Ruhi Tuna həyatla vidalaşdı

Google+ Pinterest LinkedIn Tumblr +

Güneyli rəssam və heykəltəraş Ruhi Tuna, 30 oktyabr 2021-ci ildə Kanadada yerləşən Etobicoke General Hospital adlı xəstəxanada dünyasını dəyişib. Ruhi Tuna mədəaltı vəzi xərçəngindən əziyyət çəkirdi.

O, 23 dekabr 1965-ci ildə Marağada anadan olub. Uşaq yaşlarından incəsənətə marağı olan Ruhi ilk öncə rəssamlığa maraq göstərib. Sonradan siyasi düşüncələrinə görə həyatının 7 ilini İran zindanlarına keçirməyə məcbur olub. Müsahibələrində Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs olunduğunu qeyd edib. Çəkdiyi karikaturaya görə həbsə düşən o, ilk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltəraşlığa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltəraş kimi fəaliyyətini davam etdirib. Həbsdən azad olunsa da təqiblərə məruz qaldığı üçün 1999-cu ildə Türkiyəyə köçüb. İstanbula köçdükdən sonra da peşəkar fəaliyətinə davam edib. Türkiyədə vətəndaşlıq ala bilmədiyi üçün 2006-cı ildə xanımı Rimma Muhitova ilə birlikdə Kanadaya köçüb və ömrünün sonunadək də burada yaşayıb.

Heykəltəraş Ruhi Tuna 17 yaşında ikən Təbriz zindanında Səttarxan, Qaçaq Nəbi, Koroğlu kimi milli şəxsiyyətlərin heykəllərini düzəldərək həbsxana yoldaşlarına hədiyyə edib. Gənc yaşlarından daşıdığı milli ruh sənətkarın bütün əsərlərində gözə çarpır. Ruhi Tuna Babək Xürrəmi, Səttarxan, Bağırxan, Məmməd Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Əbülfəz Elçibəy kimi bir çox milli şəxsiyyətlərin heykəlini düzəldib. Onun əsərləri tək Azərbaycandakı şəxsiyyətlərə həsr edilməyib. O,  Atatürkün, Yunus Əmrənin, Məxtimqulunun, İsmayıl xan Qaşqayın və digər türk dünyasının tanınmış şəxsiyyətlərinin də heykəllərini düzəldib.

Bundan başqa çağdaş Güney Azərbaycan aydınlarından olan Prof. Zehtabi, Prof. Heyət və Rza Bərahəninin heykəlləri də onun əl işləri sırasındadır.

Ruhi Tuna qısa sürən ömründə özündən sonra türk dünyası üçün böyük miras qoyub. Bu miras onun xatirəsini daim yaşadacaqdır.

Ətəkyazı adından ailəsi, yaxınları və Azərbaycan millətinə baş sağlığı veririk.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.