Təbrizin 2 min hektarlıq tarixi hissəsi qorunmalıdır

Google+ Pinterest LinkedIn Tumblr +

Təbrizdə tarixi simasının qorunması və bərpa edilməsi ilə bağlı kampaniya yola düşüb. Bu kampaniyada Təbrizin 2 min hektarlıq tarixi mərkəzinin olduğu, lakin cavabdeh qurumların laqeyd yanaşması nəticəsində dağıldığı və ya acınacaqlı vəziyyətdə olduğu qeyd edilib.

Karzar.net” saytında başlayan bu kampaniya üçün 13 iyun tarixindən imza toplamağa başlayıblar. Müraciət əsasən Mədəniyyət Mirasi Nazirliyi, Şəhərsalma və yol Nazirliyi və Şərqi Azərbaycan valiliyinə ünvanlanıb. Bu müraciətdə tarixi abidələr və onların özünəməxsusluqlarının qorunması üçün lazımi qanunların olduğu halda onların icra edilmədiyi qeyd olunub.

Güney Azərbaycanda tarixi abidələrin qorunması tələbi tez tez gündəmə gələn mövzulardandır. Xüsusilə Təbriz şəhəri yüksək tarixi mövqeyə sahib olduğu halda tarixi simasının lazimi diqqəti cəlb etmədiyi çox danışılan mövzular sırasında yer alır.

Təbrizdə tarixi abidələr nə vəziyyətdədir?

Müraciətdə Təbrizin 2 min hektarlıq tarixi mərkəzə malik olması bildirilib. Göy məscid, Üstü örtülü bazar, Qədim xiyaban, Sahibül əmr meydanı və digərləri sözü gedən abidələrdən nümunələrdir. Lakin laqeyd yanaşma sayəsində bu tarixi ərazilər böyük miqyasda kiçildilib və şəhər həyatından silinib.

Ticari mərkəzlər tarixi abidələrin sahib olduqları əraziləri işğal edərək onların arxa planda qalmalarına gətirib çıxarıb. Bir çox hallarda isə onların ərazisi tamamilə məhv edilib. Ərk qalasını buna nümunə olaraq göstərmək mümkündür.

Ərk qalası komleksinin demək olar ki böyük hissəsi məhv edilib. Bu kompleksin sahəsində müsəlla (Cümə namazı üçün istifadə edilən məscid) tikilib ve qaladan başqa hər nə varsa məhv edilib. Təbriz əhalisinin etirazlaraına baxmayaraq hazırda qala müsəlla sahəsində yalnız qalıb.

Digər tarixi ərazilər və abidələr də dövlət siyasətlərindən payını alıblar. Ticari məqsədlər üçün tikilən binalar tarixi abidələrin böyük ölçüdə ərazilərini məhv ediblər. Xiyaban məhəlləsinin tarixi  ərazisinin ən az 25 hektarı məhv edilib.

Təxminən iki ay qabaq Şam qazan hamamının tarixi abidələr siyahıssından çıxma təhlükəsi gündəmə gəlmişdi. Qazan xanın əmri ilə tikilən Şam qazan kompleksinin son yadigarı olan Şam qazan hamamı hələ də acınacaqlı vəziyyətdədir.

Hazırda da fəaliyətlərini davam etdirən kampaniyanı bir qrup şəhərsalma və memarlıq müəhəndisləri və şəhər fəalları başlayıblar. Onlar cavabeh şəxslər və qurumların tezliklə məsuliyyətə cəlb edilməklərini tələb edirlər. Kampaniyanın avqust ayının 14-dək imza toplamağa davam edəcəyi bildirilib.

Azərbaycanın başqa vilayətlərində vəziyyət necədir

2021-ci ilin noyabr ayında Urmu şəhərinin 250 hektarlıq tarixi ərazisinin yox olma təhlükəsi ilə bağlı xəbərlər yayılmışdı. Urmu islami şurasının sədr müavini şəhərinin mərkəzində yerləşən bu ərazinin getdikcə tarixi və memarlıq dəyərini itirdiyini demişdi.

Mədəni Miras İdarəsinin müdiri Qərbi Azərbaycanda təcili bərpa ediməyə ehtiyacı olan 40 abidədən söz açmışdı. Urmu şəhəri tarixdə yeddi qapılı şəhər kimi qeyd edilib. Eyni halda yaxın tarixədək Urmuda çox sayda tarixi evlər və bağlar olub. Lakin Pəhləvilər dövründən başlayaraq onların əksəriyyəti yerlə yeksan edilib. Bəzi hallarda isə tarixi abidələr fərqli qurumların idarəçiliyinə verilib. Dilquşa bağının qarnizona çevrilməsi buna bir nümunədir.

Qərbi Azərbaycanın Tikantəpə şəhərinin yaxınlığında yerləşən Suğurluq abidəsi Güney Azərbaycanın UNESCO-nun Ümumdünya İrsi siyahısına girmiş 7 abidədən biridir. Lakin yaxınlığında aparılan mədən qazıntılarının ona ciddi ziyan vurduğu bilinir. 27 aprel tarixində sona çatmış kampaniya isə bu mədənin fəaliyyətinin Suğurluq ərazisinə ziyan vurmasının qarşısını almaq üçün yaradılmışdı.

Zəncan vilayətində isə vəziyyət daha da acınacaqlıdır. Zəncanda var olan bir çox tarixi abidə hələ ki Milli İrslər siyahısına girməyi gözləyir. Milli İrslər siyahısına girmədikləri üçün onların qorunması üçün hansısa qurum cavabdeh sayılmır. Nəticədə bu abidələr  təbii və qeyri-təbii dağıdıcı amillər qarşısında müdafiəsiz qalırlar.

2021-ci ilin yanvar ayının 19-da Ərdəbil vilayətinin Mədəni İrsi qoruma idarəsinin müdiri vilayətdə 16 tarixi abidənin dağılmasından xəbər vermişdi. Bunlardan altısının qanunsuz bərpaetmə, birinin abidə ərazisinin istifadəsinin dəyişməsi və doqquzunun zərər gördüyünü demişdi.

Sadə hesabla Azərbaycanın güneyindəki tarixi abidələrin vəziyyəti aydın olur. Ümumiyyətlə onlar acınacaqlı vəziyətdədirlər. Cavabdeh qurumların isə laqeyd yanaşmaları müşahidə olunur.

Qacarlarla yıxılan tarix

Güney Azərbaycanda tarixi abidələrin dağıdılması Pəhləvilər dövründən başlayır. Rza şahın Qacarlara aid bütün tarixi abidələri məhv etmək istədiyi tarixi faktdır. O Qacarlardan qalan hər şeyin məhv olunmasını qurduğu səltənətin vəzifəsi hesab edirdi. O bir dəfə öz həyat yoldaşı Tacülmülkə bunu açıqca deyib.

Həmin dövrdə eksklüziv millət qurmaq prinsipləri fars olmayan millətlərin varlığını inkar etməklə işə başladı. Pəhləvi dövrünədək türklərin min il boyunca bu coğrafiyada hakimiyyətini nəzərə alsaq Rza şah sisteminin onların tarixi abidələrinə münasibətini anlamaq mümkündür.

1979-cu il inqilabından sonra dövlətin siyasəti yumuşalsa da, dəyişmədi. İslami Respublika cavabdehləri laqeyd yanaşma siyasətləri ilə çox sayda abidənin məhv olmasına yol verdilər. Eyni halda Ərk kompleksi kimi tarixi ərazilər getdikcə kiçildildi.

Güneydə tarixi abidələrin qorunması tələbi təkrarlanan tələblərdən sayılır. Təbriz şəhərinin tarixi simasını qorumaq tələbi isə bu siyahının son nümunəsidir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.