“UNESCO”-nun Ümumdünya İrsi siyahısında olan “Təxti Süleyman” arxeoloji abidəsi bu siyahıdan çıxarıla bilər. Tikantəpə şəhərindən 45 km uzaqlıqda olan bu abidənin ətrafında aparılan qazıntı işləri kompleksə ciddi ziyan vurub.
Dünya əhəmiyyətli tarixi komplekslə qazıntı aparılan dəmir mədəni demək olar ki yanaşıdırlar. Əldə olunan məlumata əsasən mədəndə aparılan qazıntı işləri abidəyə ciddi ziyan vurub. Bu isə gələcəkdə abidənin siyahıdan çıxarılması ilə nəticələnə bilər.
“Karzar.net” saytının verdiyi məlumata əsasən mədənin verdiyi ziyana görə cavabdeh qurumların müdaxiləsini tələb edən bir kampaniya başladılıb. Bu kampaniyada iştirak edənlər hazırda ərazidə baş verən qazıntıların və ümumiyyətlə o yaxınlıqda mədənin yerləşməsini tarixi abidələrin qorunması ilə bağlı prinsiplərə zidd olduğunu qeyd ediblər.
Təxti Süleyman niyə əhəmiyyətlidir?
Güney Azərbaycanın tarixi abidələrindən beşi UNESCO Ümumdünya İrsi siyahısındadır. Bunlardan biri də Təxti Süleymandır. 7 müxtəlif sahəni əhatə edən bu kompleksin tarixi 2700 ildir. İran tarixçiliyində bu abidə əsasən Sasanilər İmperiyasına aid edilir. Lakin azərbaycanlı tədqiaqatçılar bunları əsassız hesab edirlər.
Münaqişə abidənin adı ilə başlayır. Azərbaycanlı tədqiqatçıların dediklərinə əsasən bu abidənin əsl adı Suğurlu(q)dur. Onlar Təxti Süleyman adının qondarma ad olduğunu bildirərk onun bunun heç bir əsasının olmadığını qeyd edirlər. Suğurluq sözünün türkcə suğur/sığır sözündən alındığını bildirib, yazılmış tarixi kitablarda da oranın adının belə qeyd olunduğunu deyirlər.
“Suğur” türkcə bir növ dovşan adıdır. Bu dovşanların çox olduğu yerə də “Suğurluq” deyilir. Abidənin kaşı döşəməsində bolluca dovşan şəkillərinin olması da bu iddiaya sübut kimi görünür. Tarixi əsərlərdə də buranın adı “Suğurluq” və ya “Sığurliq” kimi qeyd edilib.
İran rəsmi tarixçiliyi isə UNESCO-nun Ümumdünya İrsi kimi qəbul edilmiş bu abidəni Sasanilər dövrünə aid olduğunu iddia edir. Bu isə başqa bir münaqişəyə səbəb olur. Rəsmi tarixçiliyə əsasən Azərbaycanda yerləşən bu abidə fars mədəniyyətinə aid hesab edilir. Azərbaycanlı tədqiqatçılar isə bununla razılaşmırlar. Qazıntılar nəticəsində Suğurluğun 2700 il əvvəl tikildiyi sübut edilib. Bu isə abidənin Sasanilərdən 1500 il əvvəl Manna dövlətinin dövründə tikildiyini sübut edir.
Bu bölgənin hicrətin 7-ci yüz illiyində Elxanlılardan Abaqa xanın yaylağı olduğu bilinir. Həmin dövrdə Marağa və Zəncan şəhərləri də paytaxt seçiliblər. Jurnalist İbrahim Savalan deyir ki bu şəhərlərin Tikantəpənin yaxınlığında olması Suğurluğun da Elxanlılar dövründə vacib mövqeyə sahib olmasını göstərir. Lakin İran tarixçiləri bunlara baxmayaraq ora saxta kimlik yaratmağa çalışırlar.
Azərbaycanda olan abidələri fars mədəniyyətinə aid etmək, onların həqiqi kimliyini gizlətmək əvvəllər də İran dövləti tərəfindən baş verib. Ümumiyətlə İran tarixçiliyi ölkədə var olan bütün tarixi abidələri fars sülalələrinə aid etməyə çalışırlar. Lakin bu həmişə uğurlu olmur. Yerli tədqiqatçıların çalışmaları və elmi tədqiqatın nəticəsində bu kimi saxtalaşdırma planları bəzən nəticəsiz qalır.
Kampaniya
Güney Azərbaycanda cavabdeh qurumların tarixi abidələrin qorumaqda laqeyd yanaşmaları zaman-zaman gündəmə gəlir. Bundan əvvəl də tarixi və arxeoloji əhəmiyyəti olan tarixi abidələrin acınacaqlı vəziyyətləri haqqında xəbərlər yayılıb və artıq bir adətə çevrilib.
Dəmir mədəninin Suğurlu(q) tarixi abidəsinin ərazisində fəaliyət göstərdiyi bilinir. “Yazeco.ir” saytının verdiyi məlumata əsasən bu mədən “Suğurluq” ərazisində 5 m enində 10 km yol çəkib. Bununla da arxeoloji əhəmiyyətə malik olan bəzi qazıntılar məhv edilib. Bununla yanaşı həmin yolun yaxınlığında yerləşən təpələr da mədənin fəaliyyəti nəticəsində dağıdılıb.
Sözü gedən dəmir mədəni təxminən bir ay öncə işə rəsmi şəkildə başlayıb. Bu isə onun cavabdeh qurumlardan lazımi icazələri aldığını sübut edir. Dünya səviyyəsində vacib mövqeyə sahib olan bu kompleksin qorunmaması və cavabdeh şəxslər və qurumların laqeydliyi yerlilər tərəfindən tənqid edilir. “Karzar.net” saytında başlayan kampaniyada isə cavabdeh qurumların məsələyə daxil olması tələb edilir.