“Sol” və “Sağ” Siyasi Terminlərin Başlanğıcı
Harvard Universitetinin Fransa tarixi üzrə fəxri professoru Patrisi Hiqone (Patrice Higgonet) bu terminlərin tarixçəsinin 1789-cu ilin yayında Fransada başladığını deyir. Fransa İnqilabının böyüməsi ilə qəzəbli kütlələr Bastiliyaya hücum etmişdilər. İnqilabi hökümətin fəaliyyətini təmin etmək üçün Milli Məclis quruldu. Məclisin əsas məqsədi isə yeni bir konstitusiya yazmaq idi.
Prinston Universitetinin müasir Fransa tarixinin erkən çağları üzrə professoru Devid A. Bell deyir: “Məclisin müzakirə etdiyi əsas məsələlərdən biri kralın nə qədər gücə sahib olması idi. Mütləq veto hüququna malik olmalıdırmı? Müzakirə zamanı kralın mütləq veto qoyması lazım olduğunu düşünənlər spikerin(məclis rəisi) sağında və əksini deyənlər isə – daha radikal baxışa sahib olanlar kimi – spikerin solunda oturdular. Başqa sözlə desək, siyasi ənənəyə sadiq olanlar sağda, daha çox siyasi dəyişiklikliyə meyilli olanlar isə solda idilər”.
“Beləliklə, bu qruplaşmalar sol və sağ kimi tanındı. Bizim izinə düşdüyümüz tarixçənin başlanğıcı isə tam buradır”,– Bell “Time” dərgisinə dedi.
Bu cür oturma üsulu sonrakı qanunverici orqanlarda və parlamentlərdə də təkrarlandı. Bell: “Bu terminlər xalq dilində də olduqca tez yayıldı. Milli məclislə bağlı xəbər dərc edən qəzetlərdə bu terminlərdən istifadə olunurdu”, – deyirdi.
“Sol” və “Sağ” Dünyaya Necə Yayıldı?
Bütün dünya Fransız İnqilabını izləyir, inqilabla bağlı terminlər bütün dünyaya yayılmağa başlayırdı, ancaq bu bir gecədə baş verməyib. Fransız tarixçi Marsel Qoşenin (Marcel Gauchet) “Sağ və sol” adlı məqaləsinə əsasən, sağın və solun siyasi kimlik kimi formalaşması “19-ci əsrin son 25 ilindən və 20-ci əsrin ilk onilliyinə qədər davam edən bir proses” kimi götürülürdü.
Bolşevik Rusiyasında və Sovet İttifaqının ilk illərində sol və sağ terminlərinin yayğın olması bu sözlərin yayılmasının əsas nümunəsidir.
Yel Universitetinin Avropanın mədəniyyət və intellektual tarixi professoru Marsi Şhor (Marci Shore) email vasitəsilə “Time”-a belə yazırdı: “Bolşeviklər Fransa inqilabına heyran idilər. Onlar şüurlu şəkildə Fransa inqilabının mirasını davam etdirməyə və daha yüksək səviyyəyə qaldırmağa çalışırdırlar”. Onlar tarixi prosesdə bunu kommunizmə aparacaq zəruri bir addım kimi qiymətləndirdilər.
Onlar üçün sol və sağ yeni özəl mənalar daşıyırdı. Kommunist partiya xəttindən uzaqlaşanları əks tərəfdə, xüsusilə Stalin dövründə solçu və ya sağçı sapqınlar kimi adlandırdılar. Sola meyil etmək əsasən radikal beynəlxalq işçi inqilabını qəbul etmək anlamına gəlirdi və sağa yönəlmək isə adətən milli əhvali-ruhiyyəni mənimsəmək hesab olunurdu. Ancaq bu izahatlar dəyişkən idi və daim dəyişən partiya xəttinə görə dəyişirdi.
Dünya müharibələri arasındakı dövrdə insanlar milli və sinfi siyasətlə məşğul olanda bütün Avropada sol və sağ terminlərindən istifadə olunurdu. Şhor yazır: “Avropanın 1920 və 1930-cu illəri haqqında danışarkən “sağ” və “sol” məsələsini davamlı olaraq vurğulamamaq mümkün deyil. Əslində onlara toxunmadan o illəri şərh etmək çox çətindir”. Bu çox dəqiq məsələdir. Ona görə ki müharibələr arası illər siyasi qütbləşmə dövrü idi. O zaman sağ və sol da daha radikal oldular; liberal mərkəz isə “havaya uçdu” (Marksın ifadəsi ilə desək).
‘Sol’ və ‘Sağ’ Terminləri Amerika Siyasətində Necə Yayıldı?
Corctaun Universitetində ABŞ siyasəti və ictimai hərəkatları professoru Maykl Kezinə (Michael Kazin) görə, terminlər yalnız 20-ci əsrdə Amerikanın xalq dilində tətbiq olundu və “Google Ngram” axtarış sistemilə də solçu və sağçı anlayışlarının yalnız 1920-ci illərdə kitablarda geniş istifadəyə başlandığı görünür.
Ancaq terminlər daha çox yayıldıqca ondan ən çox istifadə edə biləcək insanlar çəkinib həmin terminlərdən istifadə etməkdən yayındılar. Pensilvaniya Universitetində 20-ci əsr Amerka tarixi professoru Brent Sebul (Brent Cebul) deyir: “1920-30-cu illərdə ABŞ-da fəaliyyət göstərən “vicdanlı” kommunistlər və sosialistlər var idi. Lakin bir çox səbəbdən özlərini “solçu” adlandırmırdılar.”
Birincisi, 1930-cu illərdə Prezident Frenklin D. Ruzvelt “Yeni xətt”ə əsasən, özəl sahibkarlıqla barışan liberalizm dövrünə başladı. Aktiv sosialist olan bir çox insanlar siyasətin və əsas partiyaların irəliləyişi naminə daha radikal ideologiyalarını qurban verərək “Yeni xətt”i dəstəkləməyi seçdilər.
Sonra 1940-50-ci illərdə Soyuq Müharibə və Qırmızı Qorxu sol meyilli insanlar üçün riski artırdı. Cebul deyir: “Sosialist və ya kommunist kimi danışsaydınız, hökümətdəki işinizi itirərdiniz. Beləliklə, bu özünü solçu kimi tanıdanlara böyük təhdid mesaji idi”. Mühafizəkar mütəfəkkirlər liberal dövlətin böyüməsini solçuluq adlandıraraq onu kommunistlərlə əlaqələndirməyə başladılar. “Həqiqətən də, sol düşüncəsini yaşadan(Əsasən siyasət səviyyəsində) sağ dır”, – deyə o iddia edir.
Stenford Universitetində 20-ci əsr ABŞ tarixinin professoru və Huver İnstitutunun elmi işçisi Cenifer Börns deyir: “İnsanlar 1960-cı illərdə bu sözü yenidən istifadə etməyə başladılar”.
Dəyişməyə nə səbəb oldu? Birincisi, siyasi partiyalar keçmişdə çox vaxt regional və iqtisadi maraqları əsasında idarə olunurdusa, sonralar ideoloji inanclarla möhkəmlənməyə başladılar. İkincisi, həm sağçılar, həm də solçular köhnə siyasi birliyi kənara qoydular. Mühafizəkarlar hökümətin genişlənmə fəlsəfi əsasları ilə razılaşmayıb yeni bir fikir irəli sürmək üçün çalışırdılar. Digər tərəfdən, fəal tələbələr Börnsun dediyi kimi “hegemon liberalizm” və Vyetnam müharibəsinə qarşı çıxdılar.
Bu çox vacib idi məqam idi: İnsanlar fikir ayrılıqlarını ifadə etmək üçün bir yol lazım olanda sol və sağa üz tutub öz düşüncələrini ifadə edirdilər. Bu isə Amerika siyasətində sol və sağın faydalı olmasına gətirib çıxardı.
Börns deyir: “Birdən-birə sol və sağı daha çox təyin edilmiş bir vəziyyət yarandı, çünki hər iki tərəf ortadakı müəssisələr və güclərin hər şeyi qatıb-qarışdırdığını və xeyirli bir iş görmədiyini düşündü”. Bu solun siyasi spektrdə yüksəlməsinə bir səbəb ola bilər, çünki mühafizəkar olmayan, liberalizmlə də razılaşmayan insanlar özlərini adlandırmaq üçün bir sözə ehtiyacları var idi, buna görə də özlərini solçu adlandıra bilərlər deyə düşündülər…[Və] insanlar genişlənmiş bir hökümətə və ya iqtisadi və ya ictimai və siyasi həyata geniş müdaxilə tələb etmədiklərini başa düşərək özlərini dövrün mühafizəkar hərəkatından fərqləndirmək üçün “sağ” sözündən uzaq durdular”.
Bu Gün ‘Sol’ və ‘Sağ’ Nə Deməkdir?
Pen Sofia Rozenfeldin (Penn Sophia Rosenfeld) dediyi kimi terminlər harada və hansı kontekstdə işləndiyinə görə dəyişkən mənalara sahib alətdirlər. Bu terminlər Fransız İnqilabında xüsusi bir məna daşıyırdısa, Avropada sosializmin, millətçiliyin yüksəlişində və ABŞ-da tələbə hərəkatlarının başlanğıcında başqa-başqa mənalar ifadə edirdilər.
Bu gün ABŞ-da sol və sağ mütərəqqilik və mühafizəkarlığı göstərir. Ancaq mərkəzin tərifi hələ də dəyişməkdədir. Makkleçi (McClatchy) yazırdı ki, Bayden mötədil namizəd hesab olunsa da, siyasi gündəliyi özündən yalnız 4 il əvvəlki Klintondan qat-qat proqressiv idi.
Bir cərəyan/tendensiya özünü doğrultmağa meyllidir: mərkəz çökəndə sol və sağ daha siyasi güclü olurlar. Bəziləri bunun 2019-cu ildə baş verdiyini iddia edirlər.
Börns: “Fikrimcə, sağ termini bu gün yenidən istifadə olunmağa başlayır, çünki həqiqətən liberal olmayan insanlar arasında çox aydın görünən fərqlər var” – deyir.
Kezin deyir ki, bu terminlər siyasi mübarizədə də getdikcə daha çox istifadə olunur. Siyasətçilər rəqiblərinin fəaliyyətlərini qeyri-qanuni göstərmək üçün tez-tez onların çox sol və ya çox sağ olduqlarını deyirlər.
Sol və sağın mənaları yenə də dəyişə bilər.
“Mən tarixçiyəm, terminlərin mübahisəsiz mənaları olduğuna inanmıram. Termin nə qədər əhəmiyyətlidirsə, mənasının nə olduğu bir o qədər mübahisəlidir.” Kezin dedi.
Bu məqalə Ətəkyazı saytı tərəfindən İngiliscədən tərcümə edilmişdir