Son illərdə artmaqda olan və İranın önəmli problemlərindən birinə çevrilən quraqlıq və su mənbələrinin quruması, təkcə ekoloji problem kimi qalmayıb, eyni zamanda siyasi və iqtisadi problemlərə hətta böhranlara yol açıb. Son illərdə Güney Azərbaycan, Xuzistan, Sistan və Bəlucistan kimi bölgələrdə səslənən etirazların əhəmiyyətli bir hissəsi bu bölgələrdə yerləşən göllərin və çayların quruması və dövlətin buna qarşı həssas davranmadığına görədir.
Bunun xaricində həyatı olduqca çətinləşdirən və müxtəlif sağlamlıq problemlərinə yol açan qum və toz fırtınaları da hava kirliliyindən qaynaqlanmışdır. İranın bu məsələləri həll etmək üçün ciddi bir addım atmadığı və ya lazımi maddi gücə, informasiya və texniki imkanlara sahib olmadığı üçün addım ata bilməməsi, bu problemlərə yol açan əsl səbəbləri, reallıqları gizlətdiyini görmək olar.
Bunu bir cümlə ilə izah etsək, ölkədəki quraqlıq və ətraf mühitlə bağlı problemlər böyük ölçüdə İrandakı pis idarəetmədən qaynaqlanır. Lakin İran rəsmiləri bu məsələnin Türkiyə Respublikasının su layihələrinə görə olduğunu deyir və Türkiyəni günahlandırır. Görəsən bu ittihamlar nə dərəcədə doğrudur və İran niyə Türkiyəyə qarşı bu iddiaları irəli sürür?
İranın iddialarına Türkiyə nə deyir?
İranın iddiasına görə Türkiyənin Fərat və Dəclə çayları üzərində inşa etdiyi beton sədlər və GAP layihəsi İranda quraqlıq, su böhranı və toz fırtınalarına səbəb olur və İranın su böhranının ən böyük günahkarı Türkiyənin GAP layihəsidir.
İranın ən çox üstündə dayandağı GAP layihəsi (Güneydoğu Anadolu Projesi) 1970-ci illərdən başlayaraq Türkiyənin Adıyaman, Batman, Diyarbəkır, Qaziantep, Kilis, Mardin, Siirt, Şanlıurfa və Şırnak illərini (rayonlarını) əhatə edən su və topraq mənbələrinin inkşaf etdirilməsinə əsaslanan proqramdır. Türkiyə Cümhuriyyəti bu proqram çərçivəsində Fərat və Dəclə çaylarının hövzəsində sulama və hidroelektrik enerji istehsalına yönəlmiş 22 beton sədd və 19 su elektrik stansiyası inşa etmişdir.
Eyni zamanda bu proqram vasitəsilə 1.8 milyon hektar ərazini su ilə təmin etməyi planlaşdırmışdır . Bu su elektrik stansiyalarından 27 milyard kilovat saat enerji istehsalı proqnozlaşdırılıb. İranın bu layihənin ölkə daxilində səbəb olduğu problemlər haqqında irəli sürdüyü iddialar artdığı vaxtda Türkiyə Xarici İşlər Nazirliyi 12 May 2022-ci il tarixində bir açıqlama verdi. Həmin açıqlamada İranın bu iddialarında doğruluq payının olmadığı vurğulanırdı.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə Türkiyəyə də İrandakı kimi təsir edən qum və toz fırtınalarının Türkiyənin su layihələri ilə hər hansı bir əlaqəsinin olmadığının, əsas səbəbinin dünyadaki ən böyük toz mənbələri sayılan səhraların sahəsinin genişlənməsi və Afrika, Yaxın Şərq ölkələrindəki iqlim dəyişikliyi səbəbi ilə baş verdiyi deyilmişdir.
Xarici düşmən yoxsa daxili pis idarçilik
Müxtəlif ölkələrdə hətta İranın bir çox universitetlərində Yaxın Şərq və İranda su böhranı ilə bağlı aparılan araşdırmalar İrandakı su böhranının tək bir səbəbdən əmələ gəlmədiyini və müxtəlif səbəblərin bu məsələyə təsir göstərdiyi nəticəsinə gəlib çıxıblar. Buna ən çox təsir edən səbəbin İrandakı pis idarəetmənin olduğu və mövcud böhranı həll edə biləcək faydalı bir proqramın olmaması irəli sürülür.
Beləcə İranın su böhranı məsələsinin xarici ölkələr xüsusilə də Türkiyə Cümhuriyyəti ilə əlaqəldirilməsinin ən önəmli səbəbi, İran dövlətçiliyinin adət və normalına çevrilən öz məsuliyyətini yerinə yetirməmək, digər tərəfdən bütün məsələləri siyasiləşdirərək öz tərəfdarlarını inandırmağa çalışması olmuşdur. Ancaq İran İslam Respublikasının son qırx illik tarixi açıq bir şəkildə bunu göstərir ki, İran rəsmilərinin fikirləri hər nə qədər İrandakı problemləri və böhranları “düşmən” və “özgə” ölkələrə əlaqələndirmək istəsə də artıq cəmiyyətin böyük bir hissəsi dövlətə güvənini itirib və dövlət bu siyasi propaqandalara vətandaşlarının əksəriyyətini inandıra bilmir.