Biznes üçün azadlığı qurban verən Sinqapurun iqtisadi inkişaf tarixi

Google+ Pinterest LinkedIn Tumblr +

1960-cı illərdə Sinqapur şəhər-dövləti adambaşına düşən ÜDM-i 320 ABŞ dollarından az olan inkişaf etməmiş bir ölkə idi. Bu gün isə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Adambaşına düşən ÜDM 60.000 ABŞ dollarına yüksələrək onu dünyanın ən güclü iqtisadiyyatlarından birinə çevirib. Təbii resursları az olan kiçik bir ölkə üçün Sinqapurun iqtisadi yüksəlişi diqqətəlayiqdir. Qloballaşma, azad bazar kapitalizmi, təhsil və praqmatik siyasətləri qəbul etməklə öz mənfi coğrafi cəhətlərini aradan qaldırdı və qlobal ticarətdə liderə çevrilə bildi.

Müstəqillik əldə etmək

Sinqapur 100 ildən çox Britaniyanın nəzarəti altında olub. İkinci Dünya Müharibəsi dövründə ingilislər müstəmləkəni yaponlardan qoruya bilməyəndə isə burada güclü anti-müstəmləkəçilik və millətçi əhval-ruhiyyəyə yarandı. Bu əhval-ruhiyyə sonradan Sinqapurun müstəqilliyinə səbəb oldu.

1963-cü il avqustun 31-də Sinqapur Britaniya imperiyasından ayrılaraq Malayziya ilə birləşdi və Malayziya Federasiyası yarandı. Sinqapurun Malayziyanın bir hissəsi olaraq keçirdiyi iki il sosial çəkişmələrlə dolu idi, çünki tərəflər etnik olaraq bir-biri ilə assimilyasiya üçün mübarizə aparırdılar. Küçə iğtişaşları və zorakılıq çox yayğınlaşdı. Sinqapurdakı çinlilər say olaraq Malayziyalıları üçdə bir qədər üstələmişdilər. Kuala Lumpurdakı malay siyasətçiləri irslərinin və siyasi ideologiyalarının ada və yarımadada artan Çin əhalisi tərəfindən təhdid ediləcəyindən qorxurdular. Buna görə də, Malayziyada düzgün malay çoxluğunu təmin etmək və kommunizmin təsirini məhdudlaşdırmaq üçün Malayziya parlamenti Sinqapurun Malayziyadan çıxarılmasına səs verdi. Sinqapur 1965-ci il avqustun 9-da rəsmi müstəqillik qazandı. İlk prezidentlərii Yusof bin İshak, ilk baş nazirləri isə Li Kuan Yu oldu.

Sinqapur müstəqillik əldə etdikdən sonra problemlər yaşamağa davam etdi. Şəhər-dövlətin 3 milyonluq əhalisinin çoxu işsiz idi. Əhalinin üçdə ikisindən çoxu şəhərin kənar məhəllərində və gecəqondularda yaşayırdılar. Ərazi Malayziya və İndoneziya kimi iki böyük və dost olmayan dövlətlər arasında sıxışdırılmışdı. Sinqapurda təbii ehtiyatlar, sağlamlıq xidmətləri, lazımi infrastruktur və yeraltı su qaynaqları yox idi. Li inkişaf üçün beynəlxalq yardıma müraciət etdi, lakin onun yalvarışları cavabsız qaldı və Sinqapur öz başına qaldı.

Qloballaşan sənaye və ticarət
Müstəmləkə dövründə Sinqapurun iqtisadiyyatı entrepôt ticarətinə əsaslanırdı. Lakin bu iqtisadi fəaliyyət post-müstəmləkə dövründə iş yerlərinin genişləndirilməsinə az imkan verirdi. İngilislərin buradan getməsi işsizlik vəziyyətini daha da ağırlaşdırdı.
Sinqapurun iqtisadi və işsizlik problemlərinin ən məqsədəuyğun həlli əmək tutumlu sənayelərə diqqət yetirməklə, hərtərəfli sənayeləşmə proqramına başlamaq idi. Təəssüf ki, Sinqapurda sənaye ənənəsi yox idi. İşləyən əhalinin əksəriyyəti ticarət və xidmət sahələrində idi. Buna görə də, onların heç bir təcrübəsi və ya asanlıqla uyğunlaşa biləcəkləri bacarıqları yox idi. Üstəlik, nə topraqları nə də onunla ticarət edəcək qonşuları var idi. Buna görə Sinqapur sənaye inkişafına rəhbərlik etmək üçün öz hüdudlarından kənarda imkanlar axtarmağa məcbur oldu.
Öz xalqına iş tapmaq üçün təzyiqə məruz qalan Sinqapur liderləri qloballaşmanı imtahan etməyə başladılar. İsrailin ərəb qonşularını keçməsindən (İsraili boykot etmiş) və Avropa, Amerika ilə ticarət etməkdən təsirlənən Li və onun həmkarları inkişaf etmiş dünya ilə əlaqə saxlamalı və çoxmillətli korporasiyaları Sinqapurda istehsal etməyə inandırmalı olduqlarını bilirdilər.

Hökumətin mərkəzləşdirilməsi

İnvestorları cəlb etmək üçün Sinqapur təhlükəsiz, korrupsiyasız və aşağı vergili mühit yaratmalı idi. Bunu mümkün etmək üçün ölkə vətəndaşları avtokratik bir hökumət əvəzinə öz azadlıqlarının böyük bir hissəsini dayandırmalı oldular. Narkotik ticarəti və ya intensiv korrupsiya ilə məşğul olan hər kəs ölüm cəzası ilə alacaqdı. Linin Xalq Fəaliyyət Partiyası (PAP) bütün müstəqil birliklərini repressiya etdi və qalanları partiyanın birbaşa nəzarət etdiyi Milli Həmkarlar İttifaqları Konqresi (NTUC) adlı vahid çətir qrupunda birləşdirdi. Milli, siyasi və ya korporativ birliyi təhdid edən şəxslər çox lazımi prosedur olmadan tez bir zamanda həbs olundular. Ölkənin sərt, lakin biznesə uyğun qanunları beynəlxalq investorlar üçün çox cəlbedici oldu. Siyasi və iqtisadi vəziyyətlərinin gözlənilməz olduğu qonşularından fərqli olaraq, Sinqapur çox sabit vəziyyətdə idi. Üstəlik, əlverişli mövqeyi və qurulmuş liman sistemi ilə Sinqapur, malların istehsalı üçün ideal yer idi.

İnvestorların təminatı

1972-ci ilə qədər, müstəqillikdən cəmi yeddi il sonra, Sinqapurun istehsal firmalarının dörddə biri ya xarici şirkətlər ya da birgə müəssisələr idi. Burda ABŞ və Yaponiya əsas investorlar idilər. 1965-1972-ci illərdə Sinqapurun sabit iqlimi, əlverişli investisiya şəraiti və dünya iqtisadiyyatının sürətlə genişlənməsi nəticəsində ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) illik ikirəqəmli artım yaşadı. Xarici sərmayə pulları daxil olduqca, Sinqapur öz infrastrukturuna əlavə olaraq insan resurslarının inkişafına diqqət yetirməyə başladı. Ölkədə bir çox texniki məktəblər yaradıldı və beynəlxalq şirkətlərə öz bacarıqsız işçilərinin informasiya texnologiyaları, neft-kimya və elektronika sahəsində təhsilləri üçün pul ödədi. Sənaye işləri ala bilməyənlər üçün hökumət onları turizm və nəqliyyat kimi əmək tutumlu qeyri-ticari xidmətlərə cəlb etdi. Çoxmillətli şirkətlərə işçi qüvvəsini öyrətmək strategiyası ölkə üçün böyük dividentlər verdi. 1970-ci illərdə Sinqapur əsasən tekstil, geyim və elektron aksesuarlar ixrac edirdi. 1990-cı illərə qədər onlar logistika, biotexnoloji tədqiqatlar, əczaçılıq məhsulları, inteqrasiya edilmiş sxemlərin dizaynı və aerokosmik mühəndislik məhsulları ilə məşğul olurdular.

Bazar iqtisadiyyatının yaradılması

Bu gün Sinqapur müasir, sənayeləşmiş cəmiyyətdir və entrepot ticarəti onun iqtisadiyyatında mərkəzi rol oynamağa davam edir. Sinqapur limanı indi Honq-Konq və Rotterdamı geridə qoyaraq dünyanın ən işlək daşıma limanıdır. Göndərilən ümumi yük tonajına görə o, yalnız Şanxay limanından sonra dünyanın ən işlək ikinci limanıdır.
Sinqapurun turizm sənayesi də inkişaf edir və hər il 10 milyondan çox ziyarətçi cəlb edir. Şəhər-dövlətdə indi zoopark, gecə safari və təbiət qoruğu var. Ölkə “Marina Bay Sands” və “Resorts World Sentosa”da dünyanın ən bahalı inteqrasiya olunmuş kazino kurortlarından ikisini açıb. Sinqapurun mədəni irsi və qabaqcıl tibb texnologiyası sayəsində ölkənin tibb turizmi və kulinariya turizmi sənayesi də kifayət qədər uğurlu inkişaf edib.

Bank işi son illərdə əhəmiyyətli dərəcədə artıb və İsveçrənin tətbiq etdiyi yeni vergilər səbəbindən əvvəllər İsveçrədə olan bir çox aktivlər Sinqapura köçürülüb. Biotexnoloji sənaye inkişaf edir, “GlaxoSmithKline”, “Pfizer” və “Merck & Co” kimi dərman istehsalçıları orada zavodlar qurur və neft emalı iqtisadiyyatda böyük rol oynamağa davam edir.

Sinqapur necə böyüdü

Kiçik olmasına baxmayaraq, Sinqapur hazırda ABŞ-nin 15-ci ən böyük ticarət tərəfdaşıdır. Ölkə Cənubi Amerika, Avropa və Asiyanın bir sıra ölkələri ilə də güclü ticarət müqavilələri bağlayıb. Hazırda ölkədə 3000-dən çox transmilli şirkət fəaliyyət göstərir ki, bu da onun istehsal məhsulunun və birbaşa ixrac satışlarının üçdə ikisindən çoxunu təşkil edir.
Cəmi 433 kvadrat mil ərazisi və 3 milyon nəfərlik kiçik işçi qüvvəsi ilə Sinqapur hər il 300 milyard dollardan çox ÜDM istehsal edə bilir ki, bu da dünyanın dörddə üçündən yüksəkdir. Gözlənilən ömür uzunluğu 83,75 ildir ki, bu da dünyada üçüncü yerdədir. Ciddi qaydalara etiraz etmirsinizsə, Sinqapur yer üzündə yaşamaq üçün ən yaxşı yerlərdən biri hesab olunur.
Sinqapurun biznes üçün azadlığı qurban vermə modeli olduqca mübahisəlidir və çox müzakirə olunur. Fəlsəfəsindən asılı olmayaraq, onun effektivliyi danılmazdır.

 

Bu məqalə, Ping Zhou tərəfindən “ThoughtCo” saytında dərc edilmişdir və mətn Ətəkyaz tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilmişdir.

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.