İran dövlətinə qarşı xarici təzyiqlər artdıqca, bu ölkədə iqtisadi-ictimai narazılıqlar da artır. Başqa tərəfdən hakimiyyət də ölkə daxilində siyasi müxaliflərə təzyiqləri artırır. Bu təzyiqlərdən İrandakı azərbaycanlı fəallar da kənarda qalmayıb. Hazırda 20-dən çox azərbaycanlı fəal həbsdədir. Son günlərdə İran İnqilab Məhkəməsi “Traxtor Azərbaycan” klubunun tərəfdarlarından olan azərbaycanlı aktivist Kazım Səfabəxşə 13 il həbs cəzası kəsdi. Bu hökm təzyiqləri daha qabarıq şəkildə göstərdi və insanlarda hökmün niyə bu qədər ağır olduğu ilə bağlı suallar doğurdu.
Məncə, İrandakı indiki təzyiqlər bir neçə faktordan təsirlənir. Son sanksiyalar İranın yaxşı olmayan iqtisadi vəziyyətini daha da pisləşdirib. Bu da xalq arasında narazılığın artmasına səbəb olub. Bu gedişat hər hansı bir kollektiv etiraz üçün lazım olan ictimai-siyasi şəraitin yaranmasına gətirib çıxarır, amma insanların narazılığı kollektiv etiraz üçün gərəkli olsa da, yetərli şərait deyil.
İstənilən cəmiyyətdə kollektiv etiraz aksiyalarının baş tutması üçün narazılıqdan sonra başqa bir neçə şərait də olmalıdır. Misal üçün, rəsmi və ya qeyri-rəsmi təşkilatlandırma prosesini yerinə yetirən qüvvələrin olması lazımdır. Demokratik ölkələrdə partiyalar və ya sosial hərəkatlar rəsmi təşkilat olduqları üçün üzvləri və ya tərəfdarlarını etirazlar üçün səfərbər edə bilir. İran kimi avtoritar sistemlərdə isə müxalif partiya və ya sosial hərəkatlara izn verilmədiyi üçün adətən bu proses rəsmi olmayan bir metodla baş verir. Bu tip ölkələrdə sosial hərəkatlar mahiyyətcə siyasi olmayan şəbəkələrdən alternativ siyasi təşkilatlandırma kimi istifadə etməyə çalışır.
Bu baxımdan “Traxtor Azərbaycan” klubu İranda Azərbaycan Milli Hərəkatı aktivistləri üçün alternativ bir şəbəkədir. Klubun adı ətrafında fərqli şəhərdən olan azərbaycanlılar tərəfdarlar şəklində təşkilatlana bilir. Bu təşkilatlanma İrandakı siyasi kontekstdə legitim göründüyü üçün bu şəbəkənin bir üzvü olmaq riskli addım sayılmır. Hakimiyyət isə şəbəkənin kollektiv aksiyada əhəmiyyətini anladığı üçün fərqli şəhərlərdə yaşayanlar arasında yaranmış bu şəbəkəni potensial təhdid kimi görür. Bu şəbəkəni məhdudlaşdırmaq üçün isə hər il bir qrup tərəfdarlar məhkəməyə çıxarılır. Onlara fərqli hökmlər- o cümlədən həbs, cərimə kimi cəzalardan ibarət- hökmlər oxunur. Beləliklə də, İran hakimiyyəti təzyiqlərlə bu şəbəkələrə nəzarət etməyə çalışır.
İnsanlar arasında yaranmış qeyri-rəsmi şəbəkələrin nəzarətindən başqa digər bir faktor da son hadisələr baxımından önəmlidir. Ümumiyyətlə, etiraz aksiyaları çoxfaktorlu bir prosesdir. Kollektiv bir aksiyanın baş tutması üçün sadəcə şəbəkənin olması da yetərli deyil. Şəbəkəni hansı yöndə aktivləşdirən, qığılcım rolunu oynayan insanlar lazımdır. Bu baxımdan kritik kütlənin olması olduqca önəmlidir. Sosial hərəkatlar ədəbiyyatında “kritik kütlə” (Critical Mass) hazır bir şəraitdə etiraz hərəkatını ilk başladan qrup və ya kütləyə deyilir. Məsələn, hansısa sosial hərəkat çağırışla insanları meydana dəvət edə bilər, amma meydana gələn insanlar adətən kiminsə ilk etiraza başlamasını gözləyəcək. Etirazın qığılcığımı olub ilk başlayan kütlə, kririk kütlədir. Bu üzdən hakimiyyətlər üçün mümkün etiraz aksiyalarının baş tutmamasının qarşısını almaq üçün kritik kütlənin nəzarəti önəmlidir.
Futbol tərəfdarları kontekstində Kazım Səfabəxşlər kritik kütləyə mənsub insanlardır. Kazım Səfabəxş “Traxtor”un oyunlarının fəal tərəfdarı olmaqla yanaşı, həm də “Telegram” sosial şəbəkəsi vasitəsilə fərqli şəhərlərin tərəfdarının arasında əlaqələndirici rol oynayıb. 13 il cəzanın 10 ili bu rolu üçün verilib. Təkcə futbol oyunlarında deyil, onu həm də Azərbaycan türkcəsində kitab nəşr edən nəşriyyatlara irqçilərin hücumu zamanı “Azər-Türk” nəşriyyatının pavilyonu qarşısında əlindən posterlə ana dilində nəşr haqqını müdafiə etdiyini görə bilirik. Bütün bəhs etdiyim səbəblərə görə hökmün ağırlığı anlaşılandır.
İqtisadi-siyasi problemlərlə üzləşən İran üçün şəbəkələnmiş, səfərbər etmə gücü olan və kritik kütləyə mənsub aktivistlər indiki vaxtda daha çox təhlükəli sayılır. Mövcud narazılıqların ciddi etiraz aksiyalarına çevirilməməsi üçün bu özəllikləri olan aktivistlərin həbs olunma ehtimalı daha yüksəkdir.
Qaynaq: Meydan TV