Təbriz Şairlər Məqbərəsi

Google+ Pinterest LinkedIn Tumblr +

Şairlər Məqbərəsi adı verilən yer əslində Təbrizin Sırxab qəbiristanlığıdır. Burada 400dən çox tanınmış şair dəfn edilib. Şüəra Məqbərəsi daha çox Şəhriyarın adı ilə tanınsa da əslində Xaqani Şirvani, Təbrizli Qətran, Zəhir Faryabi, Siqqətülislam kimi bir çox başqa böyük şairlərin də məzarıdır. Təbrizin digər tarixi qəbiristanlıqları kimi Sırxab qəbiristalığı da təbii və qeyi-təbii amillər nəticəsində dağılıb. Təbrizli araşdırmaçı Riza Həmraz deyir[1] ki hazırda Şairlər məqbərəsi adı verilən bu kompleksin və orada tikilən abidənin Sırxab qəbiristanlığı ilə əlaqəsi yoxdur və qəbiristanlıq da keçmişdə burasan aralı olub. O həm də deyib ki Təbriz şəhərində olan bir çox tarixi qəbristanlıq təbii amillərlə yanaşı cavabdeh qurumların da onlara laqeyid yanaşmasının nəticəsində məhv olublar. Bugün Şairlər Məqbərəsi adıyla tanınan yer, təxminən qəbiristanlıq sahəsində yaradılmış bir tarixi-kültürəl  kompleksdir. Sözü gedən abidə isə 1970-ci ildə ölkə səviyəsində keçirilmiş memarlıq müsabiqəsində seçilərək tikilib.

50 ildir tamamlanmayan layihə

Həmin müsabiqədən bir il sonra Təbriz Şairlər Məqbərəsi kompleksi tikilməyə başlayıb. İşin sona çatması 1979-cu il inqilabı sonrasına qaldı. 1988-ci ildə M.H.Şəhriyar vəfat edəndə bu qəbiristanlıqda dəfn edildi və kompleksin açılışı da həmin ildə oldu. 14 il sonra İrşad və Fərhəng Nazirliyi Şairlər Məqbərəsinin yenidən bərpa edilməsinin vacib olduğunu qeyd etdi[2]. 2004-cü ildə Şərqi Azərbaycan ostanının valisi Məhəmmədəli Sübhanallahi Şairlər Məqbərəsi kompleksinin genişlənməsi və tamamlanması gərəkdiyini söyləyir[3] və o ildən etibarən yenidənqurma layihəsinə başlayırlar. Bundan iki il sonra, yəni 2006-cı ildə Dövlət heyəti İrşad və Fərhəng Nazirliyinə Təbriz Şairlər Məqbərəsi layihəsinə özəl büdcə rədifi yaranmasını əmr edib[4]. Bu isə işin gedişatının sürətlənməsi demək idi. Həmin ildə Təbriz millət vəkili Riza Rəhmani Şairlər Məqbərəsi layihəsi 33 ildir ki tamamlana bilmir demişdi[5]. O həm də  bu layihənin ölkə səviyəsində gecikdirilmiş işlər içində rekord sahibi olmasını da bildirmişdir. Sözü gedən büdcə Şairlər Məqbərəsinə ayrılmır və layihə bir il də olduğu kimi qalır. 2007-ci ilin noyabr ayında bir başqa Təbriz millət vəkili Tacəddini bu haqda İrşad və Fərhəng nazirliyindən açıqlama istəyir[6] ancaq heç bir nəticə əldə edilmir. 2009-cu ilin iyun ayında bu kompleks milli əsərlər siyahısına əlavə edilir[7]. Amma bu belə işin sürətinə təsir etmir. 2015-ci ildə Şairlər Məqbərəsi yaxınlığında uca tikililərin tikilməsi qadağan edilir[8]. Lakin bu qadağa da işə yaramır. Hazırda həmin ətrafda bir neçə uca tikili də gözə dəyir. 2016-cı ildə Şairlər Məqbərəsinin Qacar muzeyinə, daha sonra isə Təbriz bazarına qoşulacağı deyildi[9]. 2018-ci ildə Təbriz İslam Dünyasının Turizm Paytaxtı seçiləndə yarım qalmış layihələrin yekunlaşacağı gündəmə gəldi. Ancaq  2020-ci ildə Təbriz İrşad və Fərhəng müdiri büdcədən ayrılan xırda məbləğlərlə bu layihənin sona çatmayacağını bildirib[10]. Qeyd etmək lazımdır ki Təbriz şairlər məqbərəsi xəbərləri ümumilikdə müəyyən tarixlərə aiddir. İranda 4 ildən bir keçirilən prezidentlik seçkiləri ərəfələrində vədələr bazarı qızğınlaşır. Şairlər məqbərisi isə bunun ən sadiq örnəklərindən sayılır. Əldə olan datalara əsasən Bu kompleksin ölkə səviyəsində gündəmə gəlməsinin seçkilərlə sıx bağlılığı vardır. Seçkilər yaxınlaşdıqca bu kopleks önəmsənilir, ancaq seçkilərdən sonra 4 illik qəflətə uğrayır. yenicə işə başlayan prezidentler isə sira ilə bu haqda danışıblar, lakin 50 illik bu layihə tamamlana bilmir.

Yeraltı şəhərdən işarələr

Şairlər Məqbərəsinin ərazisində aparılan qazıntılarda tarixi əsərlər kəşf olunub. Daha əvvəllər Göy Məscid yaxınlığında aparılan qazıntılarda yeraltı şəhər tapıldığı deyilmişdi. Tarixi rəvayətlərə görə 18-ci yüzillikdə baş verən zəlzələ nəticəsində Təbriz şəhəri bütünlüklə yerin altında qalıb. Yeni aparılmış qazıntılarında kəşf olunan əsərlər isə bu iddiaya sübut kimi görünür. Amma Kültürəl Miras İdarəsi yeraltı şəhərin əslində tarixi dəyərinin olmadığını bildirib[11]. Sırxab qəbiristanlığındakı qazıntılar da ümumi narazılıqlara səbəb olub. Məhərrəm Məhəmmədzadə keçmiş Təbriz Şəhər Şurasının üzvü 2020-ci ilin mart ayında bu haqda kəskin ifadələrlə çıxış etmişdir[12]. O, gələcək nəsillərin bizdən qazıntılarda tapılan əşyalar haqda soruşacaqlarını deyərək, tapılan sümüklərin gecə ilə Təbrizdən çıxarılmasını şübhələnməyə əsas kimi ortaya qoymuşdu. Bu isə on illərlə davam edən bu layihənin yekunlaşmasına təkcə büdcədən az pulun ayrılmasının səbəb olmadığını, burada həm də bəzi gizli məqamların da olduğunu sübut edir.

Qaynaq:

[1] https://l24.im/2jQDkE

[2] https://l24.im/w9WH

[3] https://l24.im/uzf

[4] https://l24.im/TNkZ4

[5] https://l24.im/hlf2

[6] https://l24.im/M2IKJ

[7] https://l24.im/6IY

[8] https://l24.im/6ZtKn

[9] https://l24.im/pPlKthQ

[10] https://l24.im/Oz4

[11] https://l24.im/pAbJX0v

[12] https://l24.im/WYVoJ

 

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.