Səməd Sərdariniya kim idi?

Google+ Pinterest LinkedIn Tumblr +

Həyatı1

Səməd Sərdariniya 12 may 1947-ci ildə Təbrizin Əmirəqız məhəlləsində dünyaya göz açıb. Atası Məhəmməd Hüseyn Mərəndin Əlincə kəndindən Təbrizə köçüb. Anası Həbibə xanım isə Təbrizin Dəvəçi məhəlləsindəndir. Aşağı gəlirli ailədə doğulduğu üçün uşaq yaşlarından atası və əmisinin yanında işləməyə başlayır. Daha sonra Dəvəçi məhəlləsinə köçürlər. Burada isə Səmədin təhsil almaq imkanı yaranır.

Anası Həbibə xanımın qohumlarından olan və eyni halda bibisinin həyat yoldaşı Haci Kazım İbrahimi balaca Səmədə təhsil imkanı yaradır. Səməd orta təhsilini 1966-cı ildə bitirənədək Əlincəqiyan soyadını daşıyıb. Milli Sərdar Səttarxana duyduğu hörmət nəticəsində soyadını Sərdariniyaya dəyişdirmək üçün qeydiyyat idarəsinə müraciət edir. Gənc Səməd Təbriz universitetində Sərdariniya soyadı ilə tarix ixtisası üzrə təhsil almağa başlayır və 1971-ci ildə buranı bitirərək diplom alır.

Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra yenidən təhsil həvəsinə düşür. Bu dəfə Tehranda Milli Universitetdə (indiki Beheşti universiteti) hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alır.

Həmin illərdən onun yaradıcılıq illəri  başlayır. 22 iyul 1978-ci ildə Azərbaycan Yeni şeirin doğulduğu yer (Azərbaycan zadiqahi şeiri nov) adlı ilk məqaləsini “Tamaşa” jurnalında çap etdirir. 1979-cu il inqilabından sonra fəaliyyətə başlayan Azərbaycan şairlər və yazıçılar cəmiyyətinin orqanı sayılan “Günəş” jurnalında fəaliyyət göstərməyə başlayır. Cəmi 3 sayı nəşr edilən bu jurnalın hər sayında Səməd Sərdariniyanın bir məqaləsi dərc edilib. Həmin ildə o, ilk kitabı sayılan “Azərbaycanın teatr tarixçəsinə qeydlər” adlı kitabını da nəşr etdirir.

1979-cu ildən “Varlıq” jurnalı fəaliyyətə başlayır. Bu jurnalın qurucuları arasında ən gənci o idi. Ömrünün sonunadək bu jurnalla əməkdaşlıq etməsi digər azərbaycanlı  yazıçılarla da əlaqə qurmasına səbəb olub.

“Varlıq” jurnalında yazılarını dərc etdirən bir başqa şəxs də Ərdəbilli Teymur Pirhaşimi idi. Teymur Pirhaşimi 1945-ci ildə qurulmuş Milli Hökümətin fədailərindən biri idi. Azərbaycan türkcəsinin qrammatikası ilə bağlı işləri olan o, həm də “Varlıq” jurnalında yazırdı. 1980-ci ildə onun qızı Faiqə atasının həmkarı Səməd Sərdariniya ilə evlənir və bu evliliyin nəticəsində Elnaz və Aydın adlı iki övladları dünyaya gəlir.

Səməd Sərdariniya Tehranda 10 ildən bir qədər az yaşayır və 1982-ci ildə yenidən Təbrizə köçür. Ömrünün sonunadək Təbrizdə yaşayan Səməd Sərdariniya peşəkar tədqiqatçı və jurnalist kimi həyatına davam edir və bu yolda bir çox vacib işləri ortaya çıxarır. Azərbaycan tarixi ilə bağlı  geniş araşdırmalarının nəticəsində 2002-ci ildə Bakıda Azərbaycan Universiteti tərəfindən Fəxri Doktorluq dərəcəsinə layiq görüldü.

Səməd Sərdariniya 14 aprel 2008-ci ildə mədə xərçəngindən dünyasını dəyişir. Ustad Sərdariniya yüzlərlə tələbəsi və başqa yazıçıların müşayiətilə torpağa tapşırıldı.

Yaradıcılığı1

1978-ci ildə yazdığı “Azərbaycan teatr tarixçəsinə qeydlər” kitabında Azərbaycan teatrının qurucuları sayılan Mirzə Fətəli Axundzadə, Mİrzə Ağa Təbrizi, Hacı Məmməd Tahir, Üzeyir Hacıbəyli və Mirzə Cəlil Məmmədquluzadə kimi şəxslərin həyatı və yaradıcılığı barədə məlumat verib. Bu onun yaradıcılığında ilk önəmli addımı idi.

Səməd Sərdariniyanın 60 illik həyatının ən azı yarısı yaradıcılığı ilə doludur. 30 illik fəaliyyəti nəticəsində o, Azərbaycan tarixinin qaranlıqda saxlanılan bəzi bucaqlarını aydınlatmağı bacardı.

Təbriz Universitetinin tələbələri Səməd Sərdariniyadan Azərbaycan Tanıtım Ocağında Azərbaycan tarixi haqqında mühazirələrin keçilməsi tələb edilir. O da qəbul edir, lakin universitetin təhlükəsizlik qüvvələri bu dərsi dayandırırlar. O bu mühazirələr üçün hazırladığı qeydləri daha sonra Azərbaycan tarixinə bir baxış ünvanlı kitabda nəşr edir. Bu hadisəni yazıçının 30 illik yardıcılığını qısalmış formatı kimi dəyərləndirmək mümkündür.

O yorulmaz tədqiqatçı kimi müasir Azərbaycan tarixinin az tanınmış hadisələrini və şəxslərini tanıtmağa və aydınlatmağa cəhd göstərdi. Azərbaycan böyüklərinin İranda boykot olmasına qarşı o, “Azərbaycan məşhurları” adlı kitabını iki cilddə çap etdirir lakin üçüncü cildini hazırlasa da ölümü buna imkan vermir.

Məşrutə hərəkatı

Səməd Sərdariniyanın yazdıqlarının önəmli qismi Azərbaycanın müasir tarixi ilə əlaqədardır. Xüsusilə Məşrutə hərəkatı diqqət yetirən bu kitablar İranın rəsmi tarixçiliyinin nəzərdən uzaq tutduğu nöqtələri işıqlandırır. “Əli Müsyo Təbriz Qeybi Mərkəzinin rəhbəri” kitabı da bunlardan biridir. Səməd Sərdariniya bu əsəri Məşrutə hərəkatının vacib şəxslərindən olan ancaq yetəri qədər tanınmayan Əli Müsyonun həyatına həsr edilib. O daha sonra bu kitabı təkmilləşdirərək “İran Məşrutə İnqilabında Təbriz Qeybi Mərkəzinin rolu” adlı kitabını nəşr etdirib.

“Bağırxan Milli Salar” adlı kitabını da eyni hədəflə yazıb. Məşrutə qəhrəmanları sırasında daha az tanınan Bağırxanın həyatı və qəhrəmanlıqları bu kitabın əsas mövzusudur. Onun rolunu aydınlatdığı növbəti məşrutə qəhrəmanı Əmir Heşmət Neysari olub. Neysari Milli Məclisin topa tutulmasına müqavimət göstərən azsaylı şəxslərdən biri olub. Daha sonra isə Azərbaycan Əncüməni tərəfindən Xoy şəhərinə vali təyin edilib.

Jurnallar

“Azərbaycanın jurnal və qəzetlərinin tarixi” adlı kitabı yazıçının bu mövzuda yazdığı ilk əsərdir. Səməd Sərdariniya bu kitabda Azərbaycanda çap olunmuş ilk jurnallar və qəzetlər, Məşrutəyə qədər və sonra çap edilən qəzet və jurnallar, satrik jurnallar və mürtəce jurnalları tanıtdırıb onların rolları barədə məlumat verib.

Azərbaycanda jurnalların və xüsusilə də satirik jurnalların tarixindən danışan hər kəs yəqin ki “Molla Nəsrəddin”-dən başlamalıdır. “Molla Nəsrəddin” jurnalının 8 sayı Təbrizdə çap edilib. Həmin səkkiz sayın isə Azərbaycanın güneyində jurnal tarixinə önəmli təsirləri olub və bu da diqqətli yazıçının gözündən yayınmayıb. Səməd Sərdariniya “Molla Nəsrəddin Təbrizdə” kitabında Mirzə Cəlilin həyatı, onun yaradıcılığı, “Molla Nəsrəddin” jurnalı barədə ümumi məlumat və Təbrizdə buraxılan həmin 8 sayın detallarını oxucusu ilə paylaşıb.

Qeyd etmək lazimdir ki Onun çap edilməmiş əsərləri içində “Azərbaycan Mətbuat tarixi” kitabı da var.

Əvvəlcə bildirdiyimiz kimi Səməd Sərdariniya həm də peşəkar jurnalist idi. O müasir tariximizin önəmli jurnallarını tanıtmaqla yanaşı Azərbaycanın güneyində əvəzedilməz rol oynayan “Varlıq” jurnalının qurucusu və sabit yazıçılarından olub. Həmin jurnalda 28 il ərzində onun 103 məqaləsi dərc edilib.

Təbriz sevgisi

Səməd Sərdariniya Təbrizdə doğulub, bir dəfə Tehrana köçüb və oradan da yenidən Təbrizə köçüb.Yazıçın həyatından da bəlli olduğu kimi o, Təbriz şəhərinə bağlı olub. Bu sevgi onun əsərlərinə də yansıyıb və yazıçının əsərlərinin bir çoxu sırf Təbrizə həsr edilib.

Onun Təbriz haqqında yazdığı əsərlər bunlardan ibarətdir: “Təbriz — birincilər şəhəri”, “Təbriz Tənbəki üsyanı illərində”, “Təbriz Darülfununu-İranın ikinci yüksək təhsil mərkəzi”, “Azərbaycan sivil toplumun öncülü”, “Təbriz-İranda çap sənətinin beşiyi”, “Təbriz bələdiyyəsi-İranın birinci bələdiyyəsi”.

Səməd Sərdariniya Tehrandan Təbrizə qayıdandan sonra “Varlıq” jurnalının Təbrizdəki qolu olub, jurnalı Təbrizdə yaymaq məsuliyyətini layiqicə yerinə yetirib. Rəhmətlik Həsən Dəmirçinin dediyinə əsasən Səməd Sərdariniyanın arzularından biri də Səttərxanın məzarının Təbrizə qaytarılması olub.1

Arazın o tayı

Səməd Sərdariniyanın əsərlərində önəmli yer alan bir başqa məqam isə Azərbaycanın quzeyinin tarixi olub. Azərbaycan tarixində başda gedən mövzulardan biri də ermənilərlə Azərbaycanlılar arasındakı tarixi ziddiyyət olub. Bu da Sərdariniyanın diqqətindən qaçmayıb.

“İrəvan müsəlmanların yaşadığı vilayət olmuşdur” kitabı onun ən tanınmış əsərlərindən biridir. Kitabda dərc edilən sənədlərə əsasən İrəvanın əvvəllər müsəlman şəhəri olduğu qeyd edilib. Bu əsər yalnız bir dəfə 2002-ci ildə nəşr edilib. Daha sonra 2014-cü ildə İbrahim Quliyevin tərcüməsi ilə Azərbaycan Respublikası Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən Azərbaycan türkcəsində çap edilib.

Səməd Sərdariniyanın 2004-cü ildə yazdığı bir başqa əsərinin adı isə “Arazın hər iki tayında müsəlmanların soyqırımı” olub. Bu kitabda yazıçı XX yüzilliyin əvvəllərində  Azərbaycanın güneyində və quzeyində azərbaycanlıların soyqırımı barədə geniş məlumat paylaşıb. Daha sonra bu əsər Atilla Maralani tərəfindən Azərbaycan türkcəsində tərcümə edilib və quzeydə AMEA Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə “Elm” nəşriyyatı tərəfindən nəşr edilib.

“Tarix keçidində Qarabağ” əsəri onun Qarabağ haqqında yazdığı əsərdir. O bu əsərində Qarabağın mövqeyi barədə geniş məlumat verib və erməni tarixçilərinin iddialarına da cavab verib. Sözü gedən kitabın bir qismi yazıçının “Varlıq” jurnalında Qarabağ tarixi barəsində yazdığı məqalələrdən ibarətdir. Onun həmin mövzuda tərcümələri də olub. O,  Ziyəddin Sultanovun “Qarabağ gündəliyi” və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərlərini də farscaya tərcümə edib. Onun tərcümələri içində Manaf Süleymanovun “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim” kitabı da var.

Ölümü

Səməd Sərdariniya 61 yaşını tamamlaya bilmədən əbədiyyətə qovuşub. Çap etdirməmiş əsərləri və yaxud hələ toplamadığı qeydləri onun vaxtsız ölümünü göstərir. Sərdariniyanın çap olunmamış ən az 8 əsərinin olduğu bilinir.

Notlar:

1 Sərdariniya, Aydin. (2018). Dilsüxtə xudbaxtə, Anavarlıq jurnalı, No.7, 97-ci il, yaz.

1 Nəvid Məhəmmədi və Aydin Sərdariniya, (2018). Ketabşenası doktor Səməd Sərdariniya, Anavarlıq jurnalı, No.7, 97-ci il, yaz.

1 Dəmirçi, Həsən. (2018). Unudulmaz vəsiyyət, Anavarlıq jurnalı, No.7, 97-ci il, yaz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.