Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsi iyunun 19-da Təbrizdə Nizami Gəncəviyə həsr olunmuş konqres keçirəcək. Bu konqresdə ifaçılıq sənəti üzrə mütəxəssis Qütbəddin Sadiqinin iştirakı mübahisələrə səbəb oldu. Bir qrup azərbaycanlı mədəni fəal Nizamiyə həsr edilmiş konqresdə Qütbəddin Sadiqinin iştirakını qəbuledilməz hesab edirlər.
İranın Kürdüstan vilayətindən olan Qütbəddin Sadiqinin peşəkar fəaliyyətlərində Nizamı haqqında hər hansı önəmli tədqiqatının olmadığı bilinir. Lakin o Nizamini iranlı kimi tanıdır və onun anasının kürd olduğunu iddia edir. Qütbəddin Sadiqi həmçinin 44 günlük Vətən Müharibəsində də Azərbaycan ordusuna və hakimiyyət rəhbərlərinə qarşı çıxış etmişdi. Bu isə güneylilərin etirazlarına səbəb olmuşdu.
Daha sonra o etirazları əsassız hesab edərək Şərqi və Qərbi Azərbaycan vilayətlərinin Azərbaycan Respublikası ilə əlaqədar olmadığını demişdi. Fars dili və ədəbiyyatı akademiyasının üzvü olan Qütbəddin Sadiqinin İranın xaricindəki kürdlərlə sıx əlaqəsinin olduğu bilinir lakin güney Azərbaycanla quzeyin əlaqəsini yersiz hesab edir. Misal üçün o İraqın Süleymaniyə şəhərindəki fəaliyyətinə görə təqdir edilib. Türkiyənin Siverek rayonundan olan müğənni Şivan Pərvərlə dostluq münasibətləri olduğu bilinir. Qeyd etmək lazımdır ki Şivan Pərvər Güney Azərbaycanın Urmu kimi bir çox şəhərlərinin əslində “Kürdüstan”a aid olduğunu idda edən şəxsdir.
Qütbəddin Sadiqi həm də Türkiyə Cümhuriyyətinə qarşı da çıxışlar edib. Misal üçün o İraq Şam İslam dövlətini Türkiyənin bölgəyə istilası yolunda istifadə etdiyi qüvvə kimi tanıdıb. Qeyd etmək vacibdir ki Azərbaycan və Türkiyə Cümhuriyyətlərinə qarşı açıqca düşmən baxışları olan Qütbəddin Sadiqinin azərbaycanlı şair Nizamiyə həsr edilmiş konqresdə iştirakı Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin tələbi ilə gerçəkləşəcəkdir.
Azər Əncumənin verdiyi xəbərə əsasən mədəni fəalların geniş etirazı nəticəsində Qutbəddin Sadiqimin konqresə dəvəti ləğv olunmuşdur.