Tohid Novruzi kim idi?

Google+ Pinterest LinkedIn Tumblr +

Bir neçə gün əvvəl gənc və peşəkar bir sənətkar həyatla vidalaşdı. Söhbət Tohid Novruzidən gedir. Ağacların, quşların və sazların əmisi, Tohid Əmi. O deyərdi ki “sənin bildiyin qədər deyil əmi, çox əziyyəti var, insan olmağı deyirəm.”

Təhsil və musiqi həyati

Tohid Novruzi 1986-cı il noyabrın 1-də Meşkində dünyaya göz açıb. İlk və orta təhsilini Meşkində bitirdikdən sonra ailəsi ilə birgə Təbrizə köçür və Mərənd Universitetində inşaat mühəndisliyi (mülki mühəndis) ixtisasına yiyələnib. Həmin illərdə (təxminən 2003-cü ildə) ustad Çingiz Mehdipurun yanında musiqi təhsili alır. Bununla da ibtidai musiqi təhsilini əldə edir. Sonradan ustad Nəvid Müsmirlə tanış olur və musiqi həyatına bağlama sazı ilə davam edir. Çox sayda tələbə yetişdirmiş olan  Nəvid Müsmir öz tələbələrindən Türkman musiqi qrupu yaradıb. Hazırda bu qrupunun üzvləri Azərbaycanın müxtəlif şəhərlərində tələbələr yetişdirirlər. Tohid isə istedad və çalışqanlığının nəticəsində az zamanda sazın sehrinə əl tapır, ustadı Nəvid Müsmirin Türkman musiqi qrupuna qoşulur və bağlamaçı kimi konsertlərdə iştirak edir.

Gənc Tohid daha da irəli gedərək ali musiqi təhsili almaq üçün Azərbaycan Milli Konservatoriyasına daxil olur və qısa bir zamanda Azərbaycanın quzeyində də özünü bəstəkar və musiqiçi kimi sübut edir. O, qezeydə tanınmış və peşəkar bir çox musiqiçi və müğənnilərə bəstələr yazır və bununla da elin könlündə özünə məxsus yer qazanır. Ancaq bu hələ yolun əvvəli idi. Onun planlarında bir çox bəstə və musiqiləri də yazmaq var idi.

Bağlama sazı Türkiyənin milli sazı kimi tanınmasına baxmayaraq yazdığı əsərlərin bir çoxu Azərbaycan musiqisinə aid idi. Habelə seçdiyi şeirlər də Azərbaycanın çağdaş və klassik şairləri, o cümlədən Şah İsmayıl Xətai, Nəsimi, Nadir İlahi, Ramiz Rövşən, Muğanoğlu və digərlərinə aid idi. O, klassik şairlərin əsərlərini yeni ölçüdə və özünəməxsus bir üslubla ifa edirdi. Öz sənəti ilə yanaşı öz insanlığı ilə də hər kəsə nümunə idi.

Vətən üçün bir ağac ək

Tohid Novruzi təkcə musiqi ilə deyil, ictimai, mədəni və ətraf mühit məsələləri ilə də maraqlanırdı və fərqli yollarla insanları təbiət və heyvanlarla barışdırmağa çalışırdı. O yiyəsiz heyvanlara yiyə durur, onlara yemək verirdi. Heç bir şəxs və ya təşkilata bağlı olmadan tək canına Azərbaycanda 30 minə yaxın ağac əkib. “Vətən üçün bir ağac ək” onun şüarlarından biri olub.

Milli ruh

Tohid Novruzi peşəkar fəaliyyəti ilə yanaşı vətənpərvərliyi ilə də tanınırdı. Yazıb yaratdığı bəstələr vətənə, Azərbaycana döyünən ürəyindən xəbər verirdi. Yoldaşlarından əldə edilən məlumata görə 2020-ci ildə Təbrizdə keçirilmiş Qarabağa dəstək aksiyalarında da iştirak edib. Traxtur futbol klubu haqqında oxuduğu mahnı, uydurma azəri tezisinə qarşı paylaşdığı videolar və bir çox başqa nümunələr onun mili əhval-ruhiyəsindən xəbər verir.

Türkülərlə dəfn edildi

Tohid Novruzi 31 dekabr 2021-ci ildə həyatla vidalaşdı. bir gün sonra Azərbaycanın fərqli yerlərindən bir çox insan dəfn mərasimində iştirak edib, gənc musiqiçini türkülərlə torpağa tapşırdılar.

Tohidin əkdiyi fidanlar hələ boy atacaq və ondan sonra gələn nəsilər deyəcək: ”bir Tohid əmi var idi və bu ağacları bizim şərəfimizə əkib, biz isə onun şərəfinə bir meşəlik ağac əkirik. Yola davam əmi.”

Paylaş.

Müəllif haqqında

Amin Jodat Khajeh

Şərhlər bağlıdır.