İranın Statistika Mərkəzinin verdiyi məlumata əsasən ölkə səviyyəsində savadlılıq mərkəzi vilayətlərdən uzaqlaşdıqca azalır. Ümumiyyətlə farsların yaşadığı mərkəzi vilayətlərdə savadlılıq göstəricisi fars olmayanların yaşadığı yerlərlə müqayisədə daha yüksəkdir.
2016-ci ilin vəziyyətini nümayiş etdirən bu statistikaya əsasən ölkədə ən az savadlı vətəndaş Sistan Və Bəlucistan, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərində yaşayırlar. Mərkəzi vilayətlərdə isə bunun əksini görürük. Tehran, Əlburz, Simnan və Yəzd vilayətləri savadlı vətəndaş sayına görə ilk sıralardadılar.
İranda təhsil yalnız fars dilində olur və fars olmayanlar məktəblərdə öz ana dillərində deyil, ölkədə rəsmi dil kimi tanınan farscada təhsil almalı olurlar. Xüsusilə güney azərbaycanlı fəalların diqqət yetirdiyi bu məsələ 100 ilə yaxındır ki bir çox fars olmayan şəxslərin təhsildən uzaqlaşmasına səbəb olub.
Fars olmayanların yaşadığı bölgələrdə təhsil imkanları da daha azdır. Bu isə fars olmayanların yaşadığı ikiqat çətinlikləri göstərir. Onlar ölkə səviyyəsində təhsil imkanları ən zəif olan bölgələrdə öz ana dillərində deyil, yalnız fars diliində təhsil almağa məcburdular.
Ayrıseçkilik nəticəsində yaranan zəif təhsil imkanları və təkdillilik siyasəti nəticəsində yaranan yad dildə təhsil çətinlikləri fars olmayanların savadlanma yolunda yaşadıqları çətinliklərdəndir. İran Statistika Mərkəzinin verdiyi məlumat da bu çətinliklərin nəticəsini əks etdirir. Bu hal həm də farsların daha gəlirli işlərə qəbul edilməklərinə və ümumiyyətlə daha önəmli vəzifələrə keçməklərinə səbəb olur. Fars olmayanların isə inkişaf yolunda farslarla müqayisədə daha az şansları və imkanları olur.
Güney azərbaycanlılar arasında farsca bilik səviyyəsi
İranda farscanı bütün ölkənin ortaq varlığı və dili kimi təqdim etmək siyasəti hər yerdə görünür. Lakin bunun belə olmadığı bilinir. İran fərqli etniklərin cəmləşdiyi bir ölkədir. Lakin yalnız farsca rəsmi dil statusu qazanıb.
“Farsca yalnız farsların deyil bütün ölkənin dilidir” kimi miflərin tərəfdarlarının iddiasının əksinə İranda yalnız farslar öz ana dillərində təhsil ala bilirlər. Fars olmayanlar farscadan yalnız rəsmi dövlət qurumlarında və rəsmi işlərdə istifadə edirlər. Brenda Şafferin istinad etdiyi “Moc-e sevvom-e ərzişha və neqəreş-i İraniyan” məlumatına əsasən Güney Azərbaycan türklərin 79 faizi evlərində yalnız türkcədən istifadə edirlər. Türkmən, lor, ərəb, kürd, bəluc və başqa etniklərin də əksəriyyəti Azərbaycan türkləri kimi öz evləri və başqa xüsusi məkanlarda yalnız öz dillərində danışırlar.
ETNİK QRUP | YERLİ ETNİK DİLİ | FARSCA |
FARS | 15% | 85% |
AZƏRBAYCANLI | 79% | 21% |
LOR | 85% | 15% |
kÜRD | 85% | 15% |
TÜRKMƏN | 92% | 8% |
ƏRƏB | 82% | 18% |
TALIŞ | 74% | 26% |
BƏLUC | 94% | 6% |
GİLƏK | 70% | 30% |
MAZƏNİ | 65% | 35% |
Eyni mənbənin verdiyi bir digər statistikaya əsasən fars olmayanların təxminən yarısı fars dili biliklərini aşağı dəyərləndiriblər. Güney azərbaycanlıların yalnız 22 faizi farscanı çox yaxşı bildiklərini qeyd ediblər.
Fars dilində bilik səviyyəsi
ETNİK QRUP | MÜƏYYƏN DƏRƏCƏDƏ VƏ YA DAHA AZ | Yüksək VƏ ÇOX Yüksək |
AZƏRBAYCANLI | 43% | 57% |
LOR | 41% | 59% |
KÜRD | 34% | 66% |
TÜRKMƏN | 54% | 46% |
ƏRƏB | 39% | 61% |
TALIŞ | 35% | 65% |
BƏLUC | 46% | 54% |
Azərbaycanlıların fars dilinə sahib olmaqları
YAŞ QRUPU | ÇOX AZ | AZ | MÜƏYYƏN DƏRƏCƏDƏ | YÜKSƏK | ÇOX YÜKSƏK | N |
15-25 | 1% | 3% | 18% | 43% | 35% | 21% |
26-35 | 1% | 4% | 27% | 42% | 26% | 27% |
36-45 | 5% | 8% | 33% | 33% | 20% | 21% |
46-55 | 10% | 10% | 33% | 31% | 16% | 14% |
56-65 | 19% | 19% | 25% | 25% | 13% | 11% |
65+ | 33% | 22% | 27% | 12% | 7% | 7% |
TOPLAM | 7% | 9% | 27% | 35% | 22% | 100% |
Ölkədəki təhsil dilinin farsca olduğuna diqqət yetirdikdən sonra yaranan iş imkanlarının da farsca ilə dərin əlaqəli olduğunu görürük. Farsca biliklərinə əmin olmayan azərbaycanlılar və başqa fars olmayanlar daha zəif işlərə yönəlirlər.
Təkdilliyi müdafiə etmək istəyən “Farsca ölkənin ortaq dilidir” kimi miflər də sistemli şəkildə yeridilən ayrıseçkiliyi müdafiə edərək, ədalətsizliyin davamlı olmasını təmin edirlər. Reallıqlara əsasən bu mifinin rəddi rahat olsa da onun nəticələri ağır olub. İran Statistika Mərkəzinin verdiyi məlumat bu nəticələrdən biridir.
Bir başqa nəticə isə fars olmayanların universitetlərə qəbul olmaqları ilə bağlıdır. Son universitetlərə qəbul imtahanı nəticələrinə əsasən mərkəzi vilayətlər daha çox tələbəni universitetlərə göndərirlər.
Savadlanma və yaxud farscada savadlanma?
İranın rəsmi təhsil sistemində savadlanma yalnız fars dilində gerçəkləşdirilir. Uşaqlarla etnik mənsubiyyətindən asılı olmayaraq məktəbə girdiyində bir fars kimi davranılır və məktəbə gəlməmişdən(ailə içində və toplumda) qabaq farscanı bildiyi hesab olunur. Məktəbdə isə farscada yazıb oxumaq öyrədilir və sonrakı illərdə də fərqli elm sahələri ilə tanış edilirlər.
Deməli İranın rəsmi təhsil sisteminə görə İrandakı yaşayan hərkəs farsdır. Fars olmayan uşaqların üzləşdikləri çətinlik də elə ilk saniyədən başlayır. Onlarla farscanı bilən biri kimi davranılır və bu gələcəkdə onlarla fars etnikinə mənsub uşaqların yeriyəcəkləri yolu böyük ölçüdə dəyişdirir və ayrıseçkilik ilk anlardan etibarən fars olmayanların yaxasından yapışır.
Təhsil sisteminin bu siyasəti bəzi fars olmayan ailələrin uşaqları ilə öz ana dillərində deyil fars dilində danışmaqlarına gətirib çıxarır. Onlar öz övladları ilə yad dildə danışaraq onların ilk təhsil illərində qarşılaşacaqları ayrıseçkilik səddini aşacağını ümid edirlər.
2022-ci ilin yanvar ayında başlayan “Mənofarsi” həştəqi başlığı altında paylaşılan xatirələrin də önəmli qismi həmin məsələ ilə bağlı idi. Fars olmayanlar ilk məktəb illərində qarşılaşdıqları çətinliklərdən söz edib təkdilli təhsil sitemini qınamışdılar. Bəzi istifadəçilər ilk məktəb illərində təhsili tərk edənlərdən söz açmışdılar.
1993-cü ildə Şərqi Azərbaycan və Tehranda təhsildə dil məsələsinin real təsiri haqqında aparılmış araşdırmada eyni səviyyəli türk və fars uşaqları müqayisə ediliblər. Onlar fərqli bölmələrdə bir-birləri ilə müqayisə ediliblər. Maksimum nəticəsi 20 olan savadlanma imtahanında türk uşaqlarının nəticəsi 8.5 olduğu halda fars uşaqların göstəricisi 15 olub. Xüsusilə ədəbiyyat kimi dil ilə dərin bağlılığı olan dərslərdə farslarla fars olmayanların arasındakı fərq daha qabarıq şəkildə gözə dəyir. Şərqi Azərbaycanda iki dilli uşaqların təhsil məsələləri adlı araşdırmanın müəllifi Solmaz Müdərris Tehrandan və Şərqi Azərbaycandan hərəsindən 12 məktəbi seçərək burada təhsil alan uşaqları müqayisə edib. Nəticələrə əsasən Şərqi Azərbaycanda öz ana dilində təhsil almayan türk uşaqların öz ana dilində təhsil alan fars uşaqlardan geri qaldıqları müəyyən edilib.