Balaca qara balıq anasına burdan gedəcəyəm dedi. O suyun hara getdiyini, arxın harda qurtardığını bilmək istəyirdi. Lakin alaqaranlıqlardan, təhlükəli yollardan, yırtıcılardan və tələlərdən necə keçəcəkdi?
-bəli anacan, hökmən getməliyəm.
Yəqin ki bizim yaşadığımız bu çuxurdan sonra başqa yerlər də var deyə düşünürdü. Anası bunun uşaqlıq adəti olduğunu, uşaq yaşlarında onun da bənzər fikirləri olduğunu deyirdi. Amma balaca qara balığın böyük arzuları kiçik cisminin sakit qalmasına icazə vermirdi. O dəryaya sarı yola çıxdı ancaq ölümü də düşünürdü. deyirdi ki:
“Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.”
Balaca qara balığın müəllifi 1967-ci ilin avqust ayının 31-də Xumarlı yaşayış bölgəsinin yaxınlığında Araz çayında müəmmalı şəkildə boğuldu. O minlərlə yeniyetmənin ürəyində dəniz sevgisi əkdi, azadlığa və ədalətə gedən yolda yeriməyi öyrətdi və qorxmaz balaca balıqların idealına çevrildi. O dünya şöhrətli yazıçı, “Təbrizin gül oğlu, mehriban oğlu” Səməd Behrəngi idi.
Həyatı:
Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Təbrizin Çərəndab məhəlləsində dünyaya göz açıb. Anası Saranın və atası İzzətin ondan sonra iki oğlu üç qızı olub. Atası fəhləlik, kirişçilik və sairə kimi işlərlə məşqul olub. Bakıya gedən işçilərə qoşulub və bununla da bir dəfəlik vətənin daşını atıb.
Səməd ilk təhsilini bitirdikdən sonra 1955-ci ilin sentyabr ayında Təbrizdə Danişsəra məktəbinə girir və 1957-ci ilin iyun ayında təhsilini bitirir. O, təhsilini bitirdiyi ildən müəllim kimi çalışmağa başlayır. Tufarqan (Azərşəhr), Məməqan, Gövgan vs. kimi şəhərlərin kəndlərində müəllimlik edir və ömrünün sonunadək bunu davam etdirir.
Müəllimliklə birlikdə 1958-ci ilin sentyabr ayında Təbriz Universitetində İnglis dili və ədəbiyyatı ixtisası üzrə təhsilə başlayır və 1962-ci ildə universitet təhsilini bitirir. Əli qələm tutan müəllim eyni halda hekayələr də yazırdı. O həm də təhsil sistemi ilə bağlı olan tənqidlərini də qələmə alırdı. Onun diqqət yetirdiyi məsələlərdən biri də azərbaycanlı uşaqların ana dildə təhsil almamaları olub.
Səmədin fəaliyyəti uşaq ədəbiyyatı, tərcümə, folklor toplamaq, mədəniyyət və sosial məsələlərlə bağlı tənqidi yazılar kimi mövzuları əhatə edib. Bu yolda o başda azərbaycanlılar olmaqla birlikdə dövrünün digər intellektualları ilə əlaqəyə girir. Eyni halda o müəllimlik etdiyi yerlərdə şagirdlərinin və əhalinin sevdiyi şəxsə çevrilir.
Müəllimliyə başlayanda ölkədə pedaqogika metodlarının toplumdan uzaq olduğunu anlayır. Var olan reallıqlar məktəbdə öyrəndiklərindən tam fərqli idi. Səməd isə hər hansı biri kimi deyil, əsl müəllim olmaq istəyirdi. Ona görə də o özünəməxsus pedaqogika üsulları ilə müəllimliyə başladı.
Bununla bərabər Səmədin yazdıqları da toplumda yüksək maraqla oxunurdu. Az zaman ərzində Azərbaycan kəndlisinin ideal bildiyi müəllimə çevrilir və geniş kütlə arasında tanınmağa başlayır. Yazıb yaratdıqları onu məşhurlaşdırsa da, Savak qüvvələrininin də diqqətini cəlb edirdi. Bir neçə dəfə yazdıqlarına görə təzyiqlərə məruz qalır. Azərbaycanlı şairlərin şeirlərindən toplanmış “Parə-parə” kitabının nəşri üçün təqib edilir və 6 ay müəllimlikdən uzaqlaşdırılır.
Sonda isə gənc müəllim Xumarlı yaşayış bölgəsinin yaxınlığında Araz çayında müəmmalı şəkildə boğuldu. Ölümündən sonra onun adı daha da çox yayılacaq, Azərbaycan tarixində adı bir çox siyası və ictimai fikirlər və hərəkatlarla düyünlənəcəkdi.
Əsərləri: Uşaq ədəbiyyatından tərcüməçiliyə qədər
Səməd Behrəngi daha çox yazdığı hekayələri ilə tanınır. Ən başda “Balaca qara balıq” hekayəsi olmaqla onun əsərləri ümumiyyətlə uşaqlar və yeniyetmələr üçün yazılıb. Eyni halda o əksər hallarda öz hekayə obrazlarını Azərbaycan xalq ədəbiyyatından götürüb.
“Balaca qara balıq”, “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Ulduz və danışan kukla”, “Quşbaz keçəl”, “Təlxun”, “Koroğlu və Keçəl Həmzə” onun əsərlərindən nümunələrdir. Uşaq ədəbiyyatına verdiyi töhfələr nəticəsində o İranda uşaq ədəbiyyatının banisi hesab edilir.
Səmədin fəaliyyət sahəsində yer alan başqa məqam isə folklor toplamaq olub. Onun haqqında nəql olunan xatirələrə əsasən Azərbaycan ədəbiyyatı və xüsusilə folklor sahəsi onun sevdiyi sahələrdən biri olub. Pəhləvilər rejimi dövründə türkcə yazmaq yasaq idi. Lakin bu yasağa qarşı gələn ilk şəxslərdən biri də elə Səməd olub. Təbrizdə çap etdirdiyi “Parə-parə” kitabı azərbaycanlı şairlərin və folklor şeirlərinin toplusu idi. O bu kitaba görə də təzyiqlərə məruz qalır.
Yoldaşı Sirus Mədədinin dediklərinə əasən Səməd Behrənginin Behruz Dehqani ilə birikdə topladığı folklor nümunələri Azərbaycan dilində olub. Lakin Pəhləvi rejiminin türkcəyə qoyduğu qadağa görə folklor nümunələrinin Azərbaycan türkcəsində çapına icazə verilməyib. Qeyd etmək lazımdır ki Səməd Azərbaycan folklorundan olan bəzi nümunələri farscaya tərcümə edib və ya hekaylərinin obrazlarını onlardan seçib.
Səmədin ədəbi fəaliyyətləri arasında tərcüməçilik də yer alır. O ingiliscə və türkcə olan bəzi əsərləri farscaya çevirib. Misal üçün o türkiyəli yazıçı Əziz Nəsinin “Ah biz eşşekler” hekayəsini türkcədən farscaya tərcümə edib. Bununla yanaşı farscadan da türkcəyə çevirdiyi şeirlər var. Misal üçün bəzi müasir fars şairlərinin şeirlərini türkcəyə tərcümə edib.
Əsərlərinin digər vacib qismini isə məqalələri və sosial məsələlərlə bağlı yazdığı kitablarıdır. Daha əvvəl də qeyd edildiyi kimi o ölkədəki tək dilliliyi və təhsil metodlarını tənqid edib və bu haqda məqalələr və kitablar qələmə alıb.
Səmədin ölümü müəmmalıdırmı?
Səməd Behrəngi 1967-ci ilin avqust ayının 31-də Araz çayında müəmmalı şəkildə boğulur. Çaya birlikdə girdiyi şəxs Həmzə Fərahəti adlı orduda xidmət edən bir baytardır. Onun dediklərinə əsasən Səmədlə yaxın dostluqları olduğu üçün, Araz çayı boylarında aldığı xidmət missiyasına birlikdə gediblər. Hadisənin baş verdiyi yerdə Səmədlə çayda çimmək üçün Araza giriblər.
Fərahətinin dediklərinə görə suyun axarı Səmədin kontrolunu pozur və o yaldaşı Həmzəni səsləyir. Lakin Həmzə Fərahəti ona çata bilmədiyini, Lilli suda batdığını və onu tapa bilmədiyini deyir. O həm də ordakı sərhəd əsgərlərinin də hadisəyə yaxından şahid olduqlarını deyir. Lakin Səməd Behrənginin qardaşı onun dedikləri əsassız hesab edir və Səmədin ölümünü müəmmalı hesab edir. Əsəd Behrəngi Həmzə Fəraahətinin Səmədin yaxın yoldaşı olduğunu rədd edir. Onun dediklərinə əsasən Səmədin cansız bədənində yaralar da var imiş.
Həmzə Fərahətinin dediklərinə əsasən Səmədin ölümünün müəmmalı görünməsində fars yazıçı Cəlal Al-Əhmədin böyük rolu olub. Cəlal Al-Əhməd Səmədin ölümündən sonra onun ölümü haqqında yazdığı məqalədə onun öldürülməsi şübhəsini ortaya qoyur. Fərahəti isə Səmədin ölümündən onun məsul görünməsində Cəlalın yazısının təsirli olduğunu deyir.
Daha sonra o “Adinə” adlı bir jurnalda öz müdafiəsini dərc edir və bununla da Səmədin boğulmasında günahsız olduğunu deyir. Nəticə etibarı ilə hazırda bir çox fars yazıçı Səmədin ölümünün müəmmalı olmadığı qənaətinə çatıb lakin onu müəmmalı bilənlər də var.
Güneyli jurnalist İbrahim Savalan Səmədin ölümünün hələ də müəmmalı olduğunu düşünür. O Fərahətinin təqsirkar olub olmadığını Səmədin ölüm sennarisinin bütövü olmadığını deyir. Onun fikricə Səmədin ölümündə Fərahətini günahlandıranlar daha sonra özləri onu təmizə çıxarırlar. Lakin bunun ədalətli bir məhkəmə olmadığını, Əsəd Behrəngi və ailəsinin fikirlərinin eşidilməməsini, davanın hələ də açıq qalması üçün yetərli səbəb hesab edir.
29 illik həyatın böyük töhfələri
Səməd Behrənginin ölümündən 54 il keçir. Cəmi 29 il ömür sürən Səməd tək Azərbaycanda deyil, dünya səviyyəsində təsirli yazıçı kimi tanınır. Eyni halda o gələcək nəsillərə buraxdığı böyük mirasla da tanınır. Azərbaycanlı tədqiqatçı Əlirza Sərrafinin dediklərinə əsasən İnqilab illərində Səmədin sözləri inqilabçı tələbələrin şüarlarına çevrilmişdi.
Səmədin ölümündən təxminən 3 il sonra şah rejiminə qarşı silahlı mübarizəyə başlayan Xalq Fədailərinin partizan təşkilatı “Balaca qara balıq” hekayəsini öz hərəkatlarının manifesti kimi tanıtdırdı. Səməd Behrənginin yaxın əlaqəsi olan yoldaşları isə həmin təşkilatın qurucuları və üzvləri kimi təşkilatda fəaliyyətə başladılar. 1979-cu il inqilabında vacib təsirə malik olan xalq fədailəri təşkilatı sosialist mərama malik idi.
Səməd Behrənginin Azərbaycanda sevilmək dərəcəsi isə çox az təkrarlanmış hallardandır. Əsəd Behrənginin dediklərinə əsasən Səmədin cənazəsi Təbrizə gətirildiyində çox böyük cəmiyyət onu qarşılayıb və o, İmamiyyə qəbiristanlığında torpağa tapşırılıb.
Səməd Behrəngi həm də, onun haqqında yazılan şeirlər və mahnılarla da tanınır. Ölümündən sonra o bir çox azərbaycanlı yazıçı və şairin seçdiyi obraza çevrildi. Aşıqların sazına girdi və xalq arasında bayatılarda səsləndi. Araz Araz, Səməd Əmi gəlmədi şeir və mahnıları onun xatirəsinə yazılanlardan nümunələrdir.
Ən tanınmış əsərlər isə Əlirza Nabdil (Oxtay) və Bulud Qraçorluya aiddir. Şair Oxtayın “Səməd könlümdədir” adlı şeiri daha sonra azərbaycanlı müğənni Yaqub Zurufçu tərəfindən bəstələnmiş dillər əzbərinə çevrilmişdir. Bulud Qaraçorlu isə “Qurbanımı qəbul elə Araz” şeirində Arazın yaratdığı ayrılıqlardan gileylənərək, Səməd Behrənginin qurban hesab edilməsini tələb edir.
Azərbaycanlı yazıçı Səməd Behrənginin əsərləri daha sonra müxtəlif dillərə tərcümə edilib və mükafatlara layiq görülüb. Onun əsərləri italyan, fransız, ingilis və türkcəyə tərcümə edilib. Onun Balaca qara balıq hekayəsi İtaliyanın Boloni şəhərində keçirilən uşaq ədəbiyyatı müsabiqəsində birincilik əldə edərək, qızıl medala layiq görülüb. Daha sonra isə həmin əsər “The Guardian” qəzetinin uşaq ədəbiyyatında seçdiyi 10 əsər arasında yer alıb.
Səməd Behrəngi həmçinin Türkiyə və Azərbaycan Respublikalarında da tanınan yazıçılardan hesab edilir. 2014-cü ildən etibarən Azərbaycanın quzeyində Səməd Behrəngi adına ədəbi mükafat təsis edilib. 2019-cu ildə isə onun xatirəsinə tədbir keçirilib. Türkiyədə isə Səmədin əsərləri çox oxunan kitablar arasında yer alır. Onun əsərlərinin bir çoxu türkcəyə tərcümə edilib və Türkiyədə çap edilib.