Tanış oğru əllər: Təbriz Karikatura Muzeyini kim oğurladı

Google+ Pinterest LinkedIn Tumblr +

19 mart tarixində dünyanın ikinci ən böyük karikatura muzeyi olan Təbriz Karikatura Muzeyinin əşyaları və əsərləri oğurlanıb. Bu haqda “Azər Əncümən” xəbər agentliyi məlumat yayıb. Yayılan şəkillərdən muzeyin tam boşaldıldığı görünür. Xəbər mədəniyyət sahəsi fəallarının reaksiyasına səbəb olub.

Muzeyin bu vəziyyəti ilə bağlı Təbriz Karikatura Muzeyinin direktoru Səid Purya Əmcədi fikir bildirib. O muzeyin oğurluğa görə yox, Təbriz şəhər bələdiyyəsi ilə İslam Mədəniyyət İdarəsi (İrşad) arasındakı ixtilafın nəticəsinda boşaldıldığını qeyd edib. Səid Purya Əmcədi bu haqda belə yazır: “Bir neçə saat əvvəl Təbriz Karikatura Muzeyinin əməkdaşları muzeyin tamamilə boşaldıldığını öyrəniblər. Son aylarda muzeyin və İncəsənət Evinin binasının mülkiyyəti ilə bağlı bələdiyyə ilə İslam Mədəniyyəti İdarəsi (İrşad) arasında mübahisə yaranıb və bələdiyyə  bu muzeyi iki dəfə boşaltmaya təşəbbüs göstərsə də son hadisəyə qədər bunun qarşısı alınmışdı.”

Təbriz Karikatura Muzeyində “Molla Nəsrəddin” jurnalının obrazlarından birinə həsr edilmiş heykəl

Təbriz Karikatura Muzeyində “Molla Nəsrəddin” jurnalının obrazlarından birinə həsr edilmiş heykəl

“Dözmək çətin idi?”

Xəbər yayılandan bir neçə saat sonra Təbriz Karikatura Muzeyinin qurucularından olan Rəhim Bəqaləsğəri özünün instaqram hesabında dövlət orqanlarını kəskin tənqid etdib belə yazıb. O bu məsələni dövlət orqanı olan bələdiyyənin Azərbaycan mədəniyyətinə qarşı addımlarının davamı olaraq görür və bunun üçün də rəsmi etiraz olaraq rəsmi qurumlarla əməkdaşlığı dayandırmaq qərarı verdiyini bəyan edib.

Rəhim Bəqaləsğəri bu haqda belə yazıb: “15 il bundan əvvəl min ümidlə bu muzeyi qurmuşam, yüzlərlə kitab bağışlamışam. Onlarla beynəlxalq festivallarda minlərlə əsər toplayıb arxivləşdirmişəm… O, “Azərbaycan Karikatura Muzeyi” adlandırıldı. Buna dözmək çətin idi? Təbriz Bələdiyyəsi, Fotoqrafiya Muzeyi və Təbriz Peşə Muzeyi ilə nə etdisə Asiyada yeganə karikatura muzeyi olan Azərbaycan Karikatura Muzeyi ilə də o işi gördü. Gecə və gizlicə… Rəsmi qurumlarla istənilən əməkdaşlığa son verirəm. Bayram payımı aldım.”

Təbriz Karikatura Muzeyinin binası

Təbriz Karikatura Muzeyinin binası

Təbriz Karikatura Muzeyi nə zaman yaranıb?

2007-ci ildə Təbriz İncəsənət Evində yaradılmış Təbriz Karikatura Muzeyi dünyanın beş karikatura muzeyindən biridir. İranın yeganə karikatura muzeyi olan bu muzey həm də dünyanın ikinci ən böyük karikatura muzeyidir. Muzey Azərbaycan, Belçika, Fransa, İtaliya, Suriya, Türkiyə kimi ölkələrin nümayəndələrinin iştirak etdiyi dünya karikatura muzeyləri rəhbərlərinin ikinci toplantısına ev sahibliyi edib.

Burada dünyanın müxtəlif yerlərindən olan Latovski, Kozoborkin, Kuraoğlu, Kosobukin, Kolmeşkino kimi dünyanın məşhur karikaturaçılarının 60-dan çox əsərin nümayiş olunduğu iki qalereya var idi. Muzey bir çox milli və beynəlxalq festivallara ev sahibliyi edib. Burada təxminən yüz ölkədən iki min orijinal sənət əsəri arxiv edilmişdir.

Təbriz Karikatura Muzeyi

Təbriz Karikatura Muzeyi

Muzeyin Azərbaycan üçün tarixi önəmi

Təbriz Karikatura Muzeyi Azərbaycanın hər iki tayının karikatura tarixini əks etdirən xüsusi bir muzeydir. Güney və quzey Azərbaycanın karikatura tarixini iki hissəyə bölmək mümkün deyil. Çünki hər iki tayda karikaturanın əsası “Molla Nəsrəddin” jurnalının nəşri ilə qoyulub.

100 il əvvəl, 1921-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə jurnalı çap etdirmək üçün ailəsi ilə birlikdə 3 ay təhlükəli yollardan keçərək Təbrizə gəlib. Təbriz mollalarının ona qarşı ölüm fətvası verməklərinə baxmayaraq o, Güney Azərbaycanın ən böyük şəhəri olan Təbrizə köçür və jurnalını yenidən nəşr etdirməyə başlayır.

Cəlil Məhəmmədquluzadə 1921-ci ildə  Bakıdakı siyasi-ictimai vəziyyətə görə “Molla Nəsrəddin” jurnalını Bakıda çap etdirə bilmədiyi üçün Təbriz şəhərinə köçür.

“Molla Nəsrəddin” jurnalından karikatura - Ruslar hərbi təlimlər keçirlər, İranda isə bir molla insanlara xurafat öyrədir.

“Molla Nəsrəddin” jurnalından karikatura – Ruslar hərbi təlimlər keçirlər, İranda isə bir molla insanlara xurafat öyrədir.

Qeyd edək ki, 1920-ci ildə Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hakimiyyətə gəlmişdir. Xiyabani İranda konstitusiya tərəfdarı olan azərbaycanlı lider idi və ölkədə ifrat mərkəzçiliyə qarşı çıxırdı. Cəlil Məhəmmədquluzadə ilə Xiyabani arasında yüksək münasibət var idi, çünki “Molla Nəsrəddin” jurnalında azadlıq hərəkatına diqqət ayrılır və hərəkatın bəyannamələri də jurnalda çap edilirdi. Bundan başqa Cəlil Məmmədqulizadənin həyat yoldaşı Həmidə xanım xatirələrində yazır ki Cəlilin ailəsi də güneydən quzeyə işləmək üçün köçüblər.

Bir il ərzində “Molla Nəsrəddin” jurnalının səkkiz sayı Təbrizdə çap olunub. Bu saylarda jurnal Təbrizdəki azadlıq hərəkatına qoşulub onu dəstəkləyib.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.