Süngünün Traxtora dəstəyi, bir oxla iki nişan

Google+ Pinterest LinkedIn Tumblr +

Oktyabrın 4-də İran İslam Şurası Məclisinin bir qrup üzvü Sənaye, Mədən və Ticarət nazirinə, Milli Mis Şirkətinin Traxtor Klubunu dəstəkləməsi üçün şərait yaratması haqda bir məktub imzaladılar. Təbriz nümayəndəsi Əhməd Əlirza Beygi tərəfindən hazırlanan və bəzi şəhərlərin nümayəndələri tərəfindən imzalanan bu məktubda belə yazılıb:

“Qeyd etmək vacibdir ki, İran Milli Mis Şirkəti Rəfsəncan, Kirman və  Şəhri Babək  kimi şəhərlərdə sosial məsuliyyətlərini yerinə yetirsələr də bu günə qədər, Asiyanın ən populyar komandası kimi tanınan Traxtor komandasına heç bir yardım etməyib. Biz  Azərbaycan nümayəndələri, Traxtor klubunun ləyaqətinə uyğun sponsorluq müqaviləsinə oxşar maliyyə dəstəyi gözləyirik.” Bu məktubdan on gün sonra da, Kəleybərin parlamentdəki nümayəndəsi Hüseyn Hatəmi öz çıxışında qeyd etdi ki, “Bu komanda azərbaycanlıların və İran xalqının əksəriyyətinin sosial sərmayəsidir və Azərbaycan mədənlərinin zəngin mənbələrindən Traxtora dəstək verilməsə, İdman naziri və Sənaye, Mədən və Ticarət naziri sorğuya məruz qalacaq.”

İran İslam Şurası Məclisinin bir qrup üzvünün Sənaye, Mədən və Ticarət nazirinə, Milli Mis Şirkətinin Traxtor Klubunu dəstəkləməsi üçün şərait yaratması haqda məktubu.

İranın Milli Mis Şirkətinin gəlirlərinin çoxu Rəfsəncandakı Sarçeşmə mis mədəni və Vərziqandakı Süngün mis mədənindən gəlir. Kirman əyaləti bu fürsətdən istifadə edərək, iqtisadi vəziyyətinin inkişafı və yaxşılaşdırılması üçün yaxşı addımlar atıb. Sərçeşmə mis şəhərinin imkanları, Kirman əyalətində tikilmiş çoxsaylı mədəniyyət, incəsənət obyektləri, idman qurğuları və o əyalətdə yaradılmış üç məşhur futbol komandası (Kirman, Rəfsəncan və Sərçeşmə) bizim bu sözümüzü təsdiqləyir. Bunun əksinə, Vərziqan şəhərində və Şərqi Azərbaycan əyalətində mis şirkətinin investisiya və tikintisi yoxdur. Görülən bir neçə iş də Kirmanla müqayisə oluna bilməz. Ümumiyyətlə Süngün Mis Kompleksi, kağız üzərində Azərbaycan misi adlandırılsa da, zahiri müstəqilliyi olsa da, Süngün mədəni ilə bağlı əsas siyasət və qərarlar kirmanlılar və Tehran ofisi tərəfindən müəyyən edilir.

Süngün mis mədənində istehsal olunan mis konsentratı əridilmək üçün Kirmana göndərilir. Bir haldakı mədən Azərbaycanda yerləşir və Süngün mədənindən başqa da bu ərazilərdə böyük mis yataqlarının olmağı ehtimal edilir bəs onda nəyə görə burada misəritmə zavodu tikilməsin? Vərziqanda misəritmə zavodunun tikilməyi Azərbaycanda iş yerlərinin açılmasına və son məhsulun da burada istehsalına səbəb olacaq. Lakin bu mövzudan ancaq bacarıqsız əyalət məmurları istifadə edirlər. Onlar hər dəfə burada zavodun tikiləcəyinə söz versələr də hələ bunu bacarmayıblar. Məsələnin vacibliyinə baxmayaraq misəritmə zavodunu tezliklə tikiləcəyi təbliğ aləti kimi bacarıqsız əyalət məmurlarının manevr qonusu olmuşdur.

Traxtor klubunun maliyyə çətinlikləri Məclis nümayəndələrinin də diqqətini Süngün Mis mədəninə yönəltməyinə səbəb olub. Vərziqanda misəritmə zavodunun tikilməsinə ciddi yanaşmaq lazımdır. Misəritmə zavodunu harada yerləşdirməklə bağlı bəzi mübahisələr yaranır. Əgər ekologiyanın bundan mənfi təsir alacağını düşünürüksə çox güclü filtrlərdən istifadə etsək təbiətə ziyan dəyməz. İşdir sanksiyalara görə o filtrləri əldə etmək mümkün olmasa Xoca bölgəsinin şoran torpaqlarında ekoloji problem yaratmayacaq bir misəritmə zavodu tikmək mümkündür.

Süngün mis mədəni

Süngün klubu Kirman komandalarına baxanda daha az maliyyə ayrılaraq yaradılmağına baxmayaraq kirmanlılar tərəfindən etirazla qarşılandı. Onlar İran Mis Şirkətinin Kirman, Rəfsəncan və Sərçeşmə komandalarını maliyyələşdirdiyini və başqa klubun da yaradılmasına  ehtiyac olmadığını deyirdilər. Lakin onların heç biri niyə İran Mis Şirkətinin ancaq Kirmandan olan 3 komandaya maliyyə dəstəyi verdiyini gəlirdə böyük payı olan Vərziqandan isə bir komandaya belə dəstək verməmələrini açıqlaya bilmədilər. Süngün Futbol Klubu Kirman komandalarına nəzərən daha az maliyyə dəstəyi ilə təmin edilsə belə bu komanda Asiyada böyük uğurlar qazandı. İndi isə Traxtor klubuna dəstəyin vacibliyi qabardılanda İran Mis Şirkəti buna mənfi reaksiya verir. Parlamentin azərbaycanlı nümayəndələri öz qohum və tanışlarını işə götürmək onları harasa işə düzəltmək yerinə belə mövzularla məşğul olsalar yaxşı olar. Onlar Vərziqanda misəritmə zavodunun tikintisini tələb etməli, bu yolla da həm Azərbaycandakı talanın qarşısını almalı həm də Traxtora dəstəyi təmin edərək bir oxla iki nişanı vurmalıdırlar.

Paylaş.

Müəllif haqqında

İbrahım Savalan

İbrahım Savalan Güney Azərbaycanlı yazar və siyasi aktivistdir.

Şərhlər bağlıdır.