Bu məqalə Robert Longley tərəfindən 2022-ci ilin Mart ayının 2-də ThoughtCo saytında dərc edilib və Ətəkyazı tərcümə qrupu onu Azərbaycan türkcəsinə tərcümə edib.
Totalitarizm, avtoritarizm və faşizmin hamısı məcburiyyət və repressiya yolu ilə fərdi həyatın bütün aspektlərini idarə etməyə və yönləndirməyə çalışan güclü bir mərkəzi üsulla xarakterizə olunan idarəetmə formalarıdır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “World Factbook”da qeyd olunduğu kimi, bütün xalqlar rəsmi hökumət növünə malikdir. Bununla belə, bir millətin özünün idarəetmə formasına dair tərifi çox vaxt obyektiv deyil. Məsələn, keçmiş Sovet İttifaqı özünü demokratik ölkə elan etsə də, seçkilər “azad və ədalətli” deyildi, çünki dövlət tərəfindən təsdiq edilmiş namizədləri olan yalnız bir partiya təmsil olunurdu. SSRİ sosialist respublikası kimi təriflənməsi daha düzgündür.
Bundan əlavə, müxtəlif idarəetmə formaları çox vaxt üst-üstə düşən xüsusiyyətlərə malik ola bilər və ya sərhədləri çətin müəyyən edilə bilər. Totalitarizm, avtoritarizm və faşizm də belədir.
Totalitarizm nədir?
Totalitarizm dövlətin gücünün qeyri-məhdud olduğu və ictimai və şəxsi həyatın faktiki olaraq bütün aspektlərinə nəzarət etdiyi idarəetmə formasıdır. Bu nəzarət bütün siyasi və maliyyə məsələləri ilə yanaşı, insanların rəftarlarına, əxlaqına və inanclarına şamil edilir.
Totalitarizm anlayışı 1920-ci illərdə italyan faşistləri tərəfindən işlənib hazırlanıb. Onlar totalitarizmin cəmiyyət üçün “müsbət məqsədləri” olduğunu hesab etdikləri şeylərə istinad edərək bu qavramı müsbət göstərməyə çalışdılar. Bununla belə, əksər Qərb sivilizasiyaları və hökumətləri totalitarizm anlayışını tez bir zamanda rədd etdilər və bu gün də rədd edirlər.
Totalitar hökumətlərin fərqləndirici xüsusiyyətlərindən biri açıq və ya örtülü şəkildə milli ideologiyanın, yəni bütün cəmiyyətə məna və istiqamət vermək məqsədi daşıyan bir sıra inanclar toplusunun mövcudluğudur.
Rus tarixi üzrə ekspert və yazıçı Riçard Paypsa görə, faşist İtaliyanın baş naziri Benito Mussolini totalitarizmin əsasını bir dəfə belə xülasə etmişdi: “Hər şey dövlətin daxilində, dövlətdən kənarda, dövlətə qarşı heç nə yoxdur”.
Totalitar dövlətdə mövcud ola biləcək xüsusiyyətlərə misal olaraq bunları göstərmək olar:
- Tək bir diktator tərəfindən tətbiq edilən idarəetmə.
- Tək hakim siyasi partiyanın olması.
- Mətbuata tam nəzarət olmasa da, sərt senzura.
- Daim hökumətyönlü təbliğatın yayılması.
- Bütün vətəndaşlar üçün məcburi hərbi xidmət.
- Məcburi əhali nəzarəti praktikaları.
- Müəyyən dini və ya siyasi qrupların və adətlərin qadağan edilməsi.
- Hakimiyyətə qarşı hər hansı formada ictimai tənqidin qadağan edilməsi.
- Gizli polis qüvvələri və ya hərbçilər tərəfindən tətbiq edilən qanunlar.
Tipik olaraq, totalitar bir dövlətin xüsusiyyətləri insanların hökumətlərindən qorxmalarına səbəb olmağa meyillidir. Totalitar hökmdarlar bu qorxunu yatırmağa çalışmaq əvəzinə, onu təşviq edir və xalqın əməkdaşlığını təmin etmək üçün ondan istifadə edirlər.
Totalitar dövlətlərin ilk nümunələrinə Adolf Hitler dövründə Almaniya və Benito Mussolininin rəhbərliyi altında İtaliya daxildir. Totalitar dövlətlərin daha yeni nümunələrinə Səddam Hüseyn dövründə İraq və Kim Çen Inın dövründə Şimali Koreyanı göstərə bilərik.
Rus tarixi üzrə ekspert və yazıçı Riçard Paypsa görə, İtaliyanın faşist baş naziri Benito Mussolini 1920-ci illərin əvvəllərində İtaliyanın yeni faşist dövlətini təsvir etmək üçün “totalitario” ifadəsini işlədib və onu daha sonra “Hər şey dövlətin daxilində, dövlətdən kənarda, dövlətə qarşı heç nə yoxdur.” adlandırıb. II Dünya Müharibəsinin əvvəlində totalitarlıq mütləq və zalım təkpartiyalı idarəçiliyin sinoniminə çevrilmişdi.
Totalitarizm tipik olaraq diktaturadan, avtokratiyadan və ya tiraniyadan bütün mövcud siyasi institutları yeniləri ilə əvəz etmək və bütün hüquqi, sosial və siyasi ənənələri aradan qaldırmaq məqsədləri ilə fərqlənir. Totalitar hökumətlər adətən sənayeləşmə və ya imperializm kimi xüsusi məqsəd yolunda əhalini öz xeyrinə səfərbər etmək istəyir. İqtisadi və ya sosial dəyərindən asılı olmayaraq, bütün resurslar xüsusi məqsədə çatmaq üçün sərf olunur. Hökumətin hər bir fəaliyyəti bu məqsədin həyata keçirilməsi baxımından izah olunur. Bu, totalitar dövlətə istənilən idarəetmə forması içində ən geniş fəaliyyət dairəsi yaradır. Heç bir fərqli fikir və ya daxili siyasi fikir ayrılığına yol verilmir. Məqsədə yetişmək totalitar dövlətin əsasını təşkil etdiyi üçün, məqsədə çatmaq heç vaxt etiraf edilmir.
Avtoritarizm nədir?
Avtoritar dövlət insanlara məhdud dərəcədə siyasi azadlıq verən, güclü mərkəzi hökumət ilə xarakterizə olunur. Bununla belə, siyasi proses, eləcə də bütün fərdi azadlıqlar, heç bir konstitusiya məsuliyyəti olmadan hökumət tərəfindən idarə olunur.
1964-cü ildə Yel Universitetinin Sosiologiya və Siyasi elmlər üzrə fəxri professoru Xuan Xose Linz avtoritar dövlətlərin ən çox tanınan dörd xüsusiyyətini belə təsvir etmişdir:
Qanunverici orqanlar, siyasi partiyalar və maraq (və ya lobbi) qrupları kimi siyasi institutlar və qruplar üzərində ciddi hökumət nəzarəti ilə məhdud siyasi azadlıq.
Aclıq, yoxsulluq və zorakılıq daşıyan üsyanlar kimi “asanlıqla görünən ictimai problemlərin” öhdəsindən gəlməyə qadir olan “zəruri şər” kimi özünü xalqa (haqlı) göstərən kontrolçu rejim.
Siyasi müxaliflərin sıxışdırılması və rejim əleyhinə fəaliyyət kimi sosial azadlıqlara hökumətin tətbiq etdiyi sərt məhdudiyyətlər.
Dəyişkən və qeyri-müəyyən səlahiyyətlərə malik olan icra hakimiyyətinin var olması.
Hüqo Çavezin dövründə Venesuela və Fidel Kastronun dövründə Kuba kimi müasir diktaturalar, avtoritar hökumətlərin tipik nümunələridir.
Mao Zedunun rəhbərliyi altında Çin Xalq Respublikası totalitar dövlət hesab edilsə də, müasir Çin daha dəqiq şəkildə avtoritar dövlət kimi təsvir edilir, çünki indi vətəndaşlarına bəzi məhdud şəxsi azadlıqlar verilir.
Avtoritar liderlər hakimiyyəti mövcud qanunlar və ya konstitusiya məhdudiyyətlərini nəzərə almadan özbaşına idarə edirlər və ümumiyətlə (bu liderlər) sərbəst keçirilən seçkilər vasitəsilə vətəndaşlar tərəfindən dəyişdirilə bilməzlər. Avtoritar dövlətlərdə hakim qrupla hakimiyyət uğrunda rəqabət apara biləcək müxalif siyasi partiyalar yaratmaq hüququ ya məhduddur, ya da qadağandır. Bu mənada avtoritarizm demokratiya ilə köklü şəkildə ziddiyyət təşkil edir. Bununla belə avtoritar hökumətlərdə adətən yol göstərən milli bir ideologiya və ya məqsəd yoxdur və ictimai təşkilatlanmada müəyyən dərəcədə fərqliliyə dözürlər. Elə bu baxımdan da o, totalitarizmdən fərqlənir. Bütün əhalini milli məqsədlərə nail olmaq üçün xalqı səfərbər etmək gücü və ya ehtiyacı olmadan avtoritar hökumətlər, öz güclərini az-çox proqnozlaşdırıla bilən hədlər daxilində həyata keçirməyə meyllidirlər. Bəzi alimlərin fikrincə, avtoritar rejimlərə misal olaraq 20-ci əsrin ikinci yarısında Latın Amerikasında və başqa yerlərdə mövcud olmuş qərbyönümlü hərbi diktaturaları göstərmək olar.
Totalitar və avtoritar hökumətlərin fərqi
Totalitar dövlətdə hökumətin xalq üzərində nəzarət dairəsi faktiki olaraq qeyri-məhduddur. Hökumət iqtisadiyyata, siyasətə, mədəniyyətə və cəmiyyətin demək olar ki bütün sahələrinə nəzarət edir. Təhsil, din, incəsənət və elmlər, hətta əxlaq və reproduktiv (törəmə) hüquqlar totalitar hökumətlər tərəfindən idarə olunur.
Avtoritar hökumətdə bütün hakimiyyət tək bir diktator və ya qrupa məxsus olsa da, insanlara məhdud dərəcədə siyasi azadlıq verilir.
Faşizm nədir?
1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra nadir hallarda istifadə edilən faşizm həm totalitarizmin, həm də avtoritarizmin ən ifrat aspektlərini birləşdirən bir idarəetmə formasıdır. Həddindən artıq millətçi ideologiyalarla müqayisədə belə, faşizmin adətən siyasi spektrin ən uc sağında yerləşdiyi hesab olunur.
Faşizm diktatura hakimiyyətinin zorla tətbiqi, hökumətin sənaye və ticarətə nəzarət etməsi və müxalifətin çox vaxt ordu və ya gizli polis qüvvələrinin əli ilə, zorla yatırılması ilə xarakterizə olunur. Faşizm ilk dəfə Birinci Dünya Müharibəsi zamanı İtaliyada göründü, daha sonra İkinci Dünya Müharibəsi zamanı Almaniya və digər Avropa ölkələrinə yayıldı.
Faşizmin əsasları
Faşizmin təməli ultramillətçiliklə yanaşı xalq arasında geniş şəkildə yayılmış inamın birləşməsidir. Bu millətin bir şəkildə xilas edilməsı və ya “yenidən doğulması” vacibliyi və bunun mütləq şəkildə baş verəcəyinə dair bir inamdır. Faşist hökmdarlar iqtisadi, siyasi və sosial problemlərin konkret həlli üçün çalışmaq əvəzinə, milli dirçəliş ehtiyacı ideyasını virtual bir din vəziyyətinə gətirməklə xalqın diqqətini yayındırıraraq ictimai dəstəyi qazanırlar. Bu məqsədlə faşistlər milli birlik və irqi təmizlik kultlarının böyüməsini təşviq edirlər.
İkinci Dünya Müharibəsindən əvvəl Avropada faşist hərəkatları, qeyri-avropalıların genetik cəhətdən avropalılardan daha aşağı olması inamını təbliğ etməyə meyilli idilər. İrqi saflığa olan bu ehtiras, faşist liderləri süni seçmə yolu ilə saf “milli irq” yaratmaq üçün məcburi genetik modifikasiya proqramları həyata keçirməyə vadar edirdi.
Tarixən faşist rejimlərinin əsas funksiyası xalqı daim müharibəyə hazır vəziyyətdə saxlamaq olub. Faşistlər Birinci Dünya Müharibəsi zamanı sürətli, kütləvi hərbi səfərbərliklərin mülki vətəndaşlarla əsgərlərin rolları arasındakı sərhədləri necə bulandırdığını müşahidə etdilər. Faşist hökmdarlar bu təcrübələrə əsaslanaraq, “hərbi vətəndaşlıq” adlı quduz millətçi mədəniyyət yaratmağa çalışır. Bu kültürə görə bütün vətəndaşlar müharibə zamanı, o cümlədən faktiki döyüşlərdə bəzi hərbi vəzifələri öz üzərinə götürməyə hazır və iradəli olmalıdırlar.
Bundan əlavə, faşistlər demokratiyaya və seçki prosesinə daimi hərbi hazırlığın qorunması üçün köhnəlmiş və lazımsız maneə kimi baxırlar. Onlar həmçinin totalitar, birpartiyalı dövləti xalqı müharibəyə və bunun nəticəsində yaranan iqtisadi və sosial çətinliklərə hazırlamağın çarəsi hesab edirlər.
Bu gün çox az hökumət açıq şəkildə özlərini faşist kimi qələmə verir. Bunun əvəzinə, bu etiket daha çox bəzi xüsusi hökumətləri və ya liderləri tənqid edənlər tərəfindən alçaldıcı şəkildə istifadə olunur. Məsələn, “neofaşist” termini İkinci Dünya Müharibəsi faşist dövlətlərinin ideologiyalarına bənzər radikal, ifrat sağçı siyasi ideologiyaları müdafiə edən hökumətləri və ya şəxsləri təsvir edir.