Tehran İslami Şurasının 20 iyul tarixli qərarına əsasən Tehranda bir xiyaban və 28 küçənin adı dəyişdirilib. Yeni verilən adlar içində Şuşi, Badikubə kimi adlar da var. “Şuşi” Azərbaycanın yenicə işğaldan azad olunmuş Şuşa şəhərinə ermənilərin verdiyi qondarma addır. Badikubə isə fars mənbələrində Bakı şəhərinin keçmiş adı kimi qeyd olunub.
Seyid İbrahim Rəisi Türkmənistana olan son səfərində prezident İlham Əliyev ilə görüşdə İran və Azərbaycan arasında olan mədəni və tarixi bağlardan danışıb. 28 noyabrda baş tutmuş bu görüşdə İbrahim Rəisi İkinci Qarabağ Müharibəsində İranın Azərbaycanın yanında olduğunu iddia edib. Halbuki bu sözə zidd olaraq təxminən 4 ay qabaq Tehranda bir küçəyə Şuşi adı verib. Azərbaycan Respublikasının rəsmi şəhər adlarını saxtalaşdırıb başqa qonndarma adların Tehranda küçələrə verilməsi sosial mediada gündəmə gəlib.
Tehranda verilən yeni küçə adları içində Gəncə, Lənkəran, Nardan, Salyan, Abxaz, Tiflis, Badkubə və Aran adları da gözə dəyir.
Azərbaycan Respublikası ilə düşmənlik
Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycan ikiyə bölünüb. Məşrutə inqilabından sonra fars millətçiliyi üzərində qurulan yeni dövlət sistemində türkcə qadağan edildi. Bir millət bir dövlət siyasətini nümunə götürən Pəhləvi dövləti bütün vətəndaşlarını farslaşdırmağa çalışdı. Zorla farslaşdırmaya qarşı Azərbaycan türklərinin apardıqları mübarizə onların öz köklərinə dönməsi ilə nəticələnib. Bu oyanış isə fars millətçilərinin digər türk dövlətlərinə və xüsusən də Azərbaycana qarşı düşmən mövqedə olmaqları ilə nəticələnib.
1979-cu ildə baş vermiş İslam İnqilabından sonra da İran dövlətinin Güney Azərbaycana qarşı baxışında heç bir dəyişiklik baş verməyib. Azərbaycan Respublikasının yenidən müstəqilliyini bərpa etməsi isə güneydə yeni təkanlara səbəb olub. Artıq İran dövləti tək farslaşdırmaya qarşı boyun əyməyən güneylilərə qarşı yox eyni zamanda Azərbaycan Respublikasına qarşı da düşmən münasibətini artırırdı.
1979-cu il inqilabından sonra İranın daha çox dindar dövlət olduğu qabardılsa da əslində dövlətin içində fars millətçiliyinin vacib mövqeyə sahib olması heç kimə sirr deyil. Məhz buna görə fars şovinizminin nəzəriyyəçisi kimi tanınan Cavad Təbatəbai 2018-ci ildə İranın əvvəlki prezidenti olan Həsən Ruhani tərəfindən mükafata layiq görülüb. İran dövlətinin siyasi dairələrində fars şovinizminin qabarıq olmasını həm də onların Qarabağ Müharibəsində müsəlmanların, yox xristian ermənilərin yanında olmaqları sübut edir.
Hər iki Qarabağ müharibələrində İran Ermənistana dəstək olub. Hətta bu dəstək İranın bəzi dövlət xadimləri tərəfindən də dilə gətirilib. Bunlardan biri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanidir. O “ecoiran” saytına verdiyi müsahibədə Birinci Qarabağ Müharibəsində İranın Azərbaycana dəstək olmadığını deyib. Bundan əvvəl isə keçmiş millət vəkili Əli Mütəhəri də Birinci Qarabağ Müharibəsində İranın Ermənistanın yanında olduğunu bildirmişdi.
Güclü Azərbaycan fobiyası
İkinci Qarabağ Müharibəsində Azərbaycanın zəfəri regionda böyük dəyişikliklərə səbəb olub. Xüsusilə əldə edilən zəfər Güney Azərbaycanda milli qürurun yüksəlişinə səbəb olub. Bu isə İran üçün təhdiddir.
İran dövləti həm də yeniliklərlə ayaqlaşa bilmir. İran güclü bir Azərbaycanın regionda təsirini azaltmaq, həm də bölgədə baş verən yeni dəyişikliklərin ona faydalı olmayacağını gördüyünə görə şimal qərb sərhədlərində hərbi təlimlər keçirdi. Tehranda küçələrdən birinə Şuşi adının verilməsi də fars rejiminin güclü Azərbaycan fobiyasının olduğunu sübut edir.