Bu məqalə Wynne Davis tərəfindən 2016-ci ilin dekabr ayının 5-də “npr.org” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.
Saxta xəbərlərin real həyatda nəticələri ola bilər. Bazar günü polis tüfəngli bir adamın Vaşinqtondakı pizzacıya girib və restoranın içərisində atəş açdığını söylədi. Bu şəxs internetdəki əsassız bir Konspirasiya nəzəriyyəsini “özü araşdırdığını” iddia edib.
Deməli, bəli, saxta xəbərlər böyük problemdir.
Papa Fransisin noyabr seçkilərində Donald Trampı dəstəklədiyini iddia edən başlıqlar və American News kimi saytlarda aldadıcı hekayələr paylaşması və ya kontekstdən ayırlmış sitatların paylaşması çox diqqət çəkib. DC Gazette kimi saytlar Clinton ailəsi ilə bağlı araşdırma aparan insanların ölü tapılması haqqında hekayələr paylaşdıqda, hekayələr viral olur və bəzi insanlar onlara inanır. Yenə deyirəm, bu hekayələr heç bir şəkildə doğru deyil.
Saxta xəbərlərin yayılmasının qarşısını almaq təkcə onları yaymaq üçün istifadə olunan platformaların məsuliyyətində deyil. Xəbərləri istehlak edənlər də oxuduqlarının doğru olub olmadığını müəyyən etməyin yollarını tapmalıdırlar. Aşağıda bir neçə məsləhət təklif edirik.
Burda ideya ondan ibarətdir ki, insanlar fundamental media savadlılığı anlayışına sahib olmalıdır. Və bu yaxınlarda Stanford Universitetinin tədqiqatçıları tərəfindən açıqlanan bir araşdırmaya əsasən, bir çox insanın belə savadı yoxdur.
Stenfordda təhsil və tarix professoru olan və tədqiqatın aparıcı müəllifi Sam Wineburg deyir ki, həll yolu bütün oxucuların fakt yoxlayıcısı kimi oxumasıdır. Bəs fakt yoxlayıcıları öz işlərini necə görürlər?
Poynter-də (Poynter Institute for Media Studies) Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin direktoru Aleksios Mantzarlis deyir ki, fakt yoxlayıcıların məşğul olduqları hər bir iddia üçün bir proses var. Mantzarlis deyir:
“Obyektiv şəkildə təsdiqlənə bilən bir iddianı təcrid edəcəksiniz, bu mövzuda ən yaxşı əsas mənbələri axtaracaqsınız. Onların iddiaya uyğun olub-olmadığını və ya təkzib və ya sübut edib-etmədiklərini tapın və sonra bütün məhdudiyyətlərlə birlikdə məlumatları və məlumatların iddia barəsində nə dediyini təqdim edin”.
Peşəkarlar üçün çərçivə budur, lakin hər kəsin özü üçün bir az fakt yoxlaması etməsinin yolları var.
Melissa Zimdars Şimali Andoverdəki Merrimak Kollecində kommunikasiya və media üzrə dosentdir. O, tələbələrinin şübhəli mənbələrə istinad etdiyini görəndə, mənbələr haqqında necə düşünmək lazım olduğuna dair bir sənəd, eləcə də çaşdıran, satirik və saxta saytlarların siyahısını hazırladı və onlarla paylaşdı.
Həm Mantzarlis, həm də Zimdars, insanların onlayn məqalələri oxuyarkən istifadə edə biləcəyi bir neçə ən yaxşı məşqin mövcudluğu ilə razılaşdılar.
Domen və URL-ə diqqət edin
Köklü xəbər təşkilatları adətən öz domenlərinə sahib olurlar və yəqin ki, tanış olduğunuz standart görünüşə malikdirlər. .com.co kimi sonluğu olan saytlar sizi qaşlarınızı qaldırmağa məcbur etməli və onlara etibar edilib-edilmədiyini görmək üçün daha çox tədqiqat aparmaq lazım olduğunu bildirməlidir. Bu hətta sayt peşəkar görünsə də və yarı tanınan loqolara malik olsa belə doğrudur. Məsələn, abcnews.com qanuni xəbər mənbəyidir, lakin abcnews.com.co oxşar görünüşünə baxmayaraq düzgün deyil.
“Haqqımızda” bölməsini oxuyun
Əksər saytlarda xəbər orqanı, onu idarə edən şirkət, rəhbərlik üzvləri və təşkilatın arxasında duran missiya və etika bəyanatı haqqında çoxlu məlumatlar olacaq. Burada istifadə olunan dil sadədir. Əgər melodramatikdirsə və həddən artıq şişirdilmiş görünürsə, şübhə ilə yanaşmalısınız. Həmçinin, həmin saytdan başqa yerlərdə də təşkilat rəhbərləri haqqında daha çox məlumat əldə edə bilməlisiniz.
Bir hekayədəki sitatlara baxın
Daha doğrusu, sitatların olub olmamasına baxın. Əksər nəşrlərdə hər bir hekayədə peşəkar olan və danışdıqları sahələrdə təcrübəyə malik olan çoxsaylı mənbələr var. Əgər bu ciddi və ya mübahisəli məsələdirsə, sitatların olma ehtimalı daha çoxdur – sayca da çox olacaq. (Xəbərdə) etdikləri araşdırma haqqında danışa biləcək professorları və ya digər akademikləri axtarın. Əgər onlar tədqiqatdan danışırlarsa, o araşdırmalara baxın.
Görün bunları kim deyib
Sonra sitatları kimin dediyinə və nə dediyinə baxın. Sürətli Google axtarışı vasitəsilə yoxlaya biləcəyiniz bir başlığa sahib olan nüfuzlu bir mənbədirmi? Deyək ki, bir hekayəyə baxırsınız və orada prezident Obamanın hamının silahını aradan götürmək istədiyini söylədiyi deyilir. Və sonra bir sitat var. Obama dediyi demək olar ki, hər şeyi yazılıb arxivləşdirilən bir məmurdur. Demək olar ki hər bir müraciət və ya çıxışının dokumenti var. Həmin sitatları Google-da axtarın. Görün nitq nədən gedirdi, kimə müraciət edirdi və nə vaxt oldu. Bir nəşrə xüsusi bir müsahibə versə belə, eyni sitata başqa xəbərlər də istinad edəcək və bunu orijinal nəşrlə danışarkən söylədiyi deyiləcək.
Şərhləri yoxlayın
Bu saxta və aldadıcı hekayələrin çoxu sosial media platformalarında paylaşılır. Başlıqlar oxucunun diqqətini cəlb etmək üçün nəzərdə tutulub, lakin onlar həm də hekayənin nə haqqında olduğunu dəqiq əks etdirməlidirlər. Son vaxtlar vəziyyət belə deyil. Başlıqlar tez-tez çaşdırmaq məqsədi ilə şişirdilmiş dildə yazılır və sonra tamamilə fərqli bir mövzuya aid olan və ya sadəcə həqiqi olmayan hekayələrə ilişdirilir. Bu hekayələr adətən Facebook və ya Twitter-də çoxlu şərhlərə səbəb olur. Bu şərhlərin çoxu məqaləni saxta və ya aldadıcı hesab edirsə, yüksək ehtimalla elədir.
Əks şəkil axtarışı
Bir şəkil hekayənin nə haqqında olduğunu göstərmək üçün dəqiq olmalıdır. Bu çox vaxt baş vermir. Bu saxta xəbərləri yazan insanlar evlərini tərk etmirlərsə və ya hekayələr üçün heç kimdən müsahibə almırlarsa, çətin ki öz şəkillərini çəksinlər. Bir az detektiv işlə məşğul olun və Google-da şəklin əksini axtarın. Bunu şəklin üzərinə sağ klikləyərək və Google-da axtarmağı seçərək edə bilərsiniz. Şəkil bir çox müxtəlif mövzular haqqında çoxlu hekayələrdə görünərsə, bunun əslində birinci hekayədə deyilənlərin təsviri olmama ehtimalı yüksəkdir.
Bu məsləhətlər xəbərin hansı növ xəbər olduğunu müəyyən etmək üçün sadəcə başlanğıcdır. Zimdars bunları və digərlərini tələbələri üçün bələdçi kimi göstərdi.
Bu addımları atsanız, özünüzə kömək etmiş olarsınız və bu hekayələrin tirajını artırmamaqla başqalarına kömək etmiş olarsınız.
Və bu yalan məzmunun yayılmasının qarşısını almağa çalışan tək siz olmayacaqsınız. Bu hekayələrin paylaşıldığı platformaların arxasında duran şirkət rəhbərləri problemi öz tərəflərindən necə həll edəcəklərini anlamağa çalışır, eyni zamanda heç kimin söz azadlığı hüququnu məhdudlaşdırmamağa da çalışırlar. Bu çətin bir mövqedir, amma cəhd edəcəklərini söylədilər. Nəhayət, bu, həqiqətən məsuliyyət daşımaqdan və xəbərlərin istehlakçısı olmaqdan asılıdır.
Son bir şey daha. Satirik nəşrlər mövcuddur və bir məqsədə xidmət edirlər, lakin yazıçıları və sahibləri tərəfindən aydın şəkildə şişirdilmiş və satirik olduqları deyilir. The Onion və ClickHole kimi daha məşhur olanlardan bəziləri cari hadisələr haqqında danışmaq üçün satiradan istifadə edir. İnsanlar bunu başa düşmürlərsə, bu məqalələri hərfi mənada oxuduqdan sonra paylaşa bilərlər.
Əgər bu baş verərsə və ya dostlarınızın açıq-aşkar saxta xəbərlər paylaşdıqlarını görsəniz, onlarla dost olun və onlara bunun real olmadığını bildirin. Narahat ola bilsələr belə, bu söhbətlərdən çəkinməyin. Deyildiyi kimi, hər kəsin saxta xəbər problemini həll etməyə kömək etməsi vacibdir.