Azərbaycan qəzeti arxivindən: Tehran bu müamilədə qazana bilməz

Google+ Pinterest LinkedIn Tumblr +

27 noyabr 1945-ci ildə Azərbaycan qəzetində Tehranın yaxınlığında yerləşən Şimşək kömür mədəninin azərbaycanlı işçiləri tərəfindən yazılmış bir ərizə dərc edilib. Qəzetin 64-cü sayında çap edilmiş bu ərizədə mədəndə işləyən azərbaycanlı fəhlələrin bəzilərinin öldürüldüyü, 30 fəhlənin həbs edildiyi və çox sayda fəhlələrin döyülüb, qarət olunduğu yazılıb. Qəzetin 65-ci sayında isə Mir Cəfər Pişəvəri və Azərbaycan Demokrat Firqəsi tərəfindən bu ərizəyə münasibət bildirilib.

M.C.Pişəvərinin 65-ci sayda yazdığı cavab məqaləsini Ətəkyazı oxucularına təqdim edirik.

 

Azərbaycan qəzeti

Sayı 65, Çərşənbə, 7 Azər 1324-cü il

Tehran bu müamilədə qazana bilməz

Keçən sayımızda Şimşək fəhlələrinin ərizəsini dərc etdik. Bu ərizədə Tehran hökümətinin Azərbaycanlılar ilə etdiyi vəhşi rəftardan faciəli bir pərdə təsvir edilmiş, bütün İran sənayesi və dəmir yollarını yaradan Azərbaycan işçilərindən bir dəstə hamin ərizə vasitəsilə öz ana yurduna müraciət edib öz doğma qardaşlarından kömək istəmişlərdi.

Kömür mədənlərinin qaranlıq və zəhərləyici yeraltı dalanlarında qan-tər tökən bu fəhlələri Azərbaycanlı olduqlarına və Azərbaycan dilində danışdıqlarına görə Tehran dövlətinin məmurları döyüb, əzib, öldürüb, zindanlara doldurmaq ilə xalqımızdan intiqam çəkmək istəyir.

Bunun oxşarı Tehranın xiyabanlarında və qəhvəxanalarında da nəzəri cəlb etməkdədir. Polis və ordu qərargahı tərəfindən təhrik və təchiz edilmiş bıçaqçəkənlər (xuliqanlar) və başkəsənlər indi Tehranın küçələrində Azərbaycanlı şikarına çıxır, silahsız və zəhmətkeş həmvətənlərimizin qanını axıtmaqdan zövq alırlar.

İnkar etmək olmaz ki, Azərbaycanlı 50 il farsca danışsa, yenə də milli ləhcəsini dəyişə bilməz. Məsələn, doktor Rzazadə Şəfəq 40 il farslarla ünsiyyətdə olub, ali mədrsələrdə (məktəblərdə) fars ədəbiyyatı müəllimi olduğu halda, ağzını açan kimi Azərbaycanlı olduğu aşkara çıxar. Bu cəhətdən heç bir Azərbaycanlı öz milliyət və dilini gizlətməyə qadir ola bilməz. Hələ fələyə baş əymək istəməyib, öz milli qüruruna marağı olan Azərbaycanlı heç vaxt dil və millətini inkar etməz. Ona görə bıçaqçəkənlər (xuliqanlar) üçün onları tapmaq və onların kişi xasiyyətlərindən nakişi kimi istifadə etmək müşkül deyildir.

Tehrandan gələn inanılmış adamlardan biri deyirdi ki, artıq orada Azərbaycanlılar üçün yaşamaq qeyri-mümkün bir hala gəlmişdir. Hətta, eşitdiyimizə görə, kor Mir Cavad ilə Rzazadəyə də fars bıçaqçıları mükafat olaraq dadlı kötək vurub gözələrinin altını qaraltmışlar.

Millətimiziə xəyanət edib onu Seyid Ziya kimi alçaqlara satanları biz özümüz tənbeh etməyə üstünlük veririk. Onlarn Azərbaycanlı adına yadlar tərəfindən təhqir olması bizim xoşumuza gələn işlərdən deyildir.

Amma fəhlə dəstələri və bitərəf Azərbaycanlıların, məxsusən milli qürur və milli heysiyyətini hifz etmək istəyən şərəfli və mərd həmvətənlərimizin hüquqlarını müdafiə etməkdə laqeydlik və diqqətsizlik göstərmək, bizim əqidəmizcə, xəyantdir. Əgər Tehran bu xain hərəkətə tezliklə son qoymazsa, biz də hamin tədbirlə cavab verməyə məcbür olacağıq.

Əgər Tehranda Azərbaycan Demokrat Firqəsinə tərəfdarlıq və yaxud Azərbaycanlılıq günahdırsa, Azərbaycanda onu günah hesab edənlər cani və xain hesab olunub cəzalandırılacaqdır. İş belə gedərsə, biz də xalqımızın əlində olan vasitələrdən istifadə edib zindana zindan ilə cavab verərik. Tehran isə bu müamilədən mənfəət apara bilməz.

Mir Cəfər Pişəvəri

Paylaş.

Müəllif haqqında

Mir Cəfər Pişəvəri

Şərhlər bağlıdır.