Rza Bərahəni əsərlərinin böyük bir qismini fars dilində qələmə alıb. O ana dili türkcəni həsrət və nisgillə sevib. Türk dilində yazanlara hörmət etməklə yanaşı, fars dilini də çox sevirdi. Amma türkcə heç bir əsəri olmadığından yaradıcılığının türk dilinə və türk dilli ədəbiyyata heç bir qatqısı olmayıb. Azərbaycan türkcəsinin yazılı kültür materialları və ədəbiyyatı baxışı ilə baxsaq, Bərahəninin yaradıcılığı, Nizami, Mövlana və bütün fars dilində yazan türklərin əsərləri kimi fars dilli ədəbiyyatın xəzinəsi sayılır. Yəni mövzusundan asılı olmayaraq hər hansı bir ədəbi yazı hansı dildə yazılırsa o dilin ədəbiyyatı olur və bu artıq gözardı etməməmiz gərəkən bir gerçəkdir. Bu nöqtədə soruşmalı olduğumuz sual budur: Bərahəni nə üçün azərbaycanlılar və milli hərəkat üçün önəmlidir? Bu qısa yazıda bu suala cavab olaraq Bərahəninin ahəmiyyətinə iki yöndən baxmağa çalışacağam; birincisi onun yazılarının mövzusu, ikincisi azərbaycanla bağlı müdafiə etdiyi ictimai-siyasi məsələlər.
1. Bərahəni yaradıcılığı və yazılarının mövzusu
Bərahəni tipik bir təbrizli idi. Təbriz şəhərinin və Təbriz insanının xarakter və xüsusiyətlərini sıralamaq bu yazının mövzusu olmadığına görə sadəcə bir mövzuya işarə etməklə yetinirəm. O da budur ki, təbrizlilərin yadda qalan tarixi yaddaşları acılı-şirinli qərib və bir millətin taleyinə yön verəcək hadisələrlə doludur. Bərahəni bu şəhərin iç məsələlərini, küçələrini, hadisə məkanlarını və xüsusi xarakterlərini dərindən tanıyıb yazan bir adam olub. Ceyms Coysun Dublin şəhərini, Orhan Pamukun İstanbulu və Markesin Kartexena şəhərini təsvir etdiyi kimi, Bərahəni də Təbrizi müasir üslubla nağıllaşdıra bilib. Bu nağıllaşdırmada unudula bilən, bir an gözdən qaçan və ahəmiyyətsiz nəzərə gələn səhnələri, şəxsiyyətlərin davranışlarını, şəhərin evlərini və evlərin içində və eşiyindəki buruşuq rabitələri incəliklə yazılarına köçürüb. Belə bir ədəbi-tarixi qayda Bərahəninin uğurla həyata keçirdiyi bir qaydadır. Bu hər yazıçının yaradıcılıq məqsədi olmayıb.
2. Azərbaycanla bağlı müdafiə etdiyi ictimai siyasi məsələlər
Bərahəni fars ədəbiyyatının ən yüksək və əlçatmaz zirvəsində dayanaraq, İranın aydın toplumu içində ən tanınmış sosial bir fiqur olaraq ən güclü və tanınmış tribunalardan türk dilinin haqlarından, azərbaycanlıların muxtariyyət haqqından və hakim kültürün zülmündən danışırdı. Bu saydığım sosial problemlər Bərahəninin tapıntıları deyildi. Bildiyimiz kimi, bu fikirlər aşağı-yuxarı yüz ildir fərqli şəraitdə, fərqli formalarda, fərqli şəxslər tərəfindən min dəfə təkrarlanıb və təkrarlanmağa da davam edir. Amma bu sözlərin və fikirlərin Bərahəninin dilindən çıxmasının önəmi nədir?
Millətçilərin baxışına görə Bərahənidə qüsur kimi görünən şey, onun fars dilli ədəbiyyatın zirvəsinə qalxmasıdır. Yəni bütün məsələ Bərahəninin fars ədəbiyyatında güclü və adlım olması və onun İran intellektual mühitindəki mövqeyi və statusudur. O ən zirvədən fars dilinin tək səsli iqtidarına və diktatorluğuna üsyan edə bilir. Əslində fars dilinin hakimliyinə inanan adamları incidən nöqtə də elə budur! Bu onlar üçün bir ziddiyyətdir. Elə Bərahəninin böyüklüyü də onlarda bu ziddiyyəti yarada bilməsidir.
Corc Bernard Şounun yarı ciddi yarı zarafat belə bir sözü var: “The secret of success is to offend the greatest number of people” ( Uğurun sirri ondan gizlənir ki, mümkün qədər daha çox insanda hiddət və acıq hissi oyada biləsən.) Bərahəni fars hakimiyyətinə inananlarla bu işi görə bilmiş, onları acıqlandıra bilmişdi. Amma hər qazancın bir uduzma təhlükəsi də var. Bərahəni ömrünü sərf edib fars ədəbiyyatında qazandığı mövqeyi etnik ədalətsizliyi ortadan qaldırmaq üçün təhlükəyə atdı. Yəni mövqeyini, hörmətini, izləyənlərini və oxucularını itirməkdən qorxub çəkinmədən həqiqətdən, insan haqlarından, azlıq durumunda olan etniklərdən və xüsusilə də türklərin haqlarından danışdı. Üstünə üstəlik, ömrünü verib qazandığı ən güclü tribunaları bu səsi qaldırmaq üçün istifadə etdi. Hətta şovinistlərin öz tribunlarından belə bu səsi eşitdirmək üçün istifadə etdi. Təbii ki belə iş görmək fars dilində yazan bütün türk yazıçılar üçün keçərli deyildi. Çünki o statusu qazanmaq hər aydının taleyinə düşmür. Bərahənini başqa fars dilində yazanlardan fərqləndirən cəhət onun “hakim” toplumun içində ən güclü səsə sahib olması və “məhkum” toplumların və səsi olmayanların səsinə çevrilməsidir.
Nəticə olaraq, Bərahənini milli hərəkat üçün dəyərsiz bilənlərə çatdırmaq istədiyim arqument budur: Həqiqəti söyləmək baxımından insanların sözlərinin dəyəri bir olsa da, o sözlərin kəsərliliyi və ya təsiri bir deyildir. Kəsərlilik, sözün kimin tərəfindən və hansı mövqedən deyilməsinə birbaşa bağlıdır. Bu gerçək xüsusilə siyasət dünyasında, akademik dünyada və professional iş dünyasında gözardı edilməməsi vacib olan bir gerçəkdir. Bərahənini bizim üçün əhəmiyyətli qılan onun dayandığı yer, qazandığı mövqe və ən məşhur bir yazıçı olmasıdır.