətinə müsbət yanaşmır.

Bu mədənlərdən Zəncan və ümumiyyətlə Azərbaycana qalan sadəcə az maaşlı ağır vəziyyətdə iş imkanları, çevrə problemləri və əhalinin sağlamlığının ziyan görməsi olur.

Azərbaycanlıların çevrə irqçiliyinə məruz qalması

İrqçilik deyəndə ağlımıza ilk azlıq təşkil edən qruplara qarşı tətbiq edilən iqtisadi-siyasi ayrıseçkiliklər gəlir. Ancaq sistemli şəkildə edilən ayrıseçkilik yalnız bunlarla bitmir. İrqçilik zaman keçdikcə suya qarışır, torpağa girir, havada dağılır və ekoloji ölçülər alır. Bu isə çevrə irqçiliyi deməkdir.

Azlıqların icmaları sistemli irqçi siyasətlər nəticəsində daha çox sağlamlıq problemləri də yaşayırlar. Əslində irqçi siyasət azlıqları yaşayış üçün uyğun olmayan yerlərdə yaşamağa məcbur edir. Onlar mədənlərin çirkləndirdiyi, zibillərin basdırıldığı, şəhərlərin çirkab sularının axdığı ərazilərdə, havası çirklənmiş bölgələrdə, böyük hava limanları və əsas magistral yolların kənarlarında məskunlaşmağa sürüklənirlər. Bütün bunlar həm də çevrə irqçiliyinin nümunələridir. Bunların nəticəsi olaraq isə azlıqların icmaları sağlamlıq problemlərindən daha çox əziyyət çəkirlər.

Bundan başqa çevrə irqçiliyi başqa formalarda da ola bilər. Məsələn azlıqların yaşadıqları bölgələrdə təhlükəsizlik qaydalarına uyğun olmayan iş şəraitinin olması, iş yerlərində sağlamlıq qaydalarına riayət olunmaması, mazut və ya kömürlə işləyən elektrik stansiyalarının yaxınlığında yaşamaq. Bu isə o deməkdir ki belə bölgələrdə yaşayan insanlar çirklənmiş hava ilə nəfəs alırlar, quyudan çıxarılan sulardan içib istilik problemi olan binalarda təhsil alırlar. Zəncanın mədənlərinin fəaliyyət də çevrə irqçiliyinin bariz bir nümunəsidir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.