Təhsil sistemi yaradıcıdır

Google+ Pinterest LinkedIn Tumblr +

Cəmiyyətdə baş verən hadisələri o cəmiyyətin həqiqətləri kimi görmək lazımdır. Bizim ictimai anlayışımız bizə o cəmiyyətdə necə yaşamaq olar dərsini verir. Uşaq ikən ailə, dost, qonşu, məktəb, məhəllə və şəhərlərimizdən öyrəndiklərimiz böyüdükcə müxtəlif mövzulara hansı bucaqdan baxacağımızı təyin edir. Qısaca desək özünü müəyyən inanc və anlayışa aid görən insanlar əslində ictimaiyyətin məhsullarıdırlar.

Necə ki bir karxanada düzəldilmiş məhsullar müxtəlif mərhələlərdən keçib bazara bir məhsul kimi çıxır, insanlar da belə mərhələləri keçirlər.

Cəmiyyətə təhsil verən sistemlər onları yaradan əllərdilər. Sosial media, televiziya, internet saytları, məktəblər və hər bir ictimai axaqlar onların şəxsiyyət və inanclarını yaradırlar. Keçən günlərdə sosial mediada yayılmış bir videoda müəllim məktəbin həyətində uşaqları sıraya düzərək onların saçlarını kəsirdi. O müəllimin davranışına qarşı müxtəlif yazılar və ictimai qınaqlar oldu.

Bəziləri bunu insan dəyərlərinin aşağılanması kimi, digərləri isə xəyanət kimi qəbul etdilər.

Başqaları isə ordakı tələbələrin özünə hörmətini müdafiə etdilər. Hər kəs fərqli bir bucaqdan bu hadisəni izah etməyə çalışdı ancaq bu mövzuya başqa bir bucaqdan da baxmaq gərəkdir.

O müəllimin özü də bir cəmiyyətin  yaratdığı məhsuldur. Müəllimə görə gördüyü iş, öyrəndiyi ən doğru yoldur. O uşaq ikən onun və sinifdaşlarının saçlarını bir müəllim kəsəndə ona heç kim  bu əməlin yanlış olduğunu öyrətməyib. Bəlkə də hətta onun ətrafındakı insanlar, ailəsi və digərləri də ona qarşı bu hərəkəti edən müəllimin davranışını təqdir etmişdilər. Müəllimə təhsil verən bu sistem onu inandırıb ki bu əmək uşağın yaxşı təhsil alması üçün vacibdir.

Əslində İran kimi ölkələrdə olan bir çox hadisələrə sadəcə bu bucaqdan baxanda daha düzgün təhlil etmək imkanı olur. Belə sistemlərdə fərdi qabiliyyətlər və xüsusiyyətlər istisna təşkil edir. Mərkəziyyətçi bir sistemin getdiyi yolda mərkəz xəttində olmayan hər kültür və mədəniyyət gözə görünmür. Onu aradan qaldırıb mərkəzin verdiyi təlimatlarla mühasirəyə alırlar. Məhz buna görə bu gün İranda farsın kültürü ölkə kültürü kimi göstərilir. Onların yaşayış tərzləri, inancları, dəyərli bildikləri, dəyərsiz gördükləri İranda yaşayan bütün digər fərqli millətlərin və kültürlərin rəsmi davranışı kimi təbliğ edilir. Belə sistemlərdə bir müəllimin doğru olmayan təhsil metodunu seçməsi ümumi sistem üçün çox kiçik və vacib olmayan bir hadisədir. Bu sistem əxlaqsızlıqları normallaşdırıb və hətta bunu teorizə edib cəmiyyəti öz istəklərinə uyğun formalaşdırırlar. Biz bütün təqib və çatışmazlıqlara baxmayaraq Azərbaycan sivil cəmiyyəyi olaraq doğru təhlil və düzgün baxışlarımızı xalqımıza verməklə mükəlləfik.

Mən insanın daima hərəkətdə və inkişafa doğru addımlamasını bilirəm, eyni halda qapalı toplumlarda qapalı düşüncəli insanların olmasını da bilirəm. Mənə görə hər ilkin hətta sadə mövzuları belə öncə öyrədib sonra sorğulmalıyıq yoxsa nəticədə islah deyil, inadkarlıqla qarşı qarşıya gələcəyik və yolumuz hər nə qədər doğru olsa belə uzanacaq və bizə daha baha başa gələcək.

Paylaş.

Müəllif haqqında

Həbib Nigəhban

Şərhlər bağlıdır.