Rubabə Təqizadə: İranda Türkcə və Farscanın etkiləşimi normal bir sürəc içində baş vermir

Google+ Pinterest LinkedIn Tumblr +

Rubabə Təqizadənin “İranda Türkcə-Farsca iki dilliliyi haqqında” adlı kitabı Türkiyədə yayımlanıb. Yazıçı kitabda İranda Türkcə və Farscanın bir-birinə toxunması nəticəsində yaranan dil aşınması məsələsini ələ alıb. Kiatb oktyabr ayında Gazi Kitabevi nəşriyyatı tərəfindən nəşr edilib. Kitab və mövzusu ilə bağlı kitabın yazıçısı ilə baş tutan müsahibəmizi sizə təqdim edirik.

Rubabə xanım, öncəliklə kitabınızın nəşri münasibəti ilə sizi təbrik edirik. Kitabda dil aşınmasından bəhs edirsiniz. Dil aşınmasından nəyi qəsd edirsininiz?

Sevgili Ətəkyazı əməkdaşları, öncəliklə yeni yayınlanan kitabıma göstərdiyiniz ilgi üçün çox sağ olun. Kitabda bəhsi keçən “dil aşınması” genəlliklə çeşidli nədənlərdən qaynaqlanan iki dillilik durumlarında hər hansı bir dilin ötəki dil üzərindəki aşamalı yıpratma/aşındırma etkisinin görünmə biçimidir. Özəlliklə də bu dillərdən birinin daha basqın olması durumunda bu aşınma ötəki dilin itiminə (yox olmasına/ölümüne) yol açacaq qədər uzanıb dəvam edə bilən bir dilsəl durumdur.

Niyə bu mövzu üzərində araşdırmağı seçdiniz? başqa sözlə bu müvzunun araşdırılması nə önəm daşıyır?

Bu qonunu araşdırmamdaki ən önəmli nədən, İran’da yaşayan Türklərin dilinin İran’ın tək rəsmi dili olan Farscanın basqın etkisi altında necə etkiləndiyini görə bilmək idi. Qaçınılmaz olan dilsəl etkiləşimləri dilbilimsəl olaraq doğru düzgün görüb dəyərləndirmənin bu sorunlara çözüm tapa bilmə qonusunda yardımcı olacağını düşünürəm.

Ümumiyyətlə, bu gün Türk dilinin İrandakı durumu necədir?

İran’da Türk dili çox geniş bir alanda danışılmaqdadır. Bu nədənlə də hər bölgənin dili fərqli biçimdə gəlişib dəyişməkdədir. Ortaq və ölçünlü (istandard) bir dil olmadığı üçün hər araşdırmacı bilgi və veri toplaya bildiyi bölgənin dilinin nə durumda olduğu haqqında danışa bilər. bu sorunu tam cəvablaya bilmək üçün hər bölgə ayrı ayrı araşdırılmalıdır. Mənim araşdırmam Doğu və Batı Azərbaycan bölgələrinin bir neçə şəhərindən yığılan dil verisi üzərində idi. Bu bölgədə yaşayan Türklər, Farscanın etkisini genəlliklə Televizyon və təhsil yoluyla görürlər. Bu nədənlə də gündəlik danışıqlarında başqa bölgələrdə yaşayan Türklərlə (Tehran kimi şəhərlərdən) qarşılaşdırıldığında Farscadan daha az etkiləniblər ancaq mənim araşdırmadığım Muğan kimi yerlərdən isə daha çox etkilənmiş ola bilərlər. Bölgədən bölgəyə dəyişən bu durum genəl olaraq İranda Türkcənin həm qorunub həm də aşındığını göstərməkdədir.

Sizcə İranda Türk və Fars dilinin etkiləşimi normal bir sürəc içindəmi baş verir?

Kəsinliklə bu normal bir sürəc deyildir. Eşidsizlik və tək yönlü basqı bu etkiləşimin hər alanında vardır. Bunların başında Farscanın rəsmi dil olması və öyrədilməsi ancaq Türkcənin belə bir imkanının olmaması gəlir.

Özət olaraq bizim durumumuzda olan toplumların dili, rəsmi dil(basqın dil) qarşısında hansı səviyyələrdə və necə dil aşınmasına uğrayır?

Dil aşınması, hər dilin öz dilsəl özəllikləri və qarşısındaki dilin dilsəl özəllikləri başda olmaq üzərə, dil siyasətləri, tarixsəl və toplumsal bir çox nədəndən qaynaqlanıb ortaya çıxan bir durumdur. Hər dil bu sürəci fərqli yaşaya bilər. Bəzi dillər yalnız sözcük borc alır bəzisi isə biçimbilimsəl (morphologic) və sözdizimsəl (syntactic) özəllikləri də alaraq aşınır. Sözcüksəl aşınma bu sürəcin ilk və ən çox görünən ancaq ən az təlükəli olan üzüdür. biçimbilimsəl və sözdizimsəl səviyyələrindəki aşınma isə daha az gözə gəlsə də daha çox təhlükə içərən aşınma səviyyələridir.

Bəs, aşınma ən çox hansı sözcük növlərində baş verir və niyə? Sintaksis olaraq nələr aşınır?

Mənim araşdırmamda ən çox borc alınan və aşınmaya yol açan sözcük növü bağlaclar idi. Bunlardan ən önəmlisi ‘ki’ bağlacıdır çünkü ‘ki’ bağlacının Türkcədə qullanılması sadəcə yabancı bir sözcüyun işlədilməsi deyil eyni zamanda başqa bir dilin sözdizimsəl qalıbını da işlətməkdir. Çoxca işlədilən bu qalıb Türkcəni Farscaya ən çox bənzədən aşınma görünümüdür. Bu bənzəşmə sözdizim səviyyəsində üz verir və düzəldilməsi daha çətin olan bir etkidir.

Sizcə Türk dili bu aşınmaya məğlub olubmu? olmayıbsa səbəbləri nədir?

Yuxarıda dediyim kimi Türkcə Farscadan çeşidli açılardan etkilənibdir ancaq bunu kəsinliklə məğlubiyyət adlandırmıram. Türkcə bu dilsəl basqıya bir çox açıdan da dirənməkdədir. Bunun ən önəmli görünümləri Türkcənin biçimbilim səviyyəsindədir. Bunun səbəbi Türkcənin biçimbilimsəl özəlliklərinin Farscadan etkilənmyəcək qədər qurallı, qaydalı və açıq (saydam) olmasıdır. Ayrıca əski zamanlarda Türkcədən etkilənərək dəyişən ve Türkcəyə bənzəyən bir Farscadan söz edirik. Bu da Farscanın bugün basqın dil olsa da Türkcəni bir səviyyənin üstündə etkiləyə bilməyəcəyi gerçəyinin sübutudur.

Son sual olaraq; sizcə fars dili türk dilindən tasirlənibmi? Təsirlənibsə xülasə olaraq bu təsirlər nələrdir?

Türkcə ilə Farscanın etkiləşimi çox uzun illərə dayanmaqdadır. keçən yüz ildə bu etkiləşimdə Farsca basqın dil olsa da bu tarix boyu belə deyildi. Türkcənin etkilərini Farscanın sözvarlığında açıq bir şəkildə görmək mümkündür. Farscada çox sayıda qullanılan Türkcə sözcüklər Gerhard Doerfer kimi bir çox araşdırmacı tərəfindən zaman zaman toplanılıbdır. Dilin başqa səviyyələrində özəlliklə də biçimbilim səviyyəsində də Türkcənin etkisini görmək mümkündür. Farscanın, bir Hind-Avrupa dili olduğu iddia edilməkdədir. ancaq yiyəlik əkləri kimi bir çox dilsəl özəlliyi bu dil ailəsinə uyğun deyildir. Farscanın Hind-Avrupa dillərinə bənzəməyən özəllikləri Türk dilləri ailəsinə bənzəməkdədir. Bu da Farsca ilə Türkcənin qarşılıqlı etkiləşim içində olduqlarını göstərir.

Sonuc olaraq İranda Farscayla etkiləşimdə olan Türkcənin sözdizimi ötəki səviyyələrə görə daha çox aşınma təhlükəsi yaşamaqdadır və biçimbilimi özünü ən çox qoruya bilən səviyyədir. Borc alınan sözcüklər isə bu etkiləşimin bəlkə də ən təhlükəsiz və düzəldilməsi ən rahat olan səviyyəsidir. Bunun dilbilimsəl nədənlərini açıqlamaq bu danışığa sığmayacaqdır. Kitabda bu qonulara əlimdən gəldiyi qədər açıqlıq gətirməyə çaışmışam.

Rübabə xanım, Ətəkyazının suallarına vaxt ayırdığınız üçün çox təşəkkür edirik.

Mən də sizə ayırdığınız zaman və ilgiliniz üçün çox təşəkkür edirəm

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.