Sosiologiyada sosial struktur qavramı

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Ashley Crossman tərəfindən 2019-ci ilin iyun ayının 28-da “ThoughtCo” saytında dərc edilib və “Ətəkyazı” tərcümə qrupu tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Sosial struktur, cəmiyyəti təşkil edən sosial qurumların və qurumsallaşmış münasibətlər nümunələri toplusudur. Sosial struktur həm sosial qarşılıqlı əlaqənin məhsuludur, həm də onu birbaşa müəyyən edir. Sosial strukturlar təlim almamış müşahidəçi üçün dərhal görünməyə bilər, lakin onlar həmişə mövcuddur və cəmiyyətdəki insan təcrübəsinin bütün ölçülərinə təsir göstərir.

Müəyyən bir cəmiyyət daxilində üç səviyyədə fəaliyyət göstərən Sosial struktur haqqında düşünmək faydalıdır: makro, mezo(orta) və mikro səviyyələr.

Sosial struktur: cəmiyyətin makro səviyyəsi

Sosioloqlar “Sosial struktur” terminindən istifadə edərkən adətən sosial institutlar və qurumsallaşmış münasibətlər nümunələri daxil olmaqla makro səviyyəli sosial qüvvələrə istinad edirlər. Sosioloqlar tərəfindən tanınan əsas sosial institutlara ailə, din, təhsil, media, hüquq, siyasət və iqtisadiyyat daxildir. Bunlar bir-biri ilə əlaqəli və bir-birindən asılı olan və birlikdə cəmiyyətin ümumi Sosial strukturunu formalaşdırmağa kömək edən fərqli institutlar kimi başa düşülür.

Bu qurumlar bizim başqaları ilə sosial münasibətlərimizi tənzimləyir və geniş miqyasda baxıldıqda (bu qurumlar) sosial münasibətlər nümunələri yaradırlar. Məsələn, ailə institutu insanları ana, ata, oğul, qız, ər, arvad və s. kimi fərqli sosial münasibətlər və rollar vəziyyətinə salır. Adətən bu münasibətlərdə iyerarxiya mövcuddur ki, bu da güc fərqi ilə nəticələnir. Eyni şey din, təhsil, hüquq və siyasət üçün də keçərlidir.

Bu sosial faktlar media və iqtisadiyyat institutlarında daha az aşkar ola bilər, lakin orada da mövcuddur. Bunların tərkibində, qurum daxilində baş verənləri müəyyən etmək üçün başqalarından daha çox gücə sahib olan təşkilatlar və insanlar var və beləliklə, cəmiyyətdə də daha çox gücə sahibdirlər. Bu insanların və onların təşkilatlarının hərəkətləri hamımızın həyatında şəkilləndirici qüvvələr kimi funksiya daşıyırlar.

Müəyyən bir cəmiyyətdə bu sosial institutların təşkili və fəaliyyət göstərməsi sosial-iqtisadi təbəqələşmə kimi Sosial strukturun digər aspektləri ilə nəticələnir. Sosial-iqtisadi təbəqələşmə yalnız sinfi sistemin məhsulu deyil, o həm də sistemli irqçilik və cinsiyyətçilik və eləcə də digər ayrı-seçkilik formaları tərəfindən müəyyən edilir.

ABŞ-ın Sosial strukturu çox az adamın sərvət və gücə nəzarət etdiyi və əksəriyyətin bunların hər ikisindən çox azına malik olduğu kəskin bir təbəqələşmiş cəmiyyətlə nəticələnib. Sözü keçən az sayda güc sahibi və varlı şəxslər tarixən ağ kişilər olublar. İrqçiliyin təhsil, hüquq və siyasət kimi əsas sosial institutlarda yerləşdiyini nəzərə alsaq, Sosial strukturumuz da sistemli şəkildə irqçi cəmiyyətlə nəticələnir. Eyni şeyi cinsi bərabərsizliyi və cinsiyyətçilik problemi haqqında da demək olar.

Sosial şəbəkələr: Sosial strukturun orta səviyyəli təzahürü

Sosioloqlar Sosial strukturu “mezo” səviyyədə – makro və mikro səviyyələr arasında-  yuxarıda təsvir edilən sosial institutlar və qurumsallaşmış sosial münasibətlər tərəfindən təşkil edilən sosial şəbəkələrdə görürlər. Məsələn, sistemli irqçilik ABŞ cəmiyyətində ayrılmağa şərait yaradır ki, bu da bəzi irqi homogen şəbəkələrlə nəticələnir. Bu gün ABŞ-da ağdərililərin əksəriyyətinin tamamilə ağdərili sosial şəbəkələri var.

Sosial şəbəkələrimiz həm də sosial təbəqələşmənin bir təzahürüdür; insanlar arasında sosial münasibətlər sinif fərqləri, təhsil və sərvət səviyyələrindəki fərqlər əsasında qurulur.

Öz növbəsində bu sosial şəbəkələr, bizim üçün mövcud olan və ya olmayan imkan növlərini formalaşdırmaqla və həyat yolumuzu və nəticələrini müəyyən etmək üçün işləyən xüsusi davranış və qarşılıqlı fəaliyyət normalarını inkişaf etdirməklə quruluşçu qüvvələr kimi çıxış edirlər.

Sosial qarşılıqlı əlaqə: Gündəlik həyatın mikro səviyyəsində sosial struktur

Sosial struktur mikro səviyyədə, bir-birimizlə olan gündəlik qarşılıqlı əlaqələrimizdə norma və adət formalarında özünü göstərir. Biz bunu nümunəvi qurumsallaşmış münasibətlərin ailə və təhsil kimi müəyyən qurumlar daxilindəki qarşılıqlı əlaqələrimizi formalaşdırma növündə və irq, gender və cinsəllik haqqında qurumsallaşdırılmış fikirlərin başqalarından nə gözlədiyimizi, onlar tərəfindən necə görünmək istədiyimizi  və birlikdə necə qarşılıqlı əlaqədə olduğumuzu formalaşdırmaq növündə mövcud olduğunu görə bilərik.

Nəticə

Nəticə olaraq, Sosial struktur sosial institutlardan və qurumsallaşmış münasibətlər nümunələrindən ibarətdir, lakin biz onu həm də bizi birləşdirən sosial şəbəkələrdə və gündəlik həyatımızı dolduran qarşılıqlı əlaqələrdə mövcud kimi başa düşürük.

Paylaş.

Müəllif haqqında

Ashley Crossman

Şərhlər bağlıdır.