Ad çəkmək və utandırmaq (naming and shaming), bir şəxsin, qrupun və ya ölkənin səhv bir şey etdiyini açıq şəkildə söyləmək mənasına gəlir. Bu, müəssisələrə qarşı xalqın rəyini toplamaq və öz növbəsində onları həvəsləndirmək üçün istifadə edilən ictimai utandırma formasıdır. Bu metod həm yerli, həm də beynəlxalq səviyyədə baş verə bilər. Qurumları ad çəkmək və rüsvay etməklə tez-tez ədalətsizlik və ya insan hüquqları pozuntusu edənləri pisləmək üçün istifadə edirlər.
Aydındır ki, beynəlxalq qeyri hökumət təşkilatları (NGO) və beynəlxalq mətbuat müəyyən bir ölkənin insan hüquqları keçmişinə dair cavabdeh olmasını istəyəndə, hədəf dövlətin cavabı QHT-in səyinin nə qədər “effektiv” olması baxımından əhəmiyyətlidir.
Rejimlər beynəlxalq insan hüquqları normalarına məhəl qoymadıqda, bunu əksər hallarda hədəfli və hesablanmış bir şəkildə edirlər. Liderlər insan hüquqları pozuntularının siyasi faydasının müsbət olacağını gözləmədikdə insan hüquqlarından sui-istifadə etmirlər. Bu siyasi fayda sui-istifadənin gizli və ya aşkar olmasından asılıdır.
İnsan haqlarından gizli sui-istifadələr, o sui-istifadə haqqında məlumatın ictimaiyyətə açıqlanmadığı və geniş yayıldığı müddətdə ondan gözlənilən siyasi faydanın müsbət olduğu hallardır. Yəni gizli sui-istifadələr geniş şəkildə bildirildikdə, onlar rejim üçün siyasi məsuliyyətlərə çevrilirlər və ona görə də dövlətlər bu insan haqları pozuntularını və ya sui-istifadəsini gizli saxlamağa çalışırlar. Nə qədər ki, gizli sui-istifadələr gizli saxlanılır, gözlənilən siyasi fayda müsbətdir. Lakin bu sui-istifadələr ictimailəşərsə, gözlənilən siyasi fayda mənfi olur.
Açıq-aşkar sui-istifadələr, sui-istifadə haqqında ictimaiyyətin məlumatı daxilində gözlənilən faydanın artdığı və ya ən azı azalmadığı hallardır. Demokratik dövlətlərin insan haqları ilə bağlı daha yaxşı bir keçmişə malik olduğu bilinsə də, bu o demək deyil ki, onlar beynəlxalq təzyiqin hədəfinə düşsələr, daha həssas olacaqlar. Buradakı fərziyyə ondan ibarətdir ki, demokratik dövlətlərin yüksək infrastruktura malik dövlət potensialına görə, güclü azad mediası və müxalifətdə güclü siyasi partiyaları var. Nisbətən açıq media və siyasi müxaliflərin qəbulu demokratiyaları xarakterizə edir və buna görə də belə demokratik rejimlərdə sui-istifadələrin əksəriyyəti gizli deyil, aşkar olur. Çünki bu dövlətlərdə sui-istifadəni gizlətmək çox çətindir və buna görə də demokratik ölkələr insan haqları pozuntularına yol versə deməli bunun aşkar olacağını və siyasi zərər və faydaları olacağını hesablayıb bu pozuntulara yol verir.
İşgəncə və ölüm cəzasının ümumi nümunələri insan hüquqlarının aşkar və gizli pozuntuları arasında əsas konseptual fərqləri nümayiş etdirməyə gözəl misal ola bilər. Əksər hallarda işgəncə sui-istifadənin klassik gizli formasıdır. 157 ölkə Birləşmiş Millətlər Təşkilatının işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyasını imzalayıblar. Müntəzəm olaraq işgəncə ilə məşğul olan ölkələrin əksəriyyəti qanuni olaraq buna qarşıdırlar və əlbəttə ki, bu sahədə öz fəaliyyətlərini ictimailəşdirmək üçün çox səy göstərmirlər və bunu gizli saxlayırlar. Buna baxmayaraq, tədqiqatlar hətta liberal demokratiyalarda belə işgəncənin dövlət təcrübəsi kimi davam etdiyini və vətəndaş müharibəsi zamanı həm avtokratik, həm də qeyri-avtokratik rejimlər üçün faydalı vasitə kimi görülə biləcəyini göstərir. Edam cəzası, bir çox insan hüquqları təşkilatları tərəfindən qəddar və qeyri-insani cəza növü hesab edilsə də, cinayətkarlığa qarşı çəkindirici təsirinə görə, edam cəzası özünü doğrultmuş açıq-aşkar bir praktikadır. Amerika və Yaponiya, iki tanınmış demokratiyanın hər ikisində bəzi qanunlarda ölüm cəzası var və böyük əksəriyyət onun tətbiqinin tərəfdarıdır.
Hendrix və Wonx (2014)[1] iddia edirlər ki, məlumatın mövcudluğu (və ya olmaması) sui-istifadələrin gizli və ya aşkar olmasını müəyyən edir. Beləliklə onlar inanır ki, demokratik ölkələrdə insan haqları pozuntuları aşkar və siyasi faydaları hesab edilmiş olacaq. Məhz buna görə də bu ölkələrin QHT-lərin insan hüquqları haqqında ad çəkib utandırma metoduna heç reaksiya görsətməmə ehtimalı daha çoxdur. Eyni halda diktator rejimlər azad media və güclü bir siyasi müxalifətə sahib olmadığı üçün insan haqları pozuntularını gizlədəcək. Buna görə də bu ölkələr insan haqları QHT-lərin ad çəkib bu pozuntuları aşkar etməsinə qarşı daha çox ürkək və ehtiyatlı olacaq. Nəticədə QHT-lərin ad çəkmə və utandırma üsulları demokratik rejimlərdən daha çox avtokratik rejimlərə qarşı təsirli ola bilər.
Məncə, Hendrix və Wonx ad çəkmə və utandırmanın təsirini ölkələr üstündə çox gözəl sinifləşdirsə də onlar utanmaz ölkələri hesaba qatmırlar. İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Venesuela və s. kimi utanmaz ölkələri də ad çəkib utandırmaq olarmı? Bu ölkələr utandırma metodunun təsiri altında insan haqları pozuntularına cavabdeh olublarmı? Bu paradoksu açıqlamaq üçün Hendrix və Wonxun sinifləndirməsi yetərli olmur. Çünki onların fərziyəsində məlumatın mövcudluğu (və ya olmaması) sui-istifadələrin gizli və ya aşkar olmasını müəyyən edir amma mənim utanmaz olaraq sinifləndirdiyim ölkələrdə məlumatın mövcudluğundan çox iqtisadi icarənin, insan haqları pozuntularının yayılması və QHT-lərin təsiri önəmlidir.
Buna görə bu ikili (demokratik/avtokratik) sinifləndirmədən kənara çıxmalıyıq. Mənim nəzərimə görə Hendrix və Wonx ikili sinifləndirmədə çox uğurlu olublar amma məncə iqtisadi icarə (neft, qaz və bəxş edilmiş təbii sərvətlər) hesabına yaranan yüksək iqtisadi dövlət qabiliyyətinə malik rejimlər əslində QHT-lərin təzyiqlərinə qarşı demokratik ölkələrlə eyni tərzdə davranacaqlar. Çünki onların iqtisadi imkanları beynəlxalq təzyiqin siyasi xərclərini kompensasiya etməyə imkan verəcək. Belə ki, Hendrix və Wonxun iddia etdiyindən fərqli olaraq, avtoritar iqtisadi icarəçi dövlətləri demokratik dövlət kimi QHT-lərin beynəlxalq təzyiqlərinə qarşı istəksiz davranacaq və hətta müəyyən hallarda insan haqları pozuntularını gizlətməyə belə cəhd göstərməyəcəklər çünki hər hansı pozuntunun siyasi xərcləri iqtisadi imkanlarla asanlıqla kompensasiya edilə bilər.
Beləliklə İran kimi iqtisadi gəlir vasitəsilə iqtisadiyyatını keçindirən ölkələr, insan haqları pozuntularının siyasi zərər və faydasını hesablamağa ehtiyacları qalmır. QHT-lərin ad çəkmə və utandırma metodları belə ölkələrin üstündə təsirsiz qalır və bu ölkələr utanmaz ölkələrə çevrilirlər. Bu səbəbdən, insan haqları qurumları utanmaz ölkələr üçün ad çəkmə və utandırma kimi köhnəlmiş və təsiri olmayan metodlardan kənara çıxmalıdırlar. Çünki utanmazı utandırmaq olmaz. Bunun yerinə hədəf ölkələrdəki dövlət başçıları və insan haqları pozuntularına yol verənlərin özləri və ailələrinə sanksiyalar, bu ölkələrlə hər hansı bir iqtisadi-siyasi anlaşmada insan haqları maddələrinin yerləşdirilməsi, və hədəf ölkələrlə bağlı çalışan insan haqları qurumlarının gücləndirilməsi və onlara daha çox imkan verilməsi kimi metodlar düşünülə bilər.
[1] https://doi.org/10.1017/S0007123412000488