“1401-ci il fərvərdin ayının 5-də (25 mart 2022) atam Rza Bərahəni dünyanı tərk edib, günəşin görüşünə tələsdi.” Oktay Bərahəni instaqramda paylaşdığı bu cümlə ilə atası Rza Bərahəninin ölüm xəbərini yayıb. O günəşin yolunu gözləyən şair, Azərbaycanın Şahnaməsi saydığı “Yurdumun sirləri” romanının yazıçısı, ədəbi tənqiçdi, Azərbaycan Milli Hökumətinin son yadigarı, sosialist düşüncəli siyasi fəal və dilini udmuş Təbriz türkü idi.
Rza Bərahəni 13 dekabr 1935-ci ildə Təbrizdə dünyaya göz açıb. O, 9 yaşında ikən Mir Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycanın güneyində Azərbaycan Milli Hökuməti qurulur. Balaca Rza da burada qurulan türk dilli məktəblərdən birinin şagirdi olur. Burada bir il ərzində öz ana dilində aldığı təhsil ömrü boyu savaşını aparacağı dil məsələsinin başlanğıc nöqtəsidir. Daha sonra isə Azərbaycan Milli Hökumətini yıxan Pəhləvi qoşunlarının törətdiyi cinayətlərə, o cümlədən də onların türkcə kitabların yandırılmasını təşkil etməklərinin yaxından şahidi olub. Bu isə sonralar gənc Bərahəninin Pəhləvi rejiminə qarşı siyasi fəaliyyətlərinə yön verəcək.
22 yaşında Təbriz Universitetinində ingilis dili və ədəbiyatı ixtisasını bitirərək diplom alır. Təhsilini davam etdirmək üçün Türkiyəyə gedir və doktorluq dərəcəsi alaraq İrana qayıdır. Tehran Universitetində tədrisə başlayır lakin siyaso baxışları və fəaliyyətləri nəticəsində universitetlərdən uzaqlaşdırılır. 3 sentyabr 1973-cü ildə 102 gün pəhləvi zindanlarında saxlanılır və işgəncələrə məruz qalır. ABŞ-a gedir və akademik fəaliyyətləri ilə birgə insan haqları fəaliyyətlərinə də qoşulur və SAVAK (Ölkə Təhlükəsizlik və İnformasiya Təşkilatı) güclərinin siyasi məhbuslara etdiyi işgəncələri dünya ictimaiyyətinə çatdırmaqda önəmli rol oynayır.
Daha sonra yenidən İrana qayıdır və 1979-ci il inqilabını dəstəkləyir. Həmin illərdə yazdığı məqalələrdə milli məsələni gündəmə gətirir və onun əhəmiyyəti barədə xəbərdarlıq edir. Lakin ümid bəslədiyi inqilabın səhvlərini tez başa düşür və az müddətdə islami dövlətin də müxalifinə çevrilir. Daha sonra yenidən məhbus olur və hər iki rejimin məhbusu olmuş intellektual kimi tarixə düşür.
Universitetden uzaqlaşdırılsa da Tehranda evinin alt mərtəbəsində ədəbiyyat dərslərinə başlayır və həmin illərdə şah əsərlərini yaradır. Lakin təzyiqlər nəticəsində yenidən ölkədən çıxmalı olur. ABŞ-da və Kanadada akademik fəaliyyətinə yenidən davam edir. Daha sonra Kanadada məskunlaşır və ömrünün sonunadək orada yaşayır. Son zamanlar isə altsheymer xəstəliyindən əziyyət çəkirdi.
86 illik həyatında enişli yoxuşlu yollardan keçərək dünya şöhrətli yazıçı olur və bir çox önəmli əsərlər yaradır. O həm də fars ədəbiyyatında ədəbi tənqidin banisi hesab edilir. Və fars ədəbiyyatında əvəzedilməz məqama sahib şəxs kimi tanınır.
Ədəbi fəaliyyəti
Rza Bərahəni ingilis ədəbiyyatı üzrə doktorluq dərəcəsi ilə İrana qayıdır və az müddətdə Tehranın ədəbi cəmiyyətlərinə daxil olur. Fars şairlər və yazıçılar arasında sərt tənqidləri ilə tanınır. Təla dər mes (Misdə qızıl) kimi kitablarla fars ədəbiyyatında tənqidin yolunu açır və fars ədəbiyyatında tənqidin atası ləqəbini qazanır. Həmin illərdə “Qesse nevisi” kitabını nəşr edərək müasir hekayənin nə olduğu barədə yazır və elmi metodlarla hekayə yazmağı öyrədir.
Dövrün başqa fars yazıçıları ilə birlikdə İran Yazıçılar Birliyinin yaranmasında önəmli rol oynayır. Senzuraya qarşı savaşan intelektuallar arasında yer alır və şah sarayına yaxın şairləri və yazıçıları tənqid atəşinə tutur. O həm də patriarxat mədəniyyətinə qarşı çıxır və onun tarix və ədəbiyyatda olan izlərindən danışır. Rza Bərahəni yazıçılar arasında feminist yazıçı kimi də tanınır.
Özü deyirdi ki mən əslində bir nağıl deyənəm. Yazıb yaratdığı romanlar da buna sübut kimi görünür. “Razhaye Sərzəmin Mən” (Yurdumun sirləri), Ruziqari Duzəxiyi Ağayi Əyaz (Ayaz bəyin cəhənnəm günləri), Azadə xanım və nevisəndeəş (Azadə xanım və yazıçısı), Avaz Koşteqan (Ölülərin sədası) kimi romanları qələmə alıb və Nobel mükafatına namizəd olub. Rza Bərahəni “Xetab be pərvaneha” (Kəpənəklərə xitabən), İsmail, Biya Kenar Pəncəre (Pəncərənin yanına gəl) kimi bir çox şeir məcmuələrini də nəşr edib.
Onun ingiliscə və fransızca yazdığı əsərlər də var. Eyni halda bir neçə dünya klassiklərinin əsərlərini də farscaya tərcümə edib. O 2000-ci ildən 2002-ci ilə qədər Kanada Pen Klubunun başçısı olub.
Siyasi həyatı
Bir il fəaliyyət göstərən milli hökumətdə öz dilində təhsil alan Rza Bərahəni ömrü boyu həmin ilin təsiri altına yaşayıb. O Pəhləvi qoşunlarının hücumu barədə danışıb, yazdığı romanlarda o günlərdən söz açıb.
Məktəb illərində türkcə yazdığı divar qəzetini müəllimin ona zorla yedirtdiyini deyir və onunla da türkcəni udduğunu qeyd edirdi. Bununla da öz ana dilinə xəyanət etməyə məcbur qaldığını deyirdi. Yazıb yaratdıqlarında da həmişə bu mövzudan söz açıb və bununla da fars şovinistləri tərəfindən pantürk ləqəbi alıb.
Rza Bərahəni eyni halda fars olmayanların da hüquqlarının müdafiəçisi olub. Ərəb yazıçı Yusef Əzizi Bənitorof onu fars ədəbiyyatında vərdişə dönmüş ərəb düşmənliyinin də qarşısında durduğunu deyir. Səfəre Mesr (Misr səfəri) kitabında fars yazıçıların ərəb düşmənliyinə qarşı olduğunu tanınmış fars yazıçı Cəlal Aliəhməd ilə bu barədə mübahisə etdiyini də qeyd edib.
Rza Bərahəni sosialist düçüncəyə malik idi. O, sosialist hərəkatlarla da sıx əlaqədə olub. 1950-ci illərdə yazdığı “Hakim və məhkum mədəniyyət” məqaləsinin çapına qadağa qoyulur. Bərahəni isə Pəhləvi diktatorluğunda senzuraya qarşı çıxır və bununla da həbsə gedir. Lakin onun həbsdə olduğu günlər rejimə baha başa gəlir. “Zəllüllah” şeir toplusunda Pəhləvi rejiminin siyasi məhbuslara qarşı işgəncələrinə aydınlıq gətirir. O, bir məqaləsində məhbuslara təcavüz olunduğunu yazır və “Penthouse” jurnalında çap etdirir. Bununla da şah rejiminin cinayətlərini dünya göstərir.
Pəhləvilərin diktatorluğu və insan haqlarını pozmalarını üzə çıxaran Bərahəni ən yaxşı insan haqları jurnalisti mükafatına layiq görülüb.
1979-cu İslam İnqilabını dəstəkləyib. Lakin sonradan bütün ümidləri boşa çıxıb və yeni hökumətin də müxalifinə çevrilir. O daha sonra azərbaycanlı fəallarla sıx əlaqəyə girir və bununla da keçmiş dostlarının düşməninə çevrilir və pantürk olmaqda günahlandırılır.
Onun fars mühitində geniş ədəbi fəaliyyəti olub, lakin milli hqları müdafiə etməsi üçün ona separatçı deyənlər çox olub. Ölümü ilə də eyni iddialar yenidən səsləndirilib. Fars olmayanların milli haqlarının müdafiəçiləri onun ölümünü faciə kimi dəyərləndirirlər. Lakin Pəhləvi rejiminin hamiləri və şovinistlər onun ölümünə sevinirlər.