Süngün misi: Vilayətlər arasında qarşıdurma ya daxili müstəmləkəçilik

Google+ Pinterest LinkedIn Tumblr +

İran Milli Mis Şirkəti başda Vərziqanda yerləşən Süngün və Kirmanda yerləşən Sərçeşmə mis mədənləri olmaqla ölkədəki mis mədənlərinin ortaq şirkətidir. Süngün mis mədəninin böyük  mis yataqları olduğu halda əldə edilən qazancdann Azərbaycanın daha az faydalanması daima gündəmdə olub.

Bir çox azərbaycanlı milli fəala görə, fars olmayanların yaşadıqları bölgələrdə əldə edilən gəlirin mərkəzi vilayətlərə aparılması ayrıseçkiliyin və ədalətsizliyin bir nümunəsidir. Onlar bunu daxili müstəmləkəçilik kimi qiymətləndirirlər.

Bu məsələlərin Traxtur futbol klubu ilə əlaqələnməsi mübahisəli məsələnin günü gündən daha da böyüməsinə səbəb olub.

Traxtur futbol klubunun milli mis şərkətinə verilməsi ölkə səviyəsində mübahisələrə səbəb olub. Son zamanlar Traxtur klubunun ölkənin futbol liqasında zəif çıxış etməyi ümumi etirazlara səbəb olmuşdu. Azarkeşlər komandanın zəifliyinə səbəb kimi kluba qarşı müxtəlif vaxtlarda verilən qərarların və Zunuzinin idarətməsinin səbəb olduğunu bildirirdilər.

Traxtur futbol klubuna kimin sponsorluq edəcəyi ilə bağlı davam edən müzakirələr yanvarın 4-də bitdi. Bu tarixdən etibarən kluba İran Mis Şirkəti sponsorluq edəcək. Xəbər yayılan kimi Kirman vilayətinin millət vəkili M.R.Puribrahimi bu qərara etiraz etdi. O, Kirmanın təbii sərvətlərinin başqa yerlərə getməsinin vilayətdə narazılıqlara səbəb olduğunu deyib. Bu fikrə qarşı azərbaycanlı millət vəkilləri reaksiya veriblər. Vərziqanın millət vəkili Allahverdi Dehqani qeyd edib ki əslində illərdir Milli Mis Şirkətinin bütün gəliri Kirmana axıdılıb. Və kirmanlılar da müstəmləkəçiliyə alışıblar.

Traxturun gəldiyi yol

Traxtur futbol klubu 2009-cu ildə ölkənin ən yüksək liqasına daxil olmaq haqqını qazandı. Yüksək liqaya girməsi ilə klubun azərbaycanlılar tərəfindən dəstəklənməsi daha da artdı. Xüsusi əhəmmiyyətə malik olan Traxtur futbol klubu artıq 12 ildən çoxdur ki İranın yüksək futbol liqasında oynayır. Keçən 12 il ərzində Traxtur klubu fərqli mövzularla gündəmə gəlib. Bunların ən vaciblərindən biri də bu klubun sahibliyi ilə bağlı mövzulardır.

Traxtur yüksək liqaya çıxan kimi onu Sepahın mülkiyyətinə verdilər. Klub Zunuzinin sahibliyinə keçənə qədər müxtəlif adlarla Sepahın əlində idi. Bu isə hər zaman azarkeşlərin etirazlarına səbəb olurdu. Hətta onlar 2018-ci ildə “Sepahi Traxtur istəmirik” şüarını da səsləndirdilər.

Həmin il klub tanınmış azərbaycanlı iş adamı Məhəmməd Rza Zunuziyə verildi. Lakin bu da klubun vəziyyətini müsbətə doğru dəyişmədi. Artıq 2021-ci ildə klubunun zəifliyi azarkeşlərin eitraz aksiyalarına səbəb oldu. Bu aksiyalardan sonuncusu isə 2022-ci il yanvarın birində baş tutdu.

Klubun Süngün mis mədəninin mülkiyyətinə verilməsi azarkeşlər tərəfindən dəfələrlə tələb edilmişdi. Nəhayət yanvar ayının 4-də mülkiyyətin dəyişdirilməsinə başladıqları haqqında xəbər yayıldı.

İki məsələ bir düyündə: Süngün və Traxtur

Süngünün mis ehtiyyatı ən az 4 milyard tondur. Bu mədən ölkəyə hər il 20 min milyard tümən gəlir gətirir. Vərziqan yaxınlığında yerləşən bu mədən orta şərqin ən böyük mis mədəni kimi tanınır.Keçən il Şərqi Azərbaycan valisi hər gün Azərbaycandan Kiramana 50 milyard dəyərində mis konsentratının göndərildiyini demişdi. İran Milli Mis Şirkətinin tabeliyində başqa futbol klubları da var. Lakin bu klubların hamısı Kirman vilayətinə aiddirlər.

Son zamanlar Traxtur futbol klubundakı maliyyə çətinlikləri onun alt səviyyəli liqaya düşmə təhlükəsini daha da artırıb. Azərbaycanlılar Traxturun İran Milli Mis Şirkətinə verilməsinin klubun maliyyə çətinliklərini aradan qaldıracağına və Azərbaycanda çıxarılan misin Azərbaycanda xərclənəcəyinə görə bu addımı müsbət dəyərləndirirlər. Ancaq Kirmandan olan millət vəkili və kirmanlılar bunu etirazla qarşılayıblar.

Daxili müstəmləkəçilik

Bəzilərinə görə müstəmləkəçilik tarixə aiddir. Onlar klassik müstəmləkəçiliyin bitməsilə onun tarixdə qaldığını deyirlər. Ancaq bunun əksini düşünənlər müstəmləkəçiliyin keçmişdə olduğu kimi sərhədlərdən kənar deyil, sərhədlərin daxilində müəyyən qrupların ayrıseçkiliyə məruz qalması və sərvətlərinin hakim qrup tərəfindən talanmasını iddia edirlər.

Süngün mis mədənindən əldə edilən gəlirin Kirmana aparılması da bunun bir nümunəsidir. Bu müstəmləkəçi siyasət nəticəsində faydalı qazıntılar və təbii sərvətlərdən dominant farsların xeyrinə istifadə edilir.

Təzadlar yüksəlir

Vərziqanın millət vəkili Dehqani deyib ki: “20 ildir ki ildə 25 min milyard tümən Vərziqandan Kiramana axıdılır”.  Bundan əvvəl isə Kirman mis mafiyasına işarə edərək onların Sistan-Bəlucistandakı mis mədənlərindən çıxarılan gəliri də mənimsədiklərini deyib.

Azərbaycanın keçmiş millət vəkilləri də bu mübahisəyə qatılıblar.  Tanınmış keçmiş  millət vəkili Əkbər Ələmi Azərbaycanın əslində başqalarının malında gözü olmadığını deyərək, kirmanlıların Azərbaycanın sərvətlərindən əl çəkmələrini çıxış yolu kimi göstərib.  O həm də “heap leaching” üsulunun istifadəsinin 3 illik gecikdirilməsini bildirərək qeyd edib ki bu üsuldan istifadə edilsə Süngün mis mədəni Kirmandan kənar müstəqil fəaliyyət göstərə biləcək.

Keçmiş Urmu millət vəkili Nadir Qazipur da bu mövzuya münasibət göstərib. O deyib: “İllərdir Azərbaycanın haqqını yeyirsiz və bundan sonra Kirman qaşığı ilə Azərbaycan balı yeməyinizə icazə verməyəcəyik”. Kəleybərdən olan millət vəkili Hatəmi isə İran Milli Mis Şirkətindən kənar Azərbaycan Mis Şirkətinin yaradılmasını təklif edib.

Azərbaycan vilayətləri ilə mərkəzi vilayətlər arasında baş verən bu mübahisələrin bu qədər böyüməsi və mübahisələrdə cavabdeh şəxs və qurumların da iştirak etməsi İran üçün nadir hallardan biridir. Gündəmdə olan mübahisələr müstəmləkəçi ilə müstəmirənin arasında olan hər tərəfli ziddiyətin nümunəsidir. Bu həm də məsələnin hələ uzun müddət müzakirə olunacağına da işarədir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.