Təbriz Universitetinin Azərbaycan Türkcəsi və Ədəbiyyatı fakültəsində oxuyan tələbələr, universitetin rektorunun bu fakültə haqqında verdiyi qərarlara, bəzi təşkilatların təzyiqlərinə görə eləcə də Fars ədəbiyyatı departamenti üzvlərinin müdaxiləsi ucbatından yüksək təhsilli türk dili müəllimlərinin işə qəbul edilməməsinə etiraz etmək üçün sosial şəbəkələrdə bir bəyanat yayıblar. Bu bəyanata əsasən, tələbələr dərslərə qatılmamaq niyyətindədirlər və bu etirazlar növbəti semestrdə nəticələr alınana qədər davam edəcək.
Yayılan xəbərlərə əsasən, bir neçə ildir ki, akademik kadrların işə götürülməsi cəhdlərinə baxmayaraq, çoxsaylı təzyiqlər bu sahədəki akademik kadrların Təbriz Universitetinə cəlb edilməsini imkansız edib. Bəyanatdakı iddialara görə, Azərbaycan Türkcəsi və Ədəbiyyatı fakültəsinə yeni akademik kadrların cəlb olunması ilə bağlı alınan yeni qərarlar və Fars Ədəbiyyatı Departamenti üzvlərinin müdaxiləsi, önümüzdəki 10 il boyunca bu fakültəyə yeni akademik kadrların təyin edilməsinin mümkün olmayacağını göstərir.
Keçmiş illərdə də Azərbaycan Türkcəsi və Ədəbiyyatı fakültəsində dərsliklərdə dəyişikliklər edilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Bu dəyişikliklər Azərbaycan Türkcəsi və Ədəbiyyatı ilə heç bir əlaqəsi olmayan dərslərin proqramda yer tutmasına səbəb olub. Bundan əlavə bu fakültənin tələbələrinə bəzi təşkilatlar tərəfindən təzyiqlər də olur.