3 aprel tarixində Təbrizdə “Azərbaycan Saipa” şirkətinin işçiləri tətil ediblər. İşçilər şirkət səhmlərinin satışına etiraz etmək üçün işi dayandırıblar. Bayramdan qabaq da Zəncanın “Xəmsə” sement zavodunda işçilər iki dəfə tətil ediblər. 2022-ci ildə Təbrizin “Motogen” və “Trakorsazi” şirkətlərinin də işçiləri tətili ediblər. Keçən 3 ay ərzində Azərbaycanın güneyində ən az 5 işçi tətili qeydə alınıb.
Saipa şirkətində işçilərin tətili
“İrankargar.com” saytının verdiyi məlumata əsasən 3 aprel tarixində Təbrizdə “Azərbaycan Saipa” şirkətinin işçiləri istehsalı dayandıraraq tətil aksiyası keçiriblər. Onlar şirkətin satışına etiraz edərək dövlət orqanlarının məsələyə müdaxiləsini tələb ediblər.
İşçilər bütün bu olanları “Tehranın oyunu” hesab edərək daha öncə də ayrıseçkiliyə məruz qaldıqlarını deyiblər. Onlar “Saipa” şirkətinin azərbaycanlı işçilərə az maaş verdiklərini bildiriblər. Digər nəqliyyat vasitələrini istehsal edən “İrankhodro” şirkətinin işçiləri də keçən il noyabrın 6-da oxşar səbəblərə görə tətilə başlamışdılar.
Şirkətin satılacağı təqdirdə “SEPAH”-ın (İran İnqilab keşikçiləri Ordusu) əlinə düşəcəyi deyilir. “Saipa” şirkətinin Azərbaycandakı zavodu da göründüyü kimi bu plana əsasən satışa çıxarılır. İşçilər şirkətin satılacağı təqdirdə 600-dən çox sayda işçinin işdən çıxarılacağını deyirlər.
Zəncanda işçilərin kütləvi tətili; Tətilin liderləri işdən çıxarılıblar
Zəncan-Bicar yolunun 45 kilometrliyində yerləşən “Xəmsə” sement istehsalı zavodunun işçiləri bayramdan qabaq bəzi işçilərin işdən çıxarıldıqları üçün martın 14-də tətil elan ediblər. Zavodun cavabdeh şəxsləri isə işçilərin iş sahəsində yığışmaqlarına səbəbin tətil yox elektrik kəsintisi olduğunu deyiblər. Lakin sonradan vilayətin cavabdeh şəxsləri işçilərin tətil etdiklərini təsdiq ediblər.
Tətil edənlərin biri bu haqda “Ətəkyazı”-ya məlumat verib. O tətilin baş verdiyini təsdiq edərək onun səbəblərini də izah edib. Əldə olan məlumata əsasən bayramdan qabaq bəzi işçilərin işdən çıxarılması son tətilə səbəb olub. İşdən çıxarılan şəxslər isə bundan qabaq zavodda baş vermiş tətilin liderləridirlər.
Tətil nəticəsində təhlükəsizlik qüvvələri də məsələyə qarışıblar. Lakin onlar zavod rəhbərliyi ilə eyni fikirdə olduqlarını bildirərək tətil aksiyasını dağıtmağa çalışıblar.
Xəmsə sement zavodunun 175 işçisi var. Və bu zavod dövlətin mülkiyyətində deyil, özəl şirkətdir. 2013-cü ildə işə başlayan bu zavod hazırda hər gün 6 min ton sement istehsal edir.
Daha öncəki tətillər
23 fevralda həyata keçirilən ilk tətildə işçilər aylıq maaşın artırılmasını, iş saatının azaldılmasını və nahar yeməklərinin zavod tərəfindən pulsuz verilməsini tələb ediblər.
“Ətəkyazı”-nın aldığı məlumata əsasən son tətil fevral ayının sonlarında baş tutmuş ilk tətilin nəticələri ilə bağlıdır. 23 fevralda həyata keçirilən ilk tətildə işçilər aylıq maaşın artırılmasını, iş saatının azaldılmasını və nahar yeməklərinin zavod tərəfindən pulsuz verilməsini tələb ediblər.
Tətilin ikinci günündə məsələyə müdaxilə edən təhlükəsizlik qüvvələri işçilərin geri çəkilməsinə səbəb olmur. Nəticədə müdirlər işçilərin istəklərini müdriyyətə çatdırmaq üçün onlardan bir həftə vaxt istəyiblər.
Bir həftə keçəndən sonra işçilər yenidən tətil edib öz tələblərinin qəbul etdirə biliblər. Onlara söz verilib ki tələbləri 1 ay ərzində pillə pillə həyata keçiriləcək.
Əvvəlcə iş növbəsini qaydaya salan zavod rəhbərliyi bundan sonra tətilə rəhbərlik edən 4 nəfəri işdən çıxarıb. Bu isə digər işçilərin etirazına səbəb olub. Və nəticədə hazırda danışdığımız son aksiya baş tutub.
İşçilərin təhlükəsizliyi açıq şəkildə pozulur
Tətil edən işçilərdən biri təhlükəsizlik qüvvələrinin tətilə münasibətləri haqda məlumat verib. O deyib ki, son aksiyadan sonra Zəncən “ETTELAAT” idarəsi də məsələyə qarışıb. Lakin onlar haqsız olan zavod rəhbərliyini deyil, işçiləri günahlandıraraq tətilə mane olmağa çalışıblar.
Xəmsə sement zavodu özəldir. Zavod işçiləri 3 aylıq müqavilə ilə işə götürür. Bəzi işçilər uzun illər burada fəaliyyət göstərsələr də onlarla yenə də uzunmüddətli müqavilə imzalanmır. Zavodun rəhbəri istədiyi vaxt işçiləri qovub yerlərinə başqa işçiləri götürür.
Az müddəti olan əmək müqaviləsi sahibkarların işçilərə qarşı haqsızlıq etməsinə səbəb olur. Onlar belə müqavilələrin sayəsində davamlı olaraq yaşlı işçiləri işdən çıxarır yerinə yeni işçilər götürürlər. Bundan başqa belə qısa müddətli müqavilələr onların işçilər qarşısında məsuliyyətini də azaldır. Bu isə beynəlxalq qurumların və İran Konstitusiyasının da təsdiq etdiyi işçi hüquqlarına və iş təhlükəsizliyinə ziddir.
Bütün bunlara baxmayaraq tətilə müdaxilə edən güc strukturları tətili yersiz hesab edib qarşısını almağa çalışıblar. Məsələyə digər qurumlar da reaksiya veriblər. Zəncan iş idarəsinin müdiri Əli Kərimi işçilərin qanun çərçivəsində davranmalarını tələb edib.
Əldə olan məlumata əsasən son tətil nəticəsiz qalıb və tələb edilən istək gerçəkləşməyib. Zəncan İşçilər evinin sədri Əsğər Nəccari Zəncan valisi ilə işdən qovulan 4 şəxsin yenidən işə götürülmələri üçün danışdığını desə də bu hələ baş tutmayıb.
Olanları “Ətəkyazı”-ya danışan işçi də işdən qovulan 4 nəfərin yenidən işə götürüləcəyinə inanmadığını və davam edən tətilin işçilərin hüquqlarının daha da çox pozulmasına səbəb olacağını deyib.
Təbrizin “Motogen” zavodunun 700 işçisi işdən çıxarılıb
Təbrizin “Motogen” şirkətində 9 günlük tətil aksiyası 700 şəxsin işdən çıxarılması ilə nəticələnib. 9 fevral tarixində başlayan bu aksiya 9 gün davam edib. Lakin bayrama bir ay qalmış yüzlərlə işçinin işdən çıxarılması xəbəri yayılıb.
İşçilər maaşların bərabər şəkildə verilməsi, şirkətlə birbaşa müqavilə bağlamaq və çətin iş şəraitinə görə iş çətinliyi hüquqlarını tələb ediblər. “Motogen” də “Xəmsə” zavodunda olduğu kimi işçiləri qıssa müddətli müqavilələrlə işə götürərək daha çox gəlir əldə edir və işçilərin iş təhlükəsizliyini pozur.
Zavodun cavabdeh şəxsləri 9 gün işçilərin tələblərini qəbul etməyiblər. Daha sonra isə onları işdən çıxarıblar.
“Motogen” şirkəti bu cürəti kimdən alır
“Motogen” şirkəti Orta Asiyada ən böyük elektromotor istehsalı zavodu kimi tanınır. Zavod “Qədir holdinq”-ə aiddir. Bu holdinqin isə “SEPAH”-la əlaqəli olduğu bildirilir.
Onlar “SEPAH”-a arxalanaraq 9 günlük tətildən sonra işçilərin hesablaşma formasını onlara verərək bayrama bir ay qalmış 700 işçini işdən çıxarıblar.
Bundan bir gün sonra Şərqi Azərbaycan Sənət və Mədən təşkilatının rəisi Pərnian bunu yalanlayıb. O bildirib ki sözü gedən 700 şəxsin müqavillə müddəti bitib, bunun üçün də onlar şirkətə çağırılıblar.
Nəticədə 700 işçinin yenidən işə götürüləcəyi deyilib. Lakin bunu tam təsdiqləyəcək məlumat yoxdur. Pərnian cavabdeh qurumların işçilərin tələblərinin də yerinə yetiriləcəyini desə də, bunu da təsdiq edən başqa məlumat yoxdur.
“Traktorsazi” şirkətində işçilərin tətili
29 yanvar tarixində Təbrizin digər motor istehsalı şirkətinin işçiləri də 4 günlük tətil aksiyası keçiriblər. Bundan 4 ay əvvəl də tətil edən işçilər tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.
Traktorsazi şirkətinin rəhbərliyi müdiri dəyişərək işçilərin tələblərindən imtina etməyə çalışdığı deyilir. Son tətildə isə işçilər həm də yeni müdirin dərhal işdən çıxarılmasını tələb ediblər.
“İrankargar.com” saytının verdiyi məlumata əsasən onlar maaşlarının çoxalması, işçilər şurasının qurulmasını və iş təsnifatının yaradılmasını tələb ediblər.
“İLNA” xəbər agentliyinə danışan bir işçi tələbləri barədə şirkət rəhbərliyi ilə danışığa başlandığını bildirib. Son aksiya noyabr ayındakı tələblərinin yerinə yetirilmədiyi üçün başlayıb. Son danışıqların da istənilən nəticəyə çatması barədə hər hansı bir məlumat yoxdur.
İşçilərin səsi niyə eşidilmir?
3 ay ərzində Azərbaycanda baş tutmuş 5 böyük tətil aksiyası diqqətə layiq məsələ kimi görünsə də, təəssüflər olsun ki, cəmiyyətin və sosial hərəkatlərın diqqətini çəkməyib.
Sözü gedən tətillərinin heç biri tam şəkildə uğurlu olmayıb və onlar yüksək dairələrdə eşidilməyiblər. Bu səssizliyə görə Azərbaycan işçilərinin səsi boğazında boğulur və iş sahibləri və böyük sərmayə sahibləri işçi hüququnu daha rahat şəkildə pozurlar.